Neft məhsullarının ixracı necə bərpa oluna bilər?
Bizi izləyin

İqtisadi gündəm

Neft məhsullarının ixracı necə bərpa oluna bilər?

Neft məhsullarının ixracı necə bərpa oluna bilər...

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin yanvar-mart ayları ərzində keçən ilin eyni dövrü ilə müqayisədə 23,48 min ton artıq neft məhsulları ixrac edib. Belə ki, 2013-cü ilin qeyd olunan dövründə bu rəqəm 289,26 min ton təşkil etmişdisə, bu ilin ilk 3 ayı ərzində 312,74 min ton olub.

Qeyd edək ki, ölkədə neft məhsullarına tələbin artması ilə əlaqədar ARDNŞ-in xaricə neft və neft məhsulları satışını dayandıracağı deyilmişdi. Lakin il başlanandan cüzi də olsa ixrac davam edib.

Ölkəmizdə ARDNŞ-in tərkibində cəmi 2 neftayırma zavodu fəaliyyət göstərir ki, bunlar da ildə 7 milyon tondan bir az artıq xammal emal etmək gücünə malkdirlər. Bu zavodlarda Neft Şirkətinin sudan və qurudan çıxardığı neft emal olunur. Digər hasilata aid neft isə xaricə satılır. Çünki müvafiq müqavilə şərtlərinə əsasən, həmin neft emal edilə bilməz. Sözümüz bunda deyil.

Düzdür, daxili bazarı təmin etməkdə çətinlik var. Ümumiyyətlə, ökədə neft emalı sahələrində mövcud gücü artırmaq üçün Səngəçal terminalının şimalında, Qaradağ-Abşeron ərazisində 2023-2025-ci illərdə istifadəyə veriləcək yeni neft-qaz emalı kimya kompleksi işə düşməlidir. Bunun üçün də xammal tələb olunacaq.

Çünki daxili tələbatı ödəmək əsas şərt sayılır. Ancaq məsələ bundadır ki, hələki narahat olmağa əsas yoxdur. Cari ilin yanvar-mart ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,48 min ton artıq neft məhsulları ixrac olunması da hasilat nə qədər azalsa da mövcud emal infrastrukturumuzun daxili bazarı yanacaq məhsulları ilə təmin etmək gücündə olduğunu göstərir. Yəni, ARDNŞ-in çıxardığı neft həcmi və emal zavodlarının gücü yetərlidir. Sadəcə, daxildə istehlaka nəzarət olunmalıdır.

Keçən il dekabrın 3-dən yanacaq məhsullarının qiymətləri 25-33 % artırıldıqdan sonra ölkədə bu ilin ilk 2 ayı ərzində yanacaq istehlakı 6,7 % azalıb. Keçən ilin yanvar-fevral aylarında isə 2012-ci ilin eyni dövrünə nisbətdə 28 %-dən çox artım əldə olunub. Ancaq bu ilin əvvəlindən daxili bazarda avtomobil yanacağının istehlakı azalıb. Belə ki, ilk 2 ayının nəticələrinə görə, daxili bazara 192,8 min ton avtomobil benzini yönəldilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 min ton azdır. Yəni, bazarda gündəlik avtomobil benzininə tələbat bu ilin əvvəlindən 55,9 ton azalıb. Dizel yanacağı da 2 ayın nəticəsinə görə, 22,4 min ton və ya gündəlik tələbatda 379,6 ton az istehlak olunub. Göründüyü kimi təkcə 2 ay ərzində isteklakda xeyli qənaət əldə edilib.

Bu arada onu da qeyd edək ki, ARDNŞ-in cari ilin yanvar-mart ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 23,48 min ton artıq neft məhsulları ixrac etməsində avtomobil benzinin və dizelin rolu olmayıb. Əksinə, keçən ilin ilk 3 ayı ərzində 4470 min ton benzin ixrac edilmişdisə, bu ilin eyni dövründə 383 min ton olub. Həmçinin, dizel ixracı da göstərilən müddətdə 7365 min ton az həyata keçirilib. Başqa sözlə desək, 23,48 min ton artım digər neft məhsulları (aviasiya kerosini və vakum qazoyili) hesabına əldə edilib. Ancaq ölkədə neft məhsullarına, xüsusən də benzinə olan tələbatın nizamsız artmasının qarşısı daha qətiyyətlə alınarsa və yanacaq tutumlu sahələrə nəzarət gücləndirilərsə, enerji istehsalı, nəqliyyat sektorunda fəailiyyət və daşımalarda benzindən, dizeldən istifadə maksimum səmərəli təşkil olunarsa adı çəkilən neft məhsullarının da xaricə satışını bərpa etmək mümkündür.

Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı təmir işləri getdiyi bildirilir ki, bununla əlaqədar olaraq da istehsalda fasilə yaranıb. Qeyd olunan işlər həyata keçirilib başa çatdırıldıqdan sonra zavodun emal gücü 2 milyondan 3 milyon tonadək, benzin istehsalı isə 450 min ton artacaq. Təbii ki, bu, böyük nəticədir.

ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədovun söylədiklərinə də əsasən, 2014-cü ildə neft emalının keçən illə müqayisədə 5,5 %, yəni təxminən 300 min ton artacağı və 100 min ton əlavə benzin istehsal olunacağı, o cümlədən istehsal həcminin 1,5 milyon tona çatması idxalı aradan qaldırmayacaq. Aİ-98 və Aİ-95 markalı benzin növləri bundan sonra ölkəyə ancaq idxal olunacaq. Ancaq ARDNŞ-in hasil etdiyi nefti emala yönəltməmək üçün zəruri yanacaq növlərinin, xüsusən də benzinin ölkəyə idxalını özlüyündə məqsəuyğun sayırıq. O mənada ki, Azərbaycanın nefti keyfiyyətli olduğundan onu daxildə istehlak etmək bizcə, düzgün deyil. Bununla belə, dəqiq hesablamaya ehtiyac var. Sözümüz bunda deyil.

Aİ-98 və Aİ-95 markalı benzin növlərinə bizdə tələbat onsuz da azdır. Ötən il cəmi 3 vaqon-sistern - 179,8 ton Aİ-98 gətirilmişdir. Aİ-95 benzinin isə daxili istehlakda payı 10 %-dir. Əsas, Aİ-92 markalı benzinin istehsalını artırmaqdır. ARDNŞ-in son açıqlamasında da qeyd olunub ki, hazırda bütün qüvvə dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni neft-qaz emalı və kimya kompleksinin inşasına yönəldilib. Həmin kompleks tikilib istismara verildikdən sonra Azərbaycanda Avro-5 standartlarına uyğun yüksək oktanlı və keyfiyyətli yanacaq məhsulları istehsal edə biləcəyik. Və daxildə buna olan tələbat da tam şəkildə ödəniləcək. Yalnız bundan sonra neft məhsullarının ixracı tam həcmdə bərpa olunacaq. Ona qədər isə daxildə istehlakı mütləq məhdudlaşdırmalıyıq.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm