Avropada inflyasiya, gəlirləri 60 faiz azalan BP, qaz vurub qazan dolduran Mark - HESABAT
Bizi izləyin

Ekopublika.az

Avropada inflyasiya, gəlirləri 60 faiz azalan BP, qaz vurub qazan dolduran Mark - HESABAT

Yola saldığımız həftə investorlar üçün gərgin keçdi. Belə ki, qiymətli metal 15 dollara qədər ucuzlaşdı. Düzdür, sonradan müəyyən artımlar olsa da, həftə sonuna “qiymətli metal “ın unsiyası 1095 dollarda qərarlaşdı. Neft İstehsalçısı Ölkələr Birliyinin (OPEK) baş katibi isə neft bazarında sabitlik gözlənildiyini açıqladı. Əvəzində Dünya Bankı (DB) 2015-ci ildə orta illik neftin qiymətinin 1 barelə görə 57 dollar səviyyəsində proqnozlaşdırdığını bildirdi. Hansı ki DB-nin aprel ayı üzrə proqnozunda həmin göstərici 53 dollar təşkil edirdi. İngiltərə, ABŞ iqtisadiyyatlarıı artım rəqəmlərinin sevincini yaşadılar. “Qazprom” ilə “BOTAŞ” təbii qazın nəqlində 10,25%-lik endirimə dair razılığa gəldilər. İş dünyasına gəlincə, “Facebook”un gəlirləri artdı, “Volksvagen” avtomobil satışında rekord qırdı, “The Economist” satışa çıxarıldı.

Başlayaq İngiltərə iqtisadiyyatından. Ölkədə ümumi daxili məhsul artımı ingilisləri sevindirib. Aprel-iyun aylarında ÜDM-in artımı 0.7 faiz təsbit edilib. Bununla da İngiltərədə ÜDM 2,6 faizə çatıb. Hansı ki, həmin rəqəm Amerikada 2,2 faiz, Almaniyada 1,7 faizdir. Qeyd edək ki, may ayında ölkədə işsizlik rəqəmləri də 5.6 faizə düşmüşdü.

Amerika Mərkəzi Bankı Federal Reserve də ölkə iqtisadiyyatının və məşğulluq bazarının gücləndiyini açıqlayıb. Bundan əlavə bank iqtisadi artım rəqəmlərinə düzəliş edib. İlin ilk rübündə illik bazda iqtisadiyyatın 0.2 faiz daraldığı açıqlasa da, yeni hesablamalarda bu nisbəti 0.6 faiz artım kimi xarakterizə edib. Konkret ilin ikinci rübündə artım rəqəmi illik bazda 2.3 faiz göstərilib. Qeyd edək ki, FED iqtisadi yaxşılaşmanın üçüncü rübdə də davam edəcəyini proqnozlaşdırır.

Bu həftə Neft İstehsalçısı Ölkələr Birliyindən (OPEK) də xəbər var. Moskva konfransından sonra açıqlamalar verən birliyin baş katibi Abdullah əl-Bədri gələcək il üçün sabitlik gözləndiyini deyib. Əl-Bədri neftin qiymətindəki ucuzlaşmaya baxmayaraq, istehsalın azaldılması yönündə planlarının olmadığı mesajını verib. Baş katib onu da bildirib ki, bazar ilin sonunda sabitləşəcək: "Bu ilin sonundan etibarən daha balanslı bazarda işləyəcəyik. 2016-cı ildə neft bazarında davamlı sabitlik olacağını düşünürük".

Qeyd edək ki, hazırda birjalarda neftin qiyməti 2014-cü illə müqayisədə 50 faiz nisbətində geriləyib. Həftə ərzində London birjasında xam neft fevral ayından bu tərəfə ən aşağı qiymətə düşüb. Qiymətlərin ucuzlaşması nəhəng neft şirkətlərinin gəlirlərində də əksini tapıb. Fransanın neft nəhəngi “Total” ikinci rübdə 4 faiz zərərlə 2.74 milyard avro gəlir əldə etdiyini açıqlayıb. “Royal Dutch Shell” in də gəliri 37 faiz azalıb. Ən pisi də odur ki, analitiklər neftin qiymətindəki enişin illərlə davam edəcəyini istisna etmirlər.

Avro Bölgəsində iyul ayında inflyasiya yüksəlib. "Eurostat"ın məlumatlarına görə, enerjinin qiymətindəki eniş və buna bağlı xərclərin azalması nəticəsində bölgədə inflyasiya 0.2 faiz olub.

Xatırladaq ki, illərdir davam edən iqtisadi durğunluq nəticəsində 2014-cü ilin sonundan bölgədə deflyasiya başlayıb. Avropa deflyasiyadan ancaq bu ilin aprelindən xilas ola bilib. Bununla belə, Avro Bölgəsinin iqtisadiyyatı hələ də Avropa Mərkəzi Bankının hədəfi olan 2 faizlik inflyasiyadan uzaqdır.

Yeri gəlmişkən, "Eurostat" işsizlik nisbətinin dəyişmədiyini, bölgə daxilində bu rəqəmin 11.1 olduğunu bildirir. İyunda bölgədə rəsmi işsizlərin sayı cəmi 31 min nəfər artıb. İşsizliklə bağlı ən aşağı nisbət 4.7 faiz ilə Almaniyada qeydə alınıb. Yunanıstanda isə həmin rəqəm 25.6 faizdir. Bölgədə işsizliklə bağlı ən pis rəqəm Yunanıstandan sonra İspaniyadadır.

Rusiyanın energetika naziri Aleksandr Novak “Qazprom” ilə “BOTAŞ” arasında təbii qazın nəqlində 10,25%-lik endirim barədə razılığa gəldiklərini bildirib. Düzdür, rusiyalı nazir hələ ki, əldə olunan endirimlə bağlı razılıq mətninin imzalanmadığını bildirib. Bundan başqa, A.Novak Rusiya qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq “Türk axını” layihəsinin dayandırılması ilə bağlı yayılan xəbərlərin də əsassız olduğunu deyib. Türkiyə tərəfinin layihənin dayandırılması ilə bağlı heç bir təklif irəli sürmədiyini bildirən nazir hökumətlərarası razılıqla bağlı danışıqların davam etdirildiyini vurğulayıb. “Bizdə olan məlumata görə, Türkiyə tərəfi də bu sahədə işləri davam etdirir”, - deyə o əlavə edib.

Söz Rusiya-Türkiyə əlaqələrindən düşmüşkən, A.Novak “Türk axını” təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin təxirə salınacağını da dilə gətirib: “Əgər “Türk axını” birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə riski olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq”. Bu arada Rusiya “Türk axını”nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.

İş dünyası

Taksi xidməti sistemi “Uber” Hindistana 1 milyard dollara yaxın investisiya yatırmağı planlaşdırır. Ən maraqlısı da odur ki, şirkətin doqquz aylıq hədəfinə gündə 1 milyon taksi xidməti daxildir. Onu da deyək ki, “Uber”in Hindistanda “Ola” adlı rəqibi var. Hansı ki “Ola” ölkənin 100-ə yaxın şəhərində xidmət təqdim edir. “Uber” isə 18 şəhərdə fəaliyyət göstərəcək.

Mark yenə qaz vurub qazan doldurur. Sosial media nəhəngi “Facebook”un gəliri ilin ikinci rübündə proqnozdan artıq olub. Belə ki, şirkətin gəliri illik bazda 39 faiz artıb. Lakin ağıllı telefon bazarını hədəfləyən genişlənmə sərmayələri şirkətin xərclərini çoxaldıb. Bu rəqəm 2 milyard dollara çatıb. “Facebook”un birja dəyəri isə 24 faiz artıb. Bu arada hesablamalarına görə, ABŞ-da ağıllı telefon sahibləri internetdən ən çox “Facebook”a görə istifadə edirlər.

İngilis neft şirkəti BP ilin ikinci rübündə gəlirinin 60 faiz azaldığını açıqlayıb.Şirkətin gəlirlərində böyük geriləməyə iki faktor təsir edib. Bunlardan birincisi neftin qiymətinin aşağı düşməsi, digəri isə Meksika Körfəzi platformasındakı məşhur olaya görə şirkətin ilk mərhələdə ödədiyi 10.8 milyard dollar təzminatdır. Amma bu, son deyil. BP Amerikanın 5 əyaləti ilə 18.7 milyard dollar həcmində təzminat ödəməklə bağlı razılığa gəlib.

Ötən həftə “Financial Times”ın (FT) satıldığını xəbər etdik. Bu həftə də dünyaca məşhur iqtisadiyyat jurnalı “The Economist” də hisssələrin satılmasından danışacağıq. “Pearson” şirkəti “Financial Times”dan sonra “The Economist” dəki hissələri də satır. Qrupun jurnaldakı 50 faiz nisbətində hissəsi üçün alıcı kimi ən güclü namizədi İtaliyanın Agnelli ailəsidir. Ailəyə məxsus “Exor Holding”in “Economist”də hazırda da 4.7 faiz payı var.

Bu arada bildirək ki, “Pearson”nun media sektorundan çıxaraq təhsil sektoruna daxil olacağı irəli sürülür. Qrup 60 ildir əlində saxladığı “Financial Times”i təxminən 1.2 milyard avroya Yaponiyanın “Nikkei” qrupuna satıb.

Alman şirkəti “Volksvagen” bu ilin ilk yarısında əldə etdiyi satış qrafiki ilə yapon şirkəti “Toyota”nı geridə qoyub. Belə ki, “Toyota” iyun ayının sonuna qədər 5,02 milyon avtomobil satıb. “Volksvagen” isə eyni dövrdə qlobal diametrdə 5,04 milyon avtomobil satışı reallaşdırıb. “Toyota”nın satışlarında keçən ilin ilik rübü ilə müqayisədə 1,5 faiz nisbətində azalma qeydə alınıb. “Volksvage”nin satışları isə 0,5 faiz geriləyib.

Məlumat üçün deyək ki, 2009-ci ildən bu yana davamlı böyüyən qlobal avtomobil bazarı Çində durğunluq, Rusiyada isə eniş yaşayır. Avtomobil satışı Avropa və Mərkəzi Amerikada artır.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Ölkə iqtisadiyyatında həmişə olduğu kimi yenə də güllük-gülüstanlıqdır. “Standard & Poor’s” reytinq agentliyi belə Azərbaycanın beynəlxalq kredit reytinqini investisiya “BBB-” səviyyəsində saxladığını təsdiqləyib. Proqnozunu isə əvvəlki qiymətləndirmədəki kimi “mənfi” saxlayıb. Agentliyin yaydığı hesabatda reytinqin təsdiq edilməsi enerji qiymətlərinin kəskin enməsi və gəlirlərinin azalmasına baxmayaraq, Azərbaycanın möhkəm fiskal və xarici mövqeyini saxlaması və ölkənin xarici borc səviyyəsinin xeyli aşağı olması ilə əsaslandırılır. Eyni zamanda agentlik bildirir ki, Azərbaycanın xarici mövqeyinin sabit qalacağı və mövcud fiskal mühitin daha da sağlamlaşdırılacağı təqdirdə reytinq üzrə proqnoz “sabit” səviyyəsinə qaldırıla bilər.

Yunanıstan və Azərbaycan DESFA üzrə danışıqları bərpa edir. Gələn həftə Yunanıstan hökuməti SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) ilə DESFA qaz operatorunun səhm nəzarət paketinin satışı ilə bağlı danışıqları bərpa edəcək. Bu barədə Yunanıstanın yenidənqurma, ekologiya və energetika naziri Panos Skurletis deyib. O bildirib ki, SOCAR-a satılacaq DESFA-da iştirak payı müzakirələrin əsas mövzusu olacaq.

Xatırladaq ki, may ayında Bloomberg agentliyinin yaydığı xəbərə görə, Yunanıstan hökuməti DESFA-da satılan payın 66%-dən 49%-dək endirilməsi niyyətindədir. Belə ki, Yunanıstanın yeni hökuməti dövlət şirkətlərinin nəzarət paketinin hökumətdə qalmasını istəyir.

Mərkəzi Bank ipoteka kreditlərinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Maliyyə Nazirliyi ilə razılaşdırıb. Baş bankdakı açıqlamalardan belə anlaşılır ki, müzakirədən kənarda qalan detallar yoxdur.Ekspertlərin proqnozlarına görə, yeni qaydaların sentyabr ayında təsdiq ediləcəyi gözlənilir. Qeyd edək ki, dövlət başçısı Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməklə yanaşı, hökumətə kredit şərtlərinin təkmilləşdirilməsini də tapşırmışdı. Mütəxəssislər deyir ki, Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırıması da məhz ölkə Prezidentinin göstərişi ilə bağlıdır.

Dəyişdiriləcək qaydalar həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək. İpoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq. İkincisi, ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı gözlənilir. Güman edilir ki, adi ipoteka kreditlərində 8 faiz 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faizlə təklif edilə bilər.

“Cənub Qaz Dəhlizi”nin nizamnamə kapitalı 2,4 dəfə artırılıb.“Cənub Qaz Dəhlizi” QSC-nin Müşahidə Şurası və Ümumi Yığıncağının qərarlarına əsasən, Cəmiyyətin nizamnamə kapitalı 725 milyon ABŞ dolları məbləğinə qədər artırılıb.QSC-nin ilkin kapitalı 100 milyon dollar təşkil edirdi. 2015-ci ilin fevralında isə QSC-nin səhmlərinin nominal dəyərinin dəyişməsi nəticəsində Cəmiyyətin kapitalı 300 milyon dollara çatdırılmışdı. Məlumata əsasən, Dövlət Neft Fondu tərəfindən QSC-nin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 369,75 milyon ABŞ dolları (51 faiz) vəsait ayrılıb, o cümlədən 2015-ci ilin 1-ci yarısı üzrə Dövlət Neft Fondu tərəfindən 318,75 milyon ABŞ dolları İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb.

Məndən bu qədər. İsti yay günlərində ofisdə işləyən, çimərlikdən reportaj hazırlayan həmkarlarıma uğurlar

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm