Milyarder bacılar ikinci əl avtomobildə gəzirlər - MİLYONÇU
Bizi izləyin

Qırmızı.az

Milyarder bacılar ikinci əl avtomobildə gəzirlər - MİLYONÇU

Onlar dünyanın ən gənc milyarderləri sayılırlar. Hər birinin ayrı-ayrılıqda 1,2 milyard dollar sərvəti var. Bu pulun bir qəpiyini də özləri qazanmayıb. Çünki sərvətlərini ataları bağışlayıb. Bəziləri vergidən yayınmaq üçün belə addım atıb, bəziləri isə sadəcə övladlarını da biznesinə cəlb edib. Söhbət norveçli milyarder Yoxan Andresen və onun qızları Aleksandra və Katarinadan gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində siqaret istehsalçısının varisləri barədə maraqlı məlumatları təqdim edir.

Tütün milyarderləri

Aleksandra və Katarina Andresenlər Norveç vətəndaşlarıdır. Aleksandra 1996-cı ildə, Katarina1995-ci ildə Osloda iş adamı Yoxan Andresenin ailəsində dünyaya göz açıblar. 55 yaşlı Yoxan Andresen Norveçin ən varlı 400 vətəndaşından biridir. Onun sərvətinin həcmi 3,95 milyard dollar dəyərləndirilir.

Qızlara gəlincə, hər iki bacı ayrı-ayrılıqda 1,2 milyard sərvətə sahibdirlər. Onlar bu sərvətə 2007-ci ildə “Ferd Holding”in sahibi olan atalarının səhmlərinin 80 faizinin onlara verməsindən sonra yiyələniblər. Hazırda Aleksandra və Katarina “Forbes”in hazırladığı “dünyanın ən zəngin insanları” siyahısına 1476-cı sıranı paylaşırlar. Milyarder bacıların hər biri ailə şirkətinin hissələrinin 42.2 faizinə sahibdilər.

Qeyd edək ki, “Ferd Holding”in təməli 1849-cu ildə qoyulub. Əsas fəaliyyəti tütün istehsalı olan şirkət məşhur “Tiedemanns” siqaretlərini istehsal edirmiş. Andresenlər siqaret istehsalı sahəsində Norveçin ən öndə gedən şirkətinə sahib idilər. Lakin ailə 2005-ci ildə şirkətin siqaret istehsalı bölümünü satır. Beləliklə “Ferd Holding” investisiya şirkəti kimi fəaliyyətini davam etdirir.

Varislər hər qəpiklərinə qənaət edirlər

Kifayət qədər varidata sahib olmalarına rəğmən, Aleksandra və Katarina Osloda dövlətə məxsus orta məktəbdə təhsil alıblar. Atalarının təkidi ilə dərsə getmək üçün onlara ikinci əl avtomobili alınıb. Müsahibələrindən birində Aleksandra qeyd edib ki, uşaqlıqdan daim qənaət rejiminə öyrəşdiriliblər: “Bəzən qənaətdən yığdıqlarımla valideynlərimdən pul istəmədən özümə istədiyim ayaqqabını, çantanı alıram”.

Aleksandranın həyatda ən zövq aldığı məşğuliyyət at çapmaqdır.Tək məqsədi isə vegeterianlığı yaymaqdır. Andresen bacıları tipik litsey şagirdinin həyatını yaşayırlar. Onları həmyaşıdlarından sadəcə bankdakı sərvətləri fərqləndirir. Media iddia edir ki, bacıların ən böyük şansları valideynləridir.

Katarina isə müsahibələrindən birində bu haqda belə deyib: “Bizim Andresenlər ailəsinin qızları olmağımızın müsbət və mənfi tərəfləri var. Mənfi tərəfi daim diqqət mərkəzində olmaq və yersiz suallardır. Ailəmizin adı böyük pullarla bağlıdır. Bir dəfə məktəbdə fasilədə nahar edirdik. Üstümdə cəmi 15 avro vari idi. Bunu görən yoldaşlarım çox təəcüblənmişdilər. Mənə puluma görə deyil, özümə görə dəyər verilməsini istəyirəm”.

1,2 milyardın sahibi süvari olmaq istəyir

Nəzərə çatdıraq ki, bacılardan digəri – Aleksandra döyüş üzrə professional idmançı ilə sevgilidir. Cütlük Almaniyada tanış olub. Hazırda Aleksandra Almaniyada yaşayır. Qeyd edək ki, Aleksandra özü də idmanla məşğul olur. Belə ki, milyarder qız beynəlxalq at yarışlarında süvari kimi iştirak edir. Özünün dediyinə görə, ilk dəfə ata 3 yaşında minib. Aleksandra 2013-cü ildə Avropada gənc süvarilər arasında keçirilən çempionatda bürünc, 2014-cü ildə keçirilən yarışda isə gümüş medala sahiblənib. “Həyatımın yerdə qalan hissəsini çaparlığa həsr etmək istəyirəm” deyən Aleksandradan fərqli olaraq bacısı Katarina idmanla maraqlanmır. O, həm ailə şirkətində işləyir, həm də təhsil alır.

Maraqlıdır ki, qızlar ailə şirkətinin səhmlərinin 80 faizinə sahib olsalar da, ataları onları şirkətin fəaliyyətində aktiv iştiraka məcbur etmir: “Mən övladlarıma seçim imkanı yaradıram. Onlar hər şeydən əvvəl insandırlar. İstədikləri sahəni seçə bilərlər”.

“Ferd Holding” haqqında

2006-cı ilin hesabatına əsasən, şirkətin gəlirləri 6,602 milyon Norveç kronu təşkil edib. Əməliyyat gəlirləri isə 1,192 milyon Norveç kronu, dəqiq qazancı 985 milyon olub. Bildirdiyimiz kimi şirkət hazırda investisiya layihələrinin reallaşdırılması ilə məşğuldur. 2005-ci ildə ailə şirkətin siqaret istehsalı bölümünü 500 milyon dollara satıb. Əldə edilən vəsait daşınmaz əmlaka yönəldilib.2007-ci ildə “Ferd Holding”in səhmlərinin böyük hissəsi qızların adlarına keçirilib.

Yeri gəlmişkən, Skandinaviyanın biznes mədəniyyətində gənclərin ailə biznesinə cəlb edilməsi tez-tez rast gəlinən haldır. Bunda yüksək vergi dərəcələrindən yayınmaq məqsədi böyük rol oynayır. Məsələn, Aleksandra və Katarina böyüyənə qədər heç kəs ailənin biznesdən nə qədər qazandığını bilməyib. Aleksandra 19 yaşında gəlirlərini deklarasiya edərkən sərvətinin həcminin 1,2 milyard dollar olduğu ortaya çıxıb. Eyni həcmdə vəsait həm də Katarinaya məxsusdur.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm