Qlobal bazarlar çökdü, bir gecədə 194 milyard itirdilər - HESABAT
Bizi izləyin

Hesabat

Qlobal bazarlar çökdü, bir gecədə 194 milyard itirdilər - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gözləndiyindən də çətin keçdi. Çin birjası son 20 ilin ən pis göstəricisinə imza atdı. Bunun təsiri Asiya və Avropa birjalarında da hiss edildi. Səudiyyə Ərəbistanı və İran arasındakı diplomatik böhran neftin qiymətində yüksəlişə səbəb olsa da, bu qısa çəkdi. Çindən gələn mənfi xəbərlər “qara qızıl”ı 33 dollara qədər ucuzlaşdırdı. Bazarlardakı təlatüm iş adamlarını da vurdu. İlin ilk birja həftəsinin yekunlarına əsasən, dünyanın 400 ən zəngin insanı 194 milyard dollar itirdi.

Başlayaq Çindən. Çin Mərkəz Bankının yuanın istinad məzənnəsini endirməsi ölkənin birjasını sarsıtdı. Birja son 20 ilin ən pis göstəricilərinə imza atdı. Şanxay və Şenzen şəhərlərində fond birjaları 2016-cı ilin ilk gününü hissələrin 7 faiz itkisi ilə bağladılar. Fond birjasında satışlar Çin hökumətinin “avtomatik düymə” adlandırılan mexanizmi ilk dəfə işə salmasına gətirib çıxardı.

Çin birjasındakı “zəlzələ” qlobal bazarları da sarsıtdı. Euro Stoxx 50 indeksində itki 2 faiz, İngiltərənin FTSE 100 indeksində itki 1.6 faiz ətrafında oldu.

Neftin qiyməti də Çindən gələn mənfi məlumatların təsiriylə cümə axşamı günündən 33 dollara düşdü. Brent markalı neft 4.7 faiz nisbətində geriləyərək 2014-cü ilin aprel ayından bu yana ən aşağı səviyyəni nümayiş etirdi. Mütəxəssislər “Goldman Sachs” tərəfindən proqnozlaşdırılan 20 dollar səviyyəsinin real olduğunu bildirdilər.

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqard isə dünya bazarında neftin qiymətinin hələ uzun müddət aşağı səviyyədə qalacağını dilə gətirdi. K.Laqard bildirdi ki, əvvəlki iqtisadi tsikllərdən fərqli olaraq, neftin çox uzun müddət bahalaşmayacağı proqnozlaşdırılır. BVF başçısı qeyd edib ki, müəyyən dövrlərdə neftin reabilitasiyası mümkündür, lakin müsbət proqnozlar ancaq 2019-cu ildən sonra mümkün olacaq. Neftin qiyməti yaxın illərdə maksimum 60 dollar/barelə qədər arta bilər.

Nəzərə alsaq ki, Çin dünyadakı iqtisadi fəaliyyətin 17 faizini reallaşdırır, ölkədəki iqtisadi göstəricilər ixracatçı ölkələri də vurur. Dünyanın ikinci böyük iqtisadiyyatındakı yavaşlama daha çox İngiltərə və Almaniyaya təsir edib. Xüsusilə, analitiklər Almaniyanı pis günlərin gözlədiyini söyləyirlər: "Çin dünya iqtisadiyyatı üçün çox əhəmiyyətlidir. Çinə idxal və ixrac reallaşdıran Almaniya üçün bu vəziyyət xoşa gələn deyil”.

Bildirək ki, Avropanın ən böyük iqtisadiyyatı 2015-ci ildə Çinə təxminən 75 milyard avro həcmində ixrac reallaşdırıb. Çindəki iqtisadi artımın geriləməsi əsasən Almaniyanın maşın sənayesinə və avtomobil sektoruna mənfi təsir edir.

Söz Avropadan düşmüşkən, Avro Bölgəsində inflyasiya ötən ilin dekabr ayında bazarın gözləntisindən aşağı olub. Mütəxəssislər inflyasiyanın 0.3 faiz artacağını proqnozlaşdırsalar da, artım 0.2 faiz təşkil edib. Bölgədəki illik inflyasiyanın artımına daha çox qida, alkoqol və tütün məhsulları təsir göstərib.

Xatırladaq ki, ötən il mart ayında 60 milyard avroluq istiqraz alışı ilə pul genişləmə proqramına başlayan Avropa Mərkəzi Bankı Avro Bölgəsində qiymət sabitliyini və tələbin canlanmasını hədəfləyib.

İşsizliyin yüksək hesab edildiyi İspaniyada isə dekabr ayında bu nisbət bir əvvəlki ayla müqayisədə 1.34 faiz azalıb. Xidmət və kənd təsərrüfatı sektorlarında müsbət rəqəmlər müşahidə ediliyi halda inşaat sektorunda işsizlik cüzi yüksəlib. 46 milyon əhalisi olan ölkədə işsizlərin sayı 4 milyondan çoxdur. Bu arada Almaniyada da işsizliklə bağlı rəqəmlər proqnozlardan yaxşı olub. Avropanın ən böyük iqtisadiyyatında işsizlik nisbəti 6.3 faizə düşüb. Ölkədəki ümumi işsizlərin sayı da 2 milyon 757 min nəfərdir.

İsveçrə Mərkəzi Bankı (İMB) keçən il məzənnə koridorunun üst limitini ləğv etməsindən sonra 23 mlrd. dollarlıq (23 mlrd. İsveçrə frankı) zərər çəkdiyini ehtimal edir. Belə ki, 2015-ci ilin yanvarın 15-də Bankın müvafiq qərarı qəbul etməsindən sonra İsveçrə frankı güclənib və xarici valyuta mövqeyinin qiymətləndirilməsi nəticəsində İMB ilk hesablamalara görə azı 20 mlrd. frank zərər edib. Lakin buna baxmayaraq, Mərkəzi Bank hər səhmə görə 15 frank divident ödəyəcəyini bildirib. Bank, federal hökumət və kantonlara (bələdiyyə) da 1 mlrd. frank köməklik göstərəcəyini qeyd edib. İMB-nin üst limiti ləğv etməsindən sonra avro ilə müqayisədə frankın 1,20 səviyyəsindən 1,09 səviyyəsinə qədər möhkəmlənməsi, iqtisadi artıma mənfi təsir göstərib. Nəticədə, yerli idarəetmə orqanları Mərkəzi Bankın maliyyə yardımına ehtiyac duyub.

Yola saldığımız həftənin daha bir mühüm hadisəsi Dünya Bankının "Qlobal iqtisadi perspektivlər" adlı yeni hesabatının açıqlanması oldu. Hansıki hesabatda 2016-cı ildə Çində iqtisadi artım templərinin azalmasının davam edəcəyi, Rusiya və Braziliya iqtisadiyyatında resessiyanın davam edəcəyi proqnozlaşdırılır. Bildirilir ki, formalaşan bazarlara malik ölkələrdəki vəziyyət bütövlükdə dünya iqtisadiyyatının inkişaf tempinə təsir edəcək. 2016-cı ildə dünya iqtisadiyyatının artım tempi 2,9% təşkil edəcək. Hərçənd 2015-ci ildə bu göstərici 2,4 faizdən yüksək olmayıb. Ekspertlər az da olsa, müəyyən canlanmanı inkişaf etmiş ölkələrin iqtisadi artım tempinin sürətlənməsi ilə əlaqələndirir.

2016-cı ildə Avropa və Mərkəzi Asiya ölkələrində ümumi iqtisadi artım 3% təşkil edəcək. Bu rəqəm 2015-ci ildə 2,1% olub. Eyni zamanda, neftin qiymətinin azalma dərəcəsinin zəifləyəcəyi və ya sabitləşəcəyi, Rusiya iqtisadiyyatının vəziyyətinin sabitləşəcəyi, Ukrayna iqtisadiyyatında isə canlanma olacağı gözlənilir.

Proqnozlara görə, 2016-cı ildə Rusiyada iqtisadi aktivlik yalnız 0,7% azalacaq ki, bu da 2015-ci ilin göstəricisi (3,8 %) ilə müqayisədə xeyli azdır. Eyni zamanda, xammal məhsullarının qiymətlərində sabitləşmə olacağı təqdirdə Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya regionu ölkələrində iqtisadi artımın cüzi bərpası mümkündür.

İş dünyası

Dünyanın neft və qaz şirkətləri neftin qiymətinin aşağı olması fonunda 2016-cı ildə əsaslı kapital yatırımını azaldacaq. "Moody`s" beynəlxalq reytinq agentliyinin mütəxəssislərinin proqnozlarına əsasən, neft və qazın aşağı qiymətlərə satılması onsuz da məhdud maliyyə elastikliyinə malik neft və qaz şirkətlərinə maliyyə axınının və likvidliyin azalması bahasına başa gəlib. Ekspertlər vurğulayır ki, hətta iri, çoxşaxəli şirkətlər də maliyyə elastikliyinin zəifləməsi ilə üzləşəcək. Cari ildə upstream seqmentində (geoloji kəşfiyyat və hasilat) dünyanın neft-qaz şirkətləri investisiyaları ən azı 20-25 faiz kəsəcək.

Proqnoza görə, Latın Amerikasının neft şirkətləri pul vəsaitlərinin hərəkətinin zəifləməsi nəticəsində yenidən maliyyələşdirmə baxımından artan risklərlə qarşılaşacaq. Eyni zamanda azı 2017-ci ilə qədər Çinin 3 ən nəhəng neft şirkətinin - "China National Petroleum Corporation", "China Petrochemical Corporation" və "China National Offshore Oil Corporation"ın kredit göstəricilərinin pisləşəcəyi gözlənilir.

2016-cı ilin ilk birja həftəsinin yekunlarına əsasən, dünyanın 400 ən zəngin insanı 194 milyard dollar itirdi. Bu prosesə səbəb Çində baş verən iqtisadi eniş və neftin ucuzlaşması oldu. Ən çox itki onlayn pərakəndə satıcısı “Amazon.com Inc”ın qurucusu Jeff Bezosun oldu. İş adamı şirkətin səhmlərindəki 5.8%-lik eniş nəticəsində 3.7 milyard dollar itirdi və sərvəti 56 milyard dollar endi.

ABŞ fond bazarı üçün arxada qoyduğumuz həftə 2011-ci ildən etibarən ən pis sayıla bilər. Ticari əməliyyatlar nəticəsində 47 milyarder 1 və daha çox milyard dollardan məhrum olub. Qeyd edək ki, 2015-ci ilin ilk həftəsində itkilərin həcmi 29 milyard dollar təşkil edib.

Dünyanın ən zəngin insanı olan "Microsoft" şirkətinin təsisçisi Bil Qeyts 4,5 milyard dollar kasıblayıb - hazırda onun var-dövləti 79,2 milyard dollar təşkil edir.

"Zara" brendinin həmtəsisçisi olan ispan Amansio Orteqa 3,4 milyard dollar itirib və hazırda 69,5 milyard dollara sahibdir.

Qeyd edək ki, "Bloomberg" agentliyinin hesablamalarına görə, dünyadakı 400 milyarderin ümumi varidatı 3,7 trilyon dollar təşkil edir ki, bu da təxminən Almaniyanın ÜDM-nə bərabərdir.

Azərbaycan

Azərbaycanda ilin ilk həftəsi Mərkəzi Bankın kommersiya banklarına göndərdiyi göstəriş və tapşırıqlarla yadda qaldı. Belə ki, baş bank kommersiya banklarında nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın xarici valyutaya, habelə xarici valyutanın milli valyutaya mübadilə məzənnəsi həmin gün üçün AMB-nin rəsmi məzənnəsindən +/- 4% məbləğində (xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə maksimum 4%-dək yuxarı) müəyyən etdi. Xatırladaq ki, AMB 2015-ci il dekabrın 21-də "üzən məzənnə"yə keçənə qədər alış-satış məzənnəsi +/- 2% olub. Daha sonra, "üzən məzənnə" rejiminə keçidlə əlaqədar bu limit aradan qaldırıldı. Banklar istədikləri məzənnə ilə alqı-satqı həyata keçirməyə başladı. Nəticədə, bankların satışı ilə rəsmi məzənnə arasında fərq bu gün, yanvarın 8-də maksimal həddə - 0,3 manat və ya 19%-ə qədər artdı. AMB yenidən qərar dəyişmək məcburiyyətində qaldı.

MB-nın daha bir addımı nağd xarici valyuta əməliyyatları üzrə nəzarət çərçivəsinin sərtləşdirilməsi və bununla da milli valyutaya spekulyativ təzyiqlərin azaldılmasını təmin etmək məqsədi ilə “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın qəbulu oldu. Həmin qaydaya əsasən artıq mübadilə şöbəsində bir müştəriyə 5000 ABŞ dolları ekvivalent məbləğində deyil, 500 ABŞ dolları məbləğində mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaq.

Bundan əlavə 2016-cı il yanvarın 11-dən plastik kartlardan vəsaitlərin nağdlaşdırılması zamanı konvertasiyaya görə 4 faiz həcmində komissiya alınacaq.

Yola saldığımız həftə Mərkəzi Bank banklara dəstək də göstərdi. “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər aparıldi. Dəyişikliyə əsasən qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30%-dən 25%-ə, təhlükəli aktivlər üzrə ehtiyat dərəcəsi 60%-dən 50%-ə endirildi.

Eyni zamanda “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər olunaraq kapitalın adekvatlılıq əmsalının ölçüsü 12%-dən 10%-ə salındı. Bankların birinci səviyyəsinin kapitalın adekvatlılıq əmsalı isə 6%-dən 5%-ə endirldi.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm