Havalar neftin dadına çatdı, 14 milyardlıq razılaşma imzalandı - HESABAT
Bizi izləyin

Hesabat

Havalar neftin dadına çatdı, 14 milyardlıq razılaşma imzalandı - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün keşməkeşli oldu. Amerika və İran neftini bazara çıxardı, İsveçrənin Davos qəsəbəsində 46-cı iqtisadi forum öz işinə başladı. 40 ölkənin dövlət başçısının iştirak etdiyi forumun bu dəfəki mövzusu Sənaye inqilabı oldu. Forum ərəfəsində 300 panel və toplantı keçirildi. Kristin Laqard Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə yenidən namizəd oldu. Çinlə Misir 14 milyard dollarlıq ticarət razılaşması imzaladı, İngiltərədə işsizlik azaldı.

Başlayaq, xammal bazarından. Bazarda təklifin tələbi üstələdiyi zamanda İran neftini bazara çıxaracağını, ixracı 500 min barel artıracağını açıqladı. Bununla da neftin qiyməti 2003-cü ildən bu tərəfə ən aşağı qiymətə 28 dollara düşdü. Düzdür, həftə sonuna doğru ABŞ-da havaların soyuması, enerji istehlakının artması nəticəsində qiymətlər bir qədər dirçəldi. Lakin neft bazarında vəziyyət hələ də stabil deyil.

Həftənin daha bir önəmli hadisəsi ABŞ-ın neft ilə dolu tankerinin Avropaya göndərilməsi oldu. Neft Marsel yaxınlığındakı Fos limanında boşaldılacaq və oradan boru kəməri ilə İsveçrə və ya Almaniyanın Neft Emalı Zavodlarına göndəriləcək. İxrac prosesi ABŞ neftinin ölkədən çıxarılmamasına dair 40 il qüvvədə olan qərarın bu yaxınlarda ləğv edilməsindən sonra bərpa olunub. Daşınma və çatdırılmanı dünyanın ən nəhəng müstəqil neft treyderi "Vitol" həyata keçirib. Şirkət "Carlyle" qrupu ilə birgə xammalın emalını həyata keçirəcək.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama ötən il dekabrın 18-də 2016-cı maliyyə ili üçün büdcə layihəsini imzalayaraq 40 ildən çox qüvvədə olan Amerika neftinin ixracı qadağasını ləğv etmişdi. ABŞ xam neftinin ixracına qadağa isə 1975-ci ildə enerji böhranına cavab addımı olaraq atılmışdı.

Kristin Laqardın Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsinə yenidən namizəd olması bir xəbərdirsə, ikinci xəbər son bir ildə üçüncü dəfə iqtisadi artımla bağlı rəqəmləri aşağı salmasıdır. BVF oktyabr ayında 3.6 faiz nəzərdə tutduğu iqtisadi artımı 3.4 faizə çəkdi. 2017-ci illə bağlı proqnozunu isə 3.8 faizdən yüzdə 3.6 faizə endirdi. BVF Dünya İqtisadi Görünüşü hesabatında ABŞ iqtisadiyyatı ilə bağlı artım proqnozunu 2.8 faizdən 2.6 faizə

saldı. Əvəzində Avro Bölgəsi üzrə artım 1,6 faizdən 1.7 faizə yüksəldildi, Çin iqtisadiyyatı ilə bağlı artım proqnozu sabit - 6.3 faiz saxlanıldı.

BVF-nin optimist proqnozuna baxmayaraq, Avro Bölgəsinin iş dünyası son 11 ayın ən aşağı səviyyəsinə geriləyib. Çin iqtisadiyyatının isti şəkildə yavaşlaması bazarlarda uzun dövrlü sabitsizlik qorxusu yaratdı. Buna qarşı Avro Bölgəsinin satın alma idarəçiləri indeksi 50 balın üzərində qalaraq 53.5 oldu.

Avropanın ən böyük ikinci iqtisadiyyatı Fransada isə özəl sektor yeni ilə sürətlə daxil oldu. Ölkədə xidmət sektorunun böyüməsi ilə məşğulluq artımı təmin edildi.

Avropa Mərkəzi Bankının idarə heyətinin toplantısı da yola saldığımız həftəyə təsadüf etdi. MB faiz dərəcələrini sabit tutmaq haqqında qərar verdi. Mərkəz Bankı son olaraq 2014-cü ildə sentyabr ayında siyasət faizini 0,15 faizdən 0,05 faizə, 2015-ci ilin dekabr ayındakı konfransında haqq faizini mənfi 0,2 faizdən 0,3 faizə endirmişdi. Qeyd edək ki, bankın qərarından sonra Avropa səhmləri yüksəlməyə başladı. Bağlanışda London, Paris, Frankfurt və Madrid birjaları 2, Milan Birjası 5 bala yaxın yüksəldi.

İqtisadiyyatı neftdən asılı olan Rusiyada vəziyyət kritik olaraq qaldı. Ölkənin pul vahidi rubl dollar qarşısında əridi. Cümə axşamı 3 faizdən çox dəyər itirən rubl ilk dəfə 1 dollar - 85 rubl səviyyəsinə yüksəldi. Beynəlxalq Valyuta Fondu ötən il 3.7 faiz daralan Rusiya iqtisadiyyatının bu il 1 faiz kiçiləcəyini nəzərdə tutur.

Çin Xalq Respublikası ilə Misir arasında 14 milyard dollar məbləğində imzalanan ticarət müqaviləsi də diqqət çəkdi. Çin Xalq Respublikasının rəhbəri Si Tszinpin və Misirin prezidenti Abdülfettah Sisi arasında iki ölkənin elektrik, nəqliyyat, əkinçilik, inşaat sektorlarında ticarət aparması ilə bağlı 21 razılaşma əldə olundu.

Orta Şərq səfərinə Səudiyyə Ərəbistanından başlayan Çin prezidenti Si Tszinpin 10 ildə ilk dəfə İrana da getdi. Belə ki, Pekin İranın iqtisadi tərəfdaşlarından biridir və bu ölkədən milyard dollarlıq neft alır. İran beynəlxalq təcrid vəziyyətində olanda Çin onun ən yaxın tərəfdaşlarından idi. Bu səbəbdən İranda Çin şirkətlərinə çoxsaylı imtiyazlar verilmişdi. İndi İranın dünya bazarına daxil olduğu bir vaxtda Çin bu imtiyazları qoruyub saxlamaq istəyir.

İngiltərədə işsizlik nisbəti, son 10 ilin ən aşağı səviyyəsinə gerilədi. Milli Statistik Ofisinin məlumatına görə, işsizlik nisbəti oktyabr ayındakı 5.2 faizdən noyabrda 5.1 faizə düşüb. Bu dövrdə ödənişlərdəki artım zəifləyib.

İş dünyası

“Schlumberger" şirkəti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır. 2016-cı ilin birinci yarısında şirkətin fəaliyyətində azalma gözlənilir. "Bununla əlaqədar olaraq resurs bazasına yenidən baxmaq, xərcləri, infrastrukturu səmərəli etməklə bağlı qərar qəbul edilib", - deyə şirkətin məlumatında qeyd olunub.

Qeyd edək ki, hazırda şirkətin 95 min əməkdaşı var. "Schlumberger" şirkəti neft-qaz sektoru üzrə texnologiyanın aparıcı təchizatçısıdır.

Ukraynanın Antiinhisar Komitəsi Rusiyanın "Qazprom" şirkətinin 85 mlrd. qriven (3,47 mlrd. dollar) məbləğində cərimələnməsi barədə qərar qəbul edib. Bunu Komitənin sədri Yuri Terentyev bildirib.

O deyib ki, "Qazprom" qaz tranziti bazarında inhisarçı vəziyyətindən sui-istifadə edib.

Xatırladaq ki, Ukraynanın "Naftoqaz" şirkəti daha öncə "Qazprom" şirkətinin tranzit bazarından sui-istifadə etməsindən zərərin həcminin 6 mlrd. dollar olduğunu qeyd edib. Ukraynanın Antiinhisar Komitəsi 2009-2015-ci illərdə "Qazprom" şirkətinin "Naftoqaz" şirkəti ilə sazişin şərtlərini pozduğunu açıqlayıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə ölkənin ötən ili əks etdirən makroiqtisadi göstəriciləri açıqlandı. Bəlli oldu ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə azalıb, ötən il 9 mlrd. dollarlıq xam neft, 8,4 mlrd. kubmetr qaz ixrac edilib, avtomobil idxalı 58% düşüb. Ötən ilin dekabrında Azərbaycanda pul bazası 3%-ə yaxın artıb, Mərkəzi Bankın valyuta ehtiyatları ötən il 8,7 mlrd. dollar azalıb, 2015-ci ilin dövlət büdcəsi 634 mln. manatlıq kəsirlə icra olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binalı Yıldırım arasında "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olundu. Məlum oldu ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, artıq dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək. Layihənin Türkiyə hissəsində tikinti işlərinin 80% -i görülüb.

Həftənin daha bir önəmli hadisəsi Milli Məclisin növbədənkənar iclası oldu. İclasda son günlər neftin qiymətinin kəskin düşməsi nəticəsində, manatın məzənnəsinin sərt enişi fonunda yaranmış narahatlıqlarla əlaqədar çıxış yolları müzakirə edildi. Məhz problemlərdən çıxış məqsədilə də ölkə başçısının parlamentə göndərdiyi 7 məsələdən ibarət zərf paketi - "Əmanətlərin sığortalanması haqqında", "Valyuta tənzimi haqqında", "Dövlət satınalmaları haqqında", “Gömrük tarifi haqqında" mövcud qanunlara dəyişikliklər edilməsi, "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsi, Vergilər Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi məsələləri səsə qoyuldu. Nəticədə bir sıra dəyişikliklər əldə edildi. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” edilən dəyişikliyə görə, Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edir.

"Əmanətlərin tam sığortalanması haqqında” yeni qanuna əsasən isə faizləri "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa malik olan Fondun iştirakçı bankları tərəfindən 3 il müddətində tam sığortalanır. Beləliklə, üç il müddətinə əmanətlər limitsiz sığortalanacaq, eyni zamanda əmanətlərə görə olan dividentlərdən faiz tutulmayacaq.

"Valyuta tənzimi haqqında” qanunda edilən dəyişiklikdə ölkədən xaricə kapital axının qarşısını almağa xidmət edir. Bununla da, 50 min ABŞ dollarından yuxarı məbləğdə kapital axını xaricə çıxarılarsa, 20 faiz miqdarında cərimə tətbiq olunacaq.

“Gömrük tarifi” haqqında qanunda isə sahibkarların idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 7 il müddətinə gömrük rüsumundan azad edilməsi, valyuta əməliyyatlarına görə güzəştlərin tətbiqi kimi mühüm dəyişikliklər əksini tapıb.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm