Hər şeyin dadına baxıb, futbolçulardan həzz alan milyarder
Bizi izləyin

Ekopublika.az

Hər şeyin dadına baxıb, futbolçulardan həzz alan milyarder

Şəxsi həyatının göz önündə olmasını sevmir. Bununla belə, dünya mətbuatı onun sevgilisi ilə bərabər atdığı hər addımdan xəbər tutur. Uşaq yaşlarından yetim qalmasına, qohumların qapısında böyüməsinə rəğmən, gəncliyində bəxti üzünə gülüb.

Rusiyanın ən varlı iş adamlarının siyahısına düşüb, “Çelsi” kimi bahalı futbol klubunun sahibinə çevrilib. Söhbət yəhudi əsilli xarizmatik, sirli Roman Abramoviçdən gedir.

Publika.az “Milyonçu” layihəsində R.Abramoviçin həyat hekayəsini təqdim edir.

Yetim milyarder

Əslində, milyardları ilə dünyaya meydan oxuyan Roman Abramoviçin həyat yolu itkilərlə başlayıb. Roman 1966-cı ilin oktyabrın 24-də Saratovda anadan olub. Atası Arkadi (Aron) Naximoviç Abramoviç Komi respublikasında sovet xalq təsərrüfatında çalışan adi bir fəhlə olub. Romanın 1 yaşı olanda Arkadi tikintidə baş verən qəza nəticəsində vəfat edib. Bu ölüm Abramoviçlər ailəsinin son itkisi olmayıb. Gələcəyin iş adamı 4 yaşında anası İrina Vasilyevnanı da itirib. Yetim qalan Roman əvvəlcə əmisi Leyba Abramoviçin, sonra Moskvadakı əmisi Abramın himayəsində yaşamağa başlayıb.

Abramoviçlər haqqında

Abramoviçin bir üstünlüyü də yəhudi əsilli olmasıdır. Romanın atasının valideynləri Naxim (Naxman) Leyboviç (1887-1942, Krasnoyarsk, Reşot düşərgəsi) və Toybe Stepanovna (1890 -?) Belarusiyada yaşayıb, sonra Litvaya köçüblər. Sovet hakimiyyətinin bərqərar olmasından sonra, müharibənin ilk illərində başlayan deportasiya nəticəsində (1941) Abramoviçlər Sibirə sürgün olunublar. Ayrı-ayrı vaqonlara mindirilən ər-arvad bir-birini elə ordaca itiriblər. Beləliklə, Romanın nənəsi Tobye üç oğlunu təkbaşına böyütmək məcburiyyətində qalıb.

Gənclik illəri, diplomsuz milyarder

R.Abramoviç yeniyetməliyinin əsas hissəsini Uxte şəhərində keçirib. 2-ci sinfədək orada təhsil alıb. 1974-cü ildə Moskvaya digər əmisi Abram Abramoviçin yanına köçüb və təhsilini paytaxtda davam etdirib. 1984-cü ildə hərbi xidmətə çağırılıb. İki il ərzində Vladimir dairəsinin artilleriya alayında hərbi xidmət keçirib. Deyilənə görə, həmin ərəfədə Roman Uxta Sənaye İnstitutunun meşə-texniki fakültəsində oxuyurmuş. Lakin əsgərlikdən qayıtdıqdan sonra təhsilini Qubkin adına Moskva Neft-qaz İnstitutunda davam etdirib.Yeri gəlmişkən, Roman Abramoviçin ali təhsili ilə bağlı məlumatlar qarışıqdır. Bəzi mənbələrdə onun Moskva avtomobil-nəqliyyat universitetində (Uxta unuversitetindən köçürmə) təhsil aldığı, hətta 2000-ci ildə Moskva Dövlət Hüquq Akademiyasını bitirdiyi göstərilir. Bütün hallarda ortada bir fakt var: R.Abramoviç qəbul olduğu Uxta Sənaye İnstitutundan məzun olmayıb. Milyarderin ali təhsil aldığı yerlərlə bağlı da dəqiq məlumat yoxdur.

Uşaq oyuncaqlarının satışı, dövlət əmlakının yeyilməsi

Bu gün 9.1 milyard dollara sahib olan R.Abramoviç karyerasina istehsaldan başlayıb.

İlk rəsmi iş yeri (1987-1989) “SU-122” tresti “Mosspeçmontaj”da mexannik vəzifəsi olub. Daha sonra kiçik ticarətə başlayıb. Konkret olaraq 1980-1990-cı illərdə uşaq oyuncaqları istehsal edən “Luç” Kislovodsk koorperativində satıcılıq edib. Bir müddət keçdikdən sonra özünün kooperativini – “Uyut”u yaradıb. Abramoviçin bu barədə dediklərindən: “İnstitutda oxuyanda paralel şəkildə “Uyut” kooperativini yaratdıq. Polimerdən oyuncaq düzəldirdik. Kooperativdə işlədiyimiz uşaqlar sonra “Sibneft”də bölmələrə nəzarət etdilər. Hansısa müddətdə birjada broker də oldum. Moskva bazarlarında məhsulları realizə edirdim. Hansı məhsulun gəlir gətirdiyini və vergini ödəməyə imkan verdiyini araşdırırdım”.

1991-1993-cü illərdə Roman kommersiya və broker fəaliyyəti ilə bərabər, neft məhsullarının satışı ilə məşğul olan “AVK”ya rəhbərlik edir. Neft ticarəti onun başlıca istiqamətinə çevrilir. Lakin çox keçmədən Abromaviçin kiçik biznesi hüquq-mühafizə orqanlarının diqqətini çəkir. 1992-ci ilin iyununda Moskva prokurorluğu ona qarşı dövlət əmlakının mənimsənməsi (Uxtinski neft emalı zavoduna məxsus 4 milyon publ dəyərində 55 sistern dizel yanacağını mənimsəməkdə günahlandırılıb ) ittihamı ilə cinayət işi qaldırılır. Abramoviç həbs olunsa da, əməlində cinayət tərkibini sübut edəcək dəlillər tapılmır. 1992-ci ilin dekabrında cinayət işini bağlayırlar. 1993-cü ildə biznesinə qayıdan Abromaviç Noyabrski şəhərində neft satışı ilə məşğul olur.

28 yaşında dollarları necə qazanır?

R.Abramoviç kimi “daydaysız”, sahibsiz adamın dünya milyarderləri siyahısına düşməsi təəccüb yaratmaya bilməz. Lakin hər bir uğurun arxasında görünməz əllər var. Romanın hazırda sahib olduğu imperiyanın yaranmasında onun Boris Berezovski (iş adamı) və Rusiya prezidenti Boris Yeltsinin ailəsi ilə əlaqələrinin böyük rolu olub. Məhz həmin əlaqələr sayəsində neft satan Abramoviç “Sibneft” neft şirkətinin sahibinə çevrilib. O ki qaldı Abramoviçin Berezovskini hardan tanımasına, əvvəla hər ikisi yəhudi əsilli idi. Sabiq ortaqların tanışlığı Karib adalarında reallaşan dəvətdən başlamışdı. Onları adaya “AlfaBank”ın rəhbərləri Petra Aven və Mixail Fridman dəvət etmişdi. Berezovski özü Avenin, Abramoviç isə Fridmanın qonağı idi. Tanışlıqdan sonra Abramoviçlə Boris Berezovski “Runicom Ltd” ofşor firmasını yaradır. Firma bütün ofşorlar kimi Cəbbəllüttarixdə qeydiyyatdan keçirilir. “Runicom Ltd”nin həmçinin Qərbi Avropada 5 törəmə şirkətinin qeydiyyatı aparılır. 1993-cü ildən 1996-cı ilədək Abramoviç “Runicom Ltd”nin direktoru olur.

Abramoviç bununla bərabər Boris Aleksandr Smolenski (yəhudi əsilli iş adamı) ilə sıx əməkdaşlıq edir. Nəticədə, 1995-1996-cı illərdə bir neçə firma yaradır. 1995-ci ildə 28 yaşlı Abramoviç Berezoviski və Aleksandr Smolenski ilə birgə “Omsk” neft emalı zavodu və “Noyabrskneftqaz” şirkətlərinin bazasında vertikal neft şirkətinin əsasını qoyur. Kremlin lobbiçiliyinə nail olmaqla bir neçə müəssisənin bazasında “Sibneft”i yaradır. Az sonra Abramoviçlə Berezovski bu şirkətin faktiki sahiblərinə çevrilirlər. Belə ki, onlar “Sibneft”in səhmlərini tam əldə etmək üçün özlərinin əvvəldən yaratdıqları törəmə müəssisələri investisiya müsabiqələrinin qalibi edirlər. 1996-1997-ci illərdə Roman Abramoviç “Sibneft”in Moskva filialının direktoru, 1996-cı ilin sentyabrında isə İdarə Heyətinin üzvü olur.

1998-ci ildə “Sibneft” ilə “Yukos” şirkətlərini birləşdirmək cəhdləri uğursuzluğa uğrayır. Səhmdarların ambisiyaları bu sövdəni başa çatdırmağa imkan vermir. Yazılanlara görə, Abramoviçlə Berezovskinin münasibətləri həmin ərəfədə pozulur. Ortaqların fikirləri artıq əvvəlki kimi üst-üstə düşmür.

2000-ci ildə R.Abramoviç başqa bir milyarder Oleq Deripaska ilə ortaq olur. Onlar “Rus alüminiumu” zavodunu yaradırlar. Həmçinin Krasnoyarsk Su Elektrik Stansiyasının, “İrkutskenerqo”, “Ruspromoavto” avtomobilqayırma holdinqinin şərikli sahiblərinə çevrilirlər. Həmin dövrdə Roman Berezovskidən ORT-nin aksiyalarını 42,5 faizini alır və daha sonra onları “Sberbank”a (Əmanət bankına) satır. 2001-ci ildə “Sibneftin” səhmdarları “Aeroflotun” bloklaşdırıcı səhm paketinin 26 faizini alırlar. Cəmi bir neçə ay sonra Baş Prokororluq “Sibneftin” bir neçə rəhbər vəzifə tutan əməkdaşına qarşı cinayət işi açır. Lakin cinayət tərkibinin tapılmadığından araşdırma bağlanır. Təhqiqat yarımçıq qalır.

Berezovskinin düşməninin partiyasını maliyyələşdirir

Abramoviçin adı ictimaiyyətə ilk dəfə 1998-ci ildə açıqlanır: o zamankı prezidentin təhlükəsizlik xidmətinin rəhbəri Aleksandr Korjakovun onu Yeltsin ailəsinin kassiri adlandırır. Bununla da prezidentin ailəsi ilə yaxınlığına dair söz-söhbətlər saqqız kimi uzanmağa başlayır. Milyarderin Tatyana Dyaçenko (eks prezidentin qızı) və onun gələcək əri Valentin Yumaşevin xərclərini ödədiyi, dövlətin kadrlarla bağla bütün qərarlarında yaxından iştirak etdiyi belə deyilir.

Bu arada Abramoviçin adı təkcə Yeltsin höküməti ilə çəkilmir. Onun Vladimir Putinin hakimiyyətə gəlişində müstəsna xidmətlərinin olduğu bildirilir. Hətta Abramoviçin hakim “Vahid Rusiya” partiyasının gizli sponsorlarından olduğu da söylənilir.

Dövlət Dumasına giriş – “Çukçalara yazığım gəlirdi”

1999-cu ildə Abramoviç artıq Dövlət Dumasının №223 saylı Çukota dairəsi üzrə deputatı seçilir. 2000-ci ildə o, Dumanın Yaxın Şərq və Şimal problemləri üzrə komitəsinin üzvü olur. Elə həmin ildə Çukotada qubernator seçkilərində qalib gəlir. Amma qubernatorluq Abramoviçə “baha başa gəlir”. Putinin təzyiqi ilə mütəmadi olaraq regionun inkişafına pul yatırır. Konkret olaraq, o, 2001-ci ildə Çukotada həyat şəraitinin yaxşılaşdırılmasına öz hesabından 18 milyon dollar xərcləyir.

Sual yarana bilər ki, Çukota qubernatoru olmaq hiyləgər yəhudinin nəyinə lazım idi? Özü bu haqda “çukçalara yazığım gəlirdi” desə də, opponentləri Romanın addımını öz fəaliyyətinin leqallaşdırması kimi dəyərləndirirlər. Məsələyə iqtisadi prizmadan yanaşdıqda isə fərqli nəticələr ortaya çıxır. Qeyd etdiyimiz kimi, Roman “Sibneft”in neft məhsullarının satışı ilə məşğul olan digər törəmə şirkətləri Çukotada qeydiyyatdan keçirmişdi. Bundan başqa, Çukota həm də qızıl ehtiyatları, həm də balıqları ilə zəngin idi. Bütün bunlardan isə nəinki Abramoviç, pul qazanmağı sevən heç kəs keçə bilməzdi.

Rusiya ÜDM-nin 3-4 faizi...

2001-ci ildə rəsmi şəkildə bəlli olur ki, Abramoviç Böyük Britaniyada qeydiyyatdan keçən “Millhouse Capital” şirkəti vasitəsilə “Sibneft”in (“Sibneft” dünya üzrə 20-ci, Rusiya üzrə isə 5-ci böyük neft hasilatı şirkətidir) səhmlərinin 80 faizinə nəzarət edir. Həmin vaxt “Rus alüminiumu”nun (RysAl) səhmlərinin 50 faizi, “Aeraflot”şirkətinin səhmlərinin 26 faizi Romana məxsus idi. Vasitəçi şirkətlərin (bəzi məlumatlara görə, “Abramoviç holdinq”) vasitəsilə onun enerji stansiyasının, avtobus, minik və yük avtomobillərinin istehsal zavodlarının, kağız kombinatının, Rusiyanın müxtəlif yerlərində sığorta şirkətlərinin və banklarının olduğu iddia edilir. Müxtəlif qiymətləndirmələrə əsasən, sözügedən “holdinq” Rusiya ÜDM-nin 3-4 faizini formalaşdırırmış.

2003-2005-ci illərdə o, “Aeraflot”dakı, “Rus alüminiumu” , Krasnoyarsk Su Elektrik Stansiyası, “İrkutskenerqo” və “Ruspromoavto”dakı payını satır. Ən sonuncu satışı “Sibneft” şirkəti ilə bağlı olur. Milyarder şirkətin səhmlərini 75,7%-ni 13,1 milyard dollara “Qazprom”a satır. Abramoviç bundan sonra qubernator postunu tərk etməyə cəhd göstərir. Amma prezidentlə görüşdən sonra fikrini dəyişir. 2005-ci ildə yenidən Çukota əyalət dairəsinin başçısı vəzifəsinə təyin edilir. 2008-ci ildə səlahiyyətləri könüllü istəyi əsasında vaxtından əvvəl dayandırılır.

Berezovski ilə məhkəmə çəkişməsi

Roman Abramoviç keçmiş ortağı Berezovski ilə yollarını sakit ayırmır. Aralarındakı narazılıqlar məhkəmə çəkişməsinə qədər gedib çıxır. 2005-ci ildə Berezovski Abramoviçi onu aktivlərini Rusiyaya dəyərindən aşağı qiymətə satmağa məcbur etməkdə günahlandırır. Bildirir ki, əks halda ortağı onu hökümət tərəfindən əmlakının müsadirə ediləcəyi ilə hədələyib. Faktiki, Abramoviç Putin və prezident adminstrasiyasının rəhbəri Aleksandr Voloşinimlə əlbir olub 2000-ci ildə onu qanuni biznesindən məhrum edib. Nəzərə çatdıraq ki, keçmiş ortaqlar arasında məhkəmə çəkişməsi uzun sürür. Abramoviç hətta Berezovskinin şikayətinə baxılmasının dayandırılması ilə bağlı məhkəməyə müraciət edir. 2010-cu ilin martında London Ali Məhkəməsı onun xahişini rədd edir. Nəhayət, 2012-ci ildə məhkəmə Berezovskinin iddiasına baxmaqdan imtina edir. Abramoviç ondan “Sibneft” və “Pusale”nin satışına görə 5,6 mlrd dollar tələb edən keçmiş ortağını məhkəmədə udur.

Hazırkı sərvəti

İş adamının maliyyə gəlirləri tamamilə qapalıdır. Onun iki beynəlxalq bankda - İsveç bankı “Banque Bruxells Lambert SA”da və Avstriya bankı “Raiffeisen Zentralbank Osterreich AG”də hesaba malik olduğu deyilir. Bu hesablardan yalnız birinin aylıq faizi 800 min dollardır.

Abramoviçin kapitalına “Evrvaz” (31 faiz), “Norilskiy nikel”(5,9 faiz), “Perviy Kanal”(24 faiz) və çoxsaylı daşınmaz əmlak daxildir. Yeri gəlmişkən, bu onun deklarasiya olunmuş sərvətidir.

40 mühafizəçisi var

Abramoviçin başı fərqli işləyir. Məsələn, “The Sunday Times”ın yazdıqlarına görə, R.Abramoviç şəxsi mühafizəçilərinin sayı 40-a çatır. Onlardan 20-si Böyük Britaniyadadır. Mühafizə ordusunun saxlanması iş adamına ilə 2 milyon dollara başa gəlir. Dəstənin üzvlərinin çoxunu keçmiş idmançılar, döyüşçülər, paraşütçülər təşkil edir.

Oyuncaqları

Milyarder ona verilən həyatı və imkanları doya-doya yaşayanlardandır. Məsələn, incəsənətə dair 1.5 milyard dollar dəyərində kolleksiyası var. 2013-cü ildə İliy Kobakovun 40 əsərinə 60 milyon dollar sayıb. O ki qaldı onun digər kolleksiyalarına, Abramoviç dünyada ən bahalı yaxtaların sahibidir. Onun “Eclipse”si adlanan yaxtası dəbdəbəsinə görə dillərə dastandır. Uzunluğu 162,5 metr olan yaxta Almaniyanın “Blohm & Voss” şirkəti tərəfindən hazırlanıb. “Eclipse”in bazar dəyəri 400 milyonla 1,2 milyard dollar arasında dəyişir.
Abramoviçin daha bir yaxtası “Luna” Almaniyanın “Lloyd Werft” və “Stahlbau Nord Shipyards” şirkəti tərəfindən istehsal edilib. 115 metr uzunluğunda yaxtada 2 vertolyot meydançası, rabitə qülləsi, hovuz var.

İş adamının yaxta həvəsi bununla sonuclanmır. Onun “Pelorus” adlı yaxtası da olub. Amma 2011-ci ildə Abramoviç onunla vidalaşıb. Belə ki, həyat yoldaşı İrina ilə boşanma proseduruna uyğun olaraq, yaxta milyarderin xanımına verilib.

Abramoviç “Le Grand Bleu” adlanan yaxtasını da 2006-cı ildə işgüzar tərəfdaşı Yevqenyu Şvidlerə hədiyyə edib.

“The bandit”

İş adamının 2 Boinq 767-33A/ER təyarəsi var. Təyarələrdən biri “The bandit” adlanır. Milyorder onu 300 milyon dollara xüsusi sifarişlə yığıdırb. Təyarədə 30 nəfərlik qonaq otağı, qızıl ortüklü tualet və mətbəx yerləşir. Məlumatlara inansaq, Abramoviç təyyarəni əvvəlcə Havay hava şirkətinə sifariş verib. Lakin sonradan Boinq üzərində dayanıb. Milyarderin “oyuncaqları” sırasına 2 helikopter ( Eurocopter) də daxildir.

2,2 milyon dollarlıq “Ferrari FXX

Gəldik çatdıq bir zamanlar əmilərinin himayəsində qalan Roman Abramoviçin bahalı qarajına. 2004-cü ildə o, sifariş olunmuş 2 “Maybach 62” lumizini alıb.Onlardan birinin dəyəri 1 mln. funt sterlinq təşkil edir. Abramoviçin maşın sevgisi bununla sona yetmir. Onun qarajında həmçinin “Ducati” motosikleti, “Bugatti Veyron”, “Maserati MC12 Corsa”, “Ferrari 360”, “Porsche Carrera GT”, “Porsche 911 GT1”, “Mercedes Benz CLK GTR”, “Rolls Royce Corniche” eləcə də “Ferrari FXX” avtomobilinə rast gəlmək olar. Sonuncunun dəyəri 2,2 mln. dollardır. Dünyada cəmi 30 belə avtomobil movcuddur.

Daşınmaz əmlak

Bu siyahı da gözləri qamaşdırır. Abramoviç Londonda Eaton Meydanında 6 mərtəbəli binanı 28 milyon funt sterlinqə satın alaraq oranı lüks malikanəyə çevirib. Onun ölkənin qərbindəki Sussextedə 450 hektarlıq ərazisi, İspaniya və İsrail kimi ölkələrdə çoxlu sayda mülkləri, Aspendə (ABŞ) 40 milyon dollar dəyərində xizək kurortu var. Bundan əlavə o, Fransanın cənubunda “Chateau de la Croe” adlı qəsr alıb. Bu tikilinin rekonstruksiyasına Abramoviçin 50 milyon dollar xərclədiyi deyilir. Tarixi dəyərə malik qəsrdə bir zamanlar şahzadə Edvard və Uollis Simpson (İngiltərəli Edvard evli olmasına baxmayaraq, Uollisi sevib. Uollis (ABŞ vətəndaşı) 1934-cü ildə ərindən ayrılıb və həyatını şahzadə Edvardla birlikdə davam etdirmək qərarına gəlib. 1936-cı ildə Edvard sevdiyi qadınla evlənmək üçün taxt-tacdan imtina edib) yaşayıb.

Abramoviçin sənət kolleksiyasını yerləşdirilmək üçün Sankt-Peterburqda bütöv ada aldığı da deyilir. Bu bazarlıq ona nə az, nə çox, 400 milyon dollar başa gəlib. Məlumat üçün onu da deyək ki, adanın ictimaiyyətə açıq olması planlaşdırılır.

Şəxsi həyatı

Roman Abramaviçin şəxsi həyatına gəlincə, iş adamı iki dəfə evli olub. Birinci arvadı Olqa Yuriyevna Lısovadır (Həştərxan), ikinci həyat yoldaşı İrina Abramoviçdir (Malandina). İrina Abramoviç keçmiş stuardessadır. Bu arada İrina ilə səs-küylü boşanmadan sonra milyoder “Sintez oyl”ın sahibi Aleksandr Jukovun qızı, model Darya Jukova ilə birlikdədir. Onu da bildirək ki, İrina ilə boşanmaq Abramoviçə 300 milyon dollara başa gəlib.

Çoxuşaqlı ata

Birinci və ikinci evliliyindən Abramoviçin 5 uşağı var: 3 oğlan və 2 qız. Sevgilisi Darya da milyarderi ata edib. Daşa ilə Abramoviçin 2009-cu ildə bir oğlu, 2013-cü ildə bir qızı dünyaya gəlib.

Sevgilisinə 27 milyon dollara tablo alır

Daşanın incəsənətə marağı milyarderin 2008-ci ildən rəsm kolleksiyası yığmasına səbəb olub. ”Forbes”onun bu kolleksiyasının dəyərinin 1 milyard dolları keçdiyini yazır. Milyarderin rəsm kolleksiyasında Francis Baconun və Lucian Freydin əsərləri var. Lucian Freydin əsərini isə o, məhz Daşa üçün 27 milyon dollara satın alıb.

“Çelsi”yə 1 milyard dollar xərcləyir

İş adamı dünyanın məşhur futbol klubuna sahibdir. Maraqlıdır ki, o, bir zamanlar borc içində batan sözügedən futbol klubunu 2003-cü ildə satın aldıqdan sonra London birjasında “Çelsi”nin səhmlərinin dəyəri 3 dəfə bahalaşıb. Hazırda “Çelsi” dünyanın ən çox gəlir gətirən klublarının siyahısında 7-ci sırada dayanır. “Forbes”in 2013-cü ilin aprelinə olan məlumatına görə, “Çelsi”nin dəyəri 901 milyon dollar təşkil edib. Biznesmenin özü isə ötən 10 ildə komandaya 1 milyard dollar xərcləyib.

Yeri gəlmişkən, onun futbol klubunu almasının səbəbləri ilə bağlı ilginc fikirlər irəli sürülür. Deyilənə görə, dünyada hər şeyin dadına baxan Abramoviç milyarderin milyonçuya (klubdakı futbolçuların çoxu milyonçudu) necə göstəriş verdiyini də görmək istəyib.

Rusiyanın 14-cü varlı adamı

Abramoviç “Forbes”in siyahısına ilk dəfə 2001-ci ildə 14 milyard dollar sərvəti ilə daxil olub. Sonrakı illərdə müxtəlif sıralarda yer alan milyarder bu il 200 varlı rusun arasında 14-cü sıradadır. Onun sərvəti 9.1 milyard dollardır. Ötən bir ildə pulu 1.1 milyard dollar azalıb. 2012-ci ildə isə bu rəqəm 12 milyard dollar imiş.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm