Rusiya məngənədə, İran əl-qol açır - HESABAT
Bizi izləyin

Hesabat

Rusiya məngənədə, İran əl-qol açır - HESABAT

Yola saldığımız həftə neftin qiymətinin 29 dollara qədər ucuzlaşması qlobal bazarlarda sarsıntıya gətirib çıxardı. Asiya birjaları böyük itkilər yaşadı, ABŞ-da səhmlər kəskin düşdü. Həftəsonu “Dow Jones” Sənaye İndeksində azalma 500 bəndi aşdı və 15,866 bəndə endi. “Standard & Poor's 500” indeksi 2.5% itki ilə 1,858.91 bənd oldu. Analitiklər ABŞ-da iqtisadi inkişafın mənzərəsinin qeyri-müəyyən vəziyyətə düşüyünü, eyni zamanda, zəif iqtisadi şəraitdə FES-in faiz artımına gedəcəyi təqdirdə vəziyyətin daha da pisləşəcəyini bildirirlər.

Neft istehsalı ilə məşğul olan şirkətlər zərərə düşdü.

“Wal-Mart Stores” 269 mağazasını bağlayacağını və 16 min nəfərin ixtisar ediləcəyini açıqladı...

Rusiya məngəndə...

Başlayaq Rusiyadan. Neftin qiymətinin daha da ucuzlaşması nəticəsində ölkənin iqtisadi vəziyyəti ağırlaşdı. Rubl dollar qarışında 1 dollar 80 rubl səviyyəsinə qədər ucuzlaşdı.Nəticədə Rusiya hökuməti 2016-cı ilin dövlət büdcəsində 10%-lik sekvestr həyata keçirməyə dair qərarı müzakirəyə başladı.

Qeyd edək ki, Rusiya 2015-ci ildə də büdcənin 10%-lik ixtisarını həyata keçirib, nazirlik və təşkilatların xərclərini azaldıb.Yeni büdcə sekvestri barədə qərar Rusiyanın baş naziri Dmitri Medvedyevin başçılığı ilə 2015-ci ilin dekabrında keçirilən iclasda verilib. İclasın protokoluna əsasən, yanvarın 15-dək nazirlik və təşkilatlar xərclərini 10% azaltmaq barədə təkliflərini hökumətə təqdim etməlidir. Bunu "Reuters"ə iclasda iştirak edən iki dövlət məmuru bildirib.

Qeyd olunur ki, bununla, Rusiya büdcəsi 700 mlrd. rubla yaxın vəsaitə qənaət edəcək. Bildirilirdi ki, əgər nazirlik və təşkilatlar yanvarın 15-dək təkliflərini təqdim etməsələr, Maliyyə Nazirliyi məcburi olaraq onların xərc limitlərini 10% azaldacaq.

Xatırladaq ki, dekabrda təsdiq olunan büdcədə neftin baza qiyməti 50 dollar/barel nəzərdə tutulub, ÜDM-nin artımı 0,7% və büdcə kəsiri ÜDM-nin 3%-i qədər proqnozlaşdırılır. Hazırda isə neftin qiyməti 30 dollar/barelə yaxınlaşıb. Bir qədər əvvəl Maliyyə Nazirliyi büdcə kəsirinin ÜDM-yə nisbətinin neft qiymətlərinin düşməsi fonunda 5,2%-dək artacağını istisna etmir. Büdcə kəsiri limitinin 3% həddini aşmaması üçün (Rusiya prezidentinin tapşırığına əsasən), Maliyyə Nazirliyi ümumi xərclərin 1,173 trln. rubl azaldılmasının zəruriliyini qeyd edib.

İran əl-qol açır...

İran isə bazara qayıtmağa hazırlaşır. Belə ki, ABŞ prezidenti Barak Obama müvafiq fərmanla İran üzərindən sanksiyaları götürüldü. Beləliklə, ölkənin ilk etapda gündəlik 500 min, daha sonra da mərhələli olaraq 1 milyon barel xam neft ixrac edəcəyi gözlənilir. İran Avropadakı köhnə müştərilərinə və Asiya bazarına geri qayıtmağı hədəfləyir. 2011-ci ildə gündəlik 3 milyon barel xam neft ixrac edən İran sanksiyalardan sonra həcmi 1 milyon barelə endirmişdi.

Onu da qeyd edək ki, bazarda məhsul bolluğudur və bir azdan 1 litr suyun qiyməti 1 litr benzindən daha baha olacaq.

Problemli kreditlər Çində də problemdir...

Çinin xarici ticarət saldosunun ötən ilin son ayında özünü doğrultmadığı bəlli oldu. Belə ki, ixrac 2014-cü ilin dekabr ayı ilə müqayisədə 1.4 faiz geriləyib. Noyabrda 6.8 faiz azalan ixrac dekabr ayı üçün 8 faiz proqnozlaşdırılır. Dünyanın ən böyük ikinci iqtisadiyyatında idxal da gözləntilərin əksinə, 7.6 faiz geriləyib.

Çinin daha bir dərdi problemli kreditlərin ümumi həcmidir. Bu məbləğ 2015-ci il ərzində 520 mlrd. yuan və ya 79,2 mlrd. dollar artaraq 1,95 trln. yuana (296,8 mlrd. dollar) çatıb. Çin Bank Tənzimləmə İdarəsinin verdiyi məlumata əsasən, problemli kreditlər 2014-cü ildə 257,4 mlrd. yuan (39,2 mlrd. dollar) artaraq 1,43 trln. yuan (218 mlrd. dollar) olub. Çin Bank Tənzimləməsi İdarəsinin rəhbəri Şanq Fulin bildirib ki, ölkənin bank sektorunda problemli kreditlər 10 rüb, kommersiya banklarında isə 17 rübdür ardıcıl artır.

Qeyd edək ki, Çin bankları əvvəllər problemli kreditlərin həcmini az göstərməkdə ittiham olunub.

Ş.Fulin Çin banklarının gəlirlərinin 2011-ci ildə 39,5%, 2014-cü ilin yekununda isə 2,3% artdığına diqqət çəkib. Problemli kreditlərin isə 2011-ci ildə 1,05 trln. yuan (160 mlrd. dollar), 2015-ci ildə isə 1,95 trln. yuan (296,8 mlrd. dollar) olduğunu qeyd edib: "Dərhal borcların yenidən maliyyələşdirilməsini həyata keçirməli, borc problemi olan şirkətlərə yardım etməliyik".

Qeyd edək ki, Çində ÜDM-nin həcmi 2015-ci ildə 11,085 trln. dollar təşkil edib. Yəni, 2016-cı il yanvarın 1-nə problemli kreditlərin ÜDM-də xüsusi çəkisi 2,7%-ə çatıb.

3 tacikdən biri acdır...

Ərzaq Siyasəti Beynəlxalq Tədqiqat İnstitutu (ƏSBTİ) Tacikistanı postsovet dövlətləri arasında aclıqdan ən çox əziyyət çəkən ölkə adlandırıb. ƏSBTİ mütəxəssisləri tərəfindən hazırlanan reytinqə əsasən, Tacikistan əhalisinin 33 faizi aclıqdan əziyyət çəkir.

Ekspertlər ölkə əhalisinin iqtisadi rifah səviyyəsinin sərt şəkildə pisləşməsini əmək miqrantlarının pulköçürmələri həcmini əhəmiyyətli dərəcədə azatmaları ilə əlaqələndirirlər. Əsas səbəb kimi də Rusiyadakı iqtisadi böhran göstərilir.

Tacikistan Milli Bankının məlumatına görə, ötən il daxilolmaların həcmi 2014-cü il ilə müqayisədə 40 faiz azalıb.

İş dünyası

Neftin qiymətindəki geriləmə istehsalçı şirkətlərin 170 milyard dollarlıq layihələrdən imtina etmələrinə gətirib çıxarıb. Bir çox şirkətin bazar dəyərində böyük itklər baş verib. “BHP Billiton” ABŞ-da şist nefti sərmayələrinin 7.2 milyard dollar dəyər itirdiyini açıqlayıb.

Rusiyanın "Qazprom" şirkəti 2015-ci ilin 3-cü rübündə 2 milyard rubl zərərlə üzləşib. Qeyd edək ki, ötən ilin analoji dövründə holdinq 105,7 milyard rubl mənfəət əldə etmişdi.

Şirkətin 2015-ci il sentyabrın 30-na olan xalis borcu iki milyard rubldan çox olub. Bu rəqəm 2014-cü ilin sonundan bəri 23% artıb.

Fransız avtomobil istehsalçısı “Peugeot Citroen” isə ötən il dünya səviyyəsində 2 milyon 973 min avtomobil satıb.Bu rəqəm firmanın 2014-cü ildə çatdığı rəqəmdən 1.2 faiz daha çoxdur. “Peugeot Citroen”in müvəffəqiyyətinə Avropa, Orta Şərq və Şimal Afrika bazarları təsir edib. Latın Amerikası və başda Rusiya olmaq üzrə Avrasiyada isə markaya olan tələb geriləyib.

“Wal-Mart” 154-ü ABŞ-da olmaqla, dünya üzrə 259 mağazasını bağlayacağını açıqlayıb. Bu baş verərsə, şirkətin 16 000 nəfəri işdən çıxaracağı ehtimal edilir.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə.

Azərbaycan Respublikası Dövlət Neft Fondu hərraca əvvəlcə 200 milyon, sonra da 300 milyon dollar çıxardı.

Azərbaycan Mərkəzi Bankı xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan etdi.

Yanvarın 12-dən etibarən Azərbaycanda bəzi aksizli malların (spirtli içkilərin) plastik kartlarla satışı müvəqqəti olaraq dayandırıldı.

Ölkə prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad olundu.

Həftənin daha bir önəmli xəbəri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Sərəncamı oldu. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edildi.

Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləği də 2016-cı il fevralın 1-dən 10 faiz artırıldı.

Həmçinin, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 (iki yüz iyirmi) manat müəyyən edildi.

Bundan əlavə, prezident “Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi barədə Fərman imzaladı. Dəyişikliyə əsasən, sahilboyu zolağın qrafiki təsvirində, həmçinin, zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun”.

Yunanıstan Ətraf Mühit və Energetika Nazirliyi Trans-Adriatik boru kəmərinin (TAP) 13 regionda tikintisinə razılıq verən bəyannamə imzalayıb. İlkin məlumata görə,TAP kəməri Yunanıstan iqtiasadiyyatını canlandıracaq, inşaat və sonrakı əməliyyatlar zamanı 10 minə yaxın iş yeri yaranacaq.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin mərhələdə ildə 10 mlrd. kubmetri Avropaya nəql olunacaq. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisindən başlanacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. Boru kəmərinin uzunluğu 878 km təşkil edir ki, bunun da 545 km-i Yunanıstan ərazisindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə Cənubi İtaliyadan keçəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 metr), ən aşağı hissəsi isə (820 metr) dənizin altında olacaq. Hazırda TAP-ın tikintisinə hazırlıq işləri aparılır. Bu il boru kəmərinin tikintisinə başlanması nəzərdə tutulur.

Qeyd edək ki, TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm