ATV-nin aparıcısı: “O kişinin üstündə…” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

ATV-nin aparıcısı: “O kişinin üstündə…” - MÜSAHİBƏ

Səmimiyyətə üstünlük versə də, bəzi məqamlarda olduğu kimi görünməyə bilir. Dediyinə görə, o da məcburiyyət üzündən. Özəl həyatında qapalıdır. Çətinə düşəndə problemlərini özü həll edir.

ATV-nin aparıcısı Vüsalə Kərimovanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Verilişinin adı “Yüz ölç bir biç”dir. Həyatda necə, yüz ölçüb, bir biçənsən?

- Oy, yüz nədir, azı min dəfə ölçüb biçirəm. Yenə də tərəddüd edirəm. Türklərin bir sözü var e, “titiz”, xüsusən də özəl həyatıma qarşı mən həddən artıq titiz biriyəm.

- Məsləhətləşməyi necə xoşlayırsan?

- Qətiyyən.

- Tutalım, çətin bir duruma düşmüsən, qərar verməkdə tərəddüd edirsən, məsləhətə ehtiyacın var, o halda neynirsən?

- Çalışıram özüm həll edim. Qapalı insanam, hesab edirəm ki, problemimi yaxınlarımdan kiməsə desəm, o da həll edə bilməsə, üzüləcək.

Çox nadir hallarda, prodüseri olduğum Yaşarla məsləhətləşə bilərəm.

- İşə yarıyır?

- Həmişə. Hər halda kişi düşüncəsi fərqlidir, həm də o mənə heç vaxt pis məsləhət vermir.

- Özün kiməsə məsləhət verirsən?

- Əgər kimsə məsləhət istəyirsə məsləhət verirəm, amma kiminsə işinə burnumu soxmuram. Özümə məndən kömək istəmədiyi halda, heç mən anamın belə işinə qarışmıram. Xaraktercə qapalı olduğumdan nə kiminsə işinə qarışıram, nə də öz işimə kiminsə qarışmasını istəyirəm.

- Həmişə olduğun kimi görünürsən?

- Yox, desəm ki, həmişə olduğum kimi görünürəm, ağ yalan olar. Bəzən stresli oluram, çözə bilmədiyin problemlə qarşılaşıram, belə halda, kiminsə üzünə yalandan gülüb keçə bilərəm. Bu o demək deyil ki, bir cür düşünüb, başqa cür davranıram. Yox, riyakar deyiləm amma üzdə kiminsə üzünə gülürəm, öz kədərimi başqalarına yansıtmaq istəməmişəm. Məsələn, sizinlə həmsöhbətəm, gözəl əhval-ruhiyyəniz var, üzünüz gülür. amma mənim kefim yoxdursa, niyə bunu biruzə verib, qanınızı qaraldım? Belə hallarda başqa cür görünə bilirəm. Mən 39-40 dərəcədə qızdırmada efirə çıxmışam, amma bunu tamaşaçı bilməyib. Yaxud da sıfır əhvalla işə gəlmişəm, amma veriliş başlayan anda əhvalım 180 dərəcə dəyişib, deyib-gülmüşəm. Bizim həyatımız aktyorlara daha çox bənzəyir. Aktoyrlar da belədir, onları səhnədə, kinoda dərdsiz, kədərsiz görürük. Adama elə gəlir ki onlar göründükləri kimi xoşbəxtdirlər.

- Səni həyatda nə sındıra bilər?

- Çox çətin sual oldu. Heç vaxt sınmağı sevmirəm. Hələ ki, buna buna imkan verməmişəm ki, kimsə, nəsə məni sındırsın. Amma deyə bilmərəm ki, məni həyatda heç vaxt heç nə sındıra bilməz. Bu həyatdır və belə şeylərdən sığortalanmamışıq. Düşünürəm ki, məni dərd sındıra bilər. Allah heç kimə göstərməsin bu da övladınla, yaxınınla bağlı ola bilər.

- Bəs qəlbini sındırarlarsa?

- Mən buna ruhun incidilməsi deyərdim. Kimsə ruhumu incidərsə, onu heç vaxt bağışlamaram. Belə hallar da olub.

- Yəni heç güzəştə getmirsən?

- Yox. Heç vaxt güzəştə getmirəm. Sevmirəm. İnsan bir səhvi etməsin, niyə qarşısındakından güzəşt istəsin. Borcum yoxdur ki, ona güzəşt edim.

- Həmişə münasibəti bitirmək də asan olmur axı.

- Bir güzəşt digər bir səhvin başlanğıcıdır. Səhv edən adam özünü də bağışlatmağı bacarmalıdır. Bir insan səhvini başa düşmürsə ona 180 min dəfə güzəşt etsən də, xeyri olmayacaq. Onsuz da həyata bir dəfə həyata gəlirik. Niyə axı ömrümüzü kiməsə güzəştlərə gedə-gedə yaşamalıyıq?

- Güzəştsiz də həyat mümkün deyil. Həmişə bitirmək asan olmur?

- Doğrudur. Əgər bitirməyə qərar vermişəmsə, demək ki, bitməldir. Həyatımda bir dəfə bitdi demişəm, bitib.

- Nə vaxt olub?

- 15 il əvvəl.

- Bu gün elə bir adam varmı ki, səni bezdirsin?

- Artıq itirə biləcəyim şey yoxdur deyə düşünürəm. Həyata fərqli baxıram. İndi düşünürəm ki, hər işin xeyirlisi. Allah bir işin sonunu xeyirli etməyəcəksə, bir işin ucunda xeyirsizlik varsa, bunu belə qəbul edirəm. Demirəm ki, yox, bu mütləq mənim olmalıdır.

- Adətən nədən tez bezirsən, yorulursan?

- Aşırı istəkdən yoruluram. Narahat olmağa başlayıram. İstək də, sevgi də qayğı da bir həddə olmalıdır. Hər şeyin çoxu bir problem yaradır.

- Yəqin mənimlə razılaşarsan ki, qadına güc verən sevgidir?

- Əlbəttə, insanın içində sevgi olmasa gözü, ruhu gülməz.

- Gözünü güldürən biri varmı?

- Gəncəmsə, təvazökarlıqdan uzaq olsa da deyəcəyəm, kimdənsə görünüş və xasiyyətcə pis deyiləmsə, əlimin işi-gücü, qabiliyyəti varsa, niyə də həyatımda sevgi olmasın?

- O sevgini itirməkdən qorxursan?

- Həyatda yeganə qorxularım övladımla bağlıdı. Başqa heç nə məni nə qorxuda bilər, nə də təəccübləndirə.

- Şəxsi həyatınla bağlı söz-zöhbətlərə reaksiyan necə olur?

- Hər kəsə demək istəyirəm ki, niyə başqalarının şəxsi işinə qarışırsınız? Kiminsə həyatında kimsə ola bilər, kimsə kiminsə ailəsini dağıdırsa, bu başqa məsələ. Amma iki subay adamın içində sevgi varsa, burda qəbahət nə var axı?

- Yəqin sən də başqa qadınlar kimi xəyanəti bağışlamazsan?

- Əslində mənim xəyanətlə bağlı düşüncələrim fərqlidir. Bir neçə il öncə düşünürdüm ki, xəyanət sevgini bitirə bilər indi fikrim dəyişib. Əgər sevdiyim kişinin həyatında olan qadın istər gözəlliyi, istər ağlı ilə məndən üstündürsə mən bunu xəyanət saymaram. Düşünərəm ki, həyatımda olan kişi məndə tapmadığını onda tapıb. Yox əgər, məndə olanın üçdə biri o qadında yoxdursa o kişinin üstündən nəiki 2 xətt çəkərəm, üstündə qəbir basdıraram, o kişi həyatıma bir də qayıda bilməz. Mənim aləmimdə bu artıq nankorluqdur. Düşünürəm nankorluq sevgini bitirə bilər. Ümumiyyətlə, kişi axtardağını bir qadında tapa bilməyəndə xəyanət edir.

- Bəs qadın?

- Qadın xəyanəti mənə çatmır. Bəziləri acığa edir, amma insan neyləyirsə, özünə edir. Bu günahın üstünə günah götürməkdir. Ola bilər qadın sevdiyi kişidən sevgi, diqqət görmürsə bu diqqəti başqasında görməyə çalışır. Çünki, hər bir qadının sığala, tumara ehtiyacı var. İstənilən halda xəyanəti haqlı saymıram. Çünki zamanında həyatını düzgün qurmalıydın.

- Sevgisiz, diqqətsiz yaşamağın tərəfdarısan? Özünü o qadının yerinə qoysan, necə hərəkət edərdin?

- Düşünürəm ki, belə olan halda həyatını yenidən qurmalısan. Niyə evimin içində oturub ikitirəli yaşamalıyam. Elə boşanıb sevdiyim insanla yaşayaram da. Əgər mənə belə xoşdursa.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm