Dolların naməlum taleyi, Səudiyyə Rusiyanı tək buraxdı - HESABAT
Bizi izləyin

Hesabat

Dolların naməlum taleyi, Səudiyyə Rusiyanı tək buraxdı - HESABAT

Yola saldığımız həftə dünya birjası FED rəhbəri Canet Yellenin Nyu-York İqtisadi Klubunda çıxışı ilə silkələndi. Çıxışdan əvvəl birjalarda dollar bahalaşdı, əvəzində qızıl ucuzlaşdı. Lakin Yellenin qlobal iqtisadi risklərin mövcudluğunun ABŞ Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağa vadar etdiyini söyləməsi dolları aşağıya doğru yuvarladı. Eləcə də neft dəyər qazanmağa başladı. Həftənin sonuna doğru yenidən dəyərini itirdi.

Başlayaq elə neftdən. Artıq 19 neft ölkəsi hasilatın dondurulması ilə bağlı Qətərdə keçiriləcək toplantıda iştirakını təsdiqləyib. Qeyd etdiyimiz kimi, görüş aprelin 17-də Qətərin paytaxtı Dohada baş tutacaq. Liviya, Braziliya və Argentina danışıqlarda iştirak etməyəcəklərini əvvəlcədən bildiriblər. İran isə görüşdə iştirakını təsdiqləsə də, hasilatı dondurmaq niyyətində deyil. Belə ki, İran sanksiyalardan əvvəlki bazar payını qaytarmaq niyyətindədir. Səudiyyə Ərəbistanı da neft hasilatının yanvar ayı səviyyəsində dondurulmasına yalnız İranın analoji addım atmasından sonra qərar verəcəyini deyir.

Beynəlxalq dərəcələndirmə təşkilatı “Standart and Poor's” (S&P) Avro bölgəsi iqtisadiyyatı ilə bağlı artım, eləcə də inflyasiya proqnozlarını aşağı salıb. Təşkilat 19 ölkəli bölgə üçün noyabr ayında 1.8 faiz açıqladığı artım proqnozunu 1.5 faizə çəkib. Daha əvvəl 1.1 faiz təyin edilən illik inflyasiya proqnozu isə 0.4 faizə endirilib. Proqnozların dəyişməsinə səbəb kimi, qlobal bazarlarda yaşanan çalxalanma göstərilib.

Beynəlxalq reytinq agentliyi Çinin də kredit reytinqini "AA-" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. Buna səbəb kimi Çin hökumətinin kredit etibarına istiqamətli iqtisadi və maliyyə risklərinin gedərək artmasını göstərib. Agentliyə görə, bu risklər 2016-2017-ci illərdə Çinin kredit reytinqinin azaldılmasına səbəb ola bilər. "S&P"-nın açıqlamasında bildirilib ki, Çin iqtisadiyyatının yenidən özünə gəlməsi daha uzun vaxt aparacaq. Buna baxmayaraq, yaxın 3 ildə ÜDM-in 6%-dən yuxarı artım göstərəcəyi gözlənilir. Agentlik Çin hökuməti və özəl sektor şirkətlərində borc əmsallarının pisləşəcəyini də ehtimal edir. "Moody's" da Çinin fiskal vəziyyətinin pisləşməsi və risklərin artması ilə bərabər, ölkədə islahatların yavaş sürətini nəzərə alaraq proqnozu "neqativ"ə endirib. Məlum olub ki, ölkənin dövlət borcu dünya sıralamasına görə aşağı səviyyədə olsa da, özəl sektorun borcu yüksəkdir. Belə vəziyyətdə isə iqtisadiyyatın dövlət tərəfindən kreditləşmənin artırılması üsulu ilə dəstəklənməsi daha çox risk daşıyır.

Çinin xarici borcunun cari vəziyyəti investorları narahat edən əsas problemlərdən biridir. Belə ki, 2015-ci ilin III rübünün sonuna Çinin korporativ sektorunun borcu 1,53 trln. dollar və ya ÜDM-in 14%-ni təşkil edib. Dövlət sektorunun borclarının bu rəqəmdə payı 105 mlrd. dollar və ya 6,9% olub. Qeyd edək ki, dövlət korporativ sektorunun xarici borcu 2015-ci il iyunun əvvəlinə nisbətən 150 mlrd. dollar və ya 57% azdır. Korporativ sektorun məcmu borcu isə 16 trln. dollar və ya ÜDM-in 160%-nə bərabərdir. Digər problem isə investisiyaların ÜDM-dəki xüsusi çəkisi ilə bağlıdır. Belə ki, bu göstəricinin normal həddi 30-35% olduğu halda, Çində 43,7% təşkil edir.

Qətər ÜDM-in adambaşına düşən həcminə görə dünyanın ən zəngin ölkəsi seçilib. ABŞ-ın "Global Finance Magazine" jurnalının araşdırmasına əsasən, bu ölkədə adambaşına düşən ÜDM 146 min dollar təşkil edib. İlk üçlüyə həmçinin Lüksemburq (94167 dollar) və Sinqapur (84821 dollar) daxil olub. Qeyd edək ki, reytinq 185 ölkə üzrə tərtib olunub və Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun göstəriciləri əsasında hesablanıb. Araşdırmada hər bir ölkədəki inflyasiya və həyatın nisbi dəyərini özündə birləşdirən alıcılıq qabiliyyəti pariteti nəzərə alınıb. Azərbaycan siyahıda adambaşına 18913 dollarlıq ÜDM ilə 64-cü yerdə qərarlaşıb. Ermənistan isə 7748 dollarla 116-cı sıranı tutub. Rusiya reytinqdə 51-ci, Latviya 52-ci, Belarus 65-ci, Türkmənistan 77-ci, Ukrayna 109-cu, Özbəkistan 127-ci, Moldova 132-ci, Qırğızıstan 142-ci, Tacikistan isə 153-cü sırada yer alıb.

Postsovet ölkələrindən ən zəngin ölkə kimi Litva 41-ci sirada, Estoniya 42-ci sırada qərarlaşıb. Bu ölkələrdə adambaşına ÜDM məbləği müvafiq olaraq 28245 dollar və 27729 dollar təşkil edib. Onları 50-cı sırada Qazaxıstan (25367 dollar) izləyir.

Top-25-ə həmçinin Bruney, Küveyt, Norveç, BƏƏ, Honq-Konq, ABŞ, İsveçrə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Niderland, İrlandiya, Avstraliya, Avstriya, İsveç, Almaniya, Tayvan, Kanada, Danimarka, Oman, İslandiya, Belçika və Fransa daxildir.

Amerika Birləşmiş Dövlətlərində əkinçilik xaric məşğulluq rəqəmləri keçən ay proqnozdan yuxarı olub. İqtisadçılar bu rəqəmin 213 min olacağını gözləsələr də 215 min təşkil edib. Bazarlardakı dalğalanmalara rəğmən, iqtisadiyyatın müqavimət göstərməsi kimi şərh olunan bu artım ABŞ Mərkəz Bankının cari ildə faizləri mərhələli şəkildə artırmaq mövzusunda ehtiyatlı davranacağını göstərir. FED rəhbəri Janet Yellen də həftəiçi etdiyi şərhdə faiz artımı mövzusunda təmkinli davranacaqlarını ifadə etmişdi.

İş həyatı

İspaniyanın ən böyük bankı “Santander” yenidən təşkilatlanma çərçivəsində 450 şöbəsini bağlamaq qərarı verib. Bankın rəhbəri Jose Antonio Alvarezin işçilərə göndərdiyi məktubda deyilir ki, qərar son dövrdə xərclərin yüksəlməsi və bankın təşkilati olaraq dijital yeniliyə hazırlaşması çərçivəsində verilib. Əməliyyatlarını 13 faiz azaltmağı düşünən bank bu qərar sayəsində 25 min işçisindən 3 min nəfəri ilə yolllarını ayıracaq.

Dünyanın ən böyük neft istehsalçısı “Rosneft” 2018-ci ilə qədər hər il 15 milyard dollarlıq sərmayə qoyluşunu hədəfləyir. Şirkətin rəhbəri İqor Seçinin Rusyanın dövlət başçısı Vladimir Putinlə görüşdən sonra verdiyi şərhdə bu ilki sərmayələrində 30 faiz artım hədəflədiklərini deyib. Seçin əməliyyat xərclərinin isə barel başına 3 dollar olduğunu deyib.

“Rosneft”in 2015-ci ildə neft istehsalı 1 faiz artımla 54 milyon tona çatıb.

Braziliya prokurorluğu dünyanın ən zəngin bankiri Cozefa Safranı korrupsiyada ittiham edib. O, vergidən yayınma maxinasiyalarında əli olmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, onun rəhbərlik etdiyi "Safra Group" bank qrupu 1,8 milyard dollar məbləğində vergi ödəməkdən yayınmaq üçün 15,3 milyon dollar məbləğində rüşvət verməyi planlaşdırırmış.

"Safra Group" bu ittihamları rədd edərək, onları "əsassız" adlandırıb.

"Fortune" jurnalının reytinqinə görə, C.Safra dünyanın ən zəngin bankiridir. Onun var-dövləti 18,6 milyard dollar məbləğində qiymətləndirilir.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə...

Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulan Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək. Bunu Yunanıstanın energetika və ətraf mühit naziri Panos Skurletis bildirib. O, qeyd edib ki, təməlqoyma mərasimində siyasətçilər də iştirak edəcəklər: "Bu, çoxlu iş yerlərinin yaradılmasına imkan verən vacib layihədir".

Məlumat verək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoi ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə Cənubi İtaliyaya qədər uzanacaq. "Şahdəniz" yatağından ilk Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması planlaşdırılır.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir ki, bunun da 545 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (820 m) dənizin dibində olacaq.

İlkin mərhələdə boru kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq. TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA -dan da xəbər var. SOCAR şirkətin 66%-nin özəlləşdirilməsi və 17%-nin Avropa şirkətlərinə satılması ilə bağlı məsələnin bu ilin sonunda həll olunacağını gözləyir. SOCAR-dakı mənbənin xarici mətbuata verdiyi məlumata əsasən, SOCAR tərəfindən DESFA-nın nəzarət səhm zərfinin alınması Azərbaycan üçün böyük önəm daşıyır. Hazırda DESFA-dakı payın potensial Avropa alıcılarına satılmaqla azaldılması prosesindəyik və bu prosesin 2016-cı ilin sonunda tamamlanması gözlənilir. SOCAR neft və qazın qiymətlərinin düşməsi ilə əlaqədar DESFA-nın alınmasından geri çəkilmək barədə söylənilənləri təkzib edir.

Mənbə, həmçinin qeyd edib ki, SOCAR-ın LNG biznesinə ciddi marağı var: "Afina yaxınlığında, Revitusada LNG terminalının modernləşdirilməsi planları bu maraqları qarşılayacaq və Cənub Qaz Dəhlizinin marşrutundan kənarda daha geniş regionda qaz təchizatı baxımından önəmli rol oynayır".

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb.

Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə, yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

İtaliyanın "Snam", Belçikanın "Fluxys" və İspaniyanın "Enagas" şirkətləri bu zərfin alınmasında maraqlı olduqlarını bildirib və rəsmi olaraq Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fonduna (HRADF) müraciət edib. Lakin ötən həftə Yunanıstan KİV-i "Fluxys" şirkətinin danışıqlardan imtina etdiyi barədə məlumat yayıb.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm