Putin Avropaya dirsək göstərdi, Çin dünya birjalarına “sillə” vurdu, Azərbaycan isə... - HESABAT
Bizi izləyin

Hesabat

Putin Avropaya dirsək göstərdi, Çin dünya birjalarına “sillə” vurdu, Azərbaycan isə... - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi . OPEC-in gündəlik neft istehsalını 31,5 milyon barelə yüksəltməsi, parallel olaraq Çin hökümətinin devalvasiya qərarı birjalar üçün tərs “sillə” oldu. İlk əməliyyat günündə neft son 7 ayın ən aşağı səviyyəsinə düşdü. “Brent” markalı neft 48 dollardan, WTI markalı 41 dollardan satıldı. Düzdür “qara qızıl” həftənin ortasına qədər özünü bir qədər toparladı. Amma 49 dollardan o tərəfə keçmədi.

Aylardır defolt təhlükəsi ilə üz-üzə olan Yunanıstan isə kreditorlarla razılığa gəldi. Yəni baş-beynimiz dincəldi. Lakin eyni söz yunan xalqı üçün nə qədər keçərlidir deyə bilmərik. Çünki solçu hökümət kreditorların əlini sıxan kimi büdcə tənzimləmələri çərçivəsində nazirlərin, parlament üzlərinin maaşlarını azaltdı. Şimal qonşumuz Rusiya da dinc dayanmadı. Embarqo siyahısına daha 5 ölkəni daxil etdi. Bununla da ruslar həmin avropalıların meyvə tərəvəzini, ətini yeməyəcəklər. Avro Bölgəsində iqtisadi artım baş verdi, Qazaxıstanda valyuta ehtiyatları azaldı.

Başlayaq dünyanın ən böyük ikinci iqtisadiyyatı Çindən. Min yeyənin olsun bir deyənin yox. Deyə deyə Çin iqtisadiyyatını gözə gətirdik. Belə ki, ölkədə iqtisadi artım azalıb, ixrac düşüb. Vəziyyətin “rusca” olduğunu görən Pekin rəhbərliyi həftənin əvvəlində hərəkətə keçdi. Çarəni yuanın devalvasiyasında tapdı. Ölkənin pul vahidi ABŞ dollarına nəzərən 1,9 faiz nisbətində ucuzlaşdı. Bütün həftə boyu ucuzlaşmaqda davam etdi. Son 20 ilin ən böyük devalvasiyasına imza atan Çin Mərkəz Bankı isə bu əməliyyatı belə əsaslandırdı: “"Yuanın məzənnəsinin dollara qarşı yüksək olması ixracın bahalı olmasına gətirib çıxarırdı. Araşdırmaya görə 10 il sonra Çinin xərcləri 8,5 dəfə artacaq”.

Bu arada Çin Mərkəz Bankı tərəfindən verilən surpriz qərara ABŞ başda olmaqla digər ölkələrin verəcəyi reaksiya maraq doğurur. Çünki bəzi mütəxəssislər qlobal ticarətdəki yavaşlama səbəbindən qazanc döyüşünün başlayacağını düşünürlər. Rəylərə görə, Çin ilk gülləsini sıxıb və FED dolların həddindən artıq güclənməsi səbəbindən sentyabrdakı faiz artımını təxirə sala bilər.

Həftənin qəhrəmanı yenə də orjinal qərarları ilə Yunanıstanın solçu hökümətidir. Nəhayət aylardır sürən müzakirələrə maliyyə naziri Öklid Çakalotosanın yeni kömək planı ilə son verildi. 250 milyard avro borcu olan Afinaya üçüncü kömək planı çərçivəsində 85 milyard avro dəstək təmin ediləcək. Yunanıstan isə ağır maliyyə islahatları və büdcə tənzimləmələrinə gedəcək. O cümlədən kömək sayəsində 3 illik borc kreditləri ödəniləcək. Likvidlik problemi ilə üz-üzə olan banklara 10 milyard avro maliyyə dəstəyi təmin olunacaq. Qeyd edək ki, dekabrdan bəri banklardan təxminən 40 milyard avro çəkilib.

Yunanıstanla bağlı müsbət xəbərlər bununla bitmir. Çin iqtisadiyyatının belə yavaşladığı bir zamanda Yunanıstanda iqtisadi artım hamını mat edib. Konkret ilin ikinci rübündə ümumi daxili məhsul 0,8 faiz artıb. Defoltun sahillərindən qayıdan, lakin maliyyə böhranından xilas ola bilməyən ölkədə ÜDM-in artımına sənaye istehsalı, turizm və istehlak sektorları təsir edib.

Rusiya ilə Qərbin savaşı qiyamətə qalıb. Rəsmi Kremil qida məhsulu idxal etdiyi ölkələrin siyahısında dəyişikliyə gedib. Embarqo tətbiq etdiyi dövlətlərin arasına Albaniya, Lixtenşteyn və İslandiyanı əlavə edib.

Xatırladaq ki, artıq bir ildir ki, Rusiya Avropa ölkələrindən idxala embarqo tətbiq edir. 2016-cı ildən siyahıya Ukraynanın da əlavə olunacağı bildirilir. Məlumat üçün deyək ki, embarqo tərəvəz, meyvə, süd məhsulları, balıq və ət kimi qida məhsullarını əhatə edir.

Embarqolara, Yunanıstanın aldığı borclara baxmayaraq, Avro Bölgəsinin iqtisadiyyatı ilin ikinci rübündə əvvəlki rübə nisbətən 0,3 faiz artıb. Qlobal iqtisadiyyatdakı proseslərlə əlaqədar yavaşlayan bölgə iqtisadiyyatının ümumi daxili məhsulunun illik əsasda 1,3 faiz artacağı gözlənsə də artım 1,2 faiz olub.

Qazaxıstanın beynəlxalq ehtiyatları – Milli bankın qızıl-valyuta ehtiyatları və Milli fondun xarici valyutada olan ehtiyatları azalaraq 97,159 milyard dollar təşkil edib. Xatırladaq ki, Qazaxıstanın beynəlxalq ehtiyatları 2014-ci ilin sonuna 102,481 milyard dollar təşkil edirdi.

Valyuta ehtiyatları azalsa da Milli Bankın qızıl-valyuta ehtiyatları 0.2% artıb (28.977 milyard dollara qədər). Milli fondun ehtiyatları isə 7.31% azalıb (68,182 milyard dollar qədər).

İş dünyası

Yola saldığımız həftə dünyanın ən məşhur iqtisadiyyat jurnallarından olan “The Economist” də əl dəyişdirdi. İtalyanın “Agnelli” holdinqi “Pearson” şirkətindən jurnalın hissələrinin yarısını 663 milyon avroya satın alıb. Təhsil sektoruna investisiyalarını artıran “Pearson” şirkəti sahib olduğu bütün media hissələrini qısa müddətdə satmaq istəyir. Xatırladaq ki, ötən ay şirkət “Financial Times”i Yapon şirkəti “Nikkei”yə 1,2 milyard avroya satmışdı. İngilis şirkəti qiymət artımını təmin etmək üçün həmin vaxt satışa “The Economist”i daxil etməmişdi.

Daxildəki iqtisadi böhran Rusiyanın ən böyük təbii qaz istehsalçısı “Qazprom”a təsir etməyib. Şirkət ilin ilk rübündə qazancını 71 faiz artırmağı bacarıb. Nəticədə 5,4 milyard avro qazanc əldə edib.Bu müvəffəqiyyətdə ən böyük rolu rus rublunun digər kurslar qarşısında dəyər itkisi oynayıb. Çünki şirkət təbii qaz satışlarını ABŞ dolları ilə reallaşdırır.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ölkənin sosial iqtisadi inkişafı ilə bağlı bəzi rəqəmləri açıqladı. Məlum oldu ki, xarici ticarət əməliyyatlarının həcmi 13 mlrd. dollara yaxınlaşıb. İyul ayında 0,7%-lik deflyasiya qeydə alınıb, son 1 ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 3,5% artıb, sənayedə istehsal 3,5% yüksəlib, əhalinin gəlirləri 6,5% çoxalıb. Bundan əlavə 2015-ci il iyulun 1-nə əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 7,7 milyard manata çatıb. Göstərilən dövrdə ölkənin maliyyə-kredit təskilatları huquqi və fiziki səxslərə 20,3 milyard manat ekvivalenti məbləğində kredit ayırıblar. Verilən kreditlərin həcmi 2014-cu il iyul ayının 1-i ilə muqayisədə 21,1 faiz artıb. Onun 78,1 faizi və ya 15,8 milyard manatı uzunmuddətli olub. Kreditlərin 1,3 milyard manatının yaxud 6,6 faizinin odəmə vaxtı keçib. Ən maraqlısı da odur ki, kreditlər üzrə orta faiz dərəcəsi yüksəlib. Faiz dərəcəsi manatla 13,98% (ötən ay – 14,05%), xarici valyutayla isə 12,47 % (ötən ay – 12,64%) təşkil edib.

Statkomun hesabatında diqqəti çəkən xüsusi məqam büdcə təşkilatlarının qaza, işığa, suya görə büdcəyə borcu oldu. Belə ki, dövlət qurumları istifadə olunan ehtiyatların ümumi dəyərinin 81,2 faizini ödəməklə 13,9 milyon manatını kəsirdə qoyublar. İstehlak edilmiş elektrik enerjisinin 10,2 milyon manatı, təbii qazın 1,5 milyon manatı, suyun 1,4 min manatı, istilik enerjisinin 496,7 min manatı, rabitə xidmətlərinin 344,3 min manatı ödənilməyib.

Həftə SOCAR üçün də kifayət qədər işgüzar keçdi. Belə ki, Yunanıstan və Azərbaycan qaz kəmərləri sistemi operatoru “DESFA”nın səhmlər paketinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti) satılması məsələsini müzakirə etdi. Yunanıstan İstehsal İslahatları, Ətraf Mühitin Mühafizəsi və Energetika nazirliyinin məlumatına əsasən, məsələ Yunanıstanın Energetika naziri Panos Skurletis ilə “SOCAR Energy S.A. Greece” şirkətinin baş direktoru Anar Məmmədovun görüşü zamanı müzakirə edilib. Görüş zamanı nazir hökumətin Azərbaycanla enerji əməkdaşlığı sahəsində nikbin əhval ruhiyyə nümayiş etdirdiyini qeyd edib.

Elə həmin gün P.Skurletis Transadriatik qaz kəməri (TAP) konsorsiumunun icraçı direktoru Yan Bredşou, Xarici Əlaqələr üzrə direktor Maykl Hoffman və Yunanıstan üzrə TAP-ın direktoru Rikard Skufiasla da bəzi müzakirələr aparıb.

Tərəflər texniki məsələləri nəzərdən keçirib və yaxın zamanda TAP-ın Yunanıstanda layihə işlərinə başlamasına imkan verən növbəti addımları aktivləşdirmək üçün başqa məsələləri həll və müzakirə etmək üçün görüşün keçirilməsi ilə bağlı razılığa gəlib.

Bu arada Belçikanın “Fluxys”, Rumıniyanın “Transgaz” və İspaniyanın “Enagas” şirkətləri “DESFA”nın 17 faizlik hissəsini almaq üçün Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fonduna (Hellenic Republic Asset Development Fund, HRADF) rəsmi müraciət edib. Müraciətə cavab bəlli olmasa da, Yunanıstanın yeni hökuməti DESFA-nın 17 faizini üçüncü qrupa, yaxud qruplara satmaqda maraqlı olduğunu bildirib.

Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin əldə edilməsi üzrə tenderin qalibi olub. 2013-cü il iyulun 31-də Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondu DESFA qazpaylayıcı şirkətinin 66 faizlik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. Bu sövdələşmə carı ilin yanvar ayında Avropa Komissiyasının Rəqabət üzrə direktorluğunda araşdırılmağa başlanıb və 4 gün sonra isə Yunanıstanda hökumət dəyişikliyi olub. Yeni hökumət anti-monopoliya məsələlərini əsas gətirərək SOCAR-a DESFA-nın yalnız 49 faizlik payını sata biləcəyini açıqlayıb.

SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə ötən ay jurnalistlərə açıqlamasında bildirib ki, iki il öncə SOCAR DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir. Xatırladaq ki, Trans-Adriatik Boru Xətti (TAP) layihəsində “Fluxys” 19 faiz, “Enagás” isə 16 faiz paya malikdir.

“SOCAR Turkey Energy" şirkəti isə "Petkim Holding"dəki səhm paketinin 13%-ni satdı."SOCAR Turkey Energy"nin rəhbərti Kənan Yavuzun dediyinə görə, əqdin dəyəri 1,3 mlrd. ABŞ dolları olub. K. Yavuz bildirib ki, "SOCAR Turkey Energy"nin səhmlərinin 13%-i "Goldman Sachs International" investisiya şirkətinə satılıb. Adıçəkilən şirkət ABŞ-ın "Goldman Sachs" və "JP Morgan" bankları tərəfindən yaradılıb.

Məndən bu qədər. Hər birinizə uğurlu bazarlar arzusu ilə

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm