Neft ucuz olduğu halda, SOCAR öhdəliyi necə yerinə yetirir?
Bizi izləyin

Ekopublika.az

Neft ucuz olduğu halda, SOCAR öhdəliyi necə yerinə yetirir?

Dövlət büdcəmizin neftdən asılılığı iqtisadçı olmayanlara da bəllidir.

Təkcə, bir faktı qeyd etmək kifayətdir ki, artıq başa çatmaqda olan cari ilin – 2014-cü ilin dövlət büdcəsinə nəzərdə tutulan 18,384 milyard manat gəlirin dövlət orqanları və müəssisələri istiqamətindən 12 milyard 139 milyon manatı Dövlət Neft Şirkətindən (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla, konsolidə edilmiş vergilər və digər ödənişlər üzrə 1,825 milyard manat), Neft Fondundan (9,337 milyard manat transfer) və neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisindən (0,977 milyard manat) daxil ediləcək.

Qeyri-neft sahələri üzrə ödənişlər isə 4,300 milyard manat təşkil edəcək.

Bilavasitə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən və yaxud neftlə bağlı digər səbəblərdən büdcəyə ödənişlərdə “axsaqlıq” yaranarsa, ən adi xərcləri belə icra etmək mümkün olmaz. Büdcəyə ümumi vergi ödənişlərinin 24 faizi SOCAR-ın payına düşür ki, məsələn, ötən il büdcəyə ödənilmiş 6 milyard 663 milyon 633 min 400 manat vergi və sair daxilolmaların 1 milyard 574 milyon 494 mini sözügedən qurum tərəfindən ödənilib. Bu da ölkə üzrə ümumi vergi ödənişlərinin 23,63 faizi deməkdir.

Sözümüz bunda deyil.

Məsələ ondadır ki, dünya bazarlarında neftin qiymətinin enməsi, məsələn, Neft Fondundan (ARDNF) büdcəyə transferə dərhal təsir etmir. Ona görə ki, ARDNF-dən transferdə söhbət yığılmış vəsaitdən getdiyindən bu passiv mənbə sayılır ki, ondan ödəniş də sabit xarakter daşıyır.

Amma SOCAR-a gəldikdə vəziyyət başqadır. Dövlət büdcəsində neftin qiyməti müəyyən edilən zaman da məhz SOCAR-ın əldə edəcəyi gəlirlər nəzərdə tutulur. Onun xaricə satdığı neftdən əvvəllər ARDNF-ə də köçürmələr həyata keçirildiyi deyilirdi ki, qiymət büdcədə nəzərdə tutulandan yuxarı olduqda aradakı fərq (vergi çıxıldıqdan sonra) Fonda daxil edilirdi.

Lakin şirkətin büdcəyə ödənişləri təkcə xam neftdən deyil, neft məhsulları satışından da ibarətdir.

Bir sözlə desək, SOCAR-ın büdcə qarşısında öhdəliklərinin icrasında “axsaqlığa” ümumiyyətlə yol vermək olmaz. Ancaq xam neft və neft məhsulları satışında bu və ya digər səbəbdən problem yarandıqda, təəssüf ki, bu, qaçılmaz olur.

İş ondadır ki, neftin qiyməti düşür. Məlum olduğu kimi, bu tendensiya ilin ortasından bəri davam edir. Lakin dövlət büdcəmizdə neftin qiyməti 100 ABŞ dolları götürüldüyündən və dünya bazarlarında qiymət 2-3 ay əvvəldən deyil, məhz son ayda 100 dollardan aşağı düşdüyündən, 2014-cü ilin yanvar-sentyabr ayları üçün Azərbaycan neftinin orta qiyməti 109 dollar təşkil edib.

Maraqlısı isə odur ki, SOCAR bu il ərzində dövlət büdcəsinə ödənişlərdə hələ nəinki “axsaqlığa” yol verməyib, əksinə, öhdəliyini artıqlaması ilə yerinə yetirməkdədir. Son məlumata əsasən, SOCAR tərəfindən cari ilin 10 ayında dövlət büdcəsinə 1 milyard 564 milyon 548 min manat vəsait ödənilib ki, 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə, bu, 240 milyon 480 min manat və ya 18,2 faiz çox təşkil edib. Təkcə 2014-cü ilin oktyabr ayında dövlət büdcəsinə 151 milyon 691 min manat vəsait ödənib ki, bu da 2013-cü ilin eyni ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 9,1 faiz çoxdur. Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürüb ki, 2014-cü ilin yanvar-oktyabr aylarında şirkət adı çəkilən Fonda 118 milyon 916 min manat ödəniş edib.

Neftin dünya bazarlarında qiyməti 2008-ci ildə “kəllə-çarxda”, böhrandan sonrakı illərdə isə əlverişli olduqda nəhəng tədiyyəçi kimi adı çəkilən şirkətin büdcəyə ödənişlərində belə hal müşahidə edilmirdi. Bəzi rüblər ərzində hətta kəsirlə həyata keçirilirdi.

Ona görə də istər-istəməz sual yaranır ki, neftin qiyməti düşdüyü, üstəlik, neft məhsullarının xaricə satışının azaldığı halda, sözügedən şirkət üzrə qeydə alınan temp, görəsən, nəylə əlaqədardır?

Məsələ bundadır ki, bizdə iri büdcə tədiyyəçiləri öhdəliklərini kəsirlə yerinə yetirmələri adi haldır. Təkcə, real olaraq SOCAR üzrə vəziyyət qənaətbəxş sayılır ki, digər büdcə öhdəlikçiləri istiqamətində isə əvvəla nə dəqiq məlumat, nə də əvvəlki illərdəkindən fərqli olaraq, irəliləyiş olub-olmadığı barədə məlumat var.

O baxımdan ki, büdcə təşkilatlarının özlərinin istifadə etdikləri adi enerji və kommunal xidmətlərə görə bu ilin birinci yarısında 8 milyon manat borcları var idi. Sual yaranırdı ki, vətəndaşların bir qismi sosial vəziyyətlərini bəhanə gətirdikləri halda, görəsən, büdcədən maliyyələşən qurumlar niyə və yaxud hansı səbəbə görə kommunal xərcləri ödəmirlər?

Bunun müqabilində həmin xidmətə cavabdeh olan qurumların - büdcə tədiyyəçilərinin öhdəliklərini yerinə yetirmələrini gözləməyə dəyərmi? Necə olur ki, adi vətəndaş üzrə borc yarandığı halda dərhal tədbir görülür və müvafiq qurumlar hərəkətə keçir, amma büdcə təşkilatlarının 3 ayda 8 milyon borcu yaranır?

Qeyd olunan vəziyyət bir daha sübut edir ki, bizdə bu sahədə ciddi problemlər hökm sürür və illər keçdikcə vəziyyət düzəlmək əvəzinə daha da dərinləşir. Büdcə təşkilatlarının işlətdikləri enerji resurslarına görə pulu ödəmədikləri bir yana qalsın, bu sahədə düz-əməlli uçot və statistika da yoxdur.

Sual yaranır ki, “Azərbaycan Hava Yolları” QSC, Rabitə Nazirliyi, "Azərenerji" ASC, “Azərbaycan Dəmir Yolları” QSC və sair kimi qurumlar üzrə ödənişlər nə yerdədir?

Təəssüf ki, bu barədə heç bir məlumat yoxdur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bu yaxında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar şirkətin investisiya proqramlarının icrasına çəkilən xərclərin korrektə ediləcəyindən danışdı. Bu da təbiidir. O mənada ki, neftin qiyməti nə qədər minimuma ensə də, dövlət büdcəsinə ödənişlər azaldıla bilməz. Ona görə ki, büdcə neftdən olduqca asılı vəziyyətdədir. Neft və neft məhsulları satışından əldə olunan gəlirlər olmasa, qeyri-neft sektorundan ödənişlər cari xərcləri örtməyə imkan verə bilməz. Hazırda ölkədə həyata keçirilən bütün növ sosial ödənişlər əsas etibarı ilə xam neft və neft məhsullarının satışından əldə olunan gəlirlər hesabına ödənilir.

Lakin dövlətin əsas maliyyə sənədinin icrasına hər iki mənada cavabdeh olan və ona ödəniş edib müxtəlif investisiya layihələrini həyata keçirmək üçün ondan vəsait alan qurumların işi yaxşılaşdırılmalıdır.

Neftin qiyməti ucuz olduğu təqdirdə SOCAR üzrə öhdəliklərə əgər tam əməl etmək mümkündürsə, deməli, digər qurumlar üzrə də büdcəyə ödənişləri vaxtında və qəpiyinə kimi icra etmək mümkün və realdır.

Pərviz Heydərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm