Azərbaycanda milyonerlərin sayı nə qədərdir?
Bizi izləyin

Ekopublika.az

Azərbaycanda milyonerlərin sayı nə qədərdir?

Ölkəmizdə yoxsulların sayını dəqiq müəyyən etmək nə qədər çətindirsə, varlıların da sayını müəyyənləşdirmək bir o qədər mürəkkəb məsələdir. Düzdür, rəsmi olaraq deyilir ki, Azərbaycanda yoxsulluq 5,3 faiz səviyyəsindədir. Bu sahədə ayrıca Dövlət Proqramları da var. “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,3-ə enib, sonrakı illərdə də bu tendensiya davam edərək 2007-ci ilin sonuna 15,8 faiz təşkil edib.

Sözün qısası, rəsmi statistikayla bahəm, 2003-cü ildə ölkədə yoxsulluq səviyyəsi 44,7 faiz təşkil edirdisə, 2004-cü ildə 40,2, 2005-ci ildə 29,3, 2006-cı ildə 20,8, 2007-ci ildə 15,8, 2008-ci ildə 13,2, 2009-cu ildə 10,9, 2010-cu ildəsə 9,1 faizə bərabər olaraq, 8 il ərzində 5,2 dəfə azalıb.

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na əsasən isə 2008-2015-ci illər ərzində ölkənin iqtisadi inkişafının təmini və əhalinin rifahının yaxşılaşdırılması məqsədilə əmək haqlarının mərhələlərlə artırılması, əməyin minimal ödənişi və yaşayış minimumu, istehlak səbəti, həmçinin işsizlik kimi məsələlərin həlli qarşıya vəzifə olaraq qoyulub. Sözümüz bunda deyil.

Həqiqətən də, son 10 ildə əhalinin sosial və dolanışıq səviyyəsi müqayisəolunmaz dərəcədə yaxşılaşıb. Bununla belə, yoxsulların sayını dəqiq söyləmək çətindir. O səbəbdən ki, bizdə bunu ölçmək üçün istifadə olunan vasitələr və yaxud istinad meyarları düzgün deyil, daha dəqiq desək, həqiqəti əks etdirmir.

Yaşayış minimumu 125 manat müəyyən edilən ölkədə kasıbların sayını necə hesablamaq olar? Düzdür, aylıq gəlirləri bu məbləğə uyğun və yaxud ondan aşağı olan vətəndaşların sayı 5,3 faiz ola bilər. Ancaq 200 manata qədər əməkhaqqı və pensiya alanları varlı saymaq olarmı? Təbii ki, yox...

Məsələ bundadır ki, aylıq gəliri 200 manat təşkil edənləri heç orta təbəqə də saymaq düzgün deyil. O səbəbdən ki, bazarda ən zəruri qida məsullarının qiymətlərinə nəzər salsaq, ayda 200 manata yalnız minimum istehlak səbətini doldurmaq olar ki, o da çox çətinliklə... Yəni, vəziyyət inkişaf etmiş ölkələrdəki kimi deyil.

Odur ki, sual yaranır: bəs, varlılarımızın sayını necə hesablamaq olar? Azərbaycanda məgər “Forbes” jurnalında adları çəkilən varlılar kimi milyoner və milyarderlər yoxdurmu? Varsa, neçə nəfərdirlər?

Ümumiyyətlə, ölkəmizdə varlıların sayını aşkarlamaq mümkündürmü?

İş ondadır ki, ölkədə yoxsulluğu aşkarlamaq üçün Milli Məclisin hər ilin əvvəlində müəyyən etdiyi – qeyri-real sayılsa da – yaşayış minimumu göstəricisi var. Amma əhalinin digər hissəsinin yaşayış səviyyəsini müəyyənləşdirməkdən ötrü istinad üçün heç bir amil mövcud deyil.

Düzdür, Dövlət Statistika Komitəsinin (DSK) verdiyi məlumata əsasən, 2013-cü ildə Azərbaycanda varlı ailələrin sayının ümumilikdə 5,2 faizini təşkil etdiyi deyilib. Bakıda yaşayan hər 9 ailədən birinin isə varlı olduğu qeyd edilib.

Bu zaman ailədə adambaşına düşən aylıq gəlir 300 manatdan çox götürülüb ki, paytaxt əhalisinin 11,1 faizinin adambaşına aylıq gəliri bundan çox sayılıb və ötən ildəkindən 6 faiz yüksək olub. Bu da təbiidir. Ona görə ki, ölkənin iqtisadi potensialının çox hissəsi Bakıda yerləşir. Təsadüfi deyil ki, dövlət büdcəmizin 95 %-dən çoxu paytaxtımızdan əldə edilən gəlirlər hesabına formalaşır. Ümumiyyətlə, büdcənin formalaşmasında regionlardan gəlirlərin pay səviyyəsi çox aşağıdır. Məsələn, 2013-cü ilin əvvəlində cəmi 3 % ətrafında təşkil edirdisə, bu il dövlət büdcəmizin yerli gəlirlərinin 779 milyon manat olacağı gözlənilir ki, bu da gəlirlərin 4,2 %-i deməkdir. Sözümüz bunda da deyil.

Sual yaranır ki, 200 manata qədər əməkhaqqı və pensiya alanları, başqa sözlə desək, aylıq gəliri 200 manat təşkil edənləri heç orta təbəqə də saymaq mümkün deyilsə, 300 manatdan çox gəliri olanlar varlı hesab oluna bilərlərmi?

Yaxud, ölkədə istər dövlət, istərsə də özəl təşkilatlarda çalışanların əksəriyyətinin əməkhaqqı səviyyəsi respublika üzrə orta aylıq göstəricidən – 436,7 manatdan aşağı olduğu halda, əhalinin orta gəlirli hissəsi neçə faiz təşkil edir? Vətəndaşların 5,3 faizi yoxsul, 5,2 hissəsi isə varlıdırsa, deməli, qalan 90 faizə yaxını orta səviyyədə dolanır? Bu həqiqətənmi belədir?

Şübhəsiz ki, yox...

Azərbaycanda bu gün orta təbəqə yoxdur və yaxud da çox cüzi hissə təşkil edir desək, səhv etmərik. Çünki orta təbəqə varlılar ilə kasıblar arasında “ərimiş” vəziyyətdədir. Bu isə o deməkdir ki, varlılarımızla kasıblarımızın sayı, əslində, daha çoxdur. Və onların hər biri bir neçə təbəqəyə bölünüb.

Biz əvvəlki şərhlərimizdə də yazmışdıq ki, ölkədə büdcədən maliyyələşdirmədə əhalinin nominal gəlirlərinin aşağı və yuxarı hədləri arasında kəskin fərq aradan götürülməlidir. Üstəlik, gəlirləri dövlət büdcəsinə bağlı olmayanlar da var ki, ölkəmizdə əksəriyyətin əməkhaqqı səviyyəsi respublika üzrə orta aylıq göstəricidən aşağı olsa da, bir qrup adamın gəlirləri bundan 10-15, hətta 20-30 dəfə artıq təşkil edir. Odur ki, orta təbəqə tamamilə yox olub.

DSK-nın məlumatına əsasən, keçən il adambaşına ayda 100-200 manat alanlar ilə 200-300 manat alanlar arasındakı nisbətdə dəyişiklik olub. Belə ki, 2012-ci ildə adambaşına ayda 100-200 manat qazananlar 75,3 təşkil edirdisə, ötən il 65,6 faizə düşüb. Adambaşına ayda 200-300 manat qazananlar isə 2012-ci ildəki 19,4-dən 23,1 faizədək artıb.

Bu, əhalinin dolanışıq vəziyyətinin yaxşılaşdığını göstərir. Ancaq bütövlükdə bu məbləğ (200-300 manat) ətrafında və ondan çox qazananlar yoxsul təbəqədir. Belə ki, Azərbaycanda yoxsullar bizcə əsasən, 3 təbəqəyə - ifrat, orta və nisbətən yoxsul təbəqəyə bölünürlər. Aylıq gəlirləri 125 manatdan aşağı - yaşayış minimumu göstəricisindən az olanlar ifrat, 300 manatadək olanlar orta, bundan yuxarı və yaxud 300-1000 manat arası olanlar isə nisbətən yoxsul sayılırlar.

Varlılara gəldikdə isə, onları da 3 təbəqəyə bölmək mümkündür. 1000-2500 manat gəliri olanlar nisbətən, ayda 5000 manata qədər alanlar orta, bundan yuxarı gəlirlilər isə ifrat varlı təbəqəyə mənsubdurlar.

Söhbət, varlıların ümumi sayından gedərsə, bilavasitə büdcə təşkilatlarında göstərilən rəqəmlər səviyyəsində əməkhaqqı alanların kimlər olduğu bəllidir. Lakin ölkəmizdə iqtisadiyyatda özəl sektorun payı 80 faiz təşkil etdiyindən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da var. Və üstəlik, bu da məlumdur ki, ölkədə bütün növ fərdi gəlirlər tam olaraq heç də lеqаl хаrаktеr dаşımır və özəl sекtоrdа ona qarşı dövlət tərəfindən kifayət qədər kəskin mübarizə aparıldığına rəğmən, iкili əməкhаqqı sistеmi hökm sürür. Sözümüz bunda deyil.

Statistikaya əsasən, əhalinin dolanışıq vəziyyətində yaxşılaşma varsa, deməli, varlıların da sayı və qazancları artmaqdadır. Dünyada hər il varlıların sayları və sərvətləri artır. Təkcə, keçən il onların sayı 17 faiz artıb. Çünki dünya iqtisadiyyatı böyüyür. Azərbaycanda da belədir.

Lakin bizdə bunu əyani müşahidə etmək mümkün deyil, ona görə ki, gəlirlərin deklarasiya sistemi fəaliyyət göstərmir. Bayaq da qeyd etdik ki, fərdi gəlirlərin heç də hamısı uçota alınmır. Söhbət, təkcə, onun hansısa növündən getmir: özəl sektorda bir çox halda maaşlar gizlədilir.

Belə olan halda isə, diqqəti yalnız istehlak bazarına və ondan satış həcminə yönəlmək qalır ki, bilavasitə varlıların sayını təxmin etmək üçün dəyəri 100 mindən başlayaraq 500 minə yaxın olan avtomobillərin alışına və ölkədə daşınmaz əmlak sahəsində qiymətlərin səviyyəsinə nəzər yetirmək kifayət edir.

Bu sahədə ötəri müşahidə isə qətiyyətlə deməyə əsas verir ki, ölkəmizdə hətta adları “Forbes” jurnalında çəkilənlərdən də varlı olanlar vardır. Yəni, nəyinki milyonerlərimiz, milyarderlərimiz də az deyil. Ümumiyyətlə, ölkəmizdə ifrat varlı ailələrin sayı bizcə, 100-dən az təşkil etmir. Orta dərəcədə varlılar isə daha çoxdur. Nisbətən varlı olanlarımız isə gələcəkdə orta təbəqəni təşkil edə bilərlər ki, onların sayının artması daha çox diqqət mərkəzində saxlanılmalıdır. Ancaq təəssüf ki, bu, belə deyil və onlar çox az təşkil edir.

Sözün qısası, varlıların sayını dəqiq müəyyən etmək istəyiriksə, birinci növbədə ölkədə yoxsulluğa dair münasibəti və yanaşma tərzini, başqa sözlə desək, onun səviyyəsini ölçmə üsulunu dəyişməyilik. Bütün vətəndaşlar üzrə gəlirlərin deklarasiya sistemini işə salmaq lazımdır. Yeri gəlmişkən, məmurların gəlirlərinin deklarasiyası haqda qanun çoxdan qəbul edilsə də, bu sahədə tələb olunan forma hələ də təsdiqlənməyib.

Ancaq bizcə, söhbət təkcə məmurlardan getməli deyil. Hər kəs maddi gəlirləri barədə hesabat verməli və qazancını gizlətməməlidir. Varlıların sayının çox olması zərərli deyil, səmərəlidir. Sadəcə, onların gizli qalması dövlət üçün itkidir...

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm