Taleyi Dohaya bağlanan neft: Ya sürətlə ucuzlaşacaq, ya da...
Bizi izləyin

Ekopublika.az

Taleyi Dohaya bağlanan neft: Ya sürətlə ucuzlaşacaq, ya da...

Aprelin 17-də Qətərin paytaxtı Dohada neft hasilatçılarının görüşü baş tutacaq. Son məlumatlara görə, iclasa ümumilikdə 18 ölkə qatılacaq.

Publika.az xəbər verir ki, Onlar arasında Azərbaycan da var. Maraqlıdır ki, regiondan Qazaxıstan görüşə qatılmaqdan imtina edib. Ümumiyyətlə, Qazaxıstan daxil olmaqla 6 ölkə dəvəti təsdiqləməyib. Norveç və Liviya isə toplantıya qatılmaqdan imtina edib. Xatırladaq ki, bu görüş 16 fevral 2016-cı il tarixində Doha şəhərində Qətər dövləti, Səudiyyə Ərəbistanı, Rusiya və Venesuela arasında baş tutmuş görüşün davamı olaraq keçirilir. Həmin görüş zamanı adıçəkilən dörd dövlət neft hasilatının bu ilin yanvar ayındakı səviyyədə dondurulması ilə bağlı təklif irəli sürmüş və digər neft ölkələrini də buna qoşulmağa çağırmışdılar.

Hazırda sual doğuran hasilatçıların neft istehsalını dondurmaqla bağlı razılığa gəlib-gəlməyəcəkləridir. Artıq İran hasilatı dondurmayacağını, Səudiyyə Ərəbistanı isə qərarının Rəsmi Tehranın ağzından çıxacaq “hə” cavabına bağlı olduğunu deyib.

Publika.az-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Doha samiti neftin qiymətinin yüksəldilməsinə hesablanıb: “Bu, Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC və qeyri-üzv ölkələr arasında görüşdür. Məsələ ciddidir. İki ilə yaxındır neftin qiyməti sürətlə ucuzlaşır. Orta dövrlü proqnozlarda belə, neftin qiymətinin əvvəlki səviyyəyə qayıtması gözlənilmir. Nəzərə alsaq ki, görüşdə iştirak edəcək ölkələrin iqtisadiyyatı monotondur, yəni neftdən, neft məhsullarından asılıdır. Neftin qiymətinin ucuz olması bu ölkələrin iqtisadiyyatına təsir edir”.

İ.Şaban iştirakçıların neftin qiymətinin 60 dollar ətrafında formalaşmasını istədiklərini deyir: “Neftin qiyməti hazırda 43 dollar təşkil edir. Sual doğuran məqam Doha görüşündən sonra neftin qiymətinin artmaqda davam edib-etməyəcəyidir? Məsələ odur ki, neftin qiyməti cari ilin aprel ayının əvvəlindən 40 dolları ötüb. Qiymətlərə iştirakçıların mətbuatdakı bəyanatları, eləcə də ABŞ-ın hasilatı azaltması təsir edib. Doha görüşündən gözləntilər alınmazsa, yəni bazar iştirakçıları razılığa gəlməsələr, o halda neftin qiyməti sürətlə ucuzlaşacaq. Toplantıda istehsalçılar hasilatı dondurmağa qərar versələr, bu neftin qiymətinə təkan verəcək”.

O ki qaldı Azərbaycanın toplantıya qatılmasına, İ.Şaban deyir ki, Azərbaycan iri neft hasilatçısı deyil: “Lakin tədbirdə iştirak etməklə kimin yanında olduğunu, nə istədiyini ortaya qoyur. Azərbaycanın istəyi neftin qiymətinin artımına öz töhfəsini verməkdir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm