Porno vaxtı bitdi, seyrə davam - İqtisadi hesabat
Bizi izləyin

Hesabat

Porno vaxtı bitdi, seyrə davam - İqtisadi hesabat

Yola saldığımız həftə havanın hərarətinin yüksəlməsi dünya iqtisadiyyatında da proseslərin istilik dərəcəsini artırdı. Amerika, nəhayət, Fransanın “BNP Paribas” bankını 9 milyard dollar cərimə etdi, “Google” cinsi məzmunlu saytların reklamlarını yığışdırdı, “Facebook” istifadəçiləri Markın fırıldağının qurbanı olduqlarını bildilər. Birjalarda isə, həftə qızılın qiymətinin düşməsi ilə başladı, dünya fond bazarlarının artımı və neftin ucuzlaşması ilə yekunlaşdı.

Deyirəm, FED (Amerika Mərkəzi Bankı) ilə Avropa Mərkəzi Bankı birjalarla nəyi var zarafat edirlər. Belə ki, toplanısından 10 gün əvvəl marjinal faiz nisbətlərinin dəyişdirəcəyinə dair mesajlar verib bazarı təlatümləndirir, sonra da bir rəqəmi də tərpətmir.

Bank faiz siyasətini 0,15 faiz, depozitlər üzrə faizləri - 0,10 faiz səviyyəsində saxlamağa dair qərar verib. Kreditlər üzrə faizləri 0,40 faiz nizbətində təsdiqləyib.

Artan risklərə qarşı həssas olduqlarını deyən Avropa Mərkəzi Bankının rəhbəri Mario Draghi qarşıdakı aylarda inflyasiya nisbətinin aşağı səviyyələrdə olacağını bildirib: “Geopolitik proseslərlə bağlı yaranan riskləri yaxından izləyirik. 2015-ci ildən etibarən AMB İdarə heyəti 45 gündən bir toplanacaq. Yığıncaq protokolları nəşr olunacaq”.

Bu amerikalılar azla qane olmurlar da, mütləq hər sahədə birinciliyə sahiblənməlidirlər. Cari ilin birinci rübündə ABŞ-da neft hasilatı Rusiya və Səudiyyə Ərəbistanından yüksək olub. Hesabat dövründə ABŞ sutkada 11 milyon barel neft istehsal edib. Rusiyada bu rəqəm 10,53 milyon barel, Səudiyyə Ərəbistanında 9,45 milyon barel (Energy Intelligence Group-un araşdırmasına görə) olub. Eksperlərin rəyinə görə, ABŞ-da hasilat neft şist yataqlarının fəal inkişafı sayəsində artıb: “Amerika hazırda dünyanın aparıcı neft, qaz istehsalçısıdır”. Neft hasilatı Texas və Şimali Dakotedə yüksəlib”.

Yeri gəlmişkən, artıma baxmayaraq, ABŞ dünyanın ən böyük neft istehlakçısı olaraq qalır. Sutkada 7,5 milyon barel neft idxal edir. Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən, 2019-cu ildə ABŞ-ın neft istesalı sutkada 13,1 milyon barelə yüksələcək.

Rusiya ilə Ukrayna arasındakı mavi qaz problemi Yüzillik müharibəyə dönmək üzrədir. Belə ki, “Naftoqaz”ın rəhbəri Andrey Kobolev növbəti həmləni edib. Bildirib ki, Avropa qazını 1000 kubmetr üçün 365-370 dollardan almaq sərf edir. Halbuki bir qədər əvvəl Ukrayna Rusiya qazının 1000 kubmetrini 326 dollardan baha almayacağını, hətta 1000 kubmetr üçün 286 dollar ödəyəcəyini israr edirdi.

Qeyd edək ki, iyunun 16-dan Rusiyadan Ukraynaya qaz idxalı dayandırılıb. Hələlik ölkə qaz təminatını Qərbi Avropa vasitəsiylə ödəyir. Konkret olaraq, iyun ayında Ukrayna Qərbi Avropadan 315,8 milyon kubmetr mavi qaz alıb. Polşadan qaz idxalı iyunda 116,122 milyon kubmetr, mayda 127,553 milyon kubmetr təşkil edib. Macarıstandan idxal müvafiq olaraq 199,725 milyon kubmetr və 42,316 milyon kubmetr olub. Bu arada Ukrayna Polşadan aprelin 15-dən, Macarıstandan isə mayın 20-dən qaz idxal edir.

Pulları çox olanların diqqətinə İsveç Mərkəz Bankının faiz endiriminə gedəcəyi ilə bağlı proqnozlar bu səfər özünü doğrultdu. Bank siyasət faizini aşağı istiqamətdə revize edərək 0,75 faizdən 0,25 faizə çəkdi. Repo nisbəti 50 əsas bal endirilərək 0,25 faizə salındı. Mərkəz Bank həmçinin deflyasiyadan qorunmaq üçün 2015-ci ilin sonuna qədər faiz artımına getməyəcəyini açıqladı.

Almaniyada isə vəziyyət ruscadır. Ölkədə işsizliklə bağlı rəqəmlər artım sürəti götürüb. Avropanın ən böyük iqtisadiyyatında işsizlik rəqəmləri ikinci rübdə gözlənilməz şəkildə yüksəlib. İyun ayında işsizlərin sayı təxminləri aşıb. 9 min adam artaraq, işsizlərin sayı 2 milyon 916 min nəfərə çatıb. Bununla belə, işsizlik nisbətində dəyişiklik baş verməyib. 6,7 faiz olaraq təsdiqlənib.

İranda əhaliyə nağd subsidiyaların paylanmasından sonra əhalinin alıcılıq qabiliyyəti daha da azalıb. Eyni zamanda yoxsulluq həddindən aşağı olan insanların sayı artıb. İranın İqtisadi İşlər və Maliyyə Nazirliyinin hesabatında qeyd olunur ki, ölkə sənayesi faktiki olaraq müflis olub: "Məqsədyönlü subsidiyaların icrası layihəsi Mərkəzi Bankdan alınan borcların artmasına, istehsal müəssisələrinin müflisləşməsinə, bəzilərinin tənbəlliyə və işsizliyə öyrəşməsinə səbəb olub və ölkə üçün başqa heç bir faydası olmayıb. Nağd subsidiyaların verilməsindən sonra əhalinin alıcılıq qabiliyyəti 1,5 faiz azalıb”.

Hesabatda həmçinin bildirilir ki, nağd subsidiyaların verilməsindən öncə əhalinin 25 faizi yoxsulluq həddindən aşağı yaşayırdısa, bu rəqəm subsidiyaların verilməsindən sonra 31 faizə çatıb.

Xatırladaq ki, İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın dövründə ölkədə iqtisadi islahatlar aparıldı və subsidiyaların vətəndaşlara nağd şəkildə ödənilməsi layihəsi icra edildi. Həmin dövrdə bir çox iqtisadi ekspertlər subsidiyaların əhaliyə nağd ödənilməsi sisteminin elmi əsaslarının olmadığını bildirmişdi.

M.Əhmədinejad hökuməti təbliğat aparmaqla nağd subsidiya almaq üçün qeydiyyata alınanların sayını azaltmaq istəyirdi. Lakin qeydiyyat başa çatdıqdan sonra məlum oldu ki, İran əhalisinin cəmi 9 faizi nağd subsidiyaları almaq üçün qeydiyyatdan keçməyib.

İş dünyası

Həftənin bombasını “Google” partlatdı. Axtarış proqramı cinsi məzmunlu saytların reklamlarını qadağan edib. “Google”nin tətbiq etdiyi yeni reklam şəbəkəsi sistemində artıq porno məzmunlu saytlara yer verilməyəcək.. Xatırladaq ki şirkət mart ayında bunu elanı etsə də tətbiq indi başlayıb.

“Google”nin AdWords adlı veb Reklam şəbəkəsi ildə 13.8 milyard dollar qazanc gətirir. Bu da firmanın gəlirlərinin 90 faizinı meydana gətirir. Əslində pornografik məzmunlu saytları göstərən reklamlar “Google” də yer tuturdu. Şirkət hətta keçən ay bu cür pornografik reklamlara sahib istifadəçilərə e-poçt ilə xəbərdarlıq edərək lazımlı dəyişikliklər aparmalarını istəmişdi.

Sosial media nəhəngi “Facebook” isə istifadəçilərinin hansı duyğulara məruz qaldığını öyrənmək üçün psixoloji bir test keçirdi. Bunu Cornell və Kaliforniya Universitetləri ilə əməkdaşlığ sayəsində reallaşdıran Mark 700 min istifadəçisindən təcrübə üçün istifadə etdi. Maralısı isə odur ki, bunu testdə iştirak edənlərin ruhu da duymadı. Hazırda “Facebook” istifadəçilərinin razılığını almadan belə bir test keçirdiyi üçün tənqid edilir.

ABŞ-ın Kuba, Sudan və İrana qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda günahlandırılan Fransanın “BNP Paribas” bankı 9 milyard dollarlıq cəzasını qəbul edib. Bank təxminən bir il boyunca ABŞ dolları üzərindən əməliyyat reallaşdıra bilməyəcək. Xatırladaqc ki, bank 30 milyard dolları gizləməkdə günahlandırılırdı.

Amerikalı səlahiyyətlilər fransız bankının “peyk bank” qurduğunu və bu şəkildə qadağan edilən ölkələrdən dollar çıxarmaq istəyənlərin peyk bankdan keçmələrini təmin etdiyini söyləyirlər.

Bizdə olmasa də, qonşuda var. Türkiyə Böyük Mükəlləflər Vergi Dairəsi 2013-cü ilin fəaliyyət nəticələrini açıqladı. Beləliklə, ölkədə ən çox vergi ödəyən şirkətlərin adları bəlli olub. Ən çox vergi ödəyən ilk 10 şirkətdən 7-si banklar olub. Digər 3 şirkət telekommunikasiya, avtomobil-rezin, sənaye, pərakəndə sektorda fəaliyyət göstəriblər.

Vergi rekordçuları arasında YAPI Kredi Emeklilik Anonim Şirkəti, “Cıtıbank”, Mapfre Genel Sığorta Anonim Şirkəti, Mey Alkollu İçkilər Sənaye və Ticarət AŞ, THY DO & CO, DTV haber və görsel yayıncılık A.Ş, “ÜLKER “, Türk Henkel Kimya Sənaye və Ticarət,” LC WAİKİK” və s. daxildir. Ümumilikdə 100 şirkətin vergi göstəriciləri açıqlanıb. 590.922.342 tl vergi ödəməklə “TURKCELL” şirkəti siyahının birincisi olub.

Tətilə çıxmaq istəyənlərin nəzərinə Aralıq dənizi sahilində yerləşən ölkələr arasında turistlər üçün ən bahalı ölkə İtaliyadır. İtaliyada olan restoran və otellərin qiymətləri digər Avropa ölkələri ilə müqayisədə 10 faiz daha bahalıdır. Ucuz və rahat ölkələr arasında Xorvatiyada otel və restoran qiymətləri 26 faiz daha ucuzdur. Portuqaliyada bu rəqəm 23 faiz, Türkiyədə isə 22 fazidir.

İki slavyan bir-birini qırır, çanaq bizimkilərin başında çatlayır. “LUKoil” Krımdan çıxıb. Şirkətin prezidenti Vahid Ələkbərov “Vedomosti” qəzetinə müsahibəsində bildirib ki,Krım rəhbərliyinin xahişi ilə bütün yanacaqdoldurma məntəqlərini satıb.“LUKoil” rəhbəri sövdələşmənin kommersiya xarakteri daşıdığını deyib: “Ancaq vəziyyəti nəzərə alaraq endirimlər edilib”. Şirkət artıq satılmış məntəqələrə yanacaq tədarük etməyəcək”.

V.Ələkbərovun sözlərinə görə, “LUKoil” şirkətinin Ukraynada 250 yanacaqdoldurma məntəqəsi var: “Bizim Ukraynanın bütün regionlarında yanacaqdoldurma stansiyaları var – xususilə Ukraynanın mərkəzi, cənubi və qərb hissəsində”. O da məlum olub ki, “LUKoil”ın Ukraynada 5 minə yaxın işçisi var: “Bundan əlavə, şirkətə “Karpatneftxim” neft-kimya kompleksi də daxildir. Hazırda zavodun fəaliyyəti iqtisadi və təhlükəsizlik səbəbləri ilə əlaqədar olaraq dayandırılıb. İşçilər müəssəsinin dayanmasına baxmayaraq, əməkhaqqı alırlar. Biz həmkarlar ittifaqı və regional hakimiyyət orqanları ilə yaxşı münasibətlər qurmuşuq və bizim regional rəhbərliyimiz hakimiyyət orqanları ilə sıx əlaqədədirlər”.

Gəldik çatdıq öz ölkəmizə. Həftə ərzində "Bakı Metropoliteni” QSC-nin strukturu müəyyənləşdirildi, “Azərsu” Səudiyyə İnkişaf Fondu ilə 35 mln. dollarlıq kredit saziş imzaladı. Həmçinin həftə ərzində məlum oldu ki, ötən ay Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 16% artıb, Bakıda qeyri-yaşayış bazarında ilin əvvəlindən başlayan qiymət artımı stabilləşib, kirayə evlərin qiyməti 4% ucuzlaşıb, daşınmaz əmlakın icbari sığortası üzrə 2 mln. manatdan çox sığorta haqqı yığılıb. 10 bank zərərlə işləyib, vaxtı keçmiş kreditlərin həcmi bir ildə nə az nə çox 18%, bank aktivləri 23% yüksəlib. Eləcə də Bakı Fond Birjasının dövriyyəsi 2 dəfə artıb. Bütün rəqəmlər artıma doğru istiqamət aldığından İpoteka Fondu da “utanıb” öz aləmində artım gedişi edib. Son açıqlamalara görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin orta məbləği 2% artıb.

Yeri gəlmişkən, bu qədər artım xəbərinin fonunda cəmi üç azalma baş verib. Biri Gürcüstandan Azərbaycana gətirilən maşınların sayının 31% azalması, digərləri isə ARDNŞ-ın həyata keçirdiyi qazma işlərinin həcmini 19% aşağı salması və Novorossiysk limanından xam neftin ixracının 2 dəfə düşməsidir.

Valyuta bazarına gəlincə, həftənin yekununda Mərkəzi Bank (AMB) tərəfindən müəyyən olunan manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78438 manat səviyyəsində müəyyən olunub. Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.

Məndən bu qədər. Hər birinizə uğurlu həftəsonu istirahəti …

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm