Həftənin iqtisadi mənzərəsi: dünyadan evimizədək
Bizi izləyin

Hesabat

Həftənin iqtisadi mənzərəsi: dünyadan evimizədək

Yola saldığımız həftə dünya iqtisadiyyatı çalxalandı. Borc böhranına düşən Argentina 12 il ərzində ikinci dəfə defolta uğradı. Beynəlxalq Arbitraj Məhkəməsi Rusiya hökumətinin “Yukos”un köhnə səhmdarlarına 50 milyard dollar təzminat ödəməsini tələb etdi, Amerikada məşğulluq rəqəmləri hökumətə xəyal qırıqlığı yaşatdı, Barak Obama Rusiyaya sanksiyaları artırdı.

İş dünyasına gəlincə, Ukrayna səmasında uçan Malayziya təyyarəsinin vurulmasından sonra sığorta şirkətləri risk mükafatlarını yüksəltməyi qərara aldılar, Londonun “tutma xiyar” adı ilə məşhur olan qülləsi -“The Gherkin” satışa çıxarıldı, “Twitter” endossamentini iki dəfə artırdı.

Başlayaq Argentinadan. Məlum olduğu kimi, ABŞ məhkəməsi Argentinanı investisiya fondlarına 1,5 milyard dollar ödəməyə məcbur edib. Həftə ərzində hökumət, borc verən şirkətlər və amerikalı vasitəçilər bir araya gəlsələr də, müzakirələr nəticəsiz qaldı. Argentina texniki olaraq defolta uğramış elan olundu. Düzdür, ölkənin səlahiyyətliləri bu qərarı qəbul etmirlər.

Argentinanın iqtisadiyyat naziri Axel Kicillof “pulumuz var və borcu ödəyəcəyik” deyir: “Ölkə borcunu ödəmək istəyir və ödəyəcək də. Necə olur ki, hakimin qərarı ilə bizim ödəmələri edə bilməyəcəyimiz deyilir? Bunun tək məsuliyyəti hakim Bozas üzərinə düşür".

Xatırladaq ki, mövcud situasiya 2005-2010 illərdə kreditorların əksəriyyətinin borc vəsaitlərinin 70 faizinə güzəştə getməyi qəbul etməsi ilə başlayıb. Belə ki, bəzi kreditorlar borclarının həcmində endirim etməyi rədd etdi və haqqlarını məhkəmə yolu ilə təmin etməyə qərar verdi. Kreditorların istədiyi miqdar, hazırda faizlərlə birlikdə 1,5 milyard dolları ötür. Onu da bildirək ki, Argentinada borc böhranı 2001-ci ildən başlayıb. Bu böhrandan sonra ölkə xarici borclarını ödəməyə qərar vermişdi. Cari il Argentina iqtisadiyyatında sabitlik gözlənilirdi. Amma onun yenidən borcları ödəməyə məcbur edilməsi ölkəni çətin vəziyyətə salıb. Doğrusu, Argentinada analoji vəziyyətin nə qədər davam edəcəyi bilinmir. Sadəcə, o bəllidir ki, ölkə sərmayə qaçışına qurban getdi və bu qərarın nəticəsində ölkədən sərmayə çıxmaqda davam edəcək. Təcili həll yolu tapılmazsa, pul vahidi peso da dəyər itkisinə uğrayacaq.

ABŞ-da iyul ayına olan məşğulluq rəqəmləri hökümətə xəyal qırıqlığı yaşadıb. Ötən ay Amerika iqtisadiyyatında 209 min nəfərin məşğulluğu təmin edilib. Halbuki, iqtisadçıların gözləntiləri 220 min və 260 min nəfər arasında idi. İyun ayında isə məşğulların sayı 298 min nəfərə çatmışdı. İqtisadçılar eyni zamanda işsizlik rəqəminin 6,1 faizdə sabit qalacağını düşünsələr də, bu nisbət 6,2 faizə yüksəlib. Saat başına ödəniş isə iyul ayında yalnız 1 sent artıb. Yaxından izlənilən bu göstərici Federal Rezerv Bankının siyasət faizini yüksəltməsinə gətirib çıxara bilər.

Ukrayna iqtisadiyyatı ölkədə artan gərginliyin təsiriylə ilin ikinci rübündə 4,7 faiz kiçilib. Milli Statistika Bürosunun məlumatına görə, Ukraynanın ümumi daxili məhsulu aprel ayından bu yana 2,3 faiz geriləyib. Halbuki Kiyev hökuməti kiçilmənin 3 faiz olacağını nəzərdə tutmuşdu. Amma qarşıdurmalar dövlət büdcəsinə təsir edərək iqtisadiyyatın sabit dövrə girməsini təmin edib.

Ölkədə ümumi daxili məhsul ilk rübdə 1,1 faiz səviyyəsində daralmışdı. Xatırladaq ki, Ukrayna ilk dəfə 2012-ci ilin ikinci yarısında sabit dövrə girib. 2013-cü ildən bu yana da artım yaşamayıb.

Su gələn arxa bir də su gələr. Beynəlxalq Arbitraj Məhkəməsi Rusiyanın vaxtı ilə dünyanın ən böyük neft şirkətlərindən olan “Yukos”un köhnə səhmdarlarına 50 milyard dollar təzminat ödəməsi barədə qərar çıxarıb. Məhkəmənin iddiasına görə, “Yukos” şirkətinin özəlləşdirilməsi zamanı səhmdarlar haqsızlığa uğrayıb. Rusiya “Yukos”u iflasa məcbur edib. Açıqlanan qərarda o da bildirilir ki, rus səlahiyyətliləri hüquq sistemində qanunsuzluğa gedərək şirkətin rəhbəri Mixail Xodorkovskinin həbsinə nail olublar. Yeri gəlmişkən, 11 il həbs cəzası çəkən sabiq milyarder məhkəmənin qərarını "möcüzə" adlandırıb. Onu da deyək ki, “Yukos”un iflasının ardından hissələrinin çoxunu dövlətə aid “Rosneft” şirkəti almışdı. Şirkət səlahiyyətliləri cinayət işləmədiklərini əsas gətirərək Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmişdilər.

Bu arada bildirək ki, Rusiya hökumətinə qarşı çıxarılan 50 milyard dollar cəza Qış Olimpiada Oyunları üçün ayrılan dövlət xərcləmələrindən də çoxdur.

Yola saldığımız həftə Rusiyaya zərbə təkcə Beynəlxalq Arbitraj Məhkəməsindən gəlmədi. ABŞ Ukraynanın şərqində çaxnaşma yaratması səbəbiylə sanksiyalarını artırdı. Prezident Barak Obama hətta Rusiyaya qarşı iqtisadi və müdafiə sahəsindəki sanksiyaların Avropa Birliyi ilə ittifaq halında həyata keçiriləcəyini açıqladı: "Rusiyanın enerji sektoruna texnologiya ixracını bloklayırıq. Sanksiyalarımıza daha çox Rusiyanın bank və müdafiə sənayesi şirkətlərini daxil edirik. Rusiyaya ixracat, iqtisadi inkişaf layihələrini dəstəkləyən kreditləri təxirə salırıq. Avropa Birliyi sanksiyalar mövzusunda bizə qatılır. Bu, yeni soyuq müharibə deyil. Rusiyanın Ukraynanın azadlığını tanımaq istəməməsi ilə bağlı məsələdir".

Bir məqamı da vurğulayaq ki, Rusiyadan enerji sahəsində asılı olan Avropa Birliyi ölkələri ilk vaxtlar ABŞ-ın sanksiyalarına qoşulmaqda elə də maraqlı görünmürdülər. Amma Ukraynanın şərqində sərnişin təyyarəsinin vurulması Rusiyaya yanaşmanı dəyişdirdi. Avropa Birliyi Rusiyaya qarşı sanksiyalarını pilləli olaraq artırır. AB üzvləri sanksiyaların üçüncü mərhələsinə hazırlaşır.

İspanlar isə sevinc içindədirlər. Hökumət 2014-2015-ci il üçün iqtisadi artım proqnozunu artırıb. İqtisadiyyat naziri Luis de Guindos bəyan edib ki, bu dövrdə artım 1,5 faizdən 2 faizə yüksələcək. Həmçinin sentyabrda işsizlik rəqəmlərində müsbətə doğru dəyişikliklər baş verəcəyi açıqlanıb. 2014-cü ildə 24,5 faiz olan işsizlik nisbətinin 2015-ci ildə 23; 2017-ci ildə 20 faizin altına düşəcəyi deyilir.

İş dünyası

İngiltərənin enerji şirkəti “British Petroleum” (BP) Avropa Birliyinin Rusiyaya sanksiyalarının şirkətə mənfi təsir edəcəyini açıqlayıb. Rusiyanın dövlət neft şirkətinin hissələrinin 20 faizinə sahib olan “Rosneft” “British Petroleum” sanksiyalarının işlərinə mənfi təsir göstərəcəyini açıqlayıb: “Sanksiyalar strateji hədəflərimizə, gəlir səviyyəmizə, “Rosneft”dəki sərmayələrimizə təsir edəcək”.

Londonun ən çox tanınan strukturlarından “The Gherkin” binası satışa təqdim edilib. “Tutma xiyar qülləsi” adıyla tanınan binanı idarə edən şirkət - “Swiss Re” apreldə müflisləşdikdən sonra qüllə müsadirə olunmuşdu. 49 min kvadratmetrlik sahəyə malik binanın içərisindəki büroların satış qiyməti 750 və 820 milyon avro arasındadır. “Savills” və “Deloitte Real Estate” şirkətləri tərəfindən satışa təqdim edilən tarixi binaya dünyanın hər yerindən tələb gəlməsi gözlənilir.

İctimai media nəhəngi “Twitter” endossamentini iki dəfə artırıb. Şirkət ilin ikinci rübündə 145 milyon dollarlıq dəqiq itkiyə uğrasa da, endossamentini iki dəfə artıraraq 312 milyon dollar gəlir əldə edib. “Twitter” in keçən ilin eyni dövründə bu artım 124 faiz idi. Şirkət reklam gəlirlərini 129 faiz artımla 277 milyon dollara çatdırıb.

İctimai media nəhənginin son üç ayda aktiv istifadəçilərinin sayı 271 milyon nəfərə yüksəlib.

Gəldik çatdıq öz ölkəmizə. Deməli belə, Azərbaycan Novorossiysk və Ceyhan limanlarından xam neftin ixracını azaldıb, ARDNŞ bu ilin iyul ayında 128 ton avtomobil benzini, 151 min tona yaxın dizel yanacağı ixrac edib, Hesablama Palatası 1.5 mln. manat məbləğində vəsaiti dövlət büdcəsinə qaytarıb, AİF-in istiqrazlarının ticarəti 2,1 dəfə artaraq 349,5 mln. manata çatıb, ilin birinci yarısında Azərbaycanın qiymətli kağızlar bazarı 86% artıb, 6 ayda Türkiyədən Azərbaycana ixracatın həcmi 1 mlrd. dollardan çox olub, Maliyyə Nazirliyi 1.25 milyard manat həcmində avroistiqraz yerləşdirib.

Həftə ərzində Mərkəzi Bankın İdarə Heyətinin toplantısı da yaddaqalan hadisələrdən oldu.

Belə ki, MB uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul etdi. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər apardı. Dəhlizin yuxarı həddini 6%-dən 5%-ə, aşağı həddini isə 0.5%-dən 0.1%-ə endirdi. Eyni zamanda bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə salındı.

Neft və qaz sənayesi xidmətlərinin təchizini reallaşdıran “Petrofac” beynəlxalq şirkəti “Şahdəniz-2” layihəsinin operatoru olan “BP” şirkəti ilə texniki dəstək imkanlarının göstərilməsinə dair müqavilə imzaladı. Dəyəri 5 mln. funt sterlinq olan layihə Xəzərin Azərbaycan sektorunda dünyanın ən iri qaz yataqlarında birində yeni sahil, dəniz və boru kəmərlərinin aktivlərini əhatə edir.

Müqavilədə şirkət tərəfindən etibarlılıq, dəstək strategiyasının hazırlanması, avadanlıq siyahısının yoxlanılması, o cümlədən texniki avadanlığın idarə edilməsinə dair kompüterləşdirilmiş sistemin hazırlanması nəzərdə tutulub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm