Boşalan Rusiya bazarı: Azərbaycan nə edə bilər? - EKSPERT RƏYİ
Bizi izləyin

Ekopublika.az

Boşalan Rusiya bazarı: Azərbaycan nə edə bilər? - EKSPERT RƏYİ

“Türkiyənin ixrac etdiyi ərzaq məhsullarının 20, tekstil məhsullarının 15 faizi Rusiya bazarına daxil olur”.

Bunu Publika.az-a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Ekspert deyib ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi türk iş adamlarının məhsullarını bu bazarda satmalarına çətinlik yaradacaq: “Həmin məhsulların bir qismi digər ölkələrə ixrac ediləcək. Bu sırada Azərbaycan üstünlük təşkil edəcək”.

Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinə diqqəti çəkən iqtisadçı bildirir ki, bu dövriyyənin həcmi 1,8 milyard dollardır: “Rusiya və Türkiyə arasında gərginlik dərinləşərsə, 2016-cı ildə Türkiyədən Azərbaycana gətirilən məhsulların həcmində artım olacaq. Bu isə türk mallarının qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırda Türkiyə bazarında topdansatış təklif edilən malların qiymətlərində ucuzlaşma var”.

V.Bayramov istehlak bazarına daha ucuz türk mallarının daxil olacağını istisna etmir: “Gərginlik istehlak bazarında türk mallarının qiymətlərinin aşağı olması ilə nəticələnə bilər. Söhbət ərzaq və qeyri ərzaq mallarından gedir”.

Türkiyə malları Azərbaycan bazarında, Azərbaycan malları Rusiya bazarında

Bununla belə, iqtisadçı deyir ki, Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin gərginləşməsində maraqlı olmayan ölkədir: “Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gərginləşəcəyi halda, Azərbaycan şirkətləri həm Türkiyə qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”.

Ekspert Türkiyədən Orta Asiyaya gedən TIR-ların Azərbaycan ərazisindən tranzit kimi istifadə etmələrinə də toxunub. Bildirib ki, Azərbaycanın atdığı bu addım dövlət gəlirlərinin artırılması baxımından vacibdir: “Türk iş adamlarının öz yükdaşımalarını daha çox Azərbaycan ərazisi vasitəsilə həyata keçirmələri ölkəmiz üçün həm də əlavə gəlir deməkdir. Ona görə də Azərbaycan yükdaşımaların həcminin artmasında birmənalı şəkildə maraqlıdır. Əslində, yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında əsas istiqamətdir. Nəzərə alaq ki, Ələtdə xüsusi port yaradılır və Bakı-Tiflis-Qars dəmiryol xətti istifadəyə verildikdən sonra yükdaşımaların artması Azərbaycan üçün qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən biri olacaq. Bu isə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan verəcək. Hələlik Azərbaycanın bu tranzit yükdaşımalarından əldə edəcəyi gəlirləri rəqəmlərlə ifadə etmək çətindir. Bu göstəricilər yükdaşımalar həyata keçirildikdən sonra məlum olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm