Banklarımızın kredit faizləri niyə yüksəkdir? - Araşdırma
Bizi izləyin

Banklar

Banklarımızın kredit faizləri niyə yüksəkdir? - Araşdırma

Bu gün ölkədə adına kredit xətti olmayan vətəndaş tapmaq mümkün deyil. Gəlirləri aşağı olanların banklara son ümid yeri kimi baxması, ikincinin isə əhalinin savadsızlığından, məlumatsızlığından sui-istifadə edib öz kommersiya maraqlarını təmin etməsi ortaya böyük bir statistikanı çıxarıb.

Belə ki, Mərkəzi Bankın yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinin bu ilin 1-ci rübünə olan məlumatına görə, borcalanların sayı 2,042,650, kredit məlumatlarının sayı 7,096 ,386, cəmi zaminlərin sayı 918,484 nəfərdir. Dövlət Statistika Komitəsinin də rəqəmləri MKR-dan geri qalmır. Komitənin hesabatına əsasən, ilin 5 ayında maliyyə-kredit təşkilatlarının təqdim etdikləri kreditlərin məbləği 16.2 milyard manata çatıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 24.8 faiz artım deməkdir. Verilmiş kreditlərin 12.7 milyard manatı uzun müddətli olub. 895.6 milyon manatının ödəmə vaxtı keçib. Müstəqil hesablamalar isə göstərir ki, iqtisadi fəal əhalinin hər 3 nəfərdən biri bank müştərisidir. Əslində verilmiş kreditlərin məbləği də borcalanların sayının durmadan artdığını göstərir. Ən pisi də odur ki, bir vətəndaşın eyni vaxtda

2-3 banka borcu var…

Ekspertlərin fikrincə, belə bir vəziyyətin yaranmasının səbəbi bank kredit faizlərinin yüksək olmasıdır. Nəzərə alsaq ki, sığortalanan əmanətlər üzrə faizlər aşağı salınıb, mərkəzi bankın uçot stavkası da yüksək deyil, əslində qanunauyğunluqla bank faizləri 13-14 faiz arasında dəyişməlidir, nəinki 24-36 faiz. Digər tərəfdən, bu gün kommersiya banklarının əksətiyyəti faiz endirimi ilə bağlı reklam kampaniyasına başlayıblar. Hansı ki həmin reklamlarda faizlər 20-dən yuxarı qalxmır və 17-18 faiz arasında göstərilir.

Bankların gerçək faizləri nə qədərdir? Faizlər niyə endirilmir? Kommersiya bankları nəyə görə, bütün fəaliyyətlərini kreditlərin verilişinə yönəldiblər? Publika.az bu yöndə araşdırmasını təqdim edir.

Başlayaq, ölkədə faəliyyət göstərən bankların əhaliyə verdiyi istehlak kreditlərinin faizlərindən. Hər bir bank üzrə apardığımız monitorinq aşağıdakı nəticəni göstərdi.

“AccessBank”

Son illər kreditlə bağlı reklamlarını artıran “AccessBank” məbləğ 10 000 manata qədər, aylıq faiz dərəcəsi: 2,08% - 2,42%, faktiki illik faiz dərəcəsi min. 28,98% - max. 38,2% olmaqla kredit təklif edir.

“AGBank”

Təklif etdiyi istehlak kreditlərinin minimal məbləğ 300, maksimal məbləği isə 100 000 manatdır. Kredit xətti faktiki illik faiz dərəcəsi 32,56 faizdən başlayaraq təqdim olunur.

“Amrahbank”

Fiziki şəxslərə təklif etdiyi istehlak kreditlərinin maksimum məbləğ 5000 manatdır. Bank 2000 manata qədər zaminsiz, 2000 manatdan yuxarı bir şəxsin zaminliyi ilə kredit verir. Müddət minimum 3 ay, maksimum 24 ay, faiz dərəcəsi 30 %, komissiya 4 % - 6 % (sığorta daxil) təşkil edir.

“ASB” bank

Bankın nağd pul krediti 500 manatdan başlayır. Faizlər 18-20 faiz arasında dəyişir.

“Atabank”

Əsasən mikrokredit təklif edir. Bu portfelə daxil olan “Ekspress” kreditin məbləği 10 000 manat təşkil edir. Krediin faiz dərəcəsi 22 faizdir(24 aya qədər olan kreditlər üçün). 24 % 24 aydan yuxarı kreditlər üçün təşkil edir. Əmək haqqını “Atabank” ASC-nin plastik kartları vasitəsilə alan müştərilər üçün illik 20% (24 aya qədər olan kreditlər üçün), 22 faizsə 24 aydan yuxarı kreditlər üçündür.

“Atrabank”

İstehlak kreditinə şəxsi ehtiyac məqsədləri ilə kredit xətti daxildir. Bank kreditin məbləğini açıqlamır. Sadəcə, “məhdudiyyət yoxdur” deyə qeyd edir. Müddət 12 ay, faiz dərəcəsi 30 faizdir. Təminat kimi zamin, qiymətli metallar, əmlak irəli sürür.

“Azər-Türk Bank" ASC

Bank ev (mənzil) təmiri, ev-məişət avadanlıqlarının alınması, müalicə və digər şəxsi məqsədlər üçün istehlak kreditləri verir. Krediti 15 000 AZN-dək zaminliklə, 15 000 AZN -dən yuxarı maddi girovla (daşınar və ya daşınmaz əmlak) təklif edir. Müddəti 36 ay, faiz dərəcəsi 18-23% faktiki illik faiz dərəcəsi 19.98-31.36%-dir.

“Azərbaycan Kredit Bankı”

Bankın istehlak kreditinin həcmi 500 - 5.000 AZN (USD, EUR), müddəti 3 -18 ay təşkil edir. Kreditin məbləği 500 manatdan – 3.000 manatadək olduqda bir nəfərin zaminliyi və ya bankın müştərisi olan (cari hesab üzrə dövriyyəsi olan) sabit maliyyə durumlu bir hüquqi şəxsin zaminliyi tələb olunur. Kreditin illik faiz dərəcəsi 30 % - 34%, faktiki illik faiz dərəcəsi (FİFD) 34.02 % - 38.06%-dir. Kredit üzrə nağdlaşdırma komisyonu 2 %-dir.

"Bank Avrasiya"

Fərdi müştərilər üçün nəzərdə tutduğu kreditlərin neçə faizə başa gəldiyini anlamaq çətindir. Korporativ müştərilərə verdiyi kreditlərə gəlincə, biznes kreditləri manatla 17% , dollarla 18%, avro ilə 12% təklif olunur. Kreditin maksumum müddəti 5 ildir.

“Bank BTB”

Nağd kreditləri bir neçə kateqoriya üçün nəzərdə tutur. Buraya dövlət müəssisələrinin əməkdaşları, metropoliten əməkdaşları, özəl müəssisələrin əməkdaşları, təqaüdçülər , tibb və təhsil işçiləri üçün kreditlər daxildir. Maraqlidir ki, bütün bu katiqoriyalar üzrə bank 20 dəqiqəyə kredit vəd edir.

Faizlərə gəldikdə, götürək təqaüdçülər üçün kredit xəttini. Bu kredit xətti minimum 150 AZN alan təqaüdçülər (yalnız yaşa və xidmət ilinə görə təqaüdə çıxanlar) üçün nəzərdə tutulur. Kreditin məbləği minimum 300, maksimum 1000 AZN / 1200 USD-dir. Müddət 3 - 36 ay, illik faiz dərəcəsi 36%, faktiki illik faiz dərəcəsi kreditin məbləği 300 AZN olduqda 91.94%, 1000 AZN olduqda 65.19% təşkil edir.

“Bank of Baku”

İstehlak kreditlərinin verilməsi sahəsində kifayət qədər məşhur olan “Bank of Baku” müxtəlif növdə kreditlər təklif edir. Bu bank sırf müştərilərin cibinə girmək, sələmçiliklə məşğuldur. Götürək bankın yeni müştərilərə təklif etdiyi nağd kreditlərin şərtlərini. Kreditin məbləği min. 250 AZN - maks. 1000 AZN-dir. Müddət 6 ay və 12 ay, faizlər illik 28-32%, FİFD min. 48.94% - max. 50.72% -dir. “Bank of Baku” “Bolkart” vasitəsiylə də nağd kredit təklif edir. Burada da faizlər həddən artıq yüksəkdir.

“Bank Respublika”

500-3000 AZN həcmində nağd kredit ayırır. 3000 min manata 1 zamin (iş yerindən arayış tələb olunmur) və ya 50% qızı tələb edir. Müddət 30 ay, faiz dərəcəsi + komissiya əmsalı 34%-dir,

“Bank Technique”

Bankın istehlak kreditlərinin (Məişət tipli avadanlıqların, kompyuter texnikasının, mebel dəstlərinin və s. məişət əşyalarının əldə olunması və digər tələbatların ödənilməsi ) müddəti 3-24 ay, illik faiz dərəcəsi 18-24 %, faktiki illik faiz dərəcəsi 19%-27%-dir. Kredit xəttinin məbləği göstərilmir.

“DekaBank”

"Deka Bank" KB-nın da istehlak kreditləri üzrə illik faiz dərəcəsinin ( FİFD ) hesablanması yönündəki riyazi metodologiyası diqqət çəkir. Bank veb səhfəsində göstərir ki, kredit müqaviləyə əsasən 6 000 manat, nominal faiz dərəcəsi 25% olmaqla verilir. Bu zaman anutet ödəmə 320.23 AZN təşkil edir. Daha bir diqqəti çəkən məqam müqavilə bağlandıqda 30 AZN məbləğində komisyon xərclərin ödənilməsidir.

“Dəmirbank”

Fərdi müştərilər üçün nağd kreditlər təklif edir. Kreditin müddəti 36 aya qədər, məbləği 500-10 000 manat, faiz dərəcəsi illik 28%-dən başlayaraq, faktiki illik faiz dərəcəsi min. - 30,8%, maks. - 46,6%, kredit üzrə komissiya 2%-dir.

“Expressbank”

Fərdi müştərilərə nəzərdə tutduğu kredit portfelində təhsil işçiləri ilə bağlı kreditlərin şərtləri diqqət çəkir. Müddəti 3-36 ay olan kreditin faiz dərəcəsi illik 24%-dən başlayaraq, faktiki illik faiz dərəcəsi min. 28.37% maks. 46.03% arasında dəyişir. Kreditin məbləği bankda müəyyən edilir .

“Günay Bank” və “Kredobank”.

Hər iki bank rəsmi internet ünvanlarında həm hüquqi, həm də fiziki şəxslərə kredit verdiklərini yazıblar. Lakin kreditin məbləği, illik faiz dərəcəsi haqqında heç bir məlumat yoxdur. Belə çıxır ki, borclanmaq istəyən vətəndaş şərtləri öyrənmək üçün mütləq bankın qapısına getməlidir.

“Gəncəbank”

Zaminlik əsasında kredit verir. Kreditin məbləği borcalanın rəsmi gəlirindən asılı olaraq dəyişir. Borcun qaytarılma müddəti 3-18 ay, faiz dərəcəsi 24-36% -dir. Faktiki illik faiz dərəcəsi (FİFD)min. 39,04 % - mak. 45,35 %-dir.

“Kapital Bank”

Bank istehlak kreditini əmək haqqı və ya pensiya alan vətəndaşların məişət avadanlıqlarının, kompyuter texnikasının və mebel dəstlərinin alınması üçün nəzərdə tutur. Kreditləşmənin şərtlərinə gəldikdə, kreditin məbləği minimum 300, maksimum 6000 manatdır. Müddəti 36 ay, annuitet faiz 0%, faktiki illik faiz dərəcəsi 30.52%-dir. Bankın kredit sistemində komissiya haqqının yüksək olması diqqət çəkir. Digər banklarda 2-4 fazi təşkil edən bu rəqəm “Kapital Bank”da 7.5 %-dən başlayır.

“MuğanBank”

Fərdi müştərilər üçün bir neçə kredit növü təklif edir. Onlardan biri də “Lombard” kreditidir. Hansı ki qısa müddətdə nəğd vəsait əldə etməyin ən rahat üsulu sayılır. Araşdırmalar göstərir ki, “MuğanBank “ın kredit siyasəti sırf “Lombard” ın üzərində qurulub. Burada zamin tələb edilmir.Kredit qızıl və qızıldan hazırlanmış zinət əşyalarının (Lombard) girovu ilə verilir. Məbləğ 5000 ABŞ dollarına qədər təşkil edir. Müddət 24 ay, illik faiz 30 - 36 %, faktiki illik faiz dərəcəsi (FİFD) - 32.20% -dən 38.26 % dəkdir. Maraqldır ki, girovdan əlavə kredit xəttinin açılması üçün 2 % komissiya haqqı tutulur.

“Naxçıvanbank”

Fərdi bankçılıq çərçivəsində ancaq fiziki şəxslərə avtomobillərin alınması məqsədilə avtomobil kreditləri təklif edir. Məlum olur ki, kredit üzrə (yeni avtomobil) effektiv faiz dərəcəsi 24 ayadək minimum 23.4%36 ayadək minimum 21.4%-dir.

“NBCBank”

Bu bankın da kredit siyasəti kifayət qədər bahalıdır. Məsələn, bank 5 000 AZN-ə qədər girovsuz, 200 000 AZN-ə qədər daşınar və daşınmaz girovla pul krediti təklif edir. Kreditin müddəti girovsuz 24 aya qədər, girovla 48 аydır. Borcun verilməsinə görə komisyon haqqı 4-5 % -dir. İllik faiz dərəcəsi isə 26%-30% -dir. Faktiki İllik faiz dərəcəsi 12 aylıq kredit üzrə min 34,09% - max 38,17%, 18 aylıq kredit üzrə min 31,66% - max 35,73%, 24 aylıq kredit min 30,4% - max 34,48%, 36 aylıq kredit üzrə min 29,93% - max 34,02%, 48 aylıq kredit üzrə min. 29,11% - max. 33,22%-dir.

"Parabank" ASC

İstehlak krediti çərçivəsində “Mebel və Məişət avadanlığın alınması üçün” kredit məhsulu təklif edir, Kreditin məbləği 300-2500 manatdır. 3 aydan- 24 ayadək 36%-lə verilir. Kreditin kassa xərci 2%, rəsmilləşdirməyə görə komissiya xərci isə 4%, faktiki illik faiz dərəcəsi min.42.9% - max. 75.4%-dir.

“Qafqaz İnkişaf Bankı”

İstehlak kreditlərini mebel, məişət avadanlıqlarının alınması, təmir işləri, təhsil haqqı, şəxsi məqsədlər və digər məqsədlər üçün ayırır. Kreditin maksimal məbləği 5 000 manatdır. Maksimal müddəti 36 ay, illik faiz dərəcəsi 30-36 %, faktiki illik faiz dərəcəsi 31.13-37.23 %-dir.

“Rabitəbank”

Şəxsi ehtiyaclar üçün nağd kreditlər təklif edir. Kreditin məbləği 5 000 manatadək,

faiz dərəcəsi yeni müştərilər üzrə 28 %,təkrar müştərilər üzrə 26 %-dir. Müddət 3- 24 ay təşkil edir. Faktiki illik faiz dərəcəsi 32%-34%-dir.

“TuranBank”

Bankın Kiçik həcmli tələbat üçün şəxsi istehlak kredit növünə nəzər salaq. Kredit dövlət müəssisələrində və özəl sektorda çalışanlara ayrılır. Maksimum məbləği 10 000 AZN və ya ekvivalenti (USD və ya EURO), müddəti 30 ayаdəkdir. Kredit üzrə illik faiz dərəcəsi 12 ayadək 20%, 18 ayadək 23%, 24 ayadək 26%, 30 ayadək 29%-dir.

"Xalq Bank"

İstehlak krediti çərçivəsində bir neçə növ kredit təklif edir. Onlardan təhsil haqqının ödənilməsi üçün kredit növünün şərtlərinə diqqət etdik. Aydın oldu ki, kreditin məbləğ 500 -10 000 manat, müddəti 1-24 ay, illik faiz dərəcəsi 17-20%, faktiki faiz dərəcəsi 17.60-24.90%-dir.

“Yunayted Kredit Bank”

Fərdi müştərilərə avto, Lombard və digər kredit növləri təklif edir. Lombard krediti illik 24%-36%, 2 ilə qədər, kreditin məbləği girovun 80% dəyərində ayrılır. Faktiki illik faiz dərəcəsi kreditin şərtlərindən asılı olaraq 30-38%-dir. Bankın digər kredit növünə gəldikdə, illik 18%-36%, 2 ilə qədər, girovun 60% dəyərində, faktiki illir faiz dərəcəsi şərtlərdən asılı olaraq 30-38% təşkil edir.

“Zaminbank”

İstehlak kreditlərini bir nəfər zamin olmaqla (arayışsız) məişət avadanlığı, məişət texnikası, mebelin alınması üçün verir. Kreditin məbləği 300 manatdan 3000 manata qədərdir. Müddət 24 ay, illik faiz dərəcəsi 23-32%, faktiki illir faiz dərəcəsi 32.03%-dir.

“Nikoil”

Bank zaminliklə istehlak krediti təklif edir. Kreditin müddəti 6 aydan 2 ilə qədərdir. Bank həm manat, həm də dollarla minimal 300, maksimal 5000 manat məbləğində kredit verir. Kreditin minimal nominal faiz dərəcəsi 30%, komissiya haqqı isə 3%-dir. Faktik illik faiz dərəcəsi 6 aylıqda 41.02, 12 ayda 36.08, 18 ayda 34.27, 24 ayda 33.33%-dir.

Faizlərə təsir edən amillər

Göründüyü kimi, ölkədə bank kreditlərinin faizləri 40-50 faizə qədər gedib çıxır. Banklar elə 34-cü anutet ödəmədə öz pullarını geri götürürlər. Mərkəzi Bankın uçot faiz dərəcəsi 4,25, əmanətlər üzrə fazi dərəcəsinin maksimum həddi isə 9 faizdir. Bankların yüksək faiz siyasəti nə ilə bağlıdır? Mərkəzi Bank faizləri niyə endirə bilmir?

Publika.az-a vəziyyəti şərh edən iqtisadçı ekspert Samir Əliyev deyir ki, kredit faizlərinə 2 amil təsir edir: “Banklar kredit vermək üçün resurs cəlb edir və bunu kredit şəklində əhaliyə verir. Cəlb edilən resurs nə qədər bahalıdırsa, kreditin faizləri də o qədər yüksək olur. İndiyə qədər əmanətlər üzrə faizlər 15 faiz təşkil edirdi. Təbii 14-15 faizlə kredit cəlb edən bank aşağı faizlə kredit verə bilməz. İkinci bankların xaricdən resurs cəlb edə bilməməsi də faizlərin yüksək olmasında rol oynayır. Qonşu ölkələrdə bankların xarici maliyyə resurslarından cəlb etdikləri vəsaitlər üzrə faizlər 4-5 faiz arasında dəyişir. Konkret, Qazaxıstan, Rusiya bu praktikadan istifadə edirlər. Bizim bankların müvafiq reytinqləri olmadığından xaricdən kredit cəlbi onlar üçün çətinləşir. Konkret olaraq, Azərbaycan banklarının reytinqi BBB-dən çox deyil. Cəmi 3-4 bank reytinq ala bilib”.

Məlum olur ki, yerli banklar vasitəçi banklardan resurs cəlb edirlər: “Hansısa Avropa bankı 3-4 faizlə kredit götürür, yüksək faizlə bizim banklara verir. Üçüncü səbəb mərkəzləşdirilmiş kreditlərin əlçatan olmamasıdır. Baxmayaraq ki, kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı artıb. Bankların heç də hamısı bu resurslardan istifadə edə bilmir. Bunun üçün Mərkəzi Bankın öz tələbləri var”.

Yüksək faizlər, 4-5 faiz qazanc

İqtisadçı deyir ki, sığortalanan əmanətlər üzrə faizlərin endirilməsinin kredit bazarına təsir edəcəyi gözlənilirdi. Lakin bu, hələlik özünü doğrultmayıb: “Düzdür, faizlərdə enmə var. Amma bu, çox cüzidir. Konkret 0,5-1 faizdən söhbət gedir. Deməli , bankların faizlərinə təsir göstərən ikinci qrup amili var. Əvvəla, bura ölkə iqtisadiyyatında riskin həddən artıq yüksək olması daxildir. İstehsala yönəldilən kreditlərin geri qayıtma ehtimalı aşağı olduğundan banklar həmin sahəyə kredit verməkdə maraqlı olmurlar. Banklar istehlak krediti verməyə üstünlük verirlər. Bu gün kredit qoyluşunda istehlak kreditlərinin payı 41 faizə çatır. Getdikcə də bu rəqəm artır”.

Mütəxəssisin sözlərindən bəlli olur ki, istehsal sahəsinə kredit ayırarkən banklar yüksək faiz tətbiq edirlər: “Rəsmi statistikaya görə, problemli kreditlərin həcmi 5 faiz, qeyri-rəsmi statistikaya əsasən isə bu rəqəm 10 faizə yaxındır. Problemli kreditlər bankları məcbur edir ki, özlərini sığortalamaq üçün faizləri qaldırsınlar. İstehlak kreditləri 20-30 faizdən yuxarıdır. Bank olmayan təşkilatlarda isə bu rəqəm 40 faizə çatır. Belə yüksək faizlərə rəğmən isə bankların qazancı 4-5 faiz təşkil edir. Deməli, xərclər həddən çoxdur”.

Banklar göstərməli olduqları xidmətin 20 faizini həyata keçirirlər

Digər bir məqam da girişdə qeyd etdiyimiz bankların bütün fəaliyyətlərini kredit üzərində qurmalarıdır. S.Əliyev deyir ki, banklar göstərməli olduqları xidmətin 20 faizini həyata keçirirlər. Bu gün onların xidmət çeşidi azdır: “Daha çox əmanət qəbuluna, kredit verməyə üstünlük verirlər. Yəni alternativ xidmətlər göstərə bilmirlər. Bunun əsas səbəbi təlabatın olmamasıdır. Bunun da obyektiv subyektiv səbəbləri var. Başqa tərəfdən bankların potensialı lazımi səviyyədə deyil. Bəzi banklar var doğurdan da normal potensiala malikdir. Amma tələbat olmadığından onlar bank məhsullarının çeşidinə önəm vermirlər. Məhdud çərçivədə - valyuta dəyişmədən, köçürmədən, kreditdən pul qazanırlar”.

O ki qaldı ölkə iqtisadiyyatına 16 milyard manata yaxın kreditin qoyulmasına, mütəxəssis deyir ki, bu elə də böyük rəqəm deyil: “16 milyard özü-özlüyündə yüksək rəqəm ola bilər. Lakin kredit qoyuluşunun ümumi daxili məhsula nisbəti 30 faizə yaxındır. Halbuki Şərqi-Qərbi Avropa ölkələrində bu göstərici 60 faizdir, Qərbi Avropa ölkələrində 100 faizdən yuxarıdır. Kredit qoyuluşunun ümumi daxili məhsula nisbəti ölkədə kreditin əhəmiyyətinin göstəricisidir. Buna əsaslanıb demək olar ki, Azərbaycanda kredit bazarının həcmi azdır”.

S.Əliyevin sözlərinə görə, bankların sayı çox olsa da, ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynaya bilmirlər: “7 milyard manata yaxın vəsait istehlak kreditlərinə yönəldilib. Bunu çıxdıqda deməli, ölkə iqtisadiyyatına 9 milyard manat kredit yatırılıb. Onun da böyük hissəsi tikintinin, 20 faizi ticarətin payına düşür. İstehsalın payına kiçik rəqəm qalır. İstehlak kreditlərini ona görə ölkə iqtisadiyyatına yatırılmış hesab etmirəm ki, bu kreditlər xaricdə istehsal olunmuş məhsulların alışına yönəldilir. Yəni kreditlə alınacaq hansı yerli məhsulumuz var”.

Banklar niyə dollarla kredit verir?

Bankların kredit siyasəti ilə bağlı diqqəti çəkən daha bir məqam kreditləşməni dollarla həyata keçirmələridir. Ümumiyyətlə, hazırda bir çox banklarda ayrılan kreditlər dollarla hesablanaraq müştəriyə təqdim olunur. "Azər-Türk Bank", “Azərbaycan Kredit Bankı” , “Bank BTB ”, “Nikoil Bank” eləcə də digər banklar manatla bərabər, dollarla da kredit təklif edirlər. Əslində banklar bunu gəlir əldə etmək məqsədilə reallaşdırırlar. Belə ki, müraciət edən vətəndaşların əksəriyyəti krediti manatla götürür. Bu da bankın hesabında olan milli valyutanın azalmasına, xarici valyutanın istifadədən qalmasına gətirib çıxarır. Nəticədə banklar bəzən krediti dollarla verirlər. Yeri gəlmişkən, dollarla verilən kreditlər üzrə faizlər də yüksək olur. Məsələn, banklardan biri müştəriyə min manat kredit verir, geriyə qayıdanda isə bu rəqəm 1300 manat olur. Bu isə bankın stabil dəyişməyən valyutasıdır. Maliyyə bazarında hər hansı bir risk baş verərsə, artıq 1300 manat bankın dəyərini ifadə etməyə bilər və belədə bank itki ilə üz-üzə qalar. Ona görə də banklar əhaliyə kreditləri ABŞ dolları ilə verməyi üstün tutur. Çünki, bu halda valyuta dəyişməsindən bankların gəlir əldə etmə ehtimalı daha böyük olur.

Mütəxəssis rəylərinə görə, ümumiyyətlə, bir bank kredit verilişində ancaq Azərbaycan manatını əldə rəhbər tutursa, xarici maliyyə bazarında əməliyyatlar həyata keçirdiyi zaman manatı dollara çevirdikdə itkilərlə üzləşir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm