FED-in faiz tərəddüdü, Rusiya üçün qaranlıq proqnoz... - HESABAT
Bizi izləyin

Ekopublika.az

FED-in faiz tərəddüdü, Rusiya üçün qaranlıq proqnoz... - HESABAT

Yola saldığımız həftənin əsas müzakirə mövzusu FED-in bu ayın ortasında reallaşacaq toplantısında faiz artımına gedib –getməyəcəyi və OPEC-in iclası oldu. Düzdür, Neft İxrac edən Ölkələr Təşkilatının Vyana görüşü də nəticəsiz bitdi. Belə ki, İran və İraq hasilatın dondurulmasına razılıq vermədilər. FED-ə gəlincə, Amerikada məşğulluq rəqəmlərinin gözləntiləri doğrultmaması həftənin sonuna doğru vəziyyəti dəyişdi. Həftənin əvvəlində faizlərin artırılacağı ehtimalı nə qədər güclü idisə sonunda bu gözləntilər bir o qədər zəiflədi.

Başlayaq FED-dən. Həftə ərzində ABŞ Mərkəzi Bankının rəhbərliyinə daxil olan şəxslər faiz artımı ilə bağlı fərqli-fərqli fikirlər səsləndirdilər. Belə ki, FED-in Dallas şöbəsinin sədri Robert Kaplan iqtisadiyyatın tam məşğulluq səviyyəsinə xeyli yaxınlaşdığını və inflyasiyanın yüksəlməyə başladığını bildirib. Kaplan FED-in yaxın zamanda faizləri artırması barədə fikrini təkrar edib. O, iyun və ya iyul ayında faiz artımına gedilib-getməyəcəyinə əmin olmadığını, ancaq yaxın gələcəkdə faiz artımının baş verəcəyini qeyd edib: “Faizləri artırmaq üçün iyun və ya iyul ayları məqsədəuyğundur. Faizləri belə aşağı saxlamaq xərc tələb edir. Faiz artımına dəstək verə biləcəyimiz nöqtəyə gəlmişik".

FED-in İdarə Heyətinin üzvü Lael Brainard isə son məşğulluq bazarının yavaşladığını önə çəkərək faizlərin artırılması qərarının tələsik atılmış addım ola biləcəyinə dair xəbərdarlıq edib. O, ABŞ iqtisadiyyatında tam yaxşılaşmanın baş vermədiyini söyləyib: "Əlavə statistik məlumatları gözləmək faydalıdır". Brainard yanvar-fevral aylarındakı volatillikdən bəri bazarların sakit olmasına baxmayaraq, beynəlxalq risklərin davam etdiyi barədə də xəbərdarlıq edib.

Qeyd edək ki, FED-in iyun ayında faizləri artıracağı ehtimalı cümə axşam açıqlanan məşğulluq hesabatından sonra azalıb. Həmin hesabata əsasən may ayında ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq cəmi 38 min artıb. Bu da son altı ilin ən aşağı artımıdır. İqtisadçılar məşğulluğun 164 min artacağını gözləyirdilər.

Avropa Mərkəzi Bankı (ECB) depozitlər üzrə faiz dərəcələrini dəyişdirməyərək -0,4%, uçot dərəcəsini isə 0% həddində saxlayıb. Bir çox investisiya bankı və analitiklər ECB-nin faizləri sabit saxlayacağını proqnozlaşdırırıdı.

Bu arada, ECB sonuncu dəfə mart iclasında faiz dərəcələrini aşağı salıb və korporativ istiqrazları alaraq maliyyə bazarlarını likvidliklə təmin edəcəyi ilə bağlı qərarı qəbul edib. Bununla yanaşı, həmin iclasda 2016-cı ilin iyun ayında 3 illik güzəştli kredit verilməsi proqramının ikinci mərhələsinə (LTRO II) başlanılacağı bildirilib. ECB-nin uçot dərəcəsini sabit saxlaması avronun məzənnəsini bir qədər aşağı salıb. Belə ki, qərardan dərhal sonra avro/dollar cütlüyünün məzənnəsi 0,3% geriləyərək 1,1185 USD/EUR səviyyəsinə enib.

ECB rəhbəri Mario Dragi uçot və depozit dərəcələrinin hazırkı səviyyədə və ya daha aşağı olacağını və uzun müddət bu səviyyədə qalacağını bildirib. O, qlobal iqtisadiyyatda risklərin davam etdiyini, bunun da Avrozona iqtisadiyyatına birbaşa təsir etdiyini qeyd edib. 2016-cı il üçün inflyasiya üzrə yekun proqnozunu 0,1%-dən 0.2%-ə yüksəldən ECB, 2017-ci ildə inflyasiyanın 1,3%, 2018-ci ildə 1,8% olacağını proqnozlaşdırır. O, Avrozonada struktur islahatların davam etməsini, məhsuldarlığın artırılmasını və biznes mühitinin daha da yaxşılaşdırılmasının vacibliyini xatırladıb. M.Dragi mart iclasında qəbul edilmiş qərarların Avrozona iqtisadiyyatının maliyyə şəraitinin kəskin pisləşməsinin qarşısını aldığını deyib. Yunanıstan problemi üçün ECB-nin daha bir iclas keçirməli olduğunu, B.Britaniyanın isə Avropa İttifaqında qalmasının hər iki tərəf üçün müsbət nəticələnəcəyini qeyd edib.

Avropadan söz düşmüşkən, Avro bölgəsində pərakəndə satışlar aprel ayında əvvəlki ayla müqayisədə dəyişməz qalıb. “Eurostat”ın nəşr etdiyi məlumatlara görə, mart ayında pərakəndə satışlar 0,6 faiz azalıb. Ancaq 19 üzvlü Avro Bölgəsinin satışlar keçən ilin aprel ayı ilə müqayisədə 1,4 faiz yüksəlib.

Avstriyanın Vyana şəhərində bir araya gələn Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) nümayəndələri qiymətlərin artması üçün neft istehsalının dondurulması mövzusunda yenə də hər hansı qərara gələ bilmədilər.

Səudiyyə Ərəbistanı və Qətər neftin qiymətinin artması üçün istehsalın dondurulması təklifini irəli sürsədə bu təklifə İraq və İran qarşı çıxıb.

OPEC üzvlərinin istehsal "tavanı" məsələsində razılığa gələ bilməməsindən sonra sərbəst neft hasilatı siyasətinə davam etmək qərarı verilib.

İngiltərə Mərkəz Bankı (BoE) sentyabr ayında tədavülə buraxılacaq 5 funt sterlinqlik "ilk polimer banknotu" ictimaiyyətə tanıdıb. İngiltərə Mərkəzi Bankı Oxfordshire bölgəsində ölkənin keçmiş baş naziri Vinston Çörçilin doğulduğu Blenheim sarayında təşkil edilən mərasimlə yeni banknotu təqdim edib.

Dizaynda Çörçilin portretinə yer verilən 5 funt sterlinqlik yeni banknotun təməl xüsusiyyəti isə kağızdan deyil polimerden hazırlanmasıdır. Yeni banknot halı hazırda tədavüldə olan 5 sterlinqlik kağız puldan təxminən 15 faiz daha kiçik ölçüdədir.

Rusiyanın Ehtiyat Fondunun aktivləri bu ilin may ayında 11,8% azalaraq 2,55 trln. rubla (38 mlrd. ABŞ dolları) enib. Rusiya Maliyyə Nazirliyinin hesabatına görə, bu dövr ərzində ölkənin Milli Rifah Fondunun aktivləri 1,5% və ya 0,7 trln. rubl (1,05 mlrd. ABŞ dolları) artaraq 4,82 trln. rubla (72 mlrd. dollar) yüksəlib. Rusiya maliyyə naziri Anton Siluanov bu il mayın 26-da çıxışında 2016-cı ildə hökümətin büdcə kəsirini örtmək üçün Ehtiyat Fondundan 2,1 trln. rubl (31,3 mlrd. dollar) vəsait götürəcəyini bildirib.

Xatırladaq ki, Rusiyanın yanvar-aprel ayları ərzində federal büdcəsinin kəsiri 1,23 trln. rubl (18.4 mlrd. ABŞ dolları) təşkil edib. 2016-cı il büdcəsində neft qiymətlərinin orta illik qiyməti 50 dollar/barel, büdcə kəsiri 2,36 trln. rubl (35,2 mlrd. ABŞ dolları) nəzərdə tutulub. Amma, ilk 4 ayda mövcud büdcə kəsiri diqqətə alındığında ilin yekununda 4 trln. rubl (60 mlrd. ABŞ dolları) büdcə kəsiri yarana biləcəyi proqnozlaşdırılır. Bu da büdcə layihəsində nəzərdə tutulduğundan 70% çoxdur. Neft qiymətləri hazırki 50 dollar/barel səviyyəsindən aşağı düşərsə Rusiya hökümətinin büdcəyə yenidən baxacağı istisna edilmir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi icmalını açıqladı. Məlum oldu ki, dünya ölkələri sıx əməkdaşlıq şəraitində fiskal, monetar və islahat siyasətləri ilə iqtisadi artım tempini artırmağa çalışırlar: "Hazırda inkişaf etmiş ölkələrdə iqtisadi artım göstəriciləri maksimal həddə, dünya iqtisadiyyatının lokomotivi hesab edilən inkişafda olan ölkələrdə isə yavaşlamış haldadır. Hərtərəfli siyasi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi iqtisadi artıma nail olmağımıza kömək edəcək".

Əsas inkişaf etməkdə olan ölkələrdə qlobal ticarət həcminin azalması, investisiya səviyyəsinin düşməsi, əmək haqlarının artmaması və yavaşlayan fəallıq qlobal iqtisadiyyatın inkişafını yavaşladaraq 3% həddində məhdudlaşmasına səbəb olacaq. Təşkilat qlobal iqtisadi artımın 2017-ci ildə 3,3% olacağını proqnozlaşdırır.

OECD-nin hesabatına əsasən, ABŞ-da iqtisadi artımın 2016-2017-ci illərdə müvafiq olaraq 1,8% və 2,2%, Avrozonada 1,6% və 1,7%, Yaponiyada 0,7% və 0,4% olacağı gözlənilir. 34 ölkəni əhatə edən OECD regionunda isə 2016-cı ildə 1,8%, 2017-ci ildə isə 2,1% iqtisadi artım proqnozlaşdırılır. Çin iqtisadiyyatında 2016-cı ildə 6,5%, 2017-ci ildə isə 6,2% artım ehtimal edilir. Hindistan iqtisadiyyatının bu iki ilin hər birində 7,5% artacağı, Rusiya və Braziliyada dərin resessiyanın davam edəcəyi, Braziliya iqtisadiyyatının 2016-cı ildə 4,3%, 2017-ci ildə isə 1,7% azalacağı proqnozlaşdırılır.

OECD gözlənilmədən Rusiya iqtisadiyyatının 2016-cı ildə 1,7% azalacağını ehtimal edib. Belə ki, əvvəlki icmalda təşkilat Rusiyanın 2016-cı ildə 0,4% iqtisadi artım əldə edəcəyini proqnozlaşdırmışdır, 2017-ci ildə isə 0,5%-lik inkişafın olacağı gözlənilir.

Gəldik çıxdıq öz ölkəmizə…

Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin may ayı ərzində 915,5 mln. manat və ya 13,61% artaraq iyunun 1-nə 7 641,6 mln. manat təşkil edib. Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,3 mln. manat və ya 0,58% artıb. Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları da yerində saymayıb. Ehtiyat 2016-cı il iyunun 1-nə 4 284,3 mln. ABŞ dolları təşkil edib. Rəsmi valyuta ehtiyatlarının həcmi mayın 1-nə olan göstərici ilə müqayisədə 163,7 mln. dollar və ya 3,97% artıb.

Beynəlxalq Valyuta Fondu (BVF) isə ilin günün bu vaxtında Azərbaycan dövlətinə pul siyasətini sərtləşdirməyi tövsiyə edir. Fond ölkədə inflyasiyanın nəzarətdə saxlanılması və manata olan tələbatın artırılması məqsədilə sərt pul siyasətinin həyata keçirilməsini zəruri hesab edir. Həmçinin, BVF Azərbaycanın iqtisadi siyasət prioritetlərinə çoxillik büdcə konsolidasiyası planının hazırlanması və əvvəlcədən elan edilməsi, qaydalara əsaslanan fiskal çərçivənin tətbiqi və daha geniş məzənnə çevikliyinə yol açmaq üçün pul və məzənnə siyasəti çərçivələrinin gücləndirilməsini məsləhət görür.

Bununla yanaşı, Azərbaycanda sabit makroiqtrisadi mühitin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanır. Belə ki, Azərbaycan genişhəcmli ehtiyatlara malik olsa da, ehtiyatların narahatlıq yaratmayan səviyyədə saxlanılması üçün əlavə tədbirlər görməlidir. BVF rəsmi orqanların səmərəsiz dövlət xərclərinin azaldılması və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması hesabına 2017-ci ildə büdcənin konsolidasiyası yoluna qayıtmaq zərurəti ilə razılaşdığını da qeyd edib.

Bu arada, fond 2016-cı ildə Azərbaycanın iqtisadi artım proqnozunu 0,6 faiz bənd, ÜDM-in 2,4 faiz azalmasınadək yaxşılaşdırıb. Fondun missiyasının Bakıda apardığı işlərin yekunu üzrə hazırladığı materiallarda bildirilir ki, Azərbaycan iqtisadiyyatı silsilə mənfi şoklardan, xüsusilə də, neftin qiymətinin düşməsi, ticarət tərəfdaşlarının iqtisadi sistemlərində valyutanın zəifləməsi və qiymətdən düşməsindən sarsılmışdı. Nəticədə iqtisadi artım 2015-ci ildə 1,1 faizədək düşdü və 2017-ci ildə sürət götürməyə başlamazdan əvvəl, 2016-cı ildə mənfi olmaq üçün (mənfi 2,4%) hazırlandı".Fond apreldə ölkə iqtisadiyyatının ÜDM-in 3 faizinədək daha əhəmiyyətli azalmalar gözləyirdi: "2017-ci ildə artım qaz hasilatının artmsı və iqtisadi islahatların başlanılması ilə əlaqədar olaraq ÜDM-in 2,5-2,75 faizini təşkil edəcək. Gələcəkdə gündəliyin struktur islahatları hissəsində tam olaraq yerinə yetirilməsi iqtisadi artım qabiliyyətini ildə təqribən 4-5 faizədək artıra bilər".

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm