İran Avropaya ayaq açır, Rusiyanın əl-qolu bağlanır - HESABAT
Bizi izləyin

Hesabat

İran Avropaya ayaq açır, Rusiyanın əl-qolu bağlanır - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı təzadlı qərarların verilməsinə şahidlik etdi.

FES faiz nisbətini dəyişdirmədi və martda faizləri artıracağı ilə bağlı gözləntiləri azaltdı.

Yaponiya Mərkəzi Bankı ölkə tarixində ilk dəfə mənfi faiz tətbiqinə keçdi.

Rusiya OPEC üzvləri ilə bir masa arxasına oturacağını bəyan etdi.

İtaliya höküməti banklarını xilas etmək üçün Avropa Komissiyasından 200 milyard borc aldı.

“Facebook”un gəlirləri 1,5 milyard dolları keçdi, “Toyota” ən çox avtomobil satan şirkət oldu.

FES-dən gözlənilən qərar

Başlayaq FES-in bazarların ürək döyüntüsü ilə gözlədikləri toplantısından. Ötən ilin dekabr ayında 10 il fasilədən sonra faiz artımına gedən FES yola saldığımız həftə növbəti iclasını keçirdi. Bu dəfə faiz dərəcələrini sabit tutmağa dair qərar verdi. Analitiklərə görə, dünyada və ABŞ-da səhm bazarlarının son 1 ayda geriləməsi bu qərara təsir edib. O da bildirilir ki, bununla qrumun mart ayında faiz artımına gedəcəyi ilə bağlı ehtimallar zəifləyib.

Söz Amerikadan düşmüşkən, ölkənin Ticarət Nazirliyinin tirajladığı rəqəmlərə əsasən, iqtisadi fəaliyyətin üçdə ikisindən çoxunu təşkil edən istehlakçı xərcləri keçən ilin son rübündə 2,2 faiz artıb. Bu dövrdə Ümumi Daxili Məhsulun artım tempi 0,7 faiz təşkil edib. Hansı ki, 0,8 faiz proqnozlaşdırılırdı.

Onu da vurğulayaq ki, ABŞ iqtisadiyyatı 2015-ci ildə 2,4 faiz artıb.

Avropa iqtisadiyyatı rəqəmlərdə

Həftənini daha bir önəmli hadisəsi Avropanın aparıcı iqtisadiyyatları ilə bağlı ötən ilin göstəricilərinin açıqlanmasıdır. Məlum oldu ki, Fransa iqtisadiyyatı 2015-ci ilin son üç ayında 0,2 faiz artıb. Dekabrda istehlak xərcləri üzrə artım 0,7 faiz təşkil edib. İspaniya iqtisadiyyatı isə 2015-ci ilin son üç ayında 0,8 faiz, keçən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artıb. Ölkədə işsizlik nisbəti 2015-ci ilin dördüncü rübündə 4 ilin ən aşağı səviyyəsinə düşüb. Belə ki, üçüncü rübdə 21,2 faiz olan işsizlik nisbəti dördüncü rübdə 20,9 faizə geriləyib. Beləliklə, ötən il işsizlərin sayı 678 200 nəfər azalaraq 4 779 500 nəfər təşkil edib.

İngiltərəyə gəlincə, ötən il üzrə ümumi daxili məhsul 0,5 faiz olub. 2015-ci ilin dördüncü rübündə ÜDM illik əsasda 1,9 faiz artıb. Hansı ki, bu rəqəm üçüncü rübdə 2,1 faiz təşkil etmişdi. Ümumilikdə, İngiltərə iqtisadiyyatı 2014-cü ildəki 2,9 faizlik artıma qarşı 2015-ci ildə 2,2 faiz artıb.

Banklara dövlət dəstəyi

İqtisadi göstəricilərin alt-üst olduğu İtaliyada isə hökumət problemli kreditlərlə mübarizə aparan bank sisteminə dövlət dəstəyi üçün Avropa Komissiyası ilə 200 milyard avro məbləğində razılaşma imzaladı.

Yaponiya Mərkəz Bankı sürpriz bir qərarla ölkə tarixində ilk dəfə mənfi faiz tətbiqinə keçdi. Bank göstərici faiz nisbətini 0,1 faizə endirdi. On ildir iqtisadi durgunluqla mübarizə aparan Yaponiyanın qlobal bazarlardakı artımın zəiflədiyi şəraitdə deflyasiya ilə mübarizə aparmaq və iqtisadiyyatı canlandırmaq üçün belə bir addım atdığı irəli sürülür.

Yaponiya Mərkəz Bankının rəhbəri inflyasiyanı 2 faiz səviyyəsinə endirmək üçün heç bir qərardan çəkinməyəcəklərini də bəyan etdi: "Mənfi 0,1 faiz nisbətinin tətbiqi ilə bağlı qərar verdik. Bundan sonra lazım olarsa, həmin nisbəti daha da aşağı çəkə bilərik".

Bu arada, baş bankirin şərhindən sonra Yaponiyanın pul vahidi yen dünyada ən çox ticarət edilən 16 əhəmiyyətli pul vahidinə nisbətən dəyərdən düşdü. Yen Amerika dollarına nisbətdə 1,7 faiz, avroya nisbətdə isə 1,3 faiz zəiflədi.

Rusiya dollarla krediti olanlara yardım edəcək

Neftin ucuzlaşmasının şokunu yaşayan Rusiya Neft İxracedən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrlə əməkdaşlıq edəcək. Ölkənin enerji naziri Aleksandr Novak OPEC-in istehsalı azaltmaqla əlaqədar fevralda keçiriləcək toplantısında iştirak edəcəklərini təsdiqlədi.

Onu da bildirək ki, OPEC-in ən güclü üzvü Səudiyyə Ərəbistanının neftin qiymətini böyük ölçüdə salması “qaya nefti” istehsalçılarına ziyan vurur. Xüsusiə iqtisadiyyatı neft gəlirlərinə böyük ölçüdə bağlı olan Rusiyaya. Belə şəraitdə Rusiya qış fəslinə görə istehsalı da azalda bilmir. Çünki soyuq havalarda Sibirdə neft yataqlarının donma riski var.

Rusiyadan daha bir xəbər hökumətin xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım etməyi planlaşdırmasıdır. Baş nazir Dmitri Medvedev deyib ki, xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl və ya 60 mln. dollar vəsait ayrılıb. Rusiya Tikinti Nazirliyi hökumətin antiböhran proqramına xarici valyutada ipoteka krediti götürən vətəndaşlara kömək proqramına bununla bağlı təklif daxil edib. Xəbərə əsasən, yardım ipoteka krediti götürənlərin bir neçə kateqoriyadan olan təbəqəsini əhatə edəcək.

Qeyd edək ki, Rusiya Dumasının dünənki iclasında deputatlardan biri baş nazir D.Medvedevə xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etmələri üçün müraciət edib.

İran Avropa ilə ticarətə başladı

Görünən odur ki, 2016-ci il təkcə İrana düşərli olacaq. Avropalılar İrana, İran isə Avropaya ayaq açmağa başlayıb. Yola saldığımız həftə İran prezidenti Həsən Ruhani 16 ildə ilk dəfə 120 nəfər iş adamı ilə birlikdə İtaliyaya səfər etdi. Səfər çərçivəsində ticarət, enerji, səhiyyə, təhsil və infrastruktur sahələrində 17 milyard avro dəyərində 14 ticarət razılaşması imzalandı.

Bu arada məlumat üçün qeyd edim ki, İtaliya İranın dünyada doqquzuncu, Avropada isə Almaniyadan sonra ikinci ən böyük xarici ticarət partnyorudur. 2011-ci ildə iki ölkə arasındakı ticarətin həcmi 7 milyard avro olub. İrana qarşı beynəlxalq sanksiyalardan sonra bu rəqəm 1,2 milyard avroya düşmüşdü.

İş dünyası

“Facebook”un gəlirləri 2015-ci ilin son rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 52 faiz artıb. Beləcə, şirkətin gəlirləri bazarların gözləntilərini də aşaraq 5,84 milyard dollara çatıb. Ötən ilin son üç ayında “Facebook”un dəqiq qazancı 1,56 milyard dollar olub.

“Toyota” isə 2015-ci ildə dünyada ən çox avtomobil satan şirkət statusuna sahiblənib.Yapon avtomobil istehsalçısının keçənilki avtomobil satışları 10 milyon ədəddən çox təşkil edib.

Avtomobil satışında ikinci sırada “Volkswagen” qərarlaşıb. Şirkət 9 milyon 930 min avtomobil satıb.

Üçüncü sırada isə 9,8 milyon avtomobil satışı ilə “General Motors” yer alıb.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə…

Yola saldığımız həftə 2016-cı ilin dövlət büdcəsində dürüstləşmə aparılacağı rəsmi şəkildə bəyan edildi. Maliyyə naziri Samir Şərifov bildirdi ki, 2016-cı ilin yenilənmiş dövlət büdcəsində neftin baza qiyməti 25 dollardan götürülüb: “Bu, mühafizəkar yanaşmadır. Neftin qiymətinin 25 dollardan aşağı düşməsi iqtisadi məntiqə ziddir".

Onun sözlərinə görə, 2016-cı ilin yenidən baxılmış büdcəsində gəlir və xərclər hissəsi 2 milyard manat artırılıb: “2016-cı ilin təsdiq olunmuş büdcəsində büdcə gəlirləri 14,5 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmiş büdcədə gəlirlər 16,5 mlrd. manat səviyyəsində nəzərdə tutulub. Gəlirlərə mütənasib olaraq xərclər də 2 milyard manat artırılıb. Başqa sözlə, 2016-cı ilin təsdiqlənmiş büdcəsində xərclər 16,2 milyard manat nəzərdə tutulmuşdusa, dürüstləşmədən sonra xərclər 18,3 milyard manat planlaşdırılır. Dürüstləşmədən sonra 2016-cı ilin dövlət büdcəsində 1,7 milyard manatlıq kəsir yaranacağı gözlənilir. Biz bu kəsirin örtülməsi imkanlarını tapmalıyıq. 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı vahid xəzinə qalığı 1,4 milyard manat məbləğində olub. Büdcə xərclərində bəzi ixtisarlar edilib. Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsi 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq.Ümumilikdə, bu vəsaitləri bu ilin dövlət büdcəsi kəsirinin örtülməsinə yönəldirik. Eyni zamanda, bu ilin dövlət büdcəsinin kəsiri dövlət borc kağızları, özəlləşdirmədən mədaxil və xarici qrantlar hesabına örtüləcək".

Nazir əlavə etdi ki, bu ilin ikinci yarısında neftin bahalaşması istisna olunmur: “2015-ci ilin büdcəsində gəlirlər hissəsi 88,2%, xərclər 84,3% səviyyəsində icra olunub”.

Yola saldığımız həftə Mərkəzi Bank bəzi bankların lisenziyasına son verdi. Bununla da bağlanan bankların sayı 6-ya ("Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "NBC Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı") çatdı. Hansı ki, həmin kommersiya banklarında ümumilikdə vəsaitləri qorunan 31 266 əmanətçi var. Kompensasiya olunan əmanətlərin ümumi həcmi isə 80,433 mln. manat civarındadır.

Bankların öz hesabatlarına görə, məcmu əmanətlərin həcmi 222,196 mln. manatdır.

Həmin banklarda fiziki şəxslərin qorunan əmanətləri 192,134 mln. manat, fiziki şəxslərin qorunmayan əmanətləri 51,991 mln. manat təşkil edir.

“Ən geci gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”, -bunu isə Mərkəzi Bankın sədri Elman Rüstəmov dedi.

O qeyd etdi ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır: “İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq”.

Həftənin daha bir önəmli hadisəsi Azərbaycanda neft hasilatının maya dəyərinin bəlli olması oldu. SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov hasilatın maya dəyərinin 25 dollar/bareldən aşağı olduğunu açıqladı: “Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlarda hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm