“Onunla birgə yaşamaq nüvə reaktoru ilə eyni yatağı bölüşməkdir”
Bizi izləyin

Ekopublika.az

“Onunla birgə yaşamaq nüvə reaktoru ilə eyni yatağı bölüşməkdir”

O, dünyanın ən varlı şəxslərindən biri, ikinci ən böyük proqram təminatı şirkətinin sahibidir. Uşaqlıqdan yetim qalsa da, qarşısına milyarder olmağı məqsəd kimi qoyur və buna nail olur. Xarizmatik, çətin xarakterə sahib, bir az da dəlisov olan bu yəhudinin adı Larri Ellisondur.

Publika.az ”Milyonçu” layihəsi çərçivəsində “Oracle Corporation”nun sahibi L.Ellisonun həyat hekayəsini təqdim edir.

Övladlığa verilir

Dünyanın beşinci ən varlı adamı olan Larri Ellison 1944-ci il, avqustun 17-də Nyu-York ştatında anadan olub. O, dünyaya heç də xoşbəxt bəndə kimi göz açmayıb. Əvvəla, nikahdankənar övlad olub. Belə ki, Odessadan miqrasiya edən 19 yaşlı yəhudi əsilli anası Florens Spellman hamilə qalmağından gec xəbər tutur – qadın bunu biləndə ABŞ hava qüvvələrinin pilotu olan sevgilisinin (o, italyan əsilli idi) təyinatı artıq başqa ölkəyə verilmişdi. Uşaq atasız doğulur. Bu azmış kimi, doqquz aylığında Larri pnevmoniyaya tutulur. Spellman uşağın qayğısına qala bilməyəcəyini anlayır və körpəsini xalasının himayəsinə verir. Beləliklə, Liliya Spellman Ellison və Lüs Ellison körpəni övladlığa götürürlər.

Anasını ilk dəfə 48 yaşında görür

Larri 12 yaşına qədər iz qoymadan ilim-ilim itən anasının adını belə bilmir. Milyarder ilk dəfə Florens Spellmanla 48 yaşında üz-üzə gəlir. Yeri gəlmişkən, anasını o, tutduğu şəxsi detektiv vasitəsiylə tapır.

“Sən həyatda heç nəyə nail olmayacaqsan”

Larrinin uşaqlığı Çikaqodakı ikiotaqlı kiçik mənzildə keçir. Atalığı, Krımdan miqrasiya edən yəhudi əsilli Lui (əsil soyadı Qoldman olur. Ellison soyadını köklərini gizlətmək üçün götürür) dövlət işçisi olur. Daşınmaz əmlak sahəsində yaxşı sərvət qazansa da, böhran dövründə pulunu itirir.

Larri orta təhsilini Çikaqo məktəbində alır. Yeniyetməlik dövründə kifayət qədər müstəqil, çətin xarakterə malik olduğundan atalığı ilə tez-tez sözləri çəp düşür. Atalığı hətta onu daim “sən həyatda nəyəsə nail olmayacaqsan. Avarasan” kimi alçaldıcı sözlərlə danlayır. Bu o vaxt idi ki, kimsə göz yaşları axıdan Larrinin timsalında gələcəyin multimilyarderini görmürdü.

O heç də axmaq deyildi

Hər şeyə rəğmən Larri axmaq deyildi. Hətta özünü bütün sinif yoldaşlarından ağıllı hesab edirdi. Bunu dilə gətirməkdən çəkinmirdi də. Sadəcə, onun üçün dərsdə oturmaq darıxrıcı idi. Çünki Larrini elm deyil, dərslikdə olmayan mövzular, məsələn, kosmik gəminin hazırlanması, insan genlərinin quruluşu kimi məsələlər maraqlandırırdı. Bu sahələrdə uydurmalarını isə o, həqiqət kimi təqdim etməyi bacarırdı. Həmin zaman Larrini təkcə atalığı “məktəbə gedib təhsil almalısan, yoxsa həyatda nəyəsə nail olmayacaqsan” kimi xatırlatmalarla yerə qaytarırdı.

Ali təhsilini 2 dəfə yarımçıq buraxır

Larri məktəbi bitirdikdən sonra İllinoysk universitetinə qəbul olunur. Analığının ölümü ilə əlaqədar təhsilini yarımçıq qoyur. Bir ildən sonra hər şeyə yenidən başlamaq qərarı verərək Çikaqo Universitetinə daxil olur. Lakin ötən bir il ərzində o, kifayət qədər dəyişmişdi. Elmə, insanlara marağı qalmamışdı, oxumaq istəmirdi. İstedadlı, amma pis oxuyan Larrini ilk semestrdən sonra universitetdən qovurlar. Hər şeydən əlini üzən gənc Kaliforniyaya üz tutur və ciddi şəkildə kompüter proqramlaşdırması ilə məşğul olur. Sifariş əsasında kompüterlərə proqram yazır, yaxşı pul qazanır. Düzdür, həmin dəqiqədə də pulunu dağıdırdı. Çünki qənaət etməyi, arxaya pul atmağı bacarmırdı.

“Gün gələcək dünyanın ən varlı adamı olacam”

Ən çətin günlərdə belə Larri Ellisonda özü, gələcəyi ilə bağlı əminlik vardı. Daim ətrafdakılara və özünə “gün gələcək, dünyanın ən varlı adamı, milyarder olacam. Bu sözlərimi unutmayın və bir tərəfə yazın” kimi sözlər deyirdi. Doğrusu, insanlar, tanışları onun nəinki milyarder, hətta iş sahibi olacağını belə real hesab etmirdilər. Çünki Larri velosipedlə işə gəlir, kafedə yeyirdi, adi texnikdən heç nə ilə fərqlənmirdi.

Öz şirkətini qurur

1970-ci ildə o, “Ampex” şirkətlərində işə başlayır. Bu zaman artıq bank əməliyyatlarının hamısı kompüter vasitəsilə idarə edə edilirdi. Məhz “Amtex”də işlədiyi dövdə “Oracle” şirkətinin tarixi başlayır. Belə ki, Larri şirkət üçün çoxfunksiyalı mükəmməl məlumat bazası yaradır. “Oracle” adlandırdığı baza hər şey edir – hesablayır, axtarır, tapır, müqayisə aparırdı. Proqram o qədər mükəmməl idi ki, onu bir yerə satmaq günah idi. Məhz ona görə də, 1977-ci ildə Larri Ellison “Amtex”in keçmiş idarəçisi Robert Minerlə özünün şirkətini yaradır. Kəşf etdiyi proqrama uyğun olaraq müəssisəsinin adını “Oracle” qoyur. 1980-ci ildə Ellisonun şirkətində cəmi 8 nəfər işləyir. 1986-cı ildə isə “Oracle” ictimai şirkət adını alır. Onun ilkin dəyəri 31,5 milyon dollar qiymətləndirilir. Şirkət Amerikanın sürətlə inkişaf edən müəssisələrindən birinə çevrilir. “Oracle”nin gəlirləri hər növbəti il keçən ilə nisbətən daha da artır. Lakin 1990-cı ildə şirkət özünün ilk itkilərini verir. “Oracle”nin bazar dəyəri birdən-birə 80 faiz düşür. Hətta çoxları Larrinin müflisləşəcəyini proqnozlaşdırırlar. Bütün bunların səbəbi isə Larri Ellisonun mühasibatlığa, daxili auditə nifrət etməsi olur. Nəticədə, şirkətdə milyonlarla dollar yoxa çıxır. Təkcə bir rübdə “Oracle” 36 milyon dollar itirir.

8 nəfərlik şirkətdə hazırda 120 min işçi var

İtkilərə baxmayaraq, Larri özünü dirçəldə bilir. Sektorda “Microsoft”dan sonra ikinci böyük şirkətə çevrilir. Bir zamanlar səkkiz işçisi olan “Oracle”nin əməkdaşlarının sayı 120.000 nəfərə yüksəlir. Şirkətin 380.000-dən çox müştərisi yaranır, 145 ölkədə fəaliyyət göstərir. Rəqəmlərə gəlincə, 2009-cu ildə “Oracle”nin gəlirləri 23.252 milyard dollar, xalis gəliri 5.593 milyard dollar olur. Larri Ellisonun özü isə “Forbes”in qiymətləndirməsində dünyanın beşinci varlı şəxsi kimi yer alır. Onun var-dövlərinin həcmi 50 milyard dollar səviyyəsində dəyərləndirilir. Larrinin bir il ərzində sərvəti nə az, nə çox 72,9 milyon dollar artıb.

Larrinin qəribə kadr siyasəti

Larri işə ən təkəbbürlüləri, xəsisləri, aqressivləri götürür. İşə qəbul zamanı namizədlərə “siz kursda ən ağıllı idiniz” sualı verilir. Cavab “hə” olduqda həmin şəxs “Oracle”də işləyir. “Yox” olduqda isə “ən ağıllının” kimliyi soruşulur və kadrlar şöbəsi həmin adama zəng edir. Larrinin işçilərlə bağlı daha bir neçə tələbi də var: onlar qanacaqlı olmalı, həftənin yeddi günü işləməli, hər müqaviləni dişləri ilə əldə etməlidirlər.

Dörd dəfə evlənib

Belə qəribə xarakterə malik insan 4 dəfə evli olub. Həyat yoldaşı Adu Kuinnlə o hələ tələbəykən tanış olur. Cütlük yeddi il evli qalır. Ada həmişə Larri haqqında belə deyir: “O fantastikdir, möhtəşəmdir. Onunla heç vaxt darıxdırıcı deyil. Amma Larri ilə birgə yaşamaq nüvə reaktoru ilə eyni yataqda yatmaq kimidir. Milyarderin ikinci həyat yoldaşı universitet tələbəsi Nensi Uiller olur. Onlar 1977-ci ildə evlənirlər, cəmi bir il sonra Nensi boşanma davası açır. Üçüncü həyat yoldaşı Barbara Butla ilə isə 4 il evli qalır. Hətta onların iki uşağı da dünyaya gəlir. Yeri gəlmişkən, yazılanlara görə, Barbara “Oracle”də katibə işləyirmiş. Larriyə ərə getmək onun ən mühüm arzularından biriymiş. Barbara milyarderin onu görüb vurulması, evlilik təklif etməsi üçün əlindən gələni edir. Lakin nigah günü Larri ona elə sürpriz yaşadır ki, Barbara ömür boyu bunu unutmur. İş adamı gəlinə boşanacağı təqdirdə bir qəpik də almayacağına dair sənəd təqdim edir. Larri açıq şəkildə gəlinə deyir ki, ya sənədi imzalayacaq, ya da toy təxirə salınacaq. Barbara birinci ilə razılaşır. Lakin Larrini 4 ildən artıq yanında saxlaya bilmir.

Dördüncü arvadı, amerikalı yazıçı Melani Kraft isə daha hiyləgər davranır. Larri evlilikdən əvvəl Melaniyə “Oracle”nin 11,9 milyon dollar dəyərində səhmlərini hədiyyə edir. Onlar 2003-cü ildə ailə qururlar. Toydan sonra gəlinin sevgi romanı işıq üzü görür. Kitabda bir qadının milyarderi, pleyboyu özünə necə aşiq edib, evlilik təklif etməsindən bəhs olunur. Larrinin bu evliliyi də uzun çəkmir. 2010-cu ildə o, yazıçı xanımla boşanır.

Ona yaxın olanlar işdən daha tez gedir

Şirkətində kimsə Larri Ellisonu kölgədə buraxmaq hüququna sahib deyil. Bunu reallaşdırmağa cəhd edənlərə dərhal qapı göstərilir: “Larrini özünə yaxın buraxan adamlar şirkəti birinci tərk edirlər”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm