Qardaşlarının köhnələri ilə böyümüş dünyaya geyim biçən dizayner - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Qardaşlarının köhnələri ilə böyümüş dünyaya geyim biçən dizayner - MİLYONÇU

Özünə kostyum almaq üçün işləməyə başlayıb, 7,5 milyard dollar qazanıb. Bir zamanlar qardaşlarının köhnələrini geyən bu şəxs hazırda bütün dünyaya geyim biçir. Söhbət yoxsul ailədən gələn Ralf Laurendən gedir. Məşhur “POLO” köynəklərinin yaradıcısından.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Ralf Laureni təqdim edir.

Ralf Lauren 1939-cu ildə yəhudi ailəsində dünyaya gəlib. Qeyd edək ki, onun valideynləri – anası Frida, atası Frank Belarusdan Nyu-Yorka köçən miqrantlar idi. Onlar elə Amerikada tanış olaraq evlənmişdilər. Ailənin ilk soyadı Livşiç olub. Bu soyad o zamanlar yəhudilər arasında kifayət qədər geniş yayılmışdı. Livşiçlər Ralfdan başqa daha 3 övlada da sahib idi. 6 nəfərdən ibarət yoxsul yəhudi ailəsi 1 otaqlı mənzildə yaşayırdı. Ailədə təkcə Frank işləyirdi. O da binaların rənglənməsi ilə məşğul idi.

Özünə paltar almaq üçün işə düzəlir

Yazılanlara görə, Ralf uşaq ikən böyüyüb idmançı, daha sonra isə məşhur aktyor olmağı xəyal edirmiş. Amma bunların heç biri reallaşmadı. Əvəzində dünyaca məşhur dizayner oldu. Bu, belə başladı. Günlərin bir günü sinif yoldaşının evinə qonaq gedən Ralf orada geyim, ayaqqabı, aksessuar üçün qarderob görür və heyrətlənir. Çünki onun evində bütün geyimlər yeganə kiçik bir şkafda yerləşdirilmişdi. Özü isə hər zaman böyük qardaşlarının paltarlarını geyinirdi. Ailədə heç kəs düşünmürdü ki, hər kəsin özünün şəxsi qarderobu olmalıdır. Ralf hər şeyi dəyişmək qərarına gəlir. Özünə geyim ala bilmək üçün işə düzəlir. Artıq 12 yaşında ilk kostyumunu alır.

İpək qalstuk tikmək istəyir və şirkətdən ayrılır

Təsadüfdənmi, xoşbəxtlikdənmi Livşiç ailəsi o zaman məşhur dizayner Calvin Kleinlə eyni məhəllədə qonşuluqda yaşayırdı. Ralf böyük qardaşlarından ona qalmış geyimləri məhz Calvin Kleinə yenidən düzəltdirirdi. 16 yaşında Ralf soyadını dəyişmək qərarına gəlir. Buna əsas səbəb isə həmyaşıdlarının onun qeyri-amerikan soyadına lağ etmələri idi.

Beləliklə o, Belarusdan Kaliforniyaya gəlmiş qohumlarına nümunə olaraq Lauren soyadını götürür. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. 1964-cü ildə hərbi xidmətdən qayıdır. Elə həmin ildə o, Riki –Enn Lou-Bir ilə evlənir. O cümlədən, Manhetten kollecinə qəbul olur və burada “İqtisadiyyat və biznes” ixtisası üzrə təhsil almağa başlayır. Üçüncü kursda kollecdəki təhsilini yarımçıq buraxır və pul qazanmaq üçün “Brooks Brothers” adlı geyim mağazasında işə düzəlir. Məhz bu səbəbdən də o, yeganə diplomsuz modelyer dzayner hesab edilir.

Ralfın növbəti iş yeri “Rivetz&Co” olur. O, burada qalstuk dizayneri olaraq işləməyə başlayır. Ralf Frensis Skott tərəfindən yazılan “The Great Gatsby” romanını oxuduqdan sonra rəhbərliyə geniş ipək qalstuk yaratmağı təklif edir. Lakin heç kəs bu ideyanı dəstəkləmir və nəticədə o, “Rivetz&Co” şirkətindən ayrılır.

Qalstuk ideyasına 50 min dollar təklif edilir

Beləliklə, Ralf sərbəst şəkildə pul qazanmağı qarşısına məqsəd qoyur. Parça artıqlarını alaraq onlardan qalstuk düzəldərək satır. Onun yaratdığı bu aksessuara tələbat günü-gündən artırdı. “Bloomingdale’s” və “Neiman Marcus” kimi məşhur kişi geyimləri satan mağazalar onun ilk müştəriləri olur. Daha sonra onun ideyasına təqribən 50 000 ABŞ dolları sərmayə yatırırlar. Yeni başlayan modelyerə bu kömək əlini o dövrdə Nyu-Yorkun məşhur biznesmeni olan Homan Hilton uzadır Ralf ona ayrılan bu pulu əldə etdikdən sonra “POLO Fashion” ticarət nişanını qeydiyyatdan keçirir və mağazasını açır. Ticarət nişanının simvolu isə polo oyunçusu olur. Ralfın özünün heç bir zaman polo oynamamasına baxmayaraq, bu, onun üçün ən aristokrat, ən dəbdəbəli və möhtəşəm idman növü idi.

Artıq 60-cı illərdə Ralf kişi qalstuklarının istehsalında təyin edilmiş stereotipləri qıra bilmişdi. İnsanlar modelyerin qeyri-adi məhsullarını almağa başlayırdılar. O, dəbli qalstukların satışından əldə edilən gəlirləri “Polo Ralph Lauren” kişi geyimləri kolleksiyasına yatırım edirdi. Bu kolleksiya nəinki gənc, hətta nisbətən yaşlı nəsil arasında da böyük rəğbətlə qarşılanır. 60-cı illərinin sonunda ABŞ-da əksər kişilər artıq “Polo” loqotipli köynəklər geyinirdilər.

Sponsor tapır

“Polo Fashion” şirkətinin növbəti inkişafı üçün əlavə investisiyalar tələb olunurdu və o, bu məqsədə ən uyğun sponsoru - Peter Smiti tapir. O, öz kapital yatırımına təzminat qismində “Polo Fashion” şirkətinin rəhbəri vəzifəsini əldə edir. Bu əməkdaşlıqdan yeni formada kişi köynəkləri, həmçinin “Ralph Lauren Womens wear”– qadın geyimləri kolleksiyası yaradılır. Bu kolleksiyanın əsas hədəfi isə ağ idman köynəkləri idi və bu zərif cinsin nümayəndələrini özünə cəlb edə bilir.

Nəticədə, şəhərin ən prestijli qəsəbəsi olan Beverli Hilsdə qadın geyimlərindən ibarət butik açır. Amerikalı modelyer 70-ci illərin ortalarında “Paramount Studios”-dan rəddedilməz təklif alır. Ralfdan “The Great Gatsby” filminin çəkilişləri üçün geyim kolleksiyası yaratması xahiş olunur. O, bunu edir. Eyni zamanda, “CHAPS by Ralph” idman geyimləri və “Ralf” qadın eynəklərini dizayn edir. Bir faktı qeyd edək ki, “POLO” markası yaradılana qədər bazarda iştirak edən heç bir şirkət idman kolleksiyasının yaradılması ilə demək olar ki, maraqlanmırdı.

İşini sevən milyarder

Ralf Laurenin şirkətinin sahib olduğu ticarət nişanları sırasına “Ralph Lauren”, “Rugby”, “RL Childrenswear”, “Polo Jeans Co.”, “RRL”, “RLX”, “Club Monaco”, “Chaps”, “Blue Label”, “Purple Label”, “Lauren”, “Ralph Lauren Home” və s. kimi brendlər daxildir. Özünün dediyinə görə, belə bir imperiya quracağını ağlına belə gətirmirmiş: “Bir şeyi bilirdim, o da sevdiyim işlə məşğul olduğumu”.

Nəzərə çatdıraq ki, Ralf 1994-cü ildə biznesinin 28 faizini “Goldman Sachs”a 135 milyon dollara satdı. 1997-ci ildə fond birjasına daxil oldu. Səhmlərin dəyərini 465 milyon dollara qədər yüksəltdi. Bundan sonra restrukturizasiya apararaq “Ralph Lauren Corporation”nın aktivlərini birləşdirdi. Artıq ertəsi gün Ralf Laurenin Nyu-York birjasında kapitalizasiyası 9,94 milyard dollar təşkil edirdi. Ralf həm də uşaq geyimlərinin dizaynı ilə məşğuldur. Bu yöndə istehsala isə həyat yoldaşının oğluna köynək tapa bilməməsi ilə qərar verib. Ralf özü tikiş işlərini bacarmır. Baxmayaraq ki, bütün kolleksiyaları öz beyninin məhsuludur və o bu haqda belə deyir: “Mənim bacardığımı onlar, onların bacardığını isə mən bacarmıram”.

Qeyd edək ki, Ralfın şirkəti istehsalla məşğul olmur. O, 350-yə yaxın istehsalçı ilə əməkdaşlıq çərçivəsində işləyir. Məsələn, “Ralph Lauren” eynəkləri “Luxottica” şirkətində istehsal edilib.

Sərvəti

Bir zamanlar 1 otaqlı evdə yaşayan Ralf hazırda 7,5 milyard dollara sahibdir. Onun 4 övladı var. Mətbuat yazır ki, o, nadir avtomobil kolleksiyasına sahibdir. Belə ki, o, 1988-ci ildə “Bugatti Atlantic” avtomobilini alıb. Hansı ki maşının dəyəri 40 milyon dollardır. Onun kolleksiyasına həmçinin 1962-ci ildə istehsal edilən “Ferrari 250 GTO”, iki “Ferrari 250 Testa Rossa”, üç “McLaren F1”, 1930-cu il istehsallı “Mercedes 300SL Gullwing”, “Mercedes-Benz SSK CountTrossi”, 1929-cu il istehsallı “Blower Bentley”, “Porsche 997 GT3 RS”, “Bugatti Veyron”,”Alfa Romeo 8C 2900B Mille Miglia”, “Lamborghini Reventon” və nadir nüsxə olan “Roadster Reventon” daxildir. 2005-ci ildə onun kolleksiyası Boston muzeyində nümayiş etdirilib.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm