Kosmosda hotel sevdasına düşən “stüardessa” - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Kosmosda hotel sevdasına düşən “stüardessa” - MİLYONÇU

O, İngiltərənin 5-ci ən varlı adamıdır. 1999-cu ildə İngiltərə Kraliçası II Elizabet ona "Cəngavər" adı verib. Kosmosda hotel sevdasına düşən ilk milyarderdir. Şirkəti kosmetikadan musiqiyə, təyyarədən prezervativə, kitabdan şəraba qədər bir çox sektorlarda fəaliyyət göstərir...

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Riçard Bransonu təqdim edir.

Uşaqlığı və gəncliyi

“Dünyaya yenidən gəlsəm, yenə özüm olardım”, -deyən Riçard Branson 1950-ci ildə Londonda doğulub. Valideynlərinə gəlincə, İngiltərənin aristokrat təbəqəsinə məxsus olan atası Edvard Ceyms Branson ailə adət-ənənələrinə qarşı çıxaraq adi stüardessa ilə nişanlanıb. Bununla da ailəsinin qəzəbinə tuş gəlib. Ricardın kifayət qədər macərapərəst qadın olan anası İvet Flint isə xarici dil bilməməsinə, tibb sahəsinə dair bilgilərinin olmamasına rəğmən, stüardessa işləyirmiş. Amma karyerası Edvardla evlilikdən sonra bitir. Edvard təhsilini bitirib vəkil ola bilmədikdən sonra əlinin əməyi, qabiliyyəti ilə pul qazanmağa başlayır. Xalça, səbət toxuyur, xüsusi qutular düzəldirdi...

Riçard ailənin dörd övladından ən böyüyüdür. Özündən başqa 2 bacısı və qardaşı var. Onun şəxsiyyət kimi formalaşmasında anasının rolu böyük olub. Deyilənə görə, anası onu evə 4-5 kilometr qalmış maşından düşürüb evin yolunu tapmasını tapşırırmış. Bununla da Riçardı hər zaman öz ayaqları üzərində tək başına dayanan şəxsiyyət kimi yetişdirəcəyinə inanırmış.

Disleksiya xəstəliyindən (bu xəstələr, ümumiyyətlə, oxuma və yazmada çətinlik çəkirlər) əziyyət çəkdiyinə görə Riçardın uşağlığı və təhsilə başladığı ilk illər çətin keçib. 13 yaşına qədər ümumtəhsil müəssisəsində təhsil alıb. Bundan sonra təhsilini tarixi qraflığın ərazisində yerləşən məktəbdə davam etidirib. Lakin 16 yaşında orta məktəbdən xaric edilib. Səbəb pis qiymətləri deyil, disleksiya problemi idi. Bu zaman direktor ona “Əlvida Riçard. Sən ya həbsə düşəcəksən, ya da inanılmaz şəkildə varlanacaqsan” deyir.

İlk biznesi

Riçardın xəstəliyi onun iş həyatında uğur əldə etməsində böyük rol oynayır. Çünki praktik zəkası normal insanlardakından güclü inkişaf etmişdi. Biznesdə ilk təşəbbüsü Nik adlı dostu ilə şam ağacı –yolka kəsib satmaq olur. Dostlar bu ağacları Milad bayramından əvvəl satmağı planlaşdırsalar da, xəyalları suya düşür. Bundan sonra dostlar dovşan tutub yerli ət dükanına 800 funta satmağa qərar verirlər. Yeri gəlmişkən, bu məbləğ onların şam ağacından götürmək istədikləri gəlirdən az idi...

Ricardın biznesdə ikinci cəhdi tutuquşu ticarəti olur.

1966-cı ildə ciddi işlə məşğul olmağa qərar verir və "Student” jurnalını dərc etməyə başlayır. Jurnalın məqsədi gənclərin düşüncələrini azad şəkildə ifadə etmələrinə şərait yaratmaq idi. Riçard "Student” sayəsində bir çox şeyi öyrənir. Ən əsası da anlayır ki, gənclərin musiqiyə marağı böyükdür. Bu da onun ağlında yeni biznes ideyaları yaradır. 20 yaşında “Virgin Mail Order Company”ni yaradır. Oksford prospektində ayaqqabı satan dükanın içində ilk musiqi dükanını açır. Dükanı kirayələdiyi zaman sahibini "mənim sayəmdə daha çox ayaqqabı satacaqsan" deyərək razı salır. Riçard mağazaya gələnlərə qəhvə təklif etməklə, diskussiyalara şərait yaratmaqla, müştəri toplaya bilir. Mağaza qısa müddətdə gənclərin görüş yerinə çevrilir.

Onun “Virgin Records”u yaratmaq təcrübəsi də maraqlıdır. 15 yaşlı musiqiçi dostunun bəstələdiyi mahnını heç bir prodüser qəbul etmir. Belə halda, o, gənclərin həmin mahnıları bəyənəcəyini düşünərək “Virgin Records”u qurur. Və “Tubular Bells” adlı albom illərlə ən çox satılan albomlardan biri olur...

Kosmosda hotel sevdası

Musiqi biznesi ilə məşğul olduğu zaman çox səyahət edir və hava yolu şirkətlərinin xidmətlərindən razı qalmadığı üçün bu sektora daxil olmaq haqqında düşünməyə başlayır. 1984-cü ildə “Virgin Atlantic Airways “adlı hava yolu şirkətini qurur.

Bransonun hava yolu şirkəti tez müddətdə “British Airways”ın ən böyük rəqibinə çevrilir. Hətta ötən əsrin 90-cı illərində “Virgin Atlantic” ilə “British Airways” arasında qiymətlərlə bağlı ciddi rəqabət başlayır. Mübarizə R.Bransonun qalibiyyətilə nəticələnir.

İş adamının ən böyük sərmayələrindən biri də kosmosa səyahətlə bağlıdır. "Hər insanın kosmosa getmək haqqı var" deyən Riçard bu məqsədlə “Virgin Galactic”i qurur. İndiyə qədər bütün layihələrində düşüncələrilə hərəkət edən Bransonun planları bununla da bitmir. Ən böyük xəyallarından biri də kosmosda hotel tikməkdir.

Onun “Necker” adında adası var. Meray Kerri, Opra Uinfri, Jimmi Fallon və Devid Bekhem kimi bir çox məşhur tərəfindən kirayəyə götürülən adanın bir gecəlik ödənişi 42 000 dollardır.

Niyə məhz “Virgin”?

İş adamı bir rəfiqəsinin “ticarətdə hər birimiz bakirik" sözlərindən ilhamlanaraq əvvəlcə mağazasına, daha sonra şirkətlər qrupuna “Virgin” (bakirə) adını verir. Bu ad ətrafı tərəfindən qəbul edilməsə də, Branson qərarını dəyişdirmir.

İndi kosmetikadan musiqiyə, təyyarədən prezervativə, kitabdan şəraba qədər bir çox sektorlarda fəaliyyət göstərən “Virgin Group”a 350-dən çox şirkət daxildir. Qrupun 2012-ci ildə illik gəliri 24 milyard dollar təşkil edib. Hazırda Riçard 4,9 milyard dollarlıq sərvətə sahibdir. “Forbes”in 2015-ci ilə olan hesabatına əsasən, milyarderlər reytinqində 330-cu yerdə dayanır. Milyarderin müvəffəqiyyəti isə belə qiymətləndirilir: ona yol göstərən ilk şey özünə güvənməsidir. Əsla imtina etmədiyi xəyallarının arxasınca qaçır, ən yaxşı bildiyi və sevdiyi işi görür. Özü isə özü haqqında belə deyir: “Mənim fəlsəfəm sadədir -biz bu həyata bir dəfə gəlirik. Elə yaşayın ki, sizin özünüz üçün də xoş olsun. Bu, bütün həyatı boyu demək olar ki, istirahət etmədən işləməkdən daha maraqlıdır.

Bundan əlavə, sadəcə sizə xoş olan işləri görün. Sadəcə, bunu edin. Uğura nail olmaq üçün plan qurun. Bu, həm bütünlükdə həyata, həm də ayrılıqda hər bir işinizə aiddir. Risklərin qiymətləndirilməsinin əsas üstünlüklərindən biri də odur ki, sizin planlarla bağlı hər ehtimala qarşı bir neçə alternativ variantınız olacaq. Habelə, işə bir neçə yaxşı və düzgün işləməyi bacaran insanlar götürün və onların öhdəliklərini düzgün müəyyənləşdirin”.

İşçinin dostu

Daim pozitiv hərəkətləri ilə diqqət çəkən Riçard Branson bildirir ki, onun “Virgin Group” şirkətinin Britaniya və Amerika ofislərinin əməkdaşları istədikləri vaxt məzuniyyət götürə bilərlər. Lakin bir şərtlə ki, iş 100% yerinə yetirilmiş olsun: “Əməkdaş 1 saatlıq, 1 günlük, yaxud 1 həftə və aylıq məzuniyyətə getdiyi zaman bunu onun özü seçir. Lakin o bunu öz işini tamamilə yerinə yetirdikdə və getdikdən sonra komandanın işi qaldığı yerdən davam edəcəyinə əmin olduqda edir”.

Mərcdə uduzdu, “stüardessa” oldu...

Milyarderin qəribə xüsusiyyətləri var. Belə ki, 2010-cu ildə keçirilən "Formula-1" yarışlarında mərci rəqibinə uduzduğu üçün qarşı tərəfin şirkətinin təyyarəsində “stüardessa”lıq edir. 6 saat davam edən uçuş zamanı sərnişinlərə yemək, sərinləşdirici içkilər paylayır. Ən maraqlısı da odur ki, “stüardessa” olmaq üçün iş adamı ətək, qadın corabları geyinir və qırmızı dodaq boyası çəkir. Mərcdə uduzduğu rəqibi -"Air Asia"nın rəhbəri Toni Fernandes isə təyyarədə sadə sərnişin kimi əyləşir. İş vaxtı bitdikdən sonra iki milyarder birgə xatirə şəkli çəkdirirlər.

Bu arada, Riçardın stüardessa olduğu təyarə ilə uçuş bileti heç də ucuz deyildi . Reysin qiyməti 400 dollar təşkil edirdi və tərəflərin razılaşması nəticəsində əldə edilən gəlirin yarısı xeyriyyə işlərinə sərf edildi.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu qədər çox şirkətə sahib olan və dünyanın ən zənginləri arasında yer alan Riçard Branson daim yoxsullara, ehtiyacı olanlara əl tutur.

Ailəsi

Xüsusi zəkası ilə seçilən iş adamı ilk dəfə 1972-ci ildə evlənib. Ancaq bu evliliyin ömrü uzun çəkməyib. Cütlük 1979-cu ildə ayrılıb. 1989-cu ildə Coan Templemanla ailə quran Bransonun bu evliliyindən Holli Branson və Sem Branson adında iki övladı dünyaya gəlib.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm