Banklar üçün növbəti ağır həftə
Bizi izləyin

Hesabat

Banklar üçün növbəti ağır həftə

Yola saldığımız həftə bir-birindən maraqlı hadisələr baş verdi. Əvvəla, Amerika hökümətinin banklara qarşı başladığı cəza tədbirləri bu həftə də davam etdi. ABŞ, Fransanın “BNP Paribas” bankını 9 milyard dollar cəzaya məhkum etməsininin ardından “Citibank”a da 7 milyard dollar cərimə ödətməyə hazırlaşır. Rusiya isə Avropa Birliyi ilə mavi qazın Ukrayna ərazisindən tranziti ilə bağlı danışıqların növbəti mərhələsinin zamanını müəyyən etdi. Hindistanda yeni hökümət iqtisadi proqramını açıqladı. Həmişə texnoloji yeniliklərlə hamını mat qoyan yaponlar bu dəfə də təəccübləndirməyi bacardılar. Belə ki, onlar dünya tarixində ilk dəfə rus qazını Şimal Qütbündən daşıyacaqlar. Vladimir Putinin yenə də biznesmen damarı tutdu. Kubanın sovet dönəmindən yığılıb qalan borcunu ratifikasiya etdi.

Başlayaq neftdən. Beynəlxalq Enerji Agentliyi qlobal neft təhcizatının iyun ayında gündəlik 92,6 milyon barrel səviyyəsinə yüksəldiyini açıqladı.

OPEC üzvlərinin neft təhcizatı dəyişməyərək gündəlik 30,03 milyon barel səviyyəsində qaldı. İraqın düşən neft istehsalı Səudiyyə Ərəbistanı, İran, Nigeriya və Anqolanın hasilatının artırmasıyla tarazlandı.

Xatırladaq ki, ötən ay İŞİD qüvvələrinin İraqda neft boru xəttini ələ keçirməsiylə Brent tipi neftin qiyməti 5 dollar dəyər qazanaraq, barreli 115 dolları keçmişdi. Hazırda isə birjalarda qiymətlər tarazlanıb.

Hindistanda iqtidara gələn yeni baş nazir Narendra Modi iqtisadi proqramını açıqladı. O, ilk olaraq büdcə kəsirini azaltmaq və xarici sərmayələri təşviq etməyə söz verdi. İqtisadiyyat naziri Arın Jaitley isə təhvil aldıqları iqtisadiyyatın zəif olması səbəbindən 10 faizi aşan inflyasiya və aşağı böyümə nisbətiylə mübarizə aparacaqlarını dilə gətirdi.

İnflyasiyanın nəzarət altına alınmasının vacibliyini qeyd edən nazir bildirib ki, hökumət vergi sistemini sadələşdirəcək. Yeri gəlmişkən, qeyd edək ki, yeni hökumətin iqtisadi proqramı özündə üç məqamı əks etdirir. Bura maliyyə kəsirini düzəltmək, dövlət aktivlərinin özəlləşdirilməsinə getmək, xarici sərmayəçilərə kilid sektorlarda qapıları açmaq daxildir.

Yapon dənizçilik şirkəti “Mitsui OSK Lines” Rusiya təbii qazını Asiya və Avropaya daşıya bilmək üçün buzqıran nəhəng gəmilər almağa hazırlaşır. Nəzərə çatdıraq ki, bu gəmilər sayəsində Şimal Qütbündən ilk dəfə keçiləcək. Yapon şirkətinin əsas məqsədi nəqliyyat müddətini minimuma endirməkdir.

Bu arada nəhəng gəmilərin istehsalı Cənubi Koreyanın gəmi istehsalçısı “Daewoo Shipbuilding & Marine Engineering” (DSME) tərəfindən reallaşdırılacaq. “Mutsui” 420 milyon avro dəyərindəki müqaviləni ortağı “China Shipping” ilə birgə imzalayıb. Yapon şirkətinin hədəfi 2018-ci ildən etibarən Rusiyanın Yamal yarımadasında olan mayeləşdirilmiş təbii qazı Avropaya qısa müddətdə daşıya bilməkdir.

Söz Rusiya qazından düşmüşkən, ölkənin xarici işlər naziri Sergey Lavrov “Cənub Axını” təbii qaz boru xəttinin təqdimat turuna çıxıb, deyəsən. Lavrov ində də Bolqarıstanda “Cənub Axını”nın tikintisi mövzusu ilə əlaqədar bütün tərəflərlə dialoqa hazır olduqlarını bildirib.

40 milyard dollar dəyərindəki nəhəng ”Cənub Axını” layihəsi rus təbii qazını Ukraynadan keçmədən, Qaradənizin altından Bolqarıstana və oradan da digər Avropa ölkələrinə çatdırmağı hədəfləyir.

Yeri gəlmişkən, Lavrovun səfəri bolqarların ürəyini yumşaldıb. Bolqarıstanın xarici işlər naziri Kristian Vigenin Avropa Komissiyasına ruslarla təkrar təmas qurmaları yönündə müraciət edib: “”Cənub Axını”, Avropa Birliyinə lazımlı olduğu qədər Bolqarıstana, eləcə də Cənub-Şərq Avropa ölkələrinə də lazımlıdır. Bu layihə Bolqarıstan və bütün Avropa Birliyinin enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli rol oynayacaq”.

Xatırladaq ki, “Cənub Axını” təbii qaz boru xəttinin Bolqarıstan ərazisində inşası Avropanın rəqabət qaydalarını pozması səbəbiylə təxirə salınıb. Təbii qaz ehtiyacının az qala hamısını Rusiyadan qarşılayan Bolqarıstandakı tək neft neftayırma zavodu da Rusiyaya aiddir. Buna görə də bolqarları başa düşmək olar.

Bu həftə Rusiya və Avropa Birliyi arasında mavi qazın Ukrayna ərazisindən tranzit etmədən təchizatı ilə bağlı danışıqların zamanı müəyyən edildi. Rusiyanın enerji naziri Aleksandr Novak müzakirələrin iyulun 17-18-də reallaşa biləcəyini deyib: “Dəqiq vaxt müəyyən edilməyib. Güman ki, iyulun 17-18-də görüşəcəyik”. Nazirin sözlərindən o da bəlli olub ki, görüş bu dəfə Moskvada keçiriləcək. O ki qaldı “Cənub Axını”nın müzakirəsinə, bu mövzuya toxunulub-toxunulmayacağına Novok “planlaşdırırıq”- deyə cavab verib.

Prezident Vladimir Putin isə Kubanın Federasiya qarşısındakı 32 milyard dollar borcunu ratifikasiya edib. Beləliklə, Kubanın borcunun 90 faizi ratifikasiya olunub. Kremlin mətbuat xidmətinin məlumatında deyilir ki, 2013-cü ilin oktyabrından imzalanan müqaviləyə əsasən, Kubanın kreditlər üzrə ümumi borcu 35,2 milyard dollar təşkil edirdi. Borcun yarısı faizlərdən toplanıb. Qeyd edək ki, kredit xətti keçmiş Sovet İttifaqı tərəfindən dövlət layihələrinin icrası üçün ayrılıb. Borcun qaytarılması ilə bağlı ilk ödənişin vaxtı 25 okyabr 2014-cü ildir. Son müddət isə 2024-cü ilin aprelin 25-dir.

İş dünyası

Vatikan Bankı artıq qalmaqallarla xatırlanmayacaq. Bankın rəhbərliyi ancaq dinə xidmət edən bir təşkilat kimi fəaliyyət göstərəcəklərini açıqlayıb.Bu çərçivədə şəffaflıq meyarlarına uyğun gəlməmələri səbəbindən 4 min nəfərə yaxın müştərinin hesabları hər an bağlana bilər. Nəzərə çatdıraq ki, Papa Francisin bankın rəhbəri təyin edilməsindən sonra 3 min müştərinin hesabı bağlamışdı.

Vatikan bankı eyni zamanda rəhbərlik dəyişikliyinə də gedib. Bankın başına gələn yeni adam isə fransız maliyyəçi Jean-Baptiste də Fransudur. Yeni rəhbər bankın prioritetinin müştərilər olduğunu vurğulayıb: " Hər şeydən əvvəl müştəri. Prioritetimiz müştərilərimizdir. Bankımızda hesabı açdıranlara ən yaxşı xidməti göstərəcik”.

Fransanın “BNP Paribas” bankından sonra cərimələnmə növbəsi “Citibank”dadır. Belə ki, bankın 2008-ci il böhranında ayırdığı ev kreditlərindən sui-istifadə etdiyi ortaya çıxıb. Bununla əlaqədar bankın 7 milyard dollar cərimələnəcəyi bilidirilir. “Reuters”in məlumatına görə, ödəmənin böyük hissəsi nağd olaraq reallaşdırılacaq.

Dünyada 125 milyon istifadəçiyə ödənişsiz internet xidməti təklif edən “Gowex”in son 4 ildəki hesablarının saxta olması yönündəki iddialar şirkəti iflasa aparmaqdadır.

"Gotham city Research" adlı analiz şirkətinin keçən həftəki hesabatında “Gowex”in son 4 ildəki hesablarının az qala haradasa hamısının saxta olduğu iddia edilib.

İddiaların ardından İspaniya şirkətinin hissələrinin dəyəri 60 faiz düşüb. Şirkətin bazar dəyərində 1 milyard avro itki reallaşıb.

“Gowex” qalmaqalı ilə bağlı 30-a yaxın texnologiya şirkətinin də birjada hissələri ciddi dəyərdə eniş yaşayıb.

Gəldik çatdıq öz ölkəmizə. Deməli, Dövlət Statistika Komitəsi 2014-cü ilin iyun ayında ərzaq məhsullarının qiymətinin 2,9 faiz, qeyri-ərzaq mallarının qiymətlərinin 0,1 faiz ucuzlaşdığını, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin isə 0,2 faiz bahalaşdığını açıqlayıb ürəyimizə dağ çəkdi. O da məlum oldu ki, Azərbaycanda ÜDM-in 43,7 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşür. İlin birinci yarısında Azərbaycanda 28,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox ümumi daxili məhsul istehsal olunub, ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 3063,3 manat (3905,2 ABŞ dolları) təşkil edib.

Həftənin daha bir önəmli hadisəsi Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafa həsr olunan iclası və prezidentin orada kommesiya bankları bağlı çıxışı oldu. Dövlət baçısı

kommersiya banklarını dövlət kreditləri hesabına pul qazanmaqda ittiham etdi: “Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Mən etiraz etmirəm, ancaq dövlətin siyasəti var və dövlət özəl bankları dəstəkləyir. Qeyd etdiyim kimi, dövlət kreditlər verir, şərait yaradır ki, pul qazansınlar. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə mümkündür?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?!”

Prezident İlham Əliyev özəl banklarla bağlı çox ciddi islahatların aparılmalı olduğunu vurğuladı: Mənə məlumat verilməlidir ki, Azərbaycanın özəl bankları iqtisadiyyatın real sektoruna hansı həcmdə, nə qədər vəsait qoyur. Onların kredit portfelində iqtisadiyyatın real sektoruna ayrılan vəsait ya investisiya, ya kredit şəklində nə qədərdir və onlar digər sahələrə nə qədər kredit ayırırlar? Mən bunu bilməliyəm və ondan sonra öz qərarımı verəcəyəm”.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm