Fransız şərabı, yapon borusu və ABŞ-ın FES sürprizi: Neft 20 dollara düşəcək - HESABAT
Bizi izləyin

Hesabat

Fransız şərabı, yapon borusu və ABŞ-ın FES sürprizi: Neft 20 dollara düşəcək - HESABAT

Yola saldığımız həftə dünyada yaşanan iqtisadi böhran, eləcə də Amerika Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı müəmmalı davranışı neftin qiymətini aşağı çəkdi. “Qara qızıl” mart ayından bu yana ən böyük enişi yaşadı.Parisdə baş vermiş terror isə Orta Şərq və Şimali Afrika birjalarını vurdu. Bu birjalar həftəyə enişlə başladı. Dünya iqtisadiyyatında sabitsizliyə səbəb olan daha bir faktor Çindəki iqtisadi artım rəqəmlərinin bu il 7 faizdən aşağı təşkil etməsi oldu. Avropa Birliyindəki iqtisadi artım nisbəti isə ilin üçüncü rübündə proqnozdan aşağı 0.3 faiz reallaşdı.

Başlayaq birjalardan. Wall Street Amerika Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı qərarsızlığı səbəbindən avqust ayından bəri ən böyük enişi yaşadı. İqtisadi inkişafın aşağı olması və Paris hadisələri Avropadakı birjaları da enişə sürüklədi. Orta Şərqdə də birjalar sabit qalmadı. Misir Birjası 2013-cü ilin dekabr ayından bəri ən aşağı səviyyəyə düşdü. Nəticə etibarilə Misir birjası 4.18%, Dubay 3.59%, Səudiyyə Ərəbistanı 2.85%, Abu Dabi 2.04% eniş yaşadı.

ABŞ-ın Nümayəndələr Palatası Federal Ehtiyat Sisteminin (FES) səlahiyyətlərinə məhdudiyyət qoyulması üçün qanun layihəsi (FED Oversight Reform and Modernization ACT-FORM) hazırlayıb. Deyilənə görə, sənədin qəbul edilməsi FES-in fəaliyyətinə ciddi təsir edəcək. FES sədri Сanet Yellen Nümayəndələr Palatasına yazdığı məktubda qanunun qəbul ediləcəyi təqdirdə FES-in müstəqilliyini itirəcəyini bildirib.

Qeyd edək ki, yeni qanun layihəsi bir sıra ciddi dəyişiklikləri nəzərdə tutur. Belə ki, uçot dərəcəsinin səsvermə ilə deyil, riyazi hesablamalar əsasında dəyişdirilməsi təklif olunur. Bunun şəffaflığın təmin olunması üçün edildiyi bildirilir. Analitiklər hesab edir ki, qanun qüvvəyə minərsə, FES-in uçot dərəcəsini artırması daha qısa müddətdə və sərt ola bilər. Çünki bu günə qədər FES dünya maliyyə bazarındakı cari vəziyyəti nəzərə alaraq, uçot dərəcəsini artırmağı dəfələrlə ertələyib.

Avropa Mərkəzi Bankının (AMB) sədri Mario Draghi isə Frankfurtda təşkil edilən Avropa Bank Konqresində vacib açıqlamalar Verdi. Draghi Mərkəz Bankın inflyasiyanı yüksəltməyə hazır olduğunu bildirdi. Nəzərə çatdıraq ki, oktyabr ayı üçün Avro Bölgəsində hədəf 2 faiz inflyasiya idi. Lakin bu nisbət 0.1 faizdən yuxarı çıxa bilmədi. Bu səbəbdən bank dekabr ayında reallaşacaq konfransında bon alım proqramına başlayacaq:"Aktiv alım proqramımız həm güclü, həm də elastik olmalıdır. AMB bono alım proqramı ilə xüsusilə ictimai borc təzyiqini azaltmağı və bazarları sakitləşdirməyi hədəfləyir”.

Dünya bazarında soba mazutuna tələbat azaldığından neftin 1 barelinin qiyməti 20 ABŞ dollarına qədər düşə bilər. Bu proqnozu isə "Goldman Sachs" investisiya bankının analitikləri səsləndiriblər. "Bazarın davam edən yenidən balanslaşdırılmasının olduqca yavaşlaması riski mövcuddur. Çünki ehtiyatların davam edən artımı buna işarə edir", - deyə Bank müştərilərinə məktubunda bildirib.

Kortirovkalar üçün əsas risk meteoroloqların proqnozlarına görə, son 50 ildə ən güclü olacaq "El-Ninyo" hava fenomeninin inkişafı ilə bağlıdır. Nəticədə, ABŞ və Avropada qış anomal isti keçəcək və bu səbəbdən soba mazutuna tələbat da azalacaq: "Bu risk həyata keçərsə, o, kortirovkaları maya dəyərinə qədər gətirib çıxaracaq bə bazarda yeni korreksiyaya təkan verəcək. Neftin barelinin maya dəyəri isə 20 dollar səviyyəasində qiymətləndirilir".

Lakin analitiklər hesab edirlər ki, kəskin düşəndən sonra, qiymət artımının bərpa olunacaq: "Ən azından buna 1986, 1988 və 1998-ci illərdə müşahidə edilən oxşaq statistika da dəlalət edir".

Qeyd edilir ki, bazarda pay uğrunda mübarizə üçün endirimlər elan etməklə, neftin qiymətinin sürətlə düşməsinə OPEC üzvləri özləri də yardım edir. Bir həftə əvvəl "Saudi Aramco" Səudiyyə Milli Neft Şirkəti bu ilin sonu üçün rəsmi satış qiymətini aşağı salıb. Belə ki, amerikalı istehlakçılar "Arab Light" yüngül neftini 1,6 dollar endirimlə (noyabrda - 2,05 dollar), "Arab Heavy" markalı ağır nefti isə 2,2 dollar (noyabrda 1,75 dollara qarşı) diskontla alacaqlar.

Analitiklər hesab edirlər ki, hazırda dünya neft bazarı ifrat hasilat şəraitindədir. Belə ki, neft anbarları "ağzına qədər" doludur.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv ölkələrinin kommersiya xarakterli xammal ehtiyatları tarixi rekord həddə (2,942 mlrd. barel) çatıb. Strateji dövlət ehtiyatları ilə birgə bu rəqəm 4,525 mlrd. barel təşkil edir. Hələ təxminən 1 mlrd. barel neft isə üzən neft anbarlarına çevrilən dreyf tankerlərin göyərtəsində saxlanılır. Ötən həftə ABŞ-ın kommersiya ehtiyatları yenidən 0,25 mln. barel artıb.

İş dünyası

Fransanın şərab şirkəti “Beaujolais” yeni mövsüm məhsullarını satışa çıxardı.Xatırlatmaq yerinə düşərdi ki, ötən il 13 milyon şüşə “Beaujolais” ölkə xaricinə satılıb. Ən böyük alıcı isə Yaponiya oldu. 7.3 milyon şüşə şərab aldı. “Beaujolais”ın istehsalının yarıya qədəri ixrac edildiyindən hər 4 şüşədən 2si Fransa xaricində içilir.

Trans-Adriatik Boru Kəmərindən də xəbər var. Layihə çərçivəsində TAP konsorsiumu “Corinth Pipeworks S.A.” (Yunanıstan) şirkəti ilə yeni müqavilə imzalayıb. Şirkət layihə çərçivəsində Yunanıstan boyunca uzunluğu təxminən 495 km məsafədə inşaat işlərini borularla təmin edəcək. Müqavilədə təqribən 270 min ton borunun gətirilməsi nəzərdə tutulub. TAP-ın baş direktoru Yan Bredşou (Ian Bradshaw) bildirib ki, bu mühüm layihədə “Corinth Pipeworks S.A.” şirkəti ilə çalışacaqlarından məmnunluq duyur: “Mən “Corinth Pipeworks S.A.” və onun tərəfdaşı ” Marubeni Itochu Steel Inc.” şirkətini etibarlı təkliflərinə, habelə yüksək sənaye standartlarına görə təbrik etmək istərdim. TAP şirkətlərin texniki üstünlükləri, sağlamlıq və təhülkəsizlik standartları kimi ən yaxşı beynəlxalq təcrübəsinə əsaslanaraq, sərt seçim prosesi keçirir”.

Y.Bredşou yunan şirkətinin seçilməsini yüksək qiymətləndirir və hesab edir ki, bu, Yunanıstana uzunmüddətli əlavə investisiya və mənfəət qazandıracaq.

Məlumat üçün bildirək ki, “Corinth Pipeworks S.A.” şirkəti enerji və tikinti bazarında yüksək keyfiyyətli polad boru təminatçısıdır. Yunanıstanda yaradılan şirkətin bu ölkədən başqa ABŞ, Rusiya, Kipr və Polşada filialları mövcuddur. Şirkətin Yunanıstanda yerləşən zavodunun illik istehsal gücü 1 mln. ton təşkil edir.

Azərbaycanın "SOCAR Trading" şirkəti 150 mln. ABŞ dolları həcmində bərpa olunan təminatsız sindikatlaşdırılmış kreditin cəlb edilməsinə dair saziş imzalayıb. Bu, şirkətin ilk analoji kredit sazişidir, kreditin formalaşmasında 20-dən artıq tanınmış beynəlxalq maliyyə qurumu iştirak edir:"Bu kredit "SOCAR Trading"in təməli qoyulan və davam edən qlobal inkişaf startegiyasını dəstəkləyir".

Kredit xətti əsas anderrayter olaraq "Coöperatieve Centrale Raiffeisen-Boerenleenbank B.A." ("Rabobank"), "Société Générale Corporate & Investment Banking" tərəfindən düzənlənib.

Bu sövdələşmədə "The Bank of Tokyo-Mitsubishi UFJ Ltd." (MUFG) və "Société Générale" emitent bankları kimi, "Rabobank" isə kredit agenti kimi çıxış edir. Saziş ilkin olaraq 12 ay müddətini əhatə edir və sonradan 2 il müddətinədək artırıla bilər.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi ölkə iqtisadiyyatı ilə bağlı bəzi rəqəmləri açıqladı. Məlum oldu ki, Azərbaycana avtomobil idxalı 2 dəfədən çox azalıb, ölkımiz qızıl hasilatını 24% artırıb, xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 35,21% azalaraq 2015-ci ilin yanvar-oktyabr ayları ərzində 17 205,9 mln. ABŞ dolları təşkil edib, nəqliyyat sektorunda yükdaşımalar 3% ucuzlaşıb,vergi borclarının həcmi 1,4 mlrd. manata çatıb, yerüstü tikililər üzrə qiymətlər 0,1%, yol tikintisi üzrə qiymətlər 0,3% bahalaşıb, körpü tikintisi üzrə qiymətlər isə sabit qalıb. Eyni zamanda Azərbaycanda dövlət banklarının iqtisadiyyata kredit qoyuluşları 2015-ci il oktyabrın 1-nə 6 384,8 mln. manat təşkil edib. Sentyabrın 1-i ilə müqayisədə bu göstərici 877 mln. manat və ya 12,1% azalıb, ilin əvvəlindən isə 241 mln. manat və ya 3,9% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə 323,1 mln. manat və ya 5,3% artım qeydə alınıb. Özəl bankların kreditləşməsi oktyabrın 1-nə 12 142,7 mln. manat təşkil edib ki, bu da sentyabrın 1-i ilə müqayisədə 105,2 mln. manat və ya 0,9% azdır. Yanvarın 1-nə olan göstərici ilə müqayisədə 269,1 mln. manat və ya 2,3%, keçən ilin analoji dövrü ilə müqayisədə isə 1 074,9 mln. manat və ya 9,7% artım qeydə alınıb.

“2015-ci ildə Azərbaycanda PSA (Hasilatın pay bölgüsü haqqında sazişlər) tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə 696 mln. manat həcmində vəsait ödəyiblər”. Bunu isə vergilər nazirinin birnci müavini Natiq Əmirov mətbuat konfransında bildirib:“Həmin şirkətlər 800 mln. manat proqnoza qarşı 696 mln. manat həcmində mənfəət vergisi ödəyiblər. Planın icrası ilə bağlı bu cür vəziyyət neftin qiymətinin ucuzlaşması ilə əlaqədardır”.

2015-ci ildə mənfəət vergisinin ödənişi ilə bağlı proqnoz bir barel neftin 90 dollar həcmində orta qiyməti əsasında müəyyən olunub.

N.Əmirov bəyan edib ki, neft sektoru üzrə vergi daxiolmalarının azalması fonunda qeyri-neft sektorundan vergi daxilolmaları artıb. 2015-ci ilin yanvar-oktyabr aylarında bu proqnoz 136 mln. manat artıb, ötən ilin analoji dövrü ərzində həmin göstərici 542 mln. manat artıb:“10 ay ərzində ümumi vergi daxilolmaları 5 mlrd. 965 mln. manat proqnoza qarşı 5 mlrd. 970 mln. manat təşkil edib. Qeyri-neft sektoru üzrə daxilolmalar 4 mlrd. 63 mln. manat təşkil edib”.

“Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişləndirilməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır. Belə bir bəyanatla isə maliyyə naziri Samir Şərifov çıxış etdi. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq. 200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsindən sonra mümkün olub.

Yola saldığımız həftə Neft Fondunun gəlir-çıxarı bəlli oldu. Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri 8 261 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərcləri 24 420 min manat məbləğində müəyyən edildi.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm