Daha bir DEVALVASİYA realdırmı? – EKSPERT RƏYİ
Bizi izləyin

Digər

Daha bir DEVALVASİYA realdırmı? – EKSPERT RƏYİ

“ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi, bu dəfə də dollara əlavə dəstək verdi”.

Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, dünya valyutası bahalaşmağa başlayıb: ”Dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı. Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir”.

İqtisadçı deyir ki, Azərbaycanda da artıq dollar 1,0501 manat həddinə kimi bahalaşıb: “İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir. Hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Ancaq əvvəlki fikrimdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Uzaqbaşı, idarəolunan üzən məzənnə siyasətindən danışmaq olar. Dolların bugünkü bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvəla, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər. Bugünkü ucuzlaşmanı isə sırf texniki hesab etmək olar. Çünki manatın məzənnəsi fiksə olunmuş şəkildə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Devalvasiyadan sonra da dolların manata olan məzənnəsi 1,05 psixoloji həddindən yüksək olub. Sadəcə, sonralar Mərkəzi Bank psixoloji bahalaşma siyasəti həyata keçirib və indi onun ağır fəsadlarını yaşayırıq”.

S.Əliyevin fikrincə, bugünkü bahalaşmanı yumşaq devalvasiya da hesab etmək olmaz: “Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin, Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni, bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir.

Devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır. Bu, "üzən məzənnəyə keçid" adı altında da ola bilər, fevral ayında olduğu kimi, "valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq" adı altında da. Hər bir halda bütün yollar ora aparır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm