Ekopublika.az
Azalan neft qiymətləri: Tələb və Təklifin ünsiyyətindəki sadə məntiq
Məqalənin sonunda deyə biləcəyim fikri, "səxavətli" bir müəllif
kimi sizinlə indi bölüşürəm. İlkin baxışda qlobal bazarlarda neftin
qiymətinin düşməsinin arxasında dayanan səbəbləri belə sıralamaq
olar;
Amerikada neft sahəsində on il əvvəl tətbiq edilməyə başlanan yeni
texnologiyalar, istehsalın kəskin həddə artmasına gətirib
çıxarmışdır. 2005-ci ildə ABŞ-ın neft istehsalı günlük 8,3 milyon
barel ikən, bugün bu rəqəm 12,4 milyon bareldir. Bu nəticə hardasa
50 faizlik artış deməkdir. 2013-cü ildə, Çinin neft istehlakı
günlük 10 milyon barel, ABŞ- ın isə 19 milyon barel olmuşdur. Çin,
nəhəng bir iqtisadiyyat olduğunu son onillikdə yüksək iqtisadi
artımı ilə bizə nümayiş etdirsə də, hələ ki qlobal bazarlarda
neftin əsas alıcısı ABŞ-dır. ABŞ, neft alımını azaldanda, bu qlobal
neft tələbinin düşməsi mənasına gəlir.
Çindəki iqtisadi artımın yavaşlaması, neftə olan tələbatının
azalacağı şəklində bir gözləntinin formalaşmasına gətirib çıxarır.
Hərçənd ki, Çin neft istehlakında qlobal bazarlardan kifayət qədər
asılıdır, gözləntilərin səs küyü, reallığın təsirinə qalib gələ
bilir. Qiymətin azalmasında gözləntinin də təsirini göz ardı etmək
olmaz. Avropa Birliyi üzvlərindən gələn bəd xəbərlər, bu
gözləntilərin Asiyadan Avropaya da yoluxmasına gətirib çıxarır.
Gözləntilər, əsasən maliyyə bazarlarında özünü daha qabarıq formada
göstərir, daha sonra bu tendensiyanın təsirləri, iqtisadiyyatın
real sahələrində/sektorlarında müşahidə olunur. Həmçinin, dövlət
büdcəsində neft sektorunun payı yüksək olan Rusiya və Venesuella
kimi ölkələrdə də təşviş, maliyyə bazarlarında yaranır.
Qlobal neft bazarında əldə etmiş olduqları payı itirmək istəməyən
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) üzvləri və qeyri-OPEC
ölkələri istehsalı azaldmaq istəmirlər. Neft təklifi artmır, hətta
ABŞ faktorundan ötrü nisbətən azalır. Təklifi isə qısa müddətdə
azaldıb, qiymətlərin yüksəlməsini təmin etmək mümkün deyil.
İqtisadi terminologiya ilə ifadə etsək, tələb, təklifdən nisbətən
daha elastikdir. Yaxud da təklifin elastikliyi zəifdir. Neft
istehsalını qısa müddət ərzində azaldmaq görünür ki asan iş deyil.
Bu mövzu, yay aylarında qarpızın qiymətindəki kəskin azalma ilə
oxşarlıq ifadə edən bir məsələdir. Yay aylarında bazara gətirilən
qarpızların təklif elastikliyi çox zəifdir. Yəni satıcı istəsə,
qarpızları bazardan çıxarıb sonra gətirmək üzrə hardasa saxlaya
bilmir. Havanın isti olduğu zamanda, qarpıza olan tələb artsa da,
bazardakı qarpız təklifindən daha çox artmır. Bunun nəticəsində
qarpız qiymətlərində hər yay kəskin düşüşlər müşahidə edirik.
Aşağıda siyahısı verilən ölkələri neft təklifini artıranlar
siyahısına daxil etmək olar.
Neft İxracatçı artan ölkələr siyahısı, milyon barel / gün
Ölkə |
2008 Neft İxracatı |
2012 Neft İxracatı |
Səudiyyə Ərəbistan |
8,4 |
8,9 |
Rusiya |
6,9 |
7,2 |
BƏƏ |
2,5 |
2,5 |
Qazaxıstan |
1,2 |
1,3 |
Kanada |
1,1 |
1,5 |
Qatar |
1,1 |
1,8 |
Nigeriya |
1,8 |
2,2 |
Azalan qiymətlər, Hindistan, Çin və Türkiyə kimi neft idxalatçısı
ölkələr üçün tədiyə balansındakı cari hesaba müsbət təsir
göstərəcək. Yəni bu ölkələrin dünyanın geri qalanına olan borcları
azalacaq. Avropada Almaniyanın tədiyə balansının cari hesabından
rekord həddə çatan müsbət saldo (2013 üçün 260 milyard dollar),
birlik ölkələri içərisində bu ölkə iqtisadiyyatındakı kövrəkliyi
azaldan bir faktordur. Bu rəqəm Almaniya üçün yığım mənasına gəlir.
Yəni bu ölkə, xarici ölkələrdən satın aldığından 260 milyard dollar
daha çox mal satmışdır. Digər Avropa ölkələri, Hindistan, Çin və
Türkiyə üçün istehsalın maya dəyərinin azalması şəklində bir nəticə
ortaya çıxacaqdır. Avropa Birliyi üçün son zamanlarda iqtisadi
artımın azalması deflyasiya qarabasmasına səbəb olub. Avropa
ölkələri, deflyasiyadan qorxmağı "gözü çıxmış qardaşdan,
Yaponiyadan" öyrənib. Bu sətirləri oxuyarkən xatırlayanlar
olacaqdır: son seçkilərdə, Yaponiyada yeni hakimiyyət xalqa
infliyasiya sözü vermişdi. 20 illik "Yapon istehsalı" deflyasiya
Avropanın təsirli dərslər çıxarması üçün kifayət qədər uzun bir
məşəqqət dövrüdür. Bu qlobal şərait Azərbaycan üçün müəyyən
fürsətlərin də yaranmasına gətirib çıxarır.
Azərbaycanın illik 400 milyon barel neft istehsal etmək kimi bir
hədəfi var. Son dövrdə neft istehsalının azalması qiymətlərin
azaldığı dövrdə bizim üçün fürsətdir. Tarixi faktlar bizə mövzu ilə
bağlı maraqlı bir məqam xatırladır. Hollandlar 15 il təbii qazı
aşağı qiymətə satdıqdan sonra 1973 -cü ildə Birinci Neft Şoku ilə
birgə çox şey itirdiklərinin fərqinə vardılar. Eyni tendensiya ilə
Norveç 1980-ci illərdə qarşılaşdı. Azərbaycanda davam edən enerji
layihələri istehsala hazır olduqlarında güman edilir ki, neft
qiymətləri yenidən artma istiqamətində irəliləyəcək. Neft
istehlakının gün keçdikçə artmağı, qiymətlərin kəskin surətdə
azalmağının qarşısını alan ciddi bir amildir.
Azərbaycan maliyyə bazarları, qlobal maliyyə bazarlarının mənfi
təsirlərinə qarşı özünü qoruya bilir. Əksərən və əsasən maliyyə
bazarlarında başlayan təşviş, (Bax. Rusiya maliyyə bazarlarındakı
indekslər: RTS, MICEX) daha sonra bədbin gözləntilərin
formalaşmasına gətirib çıxararaq, iqtisadiyyatın real sektoruna da
sirayət edir. Azərbaycan iqtisadiyyatı bu barədə xüsusilə isti
pulların axınına qarşı ehtiyat tədbirləri ilə güclü çıxış edir.
Hay-küylü isti pul kütləsinin, əlimizi yandıran qaynar kartof kimi
bir sıra ölkələrin maliyyə bazarlarında ölkələrə verdikləri zərər
Azərbaycan üçün təhlükə mənbəyi deyil.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri 1 İyul 2014
tarixi etibarilə 38 milyard dollar ikən, Azərbaycan Mərkəzi
Bankının rəsmi valyuta ehtiyatları 15 milyard dollardır. 2015
büdcəsi üçün neft fondundan dövlət büdcəsinə daxilolmalar 10,4
milyard manat (13 milyard dollar) olaraq proqnozlaşdırılır. 2015-ci
ildə neft istehsalımızın davam edəcəyini və neft fondunun
vəsaitlərinin artacağını nəzərə aldığımızda, dövlət büdcəsi
baxımından çətin vəziyyətin yaranmayacağı nəticəsinə gəlmək
mümkündür. Mövzunun fürsət hissəsi bundan ibarətdir: 2004-cü ildən
neft bumu başlayandan bu günə qədər Azərbaycan neft qiymətlərinin
kəskin həddə azalması ilə qarşılaşmayıb. Neftin qlobal bazarlarda
qiymətinin aşağı düşməyi, Azərbaycan iqtisadiyyatı üçün praktiki
bir sınaq funksiyası icra edəcək. TQDK-nın ali məktəblərə
hazırlaşan şagirdlər üçün hazırlamış olduğu sınaq imtahanları,
tələbə namizədlərinin daha da güclənməsinə və daha çox
hazırlaşmasına gətirib çıxarır. Qlobal neft bazarında keçirilən
sınaq isə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə yol açan
bir müvəqqəti keçid dövrüdür.
Dr. Sərvər Qurbanov
Qafqaz Universiteti / Sosial-İqtisadi Tədqiqatlar
Mərkəzi
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...
-
Avropa09:18
Xanım jurnalist həbs edildi - FOTO