20 milyon dollar maaş davası, ofşorda gizli hesablar - HESABAT
Bizi izləyin

Hesabat

20 milyon dollar maaş davası, ofşorda gizli hesablar - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatının diqqəti Vaşinqtondakı Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankının yaz toplantısına kökləndi. Neft istehsalçılarının Dohadakı görüşünə sayılı günlər qaldıqca neft gah dəyər qazandı, gah da ucuzlaşdı. Rusiya büdcə sekvestrinə hazırlaşdı. Yunanıstan kreditorlarla danışıqları dayandırdı. “Apple” və “Microsoft” kimi nəhəng şirkətlərin də daxil olduğu 50 şirkətin ABŞ hökumətinə vergi ödəməmək üçün ofşorda (off-shore) açdığı hesablar ortaya çıxdı. BP-nin investorları Bob Dudleyin illik maaşının bonuslar da daxil 20 faiz artırılaraq 20 milyon dollara yüksəldilməsinə razı olmadılar.

Başlayaq Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Vaşinqtonda yaz toplantısından. Hansı ki, iclasdan sonra hər iki qurumun yetkililərinin açıqlamaları diqqət çəkdi. Xüsusilə, qlobal iqtisadi artım mövzusundakı narahatlıqlar gündəmə damğasını vurdu. Belə ki, Dünya Bankının rəhbəri Cim Yong Kim qlobal iqtisadiyyatın çətin bir dövrdə ciddi problemlərlə üzləşdiyini bildirdi. Onun sözlərinə görə, qlobal iqtisadiyyatın vəziyyəti təkcə ABŞ və Hindistanda parlaqdır: “Avropa, Yaponiya və yüksələn bazar iqtisadiyyatlarında zəifləmə davam edir. Rusiya və Braziliya yenə mənfi artım yaşayacaq. Buna görə də bu ilki qlobal artım proqnozunu 2,9 faizdən 2,5 faizə çəkdik". O bildirib ki, bu gün təxminən 700 milyon insan həddindən artıq yoxsulluq şəraitində yaşayır: “Bu rəqəm son 15 ildə 1 milyarddan çox azalıb. Ancaq zəifləyən qlobal iqtisadiyyat, həddindən artıq yoxsulluğu 2030-cu ildə sonlandırma cəhdlərimizi təhdid edir. Qlobal iqtisadiyyatda ABŞ və Hindistan xaricində parlaq nöqtə yoxdur. Avropa, Yaponiya və yüksələn bazar iqtisadiyyatlarında zəiflik davam edir”.

DB rəhbəri onu da bildirib ki, bu il böhranla bağlı xərcləmələr 20 milyard dolları aşacaq.

BVF-nin isə həftə içi açıqladığı “Dünya İqtisadi Görünüşü” hesabatında qlobal iqtisadiyyatın artım nisbətinin bu il 3.1 faizdən 3.2 faizə yüksələcəyi qeyd edilib. Növbəti il üçün həmin rəqəm 3.5 faiz nəzərdə tutulur. Ancaq struktur artım mövzusundakı təxminlər optimist deyil. Qlobal iqtisadiyyatın ən böyük aktyorlarından sayılan ABŞ iqtisadiyyatının artımı 2016-ci ildə 2,4 faiz təşkil edəcək. Hansı ki, yanvar hesabatında bu rəqəm 2,6 faiz idi. BVF iddia edir ki, ABŞ ixracatı güclü dolların təsiriylə geriləyəcək. Avro Bölgəsi üzrə proqnozlar da ürəkaçan deyil. Bölgənin iqtisadi artımı 1,7 faizdən 1,5 faizə endirilib. BVF bildirir ki, Avropa üçün 2 böyük risk faktoru var. Bunlardan birincisi Orta Şərqdən gələn yüz minlərlə miqrant, ikincisi isə Yunanıstanın Avropa Birliyinin maliyyə siyasətini riskə atacaq qədər dərinləşən borc böhranı.

Söz Yunanıstandan düşmüşkən, Yunanıstanın baş naziri Aleksis Çipras Beynəlxalq Valyuta Fondunun Yunanıstan üçün səhv siyasət məsləhət gördüyünü deyir: "Yunanıstanda keçmişdə səhv siyasət tətbiq olunub. Onlar hələ də səhvlərində israr edirlər. Problemin özləri və səhv siyasətləri olduğunu qəbul etmirlər. Əvəzində bu siyasətin düzgün həyata keçirilmədiyini söyləyirlər. Bəzi nöqtələrdə ciddi olmalıyıq".

Avropa Mərkəzi Bankının (ECB) avrozona iqtisadiyyatını stimullaşdırma qərarları bank sektorunda böhran yaradıb. Aprel ayında avrozona banklarının səhmləri tarixi minimal səviyyəyə yaxınlaşıb. Belə ki, səhmləri ən çox ucuzlaşan banklar arasında "Deutsce Bank" liderdir. Britaniyanın HSBC və "Royal Bank of Scotland" banklarının səhmləri minimal səviyyələrini təkrarlayıb. İtaliya banklarının səhmlərinin qiyməti isə fond birjasında 8%-ə yaxın azalıb. Ümumiyyətlə, avrozonanın bank sektoru böyük təzyiq altındadır. İnvestorların kütləvi şəkildə səhmləri satması fonunda spekulyatorlar prosesi daha da sürətləndirirlər. Avrozona bank sektorunun kapitallaşmasının uzun müddətdir davam edən mənfi tendensiya göstərməsinə səbəb isə ECB-nin iqtisadi stimullaşdırma qərarları olub. Belə ki, ECB-nin tətbiq etdiyi mənfi faiz dərəcələri bank sektorunun mənfəətliliyinə ciddi zərər vurub. ECB-nin baş iqtisadçısı Piter Praetin (Peter Praet) fikrincə, mənfi faiz dərəcələrinə bank sektoru maksimum 2-3 il tab gətirə biləcək.

Rusiya Maliyyə Nazirliyi 2016-cı ilin büdcəsində dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Büdcəyə düzəlişlər qeyri-sosial xərclərin 10% azaldılması və anti-böhran tədbirlərini nəzərdə tutub. Maliyyə naziri Anton Siluanovun sözlərinə görə, Maliyyə Nazirliyinin büdcəyə düzəlişlərlə bağlı qanun layihəsi artıq hazırdır və hökumətin təsdiqini gözləyir. Düzəlişlərdən sonra büdcədə neftin baza qiyməti 40 dollar/barel, büdcə kəsirinin ÜDM-də xüsusi çəkisi isə 3% olacaq.

Qeyd edək ki, hazırda büdcədə neftin baza qiyməti 50 dollar/bareldir. A.Siluanov həmçinin özəlləşdirmə gəlirlərinə toxunaraq qeyd edib ki, 2016-2017-ci illərdə Maliyyə Nazirliyi özəlləşdirmədən 1-1,5 trln. rubl (22,4 mlrd. dollar) vəsait əldə etməyi planlaşdırır. Özəlləşdirmə ilk növbədə "Rosneft", "Başneft", "Alrosa" şirkətlərini əhatə etsə də, "VTB Bank"ın da bu siyahıya qatılması mümkündür. Büdcə xərcləri üzrə sekvestrin 490 mlrd. rubl (7,3 mlrd. dollar) həcmində vəsaitə qənaət edilməsinə gətirib çıxaracağı proqnozlaşdırılır. İlkin olaraq builki büdcənin gəlirləri 13,738 trln. rubl (205 mlrd. dollar), xərcləri 16,099 trln. rubl (240 mlrd. dollar), büdcə kəsiri isə ÜDM-in 3%-i (2,36 trln. rubl və ya 35,2 mlrd. dollar) səviyyəsində təsdiq olunub.

Bu arada Rusiya dövlət başçısı Vladimir Putin də ölkəsinin iqtisadi vəziyyətindən danışıb. Televiziya kanalında vətəndaşların suallarını cavablandıran dövlət başçısı deyib ki, Rusiya iqtisadiyyatı bu il az da olsa, kiçilməkdə davam edəcək. Ancaq önümüzdəki il 1.4 faiz artacaq: “Problemlər tamamilə həll edilmiş deyil, ancaq müsbət gözləntilər var. Məsələn, keçən il ümumi daxili məhsul 3.7 faiz geriləmişdi. Bu il hökumət iqtisadiyyatın daha az kiçiləcəyini proqnozlaşdırır”.

Onu da bildirək ki, Rusiya iqtisadiyyat nazirliyi bu il iqtisadiyyatın 0.3 faiz kiçiləcəyini proqnozlaşdırır. Ancaq Beynəlxalq Valyuta Fondu (BVF) bu rəqəmin 1.8, Rusiya Mərkəzi Bankı isə 1.5 faiz olacağını irəli sürür.

İş dünyası

“Apple” və “Microsoft” kimi nəhəng şirkətlərin də daxil olduğu 50 şirkətin ABŞ hökumətinə vergi ödəməmək üçün ofşorda (off-shore) açdığı hesablar ortaya çıxıb. “Oxfam”ın hazırladığı hesabata görə, həmin şirkətlər hər il lobbiçilik fəaliyyətlərinə yüz milyonlarla dollar xərcləyirlər. Vergi qaçaqçılığının ABŞ iqtisadiyyatına hər il 111 milyard dollar zərər vurduğu qeyd edilən hesabatda bildirilir ki, hazırda dünyadakı 62 nəfərin ümumi var-dövləti 3,6 milyard insanın sərvətinə bərabərdir. Bu, dünya əhalisinin yarısına bərabərdir. Hesabatda, sözügedən 50 şirkətin lobbiçilik fəaliyyətləri üçün sərf etdiyi hər bir dolların müqabilində vergi sərbəstliyindən 130 dollar istifadə etdiyi məlumatı yer alır. Bu şirkətlərin yenə lobbiçilik fəaliyyətləri üçün xərclədiyi hər bir dollara qarşılıq ABŞ federal kredit, kredit zəmanətləri və xilasetmə paketlərindən də 4 min dollardan çox fayda götürdükləri vurğulanır. “Oxfam”ın hesabatında deyilir ki, vergi qaçaqmalçılığı hər il yoxsul ölkələrdən 100 milyard dolların çıxarılmasına səbəb olur. Bu da təhsil, səhiyyə, infrastruktur kimi əhəmiyyətli investisiyaların qoyulmasını əngəlləyir və yoxsulluğu artırır. Təşkilatın siyahısında texnologiya nəhəngi “Apple” birinci yerdədir. Şirkətə məxsus 181 milyard dollar dörd fərqli ofşor təşkilatda saxlanılır. Şirkətin bu günə qədər 21 milyard dollar vergi sərbəstliyindən istifadə etdiyi bildirilib.

“General Electric” ikinci sırada yer alır. Ümumilikdə, 119 milyard dolların 18 fərqli ofşor təşkilatında olduğu və 161 milyon dolların lobbiçilik fəaliyyətləri üçün xərclədiyi, 40 milyard dolların vergi sərbəstliyindən, 28 milyard dollar da federal kredit, kredit zəmanətləri və xilasetmə paketlərindən istifadə etdiyi bildirilib. Üçüncü sırada “Microsoft” gəlir. Şirkət 108 milyard dollarları beş fərqli ofşor təşkilatında saxlayır. 22 milyard vergi sərbəstliyindən istifadə edir. Lobbiçilik fəaliyyətləri üçün 57 milyon dollar xərcləyir. Siyahıda yer alan digər Amerikalı şirkətlər arasında “Coca-Cola”, “Pepsi”, “Walt Disney”, “Procter & Gamble” kimi dünyaca məhşur böyük şirkətlər də var.

Bir il ərzində Rusiyada fəaliyyət göstərən bankların 10%-nin lisenziyası ləğv edilə bilər. "Moody's" beynəlxalq reytinq agentliyi iddia edir ki, 2015-ci ildə Rusiyada 93 bank və bank olmayan kredit təşkilatının lisenziyası ləğv olunub. Bunlardan aktivlərinə görə bank sektorunda önəmli yer tutan "Rossiyskiy Kredit" (45-cı yer), "Probiznesbank" (51), "CB Bank" (85) və "Nota-bank" (97) olub. "Moody's" agentliyinin vitse-prezidentinin köməkçisi Lev Dorf qeyd edib ki, bankların defolt edəcəyi təqdirdə zərərlərinin ödənilməsi səviyyəsi aşağı olacaq: "Bu o deməkdir ki, Rusiyada bankların müflisləşməsi halında kreditorlar önəmli itkilərlə üzləşəcək". Bankların maliyyə hesabatlarının təhlili isə göstərir ki, onların bir hissəsi artıq ilin sonuna qədər mərkəzi bankın tələblərinə cavab verə bilməyəcək və ödəniş qabiliyyəti olmayan müəssisə elan ediləcək".

Yeri gəlmişkən, 2014-cü ilin əvvəlindən Rusiyada 200-ə yaxın bankın lisenziyası ləğv edilib. Hazırda ölkədə 700-ə yaxın kredit təşkilatı fəaliyyət göstərir. Rusiya Bankı (Mərkəzi Bank) aprelin 13-də daha iki bankın lisenziyasını ləğv edib.

Dünyanın ən böyük enerji şirkəti İngilis British Petroleum (BP) səhmdarları şirkətin icraçı direktoru Bob Dudleyin illik maaşının bonuslar da daxil 20 faiz artırılaraq 20 milyon dollara yüksəldilməsinə razı olmayıblar. Belə ki, Londonda bir araya gələn investorlar səs vermə zamanı 59 faiz əleyhinə olmaqla rəhbərlik qurumunun təklifini rədd ediblər. Xatırladaq ki, neftin qiymətinin aşağı düşməsi səbəbindən 6 milyard dollar zərər açıqlayan BP 5 min nəfər işçisini çıxarıb.

Azərbaycan

Gəldik çıxdıq öz ölkəmizə...

Həftənin önəmli hadisələrindən biri Azərbaycanın Dohadakı müzakirələrlə bağlı mövqeyi oldu. Energetika naziri Natiq Əliyev Azərbaycanın Dohada digər hasilatçı ölkələrlə razılaşma imzalamağa hazır olduğunu bəyan etdi: “Razılaşmanın qaralaması kiçikdir və bu cür səslənir: Dohada toplaşacaq ölkələr belə qənaətə gəliblər ki, neftin qiymətini qaydaya salmaq üçün hasilat həcmini oktyabradək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılsın”.

Neft hasil edən ölkələr arasında imzalanacaq razılaşmanın qaralaması neft hasilatının həcmini bu ilin oktyabrınadək 2016-cı ilin yanvar ayındakı səviyyədə saxlanılmasını nəzərdə tutur. Bu arada qeyd edək ki, Dohada neftə dair əldə olunacaq razılaşma “centlmen xarakterlidir”, qaralamada nəzarət mexanizmi öz əksini tapmayıb.

Daha bir önəmli xəbər ilin birinci rübü üzrə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin açıqlanması ilə bağlıdır. Məlum oldu ki, yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12588,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz az ümumi daxili məhsul istehsal edilib, əhalinin hər nəfərinə düşən ÜDM 1311,6 manata bərabər olub, əsas kapitala 2,9 mlrd. məbləğində vəsait yönəldilib, xarici ticarət dövriyyəsi 2203,3 milyon manat təşkil edib. Eləcə də ilin üç ayında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,8 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,0 faiz artıb. Orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz artaraq 472,2 manat təşkil edib. Ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 20327,4 milyon manat olub. Onun 15565,9 milyon manatı uzunmüddətli kreditlər təşkil edib. Kredit portfeli 2015-ci il mart ayının 1-i ilə müqayisədə 1,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,5 faizinə çatıb. Bu arada kreditlərlə bağlı diqqət çəkən məqam əhalinin əldə etdiyi gəlirlərin 2,3%-inin kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilməsidir. Hesabat dövründə Azərbaycan əhalisinin gəlirlərinin 10 milyard 303,5 milyon. manat olduğunu nəzərə alsaq, bu da əhalinin kreditlər üzrə faizlərin ödənilməsinə 236,98 milyon manat sərf etməsi deməkdir. Nəhayət sonda 2016-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinə 3678,1 milyon manat vəsait daxil olub. Büdcədən 2623,5 milyon manat vəsait xərclənib. Büdcənin icrasında yaranan 1054,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,4 faizi səviyyəsində olub.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm