Neft niyə bahalaşmayacaq, dünya iqtisadiyyatı nə qədər azalacaq? - HESABAT
Bizi izləyin

Hesabat

Neft niyə bahalaşmayacaq, dünya iqtisadiyyatı nə qədər azalacaq? - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün təlatümlü oldu. Rusiya Mərkəz Bankı faiz dərəcəsini aşağı saldı. Avropa Mərkəzi Bankı isə Avro Bölgəsi iqtisadiyyatını hərəkətləndirmək və inflyasiyanı yüksəltmək məqsədiylə özəl sektorda istiqrazların alışına start verdi. Ərəblər dövlət işçilərini vergidən azad etdilər. Dünya Bankı 2016-2018-ci illərdə qlobal iqtisadiyyatın artım tempi üzrə proqnozunu aşağı saldı.

Başlayaq Rusiya Mərkəzi Bankından. Ölkənin baş bankı faiz dərəcəsini 11.00 faizdən 10.50 faizə endirib. Hansı ki, bank təxminən bir il əvvəl bu addımı atmışdı. Ötən ilin iyul ayından bu yana yüzdə 11 səviyyəsində olan faiz nisbətinin salınması inflyasiya riskinin azalmasına duyulan güvən kimi göstərilir.

Avropa Mərkəzi Bankı isə Avro Bölgəsi iqtisadiyyatını hərəkətləndirmək və inflyasiyanı yüksəltmək məqsədiylə özəl sektorda istiqrazların alışına start verdi. Bank ilk əvvəl İtaliya sığorta şirkəti “General”ı və İspaniyanın telekom şirkəti “Telefonica”nın istiqrazlarını alıb. Xatırladaq ki, Avropa Mərkəzi Bankı Avro Bölgəsi iqtisadiyyatını canlandırmaq üçün mart ayından faiz endiriminə gedib. Eyni zamanda hər ay 80 milyard avroluq istiqraz almağı hədəfləyib.

Söz Avropa Mərkəzi Bankından düşmüşkən, bankın rəhbəri Mario Draghi deyir ki, avronun beynəlxalq pul sistemində rolu azalıb. Avro ilə dollar arasında əhəmiyyətli dərəcədə böyük fərq yaranıb. Xüsusilə valyuta ehtiyatları, xarici pul vahidiylə reallaşan borclanmalar və beynəlxalq kreditlərdə avrodan istifadənin azaldığı müşahidə edilir: “Bununla belə avro beynəlxalq pul sistemində ən əhəmiyyətli ikinci pul vahidi olaraq qalır. Ancaq ABŞ dollarıyla arasındakı fərq çox böyükdür. Bu hesabatdakı bəzi göstəricilər, araşdırılan dövrdə avronun beynəlxalq pul sistemində istifadə nisbətinin bir miqdar azaldığını göstərib”.

Türk qardaşlarımızdan da xəbər var. Bu ilin ilk rübündə Türkiyədə iqtisadi artım tempi illik müqayisədə 4,8% təşkil edib. İlkin proqnozlar iqtisadi artım tempinin 4,4% olacağını bildirirdi. Xatırladaq ki, Türkiyə iqtisadiyyatı 2015-ci ilin son rübündə 5,7%, 2015-ci ilin yekununda isə 4% artıb. Türkiyə Statistika İdarəsindən (TÜİK) verilən məlumata əsasən, bu ölkədə ÜDM-in həcmi 2016-cı ilin ilk rübündə 4,8% artaraq 31 679 mln. lirəyə (10 560 mlrd. dollar) bərabər olub. Kənd təsərrüfatı keçən ilin analoji dövrü ilə müqayisədə 2,7%, sənaye 5,9%, xidmət sektoru isə 5,1% artıb. Əhalinin istehlak xərcləri isə real olaraq 6,9% yüksəlib.

Ərəblər isə coşub. Səudiyyə Ərəbistanı “2030 Vizion” çərçivəsində hazırlanan Milli İslahat Paketində qarşıdakı 5 il ərzində neftdən kənar gəlirlərini üç dəfə artırmağı hədəfləyir. Vəliəhd Şahzadə Məhəmməd bin Salman tərəfindən tərtib edilən sənəddə dövlət işçilərinin maaşlarından kəsilərək su və elektrikə tətbiq olunan subsidiyaları ləğv edilib: "Rəhbərlik “2030 Vizion” çərçivəsində daha vətəndaşlardan gəlir vergisi almayacaq”. Aprel ayında açıqlanan plan ölkənin neftdən asılı iqtisadiyyatının şaxələndirilməsini hədəfləyir. Proqramda dəyəri 2 yarım trilyon dollar olan milli neft şirkəti “Aramco”nun 5 faizinin özəlləşdirilməyə çıxarılması nəzərdə tutulur. Bununla birlikdə iqtisadiyyatda özəl sektorun təşviqi, mədəni fəaliyyətlərin, əyləncə dünyasının inkişaf etdirilməsi hədəflənir.

Son iki ilin bəd proqnoz “istehsalçısı” Dünya Bankı 2016-2018-ci illərdə qlobal iqtisadiyyatın artım tempi üzrə proqnozunu endirib. Azalmaya səbəb kimi, inkişaf etmiş ölkələrdə zəif iqtisadi artım templəri, əmtəə qiymətlərinin aşağı düşməsi, zəifləyən qlobal ticarət və azalan kapital qoyuluşları göstərilib. Bankın yenilənən proqnozuna əsasən, qlobal iqtisadi artım 2016-cı ildə 2.4% təşkil edəcək. 2017-ci ildə dünya iqtisadiyyatı 2,8%, 2018-ci ildə isə 3% artacaq.

Qeyd edək ki, Dünya Bankının yanvar proqnozunda qlobal iqtisadi artım 2016-cı il üçün 2,9%, 2017-ci il üçün 3,1% və 2018-ci il üçün 3,1% təşkil edib.

Bankın hesabat proqnozunda qlobal iqtisadi yavaşlamanın daha da qabarıq ortaya çıxmasına diqqət yetirilib. Yavaşlamanın, xammal ixrac edən ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi, inkişaf etmiş ölkələrin gözləniləndən yavaş fəallıq göstərməsi, özəl sektorun böyük həcmdə borc yükü və geosiyasi qeyri-müəyyənliklərə səbəb olduğu bildirilib. Monetar siyasət manevrlərinin və vergi-büdcə stimullaşdırma imkanlarının azalması iqtisadi artıma nail olmaq üçün struktur islahatları zəruri etdiyi vurğulanıb. Proqnozda qlobal iqtisadiyyatın uzun müddətli zəif artım riski ilə üz-üzə olduğu qeyd olunub.

Dünya Bankı ABŞ iqtisadiyyatı üçün iqtisadi artım proqnozunu yanvar hesabatındakı 2,7%-dən 1,9%-ə, 2017-ci il üçün 2,4%-dən 2,2%-ə, 2018-ci il üçün isə 2,2%-dən 2,1%-ə endirib.

Avrozona üçün 2016-2018-ci illər üçün müvafiq olaraq 1,6%, 1,6%, 1,5% artım proqnozlaşdırılıb. Yanvar hesabatında bu göstəricilər 1,7%, 1,7% və 1,6% təşkil edib.

Çin iqtisadiyyatının artım tempi 2016-2017-ci illərdə yanvar proqnozu ilə eyni - 6,7% və 6,5% olacağı, 2018-ci il üçün isə 6,5%-dən 6,3%-ə enəcəyi ehtimal edilib.

Enerji sektoru

Həftə ərzində aparıcı qurumların əmtəə bazarlarına dair fikirləri də diqqət çəkdi. Beynəlxalq Enerji Agentliyi (IEA) "Orta Vədəli Qaz Bazarı Hesabatı" çərçivəsində təbii qaza olan qlobal tələbin gələcək 5 il ərzində 1,5 faiz artaraq təxminən 3,9 trilyon kub metrə çatacağını açıqladı. Məlum oldu ki, dünyada 2012-ci ildən bəri təbii qaz tələbi illik 1 faiz səviyyəsində artır. Keçən il 3,55 trilyon kub metr olan təbii qaz tələbi gələn il 3,62 trilyon kub metrə çıxacaq. Bu miqdar 2019-cu ildə 3,72 trilyon kub metrə, 2021-ci ildə isə 3,89 trilyon kub metrə çatacaq. Beləliklə, dünyada 2015-2021 illərindəki dövrdə qlobal təbii qaz tələbində təxminən 340 milyard kub metrlik artım baş verəcək. Hesabata əsasən Çin illik 6 faiz tələb artımıyla Hindistanı izləyəcək. Orta Şərqdə aşağı neft qiymətləri və iqtisadi artımda daralma səbəbiylə təbii qaz tələbi azalacaq. Avropada əksinə tələb artımı sabit qalacaq. Ən böyük istehlakçı olan Amerika Birləşmiş Ştatlarına gəlincə, enerji sektorunda təbii qazın payında artım baş vermədiyindən tələbin artımının yavaşlaması gözlənilir. 2015-2021-ci illərdə qlobal təbii qaz istehsalı 1,5 faiz artacaq. Keçən il 3,56 trilyon kub metr olan qlobal təbii qaz istehsalı, 2017-ci ildə 3,63 trilyon kub metrə, 2019-cu ildə isə 3,75 trilyon kub metrə yüksələcək. Bu rəqəm, 2021-ci ilin sonuna 3,89 trilyon kub metr təşkil edəcək. 2017-ci ilin sonuna qədər ABŞ-da da qaz istehsalında durğunluq yaşanacaq. Gələcək 5 ildə isə bu ölkədə qaz istehsalı ortalama 2,2 faiz artacaq. İstehsalda 100 milyard kub metrdən çox artım yaşanacaq. Beləliklə, qlobal təbii qaz istehsalındakı artımın üçdə biri ABŞ-ın payına düşəcək. Hesabat dövründə Avropadakı təbii qaz istehsalı ildə təxminən 2,1 faiz azalacaq. Çində isə 2009-2015-ci illərdəki istehsala nisbətdə eniş yaşanacaq.

Beynəlxalq Valyuta Fondu (İMF) isə "Ucuz neft qiymətləri ilə yaşamağı öyrənmək" adlı hesabatında hazırda neftin barelinin 52 dollar olmasına baxmayaraq, 2021-ci ilə qədər neftin orta illik qiymətləri 51 dollardan aşağı olacağını iddia etdi. BVF-in proqnozlarına görə, neftin barelinin orta illik qiyməti 2016-cı ildə 36 dollar/barel, 2017-ci ildə 42 dollar/barel təşkil edəcək. Sonrakı illərdə neftin orta illik qiyməti tədricən artaraq 2021-ci ilə qədər 51 dollar/barelə çatacaq. Fond, neft fyuçerslərini təhlil edərək bildirib ki, qiymətlər 2020-ci ilə qədər 50-55 diapazonunu keçməyəcək.

İş dünyası

İlin birinci rübündə Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”in dəqiq qazancı keçən ilin eyni dövrü ilə müqayisədə 75 faiz azalaraq 14 milyard rubla düşüb. Şirkətin açıqlamasında deyilir ki, neftin qiymətlərindəki eniş səbəbindən bu ilin ilk rübündə dəqiq qazanc keçən ilin eyni dövrünə görə 75 faiz geriləyərək 14 milyard rubla (təxminən 215 milyon dollar) düşüb. Şirkətin cəmi satış gəlirləri isə hesabat dövründə keçən illə müqayisədə 21 faiz azalaraq 1 trilyon rubla geriləyıb. Vergi ödəməzdən əvvəlki qazancı keçən ilin eyni dövrünə nisbətdə 319 milyard rubldan 273 milyard rubla düşüb.

Dünya neft-kimya nəhənglərindən sayılan “Shell” xərc kəsintiləri və “BG Group”u 54 milyard dollara satın aldıqdan sonra təxminən 10 ölkədə neft və qaz əməliyyatlarına son verib. İctimaiyyətə açıqlanan strategiyaya görə, şirkət bunun sayəsində illik 25-30 milyard dollara qənaət edəcək.

İngiltərədə neft və qaz sektorunda yaşanan böhran nəticəsində ilin sonuna qədər işini itirənlərin sayının 120 minə çatması gözlənilir. Sektorun ticarət təşkilatı “Oil & Gas UK” 2015-ci ildə 854 min nəfərin işsiz qaldığını, bu il isə həmin rəqəmə 40 min adamın əlavə olunacağını bildirib.

Azərbaycan...

Gəl ha gəlimizdir. Yola saldığımız həftə Beynəlxalq Valyuta Fondu eləcə də Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntilərini açıqladılar. Məsələn, Beynəlxalq Valyuta Fondu iddia edir ki, bu il Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 3%-ə qədər azalacaq. Ümumiyyətlə, son 15 ildə Azərbaycanda ilk dəfə infliyasiyanın ikirəqəmli olacağı və təxminən 10-15% diapazonunda dəyişəcəyi gözlənilir. Buna səbəb milli valyutanın 100%-ə yaxın devalvasiyası göstərilib. Devalvasiyanın, həmçinin bankların maliyyə göstəricilərinə neqativ təsir etdiyi qeyd olunub. Bu, bankların valyuta mövqelərindəki uyğunsuzluq və qorunmamış valyuta borclarının yaranması ilə bağlıdır. Mərkəzi Asiya və Qafqaz regionu ölkələrində dollarlaşma həddi çox yüksəkdir və bu, gələcəkdə məzənnə siyasətinin həyata keçirilməsində müəyyən problemlərə səbəb ola bilər. Mərkəzi Asiya və Qafqaz ölkələrinin fiskal siyasətinə toxunan IMF devalvasiyanın bu ölkələr üçün qısamüddətli fiskal qazanc yaratdığını da qeyd edib: "Devalvasiya nəticəsində azalan əmtəə satışından gəlirlər milli valyutada artıb. Həmçinin, devalvasiya nəticəsində artmayan əmək haqları fiskal xərclərin azalmasına gətirib çıxarıb". Qurum Azərbaycanı 2015-2016-cı illər üçün Qlobal Rəqabətlilik Hesabatında 40-cı yerdə müəyyənləşdirib ki, 2006-2007-ci illərdə Azərbaycan bu hesabatda 62-ci olub.

BVF Azərbaycanın dövlət xərclərini önəmli şəkildə azaldacağını bildirib. Həmçinin, ölkənin borc əmsallarının aşağı səviyyədə olduğu qeyd edilib.

Dünya Bankı isə 2016-cı ildə Azərbaycan iqtisadiyyatının 1,9% azalacağını proqnozlaşdırır. Xatırladaq ki, DB-nin yanvar hesabatında Azərbaycan iqtisadiyyatının 2016-cı ildə 0,8% artacağı proqnozlaşdırılırdı. Eyni zamanda, yanvar hesabatında Azərbaycan iqtisadiyyatının 2017-ci ildə 1,2%, 2018-ci ildə 2,7% artması proqnozlaşdırıldığı halda, yeni sənəddə bu rəqəmlər müvafiq olaraq 0,7% və 1,3%-dək azaldılıb. Bank, həmçinin dünya iqtisadiyyatının 2016-cı ildə artım proqnozunu yanvardakı 2,9%-dən 2,4%-ə, 2017-ci il üçün proqnozu isə 3,1%-dən 2,8%-ə endirib.

DB-nin hesabatında Azərbaycanla yanaşı, Rusiya və Qazaxıstan iqtisadiyyatının aşağı neft qiymətlərinin neqativ təsirinin davam edəcəyi açıqlanıb. Lakin bu ölkələrin iqtisadiyyatının bəzi sektorlarında böhranın "dib" nöqtəsinə çatdığı bildirilir. Bank, Beynəlxalq Valyuta Fondu (BVF) kimi 2016-cı ildə neftin orta illik qiymətinin 41 dollar/barel olacağını ehtimal edir.

Məndən bu qədər...

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm