Nyu-Yorku yenidən quran prezidentliyə namizəd – Milyonçu
Bizi izləyin

Milyonçu

Nyu-Yorku yenidən quran prezidentliyə namizəd – Milyonçu

O deyir ki, milyarder üçün iş və zövq almaq eyni şeydir. 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərində hakimiyyətə iddialılardan biridir. Müsəlmanlara qarşı sərt çıxışları ilə tanınır. Nyu-Yorku yenidən qurmasına baxmayaraq, heç kəs sərvətinin dəqiq həcmini bilmir. Söhbət Donald Trampdan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində amerikalı iş adamı, “Trump Organization”nun prezidenti Donald Trampı təqdim edir.

Atası alman, anası şotland

Donald Tramp 1946-cı ildə anadan olub. Ata tərəfdən alman, ana tərəfdən isə şotland əsillidir. Belə ki, Donaldın ata babası və nənəsi Almaniyadan Amerikaya 1885-ci ildə miqrasiya ediblər. Atası Fred Krist Tramp və anası Meri Enn Makleod 1936-cı ildə ailə qurublar. Biznesmenin özündən başqa ailədə daha iki qardaşı və iki bacısı olub. Onlar arasında Donald idarəolunmaz davranışları ilə seçilib. Hətta bu səbəbdən litseyi yarımçıq buraxıb. Valideynləri onu hərbi akademiyada oxumağa göndəriblər. 1968-ci ildə Pensilvaniyadakı “Wharton Institut”da idarəçilik üzrə təhsil alıb.

"Nyu-Yorku yeniləyən adam"

Əslində, Donald sıfırdan biznes qurmayıb. Çünki atası Fred əmlak sahəsində kifayət qədər tanınmış iş adamı idi. Fredin şirkəti əsasən orta təbəqədən olan ailələrə mənzilləri kirayə verməklə məşğul idi. Təhsilini bitirər-bitirməz Donald atasının biznesində iştirak etməyə başlayır.

Lakin ilk gündən atasının işi böyütmək istəmədiyini görür.Özünün ideyalarını reallaşdırmağa qərar verir. Hökumətdən vergi, ərazinin ucuz alınması kimi güzəştlər alaraq bir-birinin ardınca uğurlara imza atır. İlk işi 1973-cü ildə Nyu-Yorkda 290 mənzildən ibarət 18 mərtəbəli göydələnin inşası olur. 1975-ci ildə "Big Deal"i (böyük vurgun) reallaşdırır. Daha sonra 10 milyon dollara “Grand Central” stadionuna bitişik xaraba vəziyyətdəki “Commodore” hotelini satın aldı. 80 milyon dollar xərcləyərək beş il ərzində hotelin 1400-dən çox otağını təmir edir. Nəticədə xarabalıqdan lüks hotel yaradır. Onun başqa belə layihəsi “Grand Hyatt Hotel”lə bağlı olur. 1983-cü ildə “Trump Tower” layihəsini təhvil verir. Getdikcə Donald "Nyu-Yorku yeniləyən adam" statusunu qazanır. 80-ci illərin ortasında Nyu-Yorkun abadlaşdırılması istiqamətində ən nəhəng layihələri hazırlayır. 1990-cı ildə Adantik Sitidə inşa etdirdiyi "Tac Mahal Otel-Casino" ilə qumarxana işinə girişir. Bu zaman artıq onun sərvəti 4 milyard dolları keçmişdi. Hazırda Donald Trampın layihələri aşağıdakılar hesab edilir:

1.Fifth Avenue

2.Trump Tower

3.Trump World Tower

4.United Nations Plaza

5.Trump Park Avenue

6.Park Avenue

7.Trump Place

8.Trump International Hotel & Tower

9.Trump International Hotel & Tower Chicago

10.Trump National Golf Clubs

11.Trump Vineyard Estates

12.Trump Hollywood

13.Trump Grande

14.Trump Soho

15.Trump Parc Stamford

16.Trump Ocean Club

Sərvəti

Donald Tramp əmlak kralı hesab edilir. O, ABŞ-ın ən böyük tikinti şirkəti “Trump Organization”nun prezidentidir. Bundan başqa, bütün dünyada hotel və çoxsaylı kazino şəbəkəsinin idarəçisi olan “Trump Entertainment Resorts”un yaradıcısıdır. Sərvətinin həcmi 4,5 milyard dollar səviyyəsində qiymətləndirilir. Lakin “Forbes”in araşdırması bu yöndə ziddiyyətli rəqəmləri ortaya qoyur. Jurnalın iddialarına görə, Trampın Nyu-Yorkdakı göydələnlərinin dəyəri 2.18 milyard dollardır. Biznesmenin ABŞ, Şotlandiya və İrlandiyada 13 golf sahəsi var. Hansı ki bu sahələrin dəyəri 366.6 milyon dollardır. Bunlar hamısı deyil. Araşdırmada qeyd edilir ki, Tramp Nyu Yorkda 100 milyon dollarlıq binaya, 2 milyon dollarlıq “Sikorsky” vertolyotuna, 55 milyon dollarlıq “Boeing 757” təyyarəsinə və bir ədəd xüsusi “Cessena 750” reaktivinə sahibdir. “Wall Street” jurnalı isə bildirir ki, Donald Trampın sərvətinin həcmi iş dünyasında sirli mövzulardan biridir.

Ailəsi

Milyarderin beş övladı, səkkiz nəvəsi var. Biznesmen üç dəfə evlənib. Birinci dəfə 1977-ci ildə çex əsilli İvane Zelniçkovoyla ailə qurub. Onun bu evlilikdən üç övladı dünyaya gəlib. Buna rəğmən, 1992-ci ildə Donald İvane ilə boşanıb.1993-cü ildə Donald Marle Meyplzlə evlənib. Bu evlilikdən də milyarderin bir qızı dünyaya gəlib. Amma Marle ilə də münasibətlər uzun çəkməyib, 1999-cu ildə evliliyə son qoyulub. 2004-cü ildə Donald Sloveniyadan olan Melanie Knavsa evlilik təklif edib. Onlar 2005-ci ildə evləniblər. İş adamının Melaniedən bir oğlu var. Buna rəğmən, heç kəs onun bu evliliyinin son olduğunu söyləyə bilməz.

Hobbisi

Donald qolf həvəskarıdır. O, "Winged Foot Golf Club"-ın üzvlərindən biridir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm