Hesablama Palatası dövlət satınalmaları ilə bağlı pozuntular aşkarlayıb
Bizi izləyin

Hesabat

Hesablama Palatası dövlət satınalmaları ilə bağlı pozuntular aşkarlayıb

Hesablama Palatasının 2015-ci ilin 6 ayı üçün maliyyə-büdcə nəzarət tədbirləri ilə bağlı məlumat açıqlayıb.

Publika.az xəbər verir ki, maliyyə intizamının gücləndirilməsi, yol verilmiş nöqsanların aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərlə bağlı göndərilmiş təqdimatların icrası olaraq 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirləri tətbiq edilib.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində müəyyən edilən xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçildiyi qeyd olunub.

2015-ci ilin 6 ayı ərzində nəzarət tədbirlərinin əhatəsinə daxil olmuş satınalmaların ümumi məbləği 885,0 mln. manat təşkil edib. Ümumi məbləğdən 9,8 mln. manat satınalma prosedurları tətbiq edilmədən, 3,3 mln. manat isə təsdiq edilən məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı müqavilələrə bölünməklə həyata keçirilib.

Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, yalnız bir müəssisənin satınalma predmetindən asılı olmayaraq bütün satınalmalarda qalib elan olunması halları mövcud olmuş, əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, satınalmanın vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib.

Həmçinin nəzarət tədbirləri nəticəsində bəzi müəssisələr üzrə debitor borcların həcminin bu müəssisənin həmin maddələr üzrə təsdiq olunan təyinat həcmində olması, bəzi müəssisələr üzrə debitor borcların müqavilə şərtlərinə uyğun aparılmaması halları müəyyən olunmuş, bəzi hallarda hətta zəmanət müddəti bitən debitor borcların mövcud olması aşkarlanıb ki, bu isə ümidsiz debitorların yaranmasına səbəb olub.

Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq malların və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin və həcminin artıq müəyyən edilməsi nəticəsində səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm