Qurban Qurbanov: "Hər mövqeyə ən azı iki futbolçu lazımdır" - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

Qurban Qurbanov: "Hər mövqeyə ən azı iki futbolçu lazımdır" - MÜSAHİBƏ

Qurban Qurbanov 2015-ci ilin ən yaxşı məşqçisidir. Sorğu keçirilsə də, keçirilməsə də, Azərbaycanda futbolla maraqlanan hər kəs bunu etiraf edir. Bazar günü Komanda.az saytı jurnalistləri bir araya toplayaraq bu statusu rəsmiləşdirdi.

Tədbirdən sonra təcrübəli mütəxəssis jurnalistlər üçün brifinq keçirdi. O, öncə ilin ən yaxşı baş məşqçisi seçilməyindən danışdı:

"Bu adı qeyd etmək mənimçün çox xoşdur. Altıncı dəfə ən yaxşı seçilməyim gözlənilməz oldu. Səsvermədə iştirak edən hər kəsə təşəkkür edirəm. Belə adlar aldıqca məsuliyyət daha da artır. Düşünürəm ki, bundan sonra işimə daha çox diqqət ayırmalı və daha böyük nəticələr əldə etməliyəm. Bu tədbir bir daha onu göstərdi ki, idman mediası bizim işimizi yaxından izləyir və qiymət verir".

Publika.az Qurban Qurbanovun jurnalistlərlə brifinqini təqdim edir.

- "Qarabağ"sevərlər bu mövsüm komandadan hansı nəticələri gözləsinlər?

- Ümumiyyətlə, "Qarabağ" hər mövsüm ən azı ilk üçlükdə olmağı qarşısına məqsəd qoyur. Daim çempionluq, kuboku qazanmaq və avrokuboklara düşmək üçün çalışırıq. Fanatlarımızın sayı getdikcə çoxalır. Azarkeşlər də hər il bizdən daha çox şey gözləyir. Onlar bilirlər ki, məğlub olsaq da, yaxşı və baxımlı oyun göstərməyə çalışırıq. Qarşıda kiçik fasiləmiz olacaq. Bundan istifadə edərək yarım mövsümün nəticələrini təhlil etməli, çempionatın ikinci yarısına yaxşı hazırlaşmalıyıq.

- Rahid Əmirquliyevin "Qarabağ"a keçəcəyi haqda söhbətlər dolaşır. Hətta onun klubla müqavilə bağladığı da deyilir...

- Müqaviləni mən görməmişəm (gülür). Amma Rahid kimi futbolçunu komandada görmək xoş olardı. Çünki o, hər cəhətdən güclü futbolçudur. Rahidin adı başqa klublarla da hallanır. Bu gün bazar günüdür, sabahdan bu işlə məşğul olacağıq.

- Rahidi komandada görmək istəyirsiz. Amma həmin mövqedə bir neçə futbolçu var. Kimi göndərməyi düşünürsüz?

- Onu kiminsə yerində oynatmaq istəmirəm. Sadəcə, həmin mövqeyə dəyişiklik lazımdır. Özünüz gördüz ki, bu il heyətdə həddindən artıq rotasiya etdik. Bu, uğurlu nəticə əldə etmək üçün vacibdir. Hər mövqeyə yüksək səviyyəli ən azı iki futbolçu lazımdır ki, birində fiziki, psixoloji yorğunluq olanda və ya zədələnəndə digəri onu əvəzləsin. Rahid komandaya gəlsə, faydası böyük olacaq. Hər şeydən əvvəl rəqabət güclənəcək.

- Fasilədə komandadan hansısa futbolçu ayrılacaq?

- Siyahını müəyyənləşdirməmişik. Amma bəzi futbolçuların komandadan gedəcəyi gözlənilir. Bir neçə futbolçu ilə yollarımızı ayıracağıq. Bəzi futbolçuların təcrübəyə ehtiyacı var. Həm də komandanın oyunçu dəyişikliyinə ehtiyacı var. Bəzi oyunçularla uzunmüddətli müqaviləmiz olsa da, sözləşməni qarşılıqlı razılıq əsasında ləğv etməyə çalışacağıq.

- Qış "transfer pəncərəsi"ndə komandaya yeni futbolçu cəlb olunacaq?

- Bəli. Bəzi mövqelərə futbolçuların cəlb olunmasını istəyirik. Hər "transfer pəncərəsi"ndə istəyirəm ki, komandaya 2-3 futbolçu gəlsin. Əfsuslar olsun ki, bəzən bizdən asılı olmayan səbəblərə görə bunu əldə edə bilmirik.

- Komandanın hansı mövqeyini gücləndirmək istərdiz?

- Açığı, bütün mövqelərə ən azı bir daha böyük potensialı olan futbolçunun gəlməsini istəyirəm.

- "Qarabağ"ın heyəti builki qədər heç vaxt zəngin olmamışdı. Komandanı Avroliqada, çempionatda və kubokda fərqli heyətlərlə meydana çıxarmaq şansınız oldu. Bu sizin üçün və komanda üçün nə qazandırdı?

- Düz qeyd etdiz, heyətimiz kifayət qədər genişdir. Əvvəllər avrokubok oyunlarından sonra çempionatda xal itirirdik və tənqidlərlə üzləşirdik. Bu il isə demək olar ki, belə hallar yaşanmadı. Çünki heyətimizin zəngin olması rotasiya etməyimizə şərait yaratdı. Amma bu qədər çox oyunçuya sahib olmağımıza rəğmən, problemlərimiz də oldu. Adicə Reynaldonun və Cumbinyonun zədələnməsi hücum xəttini zəiflətdi. Ona görə də, uğur qazanmaq istəyən komandanın hər mövqeyində bir neçə prespektivli futbolçu olmalıdır.

- Reynaldodan xəbər varmı, nə vaxt qayıdacaq?

- O, hazırda fizioterapevtiylə Braziliyadadır. Artıq bərpa məşqlərinə başlayıb. Ən geci yanvar ayının 15-i komandaya qoşulacaq. Dizindən xəsarət aldığından, onun əməliyyatının ağır keçəcəyini düşünürdük. Şükürlər olsun ki, belə olmadı və tez sağaldı.

- Hücum xəttində döyüşkən futbolçunun olmasını istərdizmi? Belə axtarışlara başlamısızmı?

- Təbii ki, istəyirəm. Artıq daha prespektivli bir neçə futbolçunu nəzərdən keçirmişəm. Hazırki futbolçularımın döyüşkən olmadığını deməzdim. Çünki məşqlərdə, oyunlarda onların bacardıqlarından daha çox şey etmək istədiyini görürəm. Ən azı qarşılarındakı rəqibdən çəkinmirlər, 90 dəqiqə mübarizə aparırlar. Amma yaxşı olar ki, komandaya ustalıq səviyyəsi yüksək olan oyunçu cəlb olunsun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm