Dünyanı qorxudan qərar - Rusiya Asiya bazarına ayaq açdı - HESABAT
Bizi izləyin

Hesabat

Dünyanı qorxudan qərar - Rusiya Asiya bazarına ayaq açdı - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı nəhayət, aylarla gözlədiyi qərarı eşitdi. ABŞ Mərkəzi Bankı (FES) faiz dərəcəsini 0,25%-dən 0,50%-ə qaldırdı. Qərar valyuta birjasını silkələdi. Belə ki, dollar əksər valyutalara qarşı dominantlığı ələ aldı. Əmtəə birjasında da vəziyyət ürəkaçan olmadı. Neftin qiyməti son 11 ilin minimumuna endi. Yunanıstan Avropanın istədiyi islahat paketlərini qəbul etdi və çoxdan arzuladığı kreditin bir hissəsini aldı, İsveçrə nağdsız ödəniş sisteminin inkişafından şikayətləndi, Rusiya Asiya bazarlarına ayaq açdı.

Başlayaq neftdən. Neft həftəni enişlə başladı. Bazar ertəsi günü 4 faiz nisbətində ucuzlaşan neft (Brent markalı) 36.40 dollara qədər düşdü. Belə qiymət son olaraq 2014-cü ildə maliyyə böhranı zamanı qeydı alınmışdı. Neftin ucuzlaşmasına baxmayaraq, Körfəz ölkələri və Rusiya qiymətlərin 20 dollara düşəcəyi halda belə istehsalın həcmini azaltmayacaqlarını açıqladılar.

Beynəlxalq dərəcələndirmə təşkilatı “Moody's” isə qlobal bazarda təklifin artması səbəbindən neftin qiyməti ilə bağlı proqnozlarını azaltdı. Əvvəllər 2016-cı il üçün Brent tipli xam neftin barelini 53 dollar proqnozlaşdırmışdısa, bu rəqəmi 43 dollara endirdi. WTI markalı xam neftin barelini isə 48 dollardan 40 dollara saldı. “Moody's” həmçinin 2017-2018-ci illərdə hər iki növ neftin qiymətinin yalnız 5 dollar bahalaşacağını bildirdi.

Maraqlıdır ki, neftin dəyərsizləşdiyi, qiymətləndirmə təşkilatlarının proqnozlarının bədbinləşdiyi bir zamanda ABŞ 1974-cü ildən bu yana tətbiq olunan neft ixracatı qadağasını ləğv etmək istəyir. Belə ki, ölkədəki böyük neft şirkətlərinin qadağanın qaldırılması üçün 2 ildir konqresdə apardıqları lobbi fəaliyyəti bəhrəsini vermək üzrədir.

Daha bir xəbər Rusiya ilə bağlıdır. Dünyanın ən böyük neft istehsalçılarından olan Rusiya Asiya ölkələrinə ixrac etdiyi neftin həcmini ilin ilk 11 ayında keçən illə müqayisədə 23 faiz artırıb.

Zəifləyən rublun və yeni neft kəmərlərinin köməyiylə Rusiya Asiya bazarına xam neft ixracatını gündəlik 1 milyon 300 min barelə yüksəldib. Beləliklə, dünyanın ən böyük neft bazarında 5 il əvvəl 4 faiz səviyyəsində olan neft payını 7 faizə çatdırıb. İranın yerinə bu bazarın ən böyük beş tədarükçüsündən biri olub.

Həftənin önəmli hadisəsi hesab edilən ABŞ Mərkəz Bankının (FES) faiz artımı qərarına gəlincə, qlobal bazarlar silkələndi. FES-in xanım rəhbəri Janet Yellenin isə sakit şəkildə bildirdi ki, FABK uçot dərəcəsini 0,25 faizdən 0,5 faizədək artırmaqla bağlı tarixi qərar qəbul edib. FES sonuncu dəfə belə qərarı 2006-cı ildə vermişdi. O vaxtdan bəri dəyişməz qalan uçot dərəcəsinin dekabrın 16-dakı artımı nəticəsində Dow Jones indeksi 57 bənd, NASDAQ indeksi isə 10 bənd möhkəmlənib.

Məlumat üçün qeyd edək ki, uçot dərəcəsinin qaldırılması dövriyyədəki pul kütləsinin azalması və faiz dərəcələrinin artımını stimullaşdırır. Bu qərar həmçinin dolların mövqeyinin möhkəmlənməsinə xidmət edir. Neftin qiymətlərinin ucuzlaşdığı indiki şəraitdə verilən bu qərar nəticəsində dövlət maliyyəsi resurs gəlirlərindən asılı olan ölkələr üçün milli valyutaların dollara nəzərən dəyərinin ucuzlaşacağı gözlənilir.

Ən pisi də odur ki, FED-in 2016-cı ilin sonuna qədər faiz nisbətini 1.5 faiz səviyyəsinə qaldıracağı proqnozlaşdırılır.

Avro Bölgəsi İş Qrupu Yunanıstana ayırdığı 86 milyard avroluq kömək paketindən 1 milyard avronun tranşına razılıq verdi. Tranş Yunanıstan parlamentinin kredit üçün nəzərdə tutulan 13 maddəlik islahat paketini qəbul etməsindən sonra təsdiqləndi. Yeri gəlmişkən, bu paketlər Yunanıstanın enerji şəbəkələri və limanlarının özəlləşdirilməsi, sərbəst bazarı gücləndirən islahatların sürətləndirilməsi kimi məsələləri əhatə edir.

İsveçdə nağd puldan istifadə vərdişi yox olmaq üzrədir. Bu da milli pul vahidi kronun dövriyyədəki həcmini azaldır.

İsveç Mərkəz Bankının məlumatına görə, kredit kart istifadəçilərinin sayı 1998-2013-cü illər arasında 10 dəfə artıb. Altı il əvvəl 106 milyard kron dövriyyədə idisə, bu gün dövriyyədəki nağd pul kütləsi 80 milyard krona düşüb.

İş dünyası

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardın başı dərddədir. O, 2008-ci ildə biznesmen Bernard Tapienin daxil olduğu bir kommersiya prosesində dövlət bankından 400 milyon avroluq ödəniş aparılmasına göz yumduğu üçün ifadəsinin alınmasına qərar verilib. Keçmiş maliyyə naziri Laqard verdiyi yazılı açıqlamada "başa düşülməsi çətin" kimi qiymətləndirdiyi qərara etiraz edəcəyini dilə gətirib.

Laqard sözügedən prosesdə qanundan kənara çıxmadığını qeyd edərək dövlətin xeyrinə hərəkət etdiyini müdafiə edir.

Xatırladaq ki, idman məhsulları istehsalçısı “Adidas”ın sahibi Bernard Tapie səhmlərini 1993-cü ildə Fransa bankı “Crédit Lyonnais”ə təhvil vermiş, lakin bank səhmləri bir müddət sonra böyük bir qazancla satanda Tapie aldadıldığını irəli sürmüşdü. Daha sonra Kristin Laqardın hakimlik etdiyi qurum Tapieyə 404 milyon avro ödəniş aparılmasına qərar vermişdi. Sözügedən məhkəmə hökumətin iş adamının xeyrinə hərəkət etdiyindən dövrün prezidenti Nikola Sarkozinin də başını ağrıdır.

Onu da bildirək ki, Laqard Fransanın maliyyə naziri vəzifəsində olduğu dövrdə "vəzifəsində diqqətsizlik etdiyi"nə görə barəsində istintaq başlanılmışdı.

Hollandiyanın neft şirkəti “Royal Dutch Shell” neft və qaz şirkəti “BG Group”u satın almaq üçün Çin Xalq Respublikası Ticarət Nazirliyinin təsdiqini aldı. Bundan əvvəl şirkət beynəlxalq rəqabət qaydalarına uyğun Avropa Birliyi, Avstraliya və Braziliyadakı əlaqədar qurumların təsdiqini əldə etmişdi. 70 milyard dollar məbləğindəki satınalma əməliyyatının 2016-cı ilin ilk yarısında tamamlanması gözlənilir.

İtaliyanın lüks geyim markası “Prada” bu ilin avqust və oktyabr aylarında qazancının 38 faiz azaldığını açıqladı.

Şirkət bunun daha çox Çin bazarı ilə bağlı olduğunu bildirdi. Belə ki, yuanın zəifləməsi və Çindəki deflyasiya “Prada”nın buradakı satışlarını 25 faiz azaldıb. Markanın hesabat dövründəki dəqiq gəliri 46.5 milyon avro təşkil edib. Halbuki bu rəqəm keçən ilin eyni dövründə 75 milyon avro idi.

Mütəxəssislərə görə, “Prada” Çin iqtisadiyyatındakı yavaşlamanın son qurbanıdır.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Azərbaycanda muzdlu işçilərin əmək haqqı bir ildə 5%-dək artıb. Bu il Bakı metrosu ilə 202 mln. nəfər daşınıb, Azərbaycandakı mobil operatorlar 11 aya 800 mln. manat gəlir əldə edib, pərakəndə şəbəkədə satılan ərzaq məhsullarının həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,6 faiz üstələyərək 11185,2 milyon manata çatıb,ölkədə yumurta istehsalı isə 23,0 milyon ədəd və ya 1,6 faiz azalıb. Yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14438,8 milyon manat vəsait yönəldilib, Azərbaycanın neft sektoruna investisiya qoyuluşu 19% artıb.

Puldan söz düşmüşkən, 2016-2018-ci illərdə Asiya İnkişaf Bankı Azərbaycanda enerji layihələrinə 790 milyon dollar ayırmağı planlaşdırır. Azərbaycana aid bankın biznes planına əsasən, bu vəsait elektrik paylama və bərpa olunan enerji inkişafı mənbələri üçün ayrılacaq.

“Azərişıq” ASC-nin elektrik paylama şəbəkəsinin inkişafına 250 milyon dollar ayrılacaq. Eyni zamanda Azərbaycan hökümətinin layihədə payı 2016-cı ildə 75 milyon, 2017-ci ildə 85 milyon, 2018-ci ildə isə 90 milyon dollar təşkil edəcək. Bərpa olunan enerji mənbələrinə 2018-ci ildə 40 milyon dollar ayrılacaq. Bu layihədə hökumətin payı 13 milyon dollar təşkil edir.

Nəhayət, FES-in qərarının qlobal valyuta bazarına, ayrı-ayrı dövlətlərin valyutalarına, o cümlədən Azərbaycan manatına da təsirsiz ötüşməyəcəyi son günlər ən çox səslənən proqnozlar sırasında idi. Lakin manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən olunması bu prosesin milli valyutamıza birbaşa təsirinin qarşısını aldı. Ancaq qarşıdakı günlərdə manatın məzənnəsində hiss ediləcək ucuzlaşmanın olacağı istisna edilmir.

Məndən bu qədər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm