Ərköyün məmur övladı necə milyarder oldu? Gizli mafiya oyunu, baş nazirdən alınan varidat və...
Bizi izləyin

Ekopublika.az

Ərköyün məmur övladı necə milyarder oldu? Gizli mafiya oyunu, baş nazirdən alınan varidat və...

İslam Kərimovun ölümü özbək əsilli milyarder Əlişir Usmanovun hakim ailə ilə münasibətlərini, habelə onun illər əvvəl varisini faciəvi şəkildə itirməsini gündəmə gətirib.

Beləliklə Publika.az özbək əsilli Rusiyanın ən böyük polad şirkətlərinin sahibi olan bu şəxsin hekayəsini təqdim edir.

Prokurorun muşketyor oğlu

Əlişir Usmanov 1953-cü ildə Özbəkistanın Çust Namanqan vilayətində anadan olub. Dörd nəfərlik ailənin ən böyük oğludur. Atası Burxan Usmanov Daşkəndin tanınmış prokurorlarından olub. Kiçik yaşlarında idmana həvəs göstərən Əlişir "Üç muşketyor”u oxuduqdan sonra qılınc və muşketyor döyüşləri ilə maraqlanmağa başlayır. Nəticədə valideynləri onu qılıncoynatma təlimlərinə yazdırırlar. İki illik məşqdən sonra qılıncoynatma üzrə respublika gənclər yığmasına üzv olur. Bir müddət sonra idman növünün ustasına çevrilir. Sovet İttifaqının yığma komandasına qəbul edilir. Məhz həmin ərəfədə idman sarayında bədii gimnastika ilə məşğul olan gələcək həyat yoldaşı İrina Vineri görür, amma ona vurulmur. Bu barədə bir qədər sonra...

Zorlama maddəsi ilə həbs

1971-ci ildə Moskva Dövlət İnstitutunun Beynəlxalq hüquq fakültəsinə daxil olur: “1971-ci ildə oxumağa gedəndə sevgilim məni anlamırdı, deyirdi ki, oxumaq üçün Daşkənd də var, niyə məhz Moskvaya getməlisən. Lakin səfir olmaq üçün yüksək təhsil almalı idim”.

1976-cı ildə beynəlxalq hüquqi bitirən Əlişir Daşkəndə qayıdır. Həyatında və karyerasında uğurlar onu izləyir. Atası Daşkəndin prokuroru, özü isə Özbəkistan Komsomol Mərkəzi Komitəsində baş referent işləyir.

1966-81-ci illərdə Usmanov Ümumittifaq Lenin Komunist Gənclər İttifaqına üzv olur. 1980-ci ildə o həbs edilir. Amma tək yox. Onunla birlikdə Özbəkistan SSR DTK sədrinin müavinin oğlu, DTK-nın xüsusi şöbəsinin zabiti Nasımov və kənd təsərrüfatı nazirinin oğlu İlham Şaykov da Cinayət Məcəlləsinin 3 maddəsi üzrə saxlanılırlar. Ərköyün məmur övladlarına 8 il iş verilir. “Compramat.ru”-nun yazdığına görə, bu maddələrdən ikisi təcavüz və qəsblə bağlı olur. Usmanovun eləcə də Nasımovun ataları övladlarının şıltaqlıqları üzündən vəzifələrini itirirlər. 1986-cı ildə Usmanov səmimi qəlbdən peşman olduğuna dair ərizə yazır və vaxtından əvvəl şərti azadlığa buraxılır. Yeri gəlmişkən, Ə.Usmanov çox-çox sonralar bu hadisəni "siyasi repressiya" kimi izah edirdi. Bildirir ki, onlar klanlar arası mübarizənin qurbanı olmuşdular: “Həbsdə olarkən sağ qalmağım möcüzə idi. Ümumiyyətlə, kimsə məni sağ görəcəyinə inanmırdı. Çünki dustaq yoldaşların arasında ikisinin həbsində prokuror kimi atamın rolu olmuşdu”.

Bu arada, həbsdə olarkən Vaçiqan Petrosov adlı məşhur avtoritetin Usmanovu ölümdən xilas etdiyi irəli sürülür. İş adamı özü də bunu təkzib etmir: “Həmin avtoritet dustaqları atanın günahını oğul ödəməməlidir, deyə başa salmışdı”. Usmanov kriminal aləmlə bağlı suallara isə belə cavab verir: “Məndən kriminal aləmi tanıyıb-tanımadığımı soruşurlar. Necə tanımaya bilərəm ki, 6 il həbs çəkmişəm”.

Nəzərə çatdıraq ki, Usmanov şəxsi işindəki məhkum ifadəsini 2000-ci ildə təmizləyə bilib. Göstərilən tarixdə Özbəkistan Ali Məhkəməsi cinayət işi ilə bağlı hökmün saxta olmasına dair qərar çıxardı.

Turemşik milyarderə çevrilir...

1980-ci ildən Ə.Usmanov fəal şəkildə bizneslə məşğul olmağa başlayır. Bəzi media orqanlarının məlumatlarına görə, Usmanov bu illərdə Özbəkistan-Belçika birgə müəssisəsi olan "Vita"nın (Daşkənd) vitse-prezidenti idi. Lakin həmin ərəfədə bu şəxs haqqında az adamın məlumatı vardı. Əlişir adı iş dünyasına 90-ci ilin əvvəlindən bəlli olmağa başlayır. Digər milyonçular kimi, onun da bəxti Rusiyanın dağılmış, yenidən qurulan bazar iqtisadiyyatında gətirib. İş həyatında Moskvadakı və Özbəkistandakı dostları az kömək etməyiblər. Məhz onların dəstəyi ilə “Rusiyanın ilk müstəqil bankının” direktorlar şurasına daxil olub. Həmin dövrdə bankın fəaliyyəti “lazımlı” firmalara kreditlərin verilməsindən ibarət idi. Əsasən xarici olan firmalara ayrılan kreditə xarici valyuta alınırdı, həmin valyuta saxta fəaliyyət göstərən, mənşəyi bəlli olmayan konturagentlərin hesabına köçürülürdü. Əvvəlcə pul, sonra isə firma yoxa çıxırdı. 1993-cü ildə Əlişir "MAPO-Bank"ın həmtəsisçisi olur. 1990-1994-cü ilə qədər o həm də “İnterkros” Qapalı Səhmdar Cəmiyyətində dirketorun müavini işləyir. 1992-ci ildə “Firma Bars” Məhdud Məsuliyyətli Cəmiyyətini yaradır.

1994-1998-ci illərdə beynəlxalq investisiya və maliyyə şirkəti olan "Interfin" nə rəhbərlik edir. 1998-ci ildə "Qazprominvestholdinq" in (“Qazpom”un törəmə şirkəti, debitor borcların qaytarılması ilə məşğul olur) baş direktorunun müavini vəzifəsində çalışır. 2000-ci ildə holdinqin baş direktoru təyin edilir (bu günə qədər də həmin vəzifəni icra edir).1999-cu ildə Usmanov "Arxangelsk almaz" ASC-nin Direktorlar Şurasına üzvü olur. Eyni ildə “Qazprom və “Qazprominvestholdinq” arasında polad bazarında birgə fəaliyyət istiqamətində müqavilə imzalanır. 2000-2001-ci illərdə “Qazprom" İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışır. Bu vəzifəni icra edərkən o, "Severneftegazprom"un 100 faiz səhmlərinin idarəçiliyinin “Qazprom”a qaytarılmasına müvəffəq olur. 2005-ci ildə Usmanov “Coalco” şirkətinin rəhbəri Vitali Anisimovla "Metalloinvest" şirkətini ( keçmiş Mixayılov adına Dağ-Mədən Kominatının) səhmlərinin 97 faizinə sahiblənir. Məlumat üçün bildirək ki, "Metalloinvest"in səhmlərini Ə.Usmanov Gürcüstanın baş naziri, milyonçu Bizdina İvanişvildən satın alır. 2006-cı ildə "Kommersant" nəşriyyat evinin səhmlərinin 100 faizini əldə edir. Həmin ildə Usmanovun Rusiyanın idman kanalı 7TV-nin səhmlərinin 50 faizini almaq istiqamətində danışıqlar apardığı bildirilir. 2007-ci ildə isə iş adamı Muz-TV-nin səhmlərinin 75 faizini əmlakına keçirir. 2007-ci ildə Usmanov daha bir layihəyə imza atır. Londonun futbol klubu “Arsenal”ın həmsahiblərindən birinə çevrilir. Milyarder klubun səhmlərinin 14,5 faizinə sahibdir. İş adamı həmçinin Amerika şirkəti “Films by Jove”-ni alaraq, Rusiya Dövlət Teleradio Şirkətinə məxsus 550 ədəd keçmiş sovet cizgi filmlərinin bütün dünyanın efir məkanında nümayiş etdirilməsinə lisenziya qazandırır.

Yayılan xəbərlərə görə, bu sövdələşmə Ə.Usmanova 5-10 milyon dollara başa gəlir. 2008-ci ildə Ə.Usmanov Yuri Milnerlə tanış olur və DST-nin (Digital Sky Technologies) səhmdarına çevrilir. Rusiya mobil operatoru "Megafon"un səhmlərinin 31 faizinin Ə.Usmanova məxsus olduğu da onun varidatı haqqında söyləntilərə daxildir. Bu əməliyyatın dəyəri təxminən 5 milyard dollar qiymətləndirilir. İş adamı 2010-cu ildən Mail.ru internet portalına da nəzarət edir. Usmanov o cümlədən Britaniya şirkəti "Middlesex Holdinqs"in vitse-prezidentidir.

“Özbək”i irəliyə çəkən görünməz əllər...

Ə.Usmanovun iş dünyasında birdən-birə bu qədər irəliləməsinə səbəb kimi onun qaranlıq əlaqələri göstərilir. Usmanov o insanlardandır ki, ona Viktor Çernomirdin, Oleq Soskoveç kimi dövrün parlayan adamları böyük simpatiya və hörmət bəsləyirdi. “Özbək”in yaxın dostları arasında Rusiya Hərbi Sənaye Kompleksinin keçmiş rəhbəri Yevgeni Ananev, “Qazprom”un idarə heyətinin sabiq sədr müavini Pyotr Rodionov da var. Bundan əlavə qrup yoldaşına müxtəlif dövrlərdə Kremldə yüksək vəzifələrdə işləyən Sergey Yastrjembskiy də az yardım etməyib. Hətta Ə.Usmanovun bir müddət onun mənzilində yaşadığı da deyilir.

Bu əlaqələr arasında xüsusilə Usmanovun Yevgeni Ananevlə münasibətlərinin tarixi diqqət çəkir. Onlar 80-ci illərin sonlarında tanış olublar. Həmin vaxt Daşkənd prokurorunun oğlu varlı xaricilər üçün nadir heyvanların ovunu təşkil edən “8-ci gün Assosiasiya” firmasına rəhbərlik edirdi.

Usmanovun müştərilərindən biri onun xarici kəşfiyyata işləməyə cəlb etməyə çalışsa da o buna razı olmayaraq “maraqlı xaricilər” haqqından məlumatı Özbəkistanın DTK-sına ötürməyə başlayır. Buradan da xəbər Moskvaya və DTK-nın 6-cı idarəsinə -Yevgeni Ananyevə verilirdi. Sonradan Usmanov özü Ananyevin kabinetində görünməyə başlayır. Beləliklə də onların xəbərçilikdən savayı işgüzar əlaqələri də yaranır. Bilavasitə Ananevin iştirakı ilə Usmanov Moskva ətrafında öz kiçik biznesini qurur. Ramensk plastmas zavodunun nəzdindəki sexdə polietilen torbalar istehsal etdirir. Məhsula tələbat yüksək olduğundan sex yaxşı gəlir gətirir. Usmanovun şəxsi mühafizə dəstəsi, Moskvanın mərkəzində yerləşən Suxarevskiy döngəsində ofisi və milyonerlərin əksəriyyətinin yaşadığı Rublevskiy şosesində villası peyda olur. Amma çox keçmədən polietilen sexi yerli milis orqanlarının diqqətini cəlb edir. İddialara görə, buna səbəb sexin zavoddan çox qazanması olur. Belə ki, “özbək”in sexi zavoddakı tullantıları təkrar emal edirmiş. Ananyevin tutduğu post Usmanovu xilas edir.

“Mənə kömək edənləri unutmuram”

Bir məqamı da vurğulayaq ki, Usmanov daim müsahibələrində ona kömək edən hər bir şəxsi xatırladığını vurğulayır. Milyarderin sözlərinə görə, həmin insanlar dostları, müəllimləri və qadınlardır: “Sevdiyim qadınlar da mənə həyatda çox kömək ediblər. Mənim hazırda əsas vəzifəm insanların borcunu mənəvi qaytarmaqdır”.

18 milyardla Rusiyanın fəthi

Bu gün, Əlişir Usmanov Rusiyanın üçüncü ən varlı şəxsidir. O milyardlara hələ 2000-ci ilin əvvəllərindən sahibdir. Lakin onun “kassasındakı” pul daim oynayır. Məsələn, 2008-ci ildə sərvəti 9,5 milyard dollar (Rusiya üzrə 19-cu), 2009-cu ildə 1,6 milyard dollar (Rusiya üzrə 26-cı), 2010-cu ildə 7,2 milyard dollar (Rusiya üzrə 14,dünya üzrə 100), 2011-ci ildə 17.7 milyard dollar (dünya üzrə 35, Rusiya üzrə 5) olub. “Forbes”in 2012-ci ildəki hesabatında iş adamının varidatı 18 milyard dollar, 2013-cü ildə 17,6 milyard dollar, 2014-cü ildə 18,6 milyard dollar, 2015-ci ildə 14,4 milyard dollar dəyərləndirilib. Beləliklə də o, müxtəlif dövrlərdə Rusiyanın 1-ci, hazırda isə üçüncü ən varlı iş adamı seçilib. Əlişir eyni zamanda İngiltərənin ən varlı şəxslərindən sayılır. 2010-cu ildə “The Sunday Times” qəzeti onu Böyük Britaniyanın 10 ən varlı adamından biri olduğunu açıqlayıb.

2014-cü ildə Rusiyanın Krıma müdaxiləsindən sonra birjadakı “qara bazar ertəsi”ndə Ə.Usmanovun şirkətlərinin səhmlərinin dəyəri düşdü. Həmin gün zərəri nə az, nə çox 654 milyon dollar təşkil etdi. Milyarderin səhm payı olan 3 şirkətdə - “Mail.ru Group”un səhmlərinin dəyəri 954 milyondan 825 milyon dollara, “Norilski nikel”in səhmlərinin dəyəri 754 milyon dollardan 717 milyon dollara, “Meqafon”nun səhmlərinin dəyəri 5,1 milyard dollardan 4,6 milyard dollara endi.

Usmanovun ortaqları

Əlişir Usmanov Yuri Milner, Oleq Deripaska, Roman Abramoviçlə ortaqdır. Milyarderin biznesinə gəlincə, o, “Qazprom İnvest Holdinq” in baş direktoru, Digital Sky Technologies-in həmsahibi, "Kommersant" nəşriyyat evinin, kanal Muz-TV-nin sahibidir.

Hobbisi

Milyardin hobbisi qılıncoynatma, sambo və cüdodur. Ə.Usmanov Londonda villaya sahibdir. Eləcə də milyarderin 300-350 milyon dollar dəyərində “Airbus” A 340-300 təyyarəsi, “Dilbər” adlı yaxtası var.

Əlişir Usmanov sonsuzdur?

Əlişir Usmanov Rusiyanın bədii gimnastika üzrə baş məşqçisi İrina Vinerlə evlidir. Yuxarıda qeyd etdiyimiz kimi onlar hələ qılıncoynatma ilə məşğul olduqları zaman tanış olublar. Nikahları isə 1992-ci ildə baş tutub. Rusiya mətbuatı yazır ki, Əlişir İrinaya evlilik təklifini həbsxanada edib. Bu məqsədlə ona əl yaylığı göndərib. Hansı ki, özbək adətlərinə görə, “bu mənimlə evlən” deməkdir.

Onu da qeyd edək ki, İ.Vinerin Əlişirin birinci nikahı olsa da, İrina ikinci dəfə nikaha gedirdi. Birinci nikahdan onun Anton Viner adlı oğlu var. Hazırda o, Usmanovun oğulluğu sayılır. İş adamının doğma övladı yoxdur.

Varisin müəmmalı ölümü

Usmanov qardaşı oğlu - Babur Usmanovu özünə varis edir. Daha sonra onu Özbəkistanın baş naziri Şevkət Mirzəyevin qohumu ilə evləndirir. Bu evlilikdən B.Usmanovun bir qızı dünyaya gəlir. İsveçrədə yaşayan ailə əsasən xaricdən biznesin idarə olunmasına nəzarət edir. 2013-cü ildə Ə.Usmanov varisini də itirir. Belə ki, bibisi qızının toyunda iştirak etmək məqsədilə İsveçrədən Özbəkistanın paytaxtı Daşkəndə yollanan Babur ertəsi gün avtomobil qəzasında həlak olur. Qəza zamanı o, yerindəcə keçinir, avtomobildə olan qız isə xəstəxanada həyatını itirir. Adı qəza olsa da hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri qəzanın Baburun içkili olması səbəbindən baş verməsidir. Dostunun ad günündən içkili çıxan varisin sürəti aşaraq qəza etdiyi bildirilir. İkinci versiya daha çox siyasi xarakter daşıyır. Deyilənlərə görə, Özbəkistanda prezidentliyə iddialılardan olan Şevkət Mirzəyevin milyarderlə qohum olması mərhum İslam Kərimovu və yaxın ətrafını narahat edirmiş. Əslində Babur Usmanovun həlak olduğu qəzanın Özbəkistanda hakimiyyət oyunlarının qızışdığı (2013-cü ildə baş nazir Ş.Mirzəyev müavini Rüstəm Əzimov və Gülnarə Kərimova arasında mübarizə) bir zamanda baş verməsi də bu versiyanı qabardırdı.

Pulunu xərcləyəcək

İngiltərə və Rusiya vətəndaşı olan Əlişir Usmanov qazandığı pulları qəpiyinə qədər xərcləmək niyyətindədir. Dediyinə görə, yeni varis istəmir, eləcə də qohumlarına sərvət buraxmaq niyyətində deyil. Çünki onların vəziyyəti kifayət qədər yaxşıdır.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm