Avronun ucuzlaşması Azərbaycana necə təsir edəcək? - Açıqlama
Bizi izləyin

Digər

Avronun ucuzlaşması Azərbaycana necə təsir edəcək? - Açıqlama

Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin kəmiyyət yumşadılması proqramını (QE) işə salmaqla bağlı çıxışı dünya valyuta bazarlarında avroya öldürücü təsir göstərib. Çıxışdan sonra avronun ucuzlaşması baş verib və onun dollara nisbəti 1,1617-dən 1,1483-ə düşüb. Bununla da avro son 11 ildə ən aşağı həddə enib. Bu gün isə avro hətta 1,13 dollara qədər ucuzlaşıb. Proqnozlara görə, avro ilin sonuna qədər dollarla bərabərləşə bilər.

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, proqram çərçivəsində hər ay dövriyyəyə 60 milyard avro buraxılacaq: “Həmin pula dövlət və özəl qiymətli kağızların alınması nəzərdə tutulur. Məqsəd avrozonada illik inflyasiya səviyyəsini 2%-ə yaxın həddə qaldırmaqdır. Proqram 2016-cı ilin sentyabr ayına qədər davam edəcək və vəziyyətdən asılı olaraq uzadıla bilər. Bu müddətdə Avropa iqtisadiyyatına yönəldilən vəsaitin həcmi 1,1 trilyon avro olacaq”.

S.Əliyev deyir ki, dünya bazarlarında avronun ucuzlaşması təbii olaraq Azərbaycanda da müşahidə edilib: “Manat ABŞ valyutasına bağlı olduğundan dolların avroya qarşı dəyişmə dinamikası manatda da baş verir. Bu gün ölkədə avronun manata qarşı rəsmi məzənnəsi təxminən 13 illik minimuma enib və 88,97 qəpik təşkil edib. Sonuncu dəfə 2002-ci ilin mayın 19-da avronun rəsmi məzənnəsi 4444,08 AZM, yəni yeni pulla 88,88 qəpik olub. Avropa Mərkəzi Bankının qərarı avronu Azərbaycanda bir günə 1% ucuzlaşdırıb. Ümumiyyətlə isə, yanvar ayında avro manata münasibətdə 3,8% ucuzlaşaraq 1 manat üçün 92,45 qəpikdən 88,97 qəpiyə düşüb. Dünya bazarlarında avro dollara münasibətdə ucuzlaşdıqca, bu, manata münasibətdə də ucuzlaşacaq”.

O ki qaldı avronun ucuzlaşmasının Azərbaycana nə verəcəyinə, iqtisadçı bildirir ki, avronun ucuzlaşması səbəbindən valyutadəyişmə məntəqələrində spekulyasiya hallarının artması müşahidə ediləcək: ”Avronu daha aşağı məzənnə ilə dəyişməyə səy göstərəcəklər. Əhali isə əlində olan avronu dəyişmək üçün valyutadəyişmə məntəqələrinə üz tutacaq. Avronun ucuzlaşmasının müsbət təsiri yalnız ondan ibarətdir ki, Avropa malları ucuzlaşa bilər. Söhbət burda avtomobillərdən, məişət və ofis texnikasından, geyimlərdən və s. idxal mallarından gedir. Ancaq unutmaq lazım deyil ki, bu, nəzəridir. Çünki bir qayda olaraq dünyada qiymətlərin ucuzlaşması Azərbycanda hiss olunmur. Çünki gömrük orqanları ucuzlaşmanı “tənzimləyir”, inhisarçı şirkətlər də öz növbəsində imkan vermir. Ona görə də ciddi ucuzlaşma baş verməyəcək”.

Onun sözlərinə görə, avropa valyutasının ucuzlaşmasının bizə zərəri daha çox olacaq: “Avronun ucuzlaşması manata təyziqi daha da artıracaq. Yəni əhali pulunu dollara çevirəcək ki, bu da bazarda dollar qıtlığı yaradacaq. Digər tərəfdən, bu valyutanın ucuzlaşması Avropada daşınmaz əmlak bazarının cəlbediciliyini artıracaq. Pullu vətəndaşlarımız, o cümlədən oliqarxlarımız Rusiyadan sonra köhnə qitənin daşınmaz əmlakına yatırım edə bilirlər ki, bu da investisiyanın axınına gətirib çıxara bilər. Digər tərəfdən, ixracımız üçün çətinlik yaradacaq. Düzdür, ixracın hazırda 93% neft sektorunun payına düşür. Ancaq qeyri-neft sektorunun inkişafını prioritet elan etmiş Azərbaycan üçün avro çətinlik yaradacaq. Avropadan idxalımız artacaq. Valyuta ehtiyatlarımızdakı həm depozit, həm də qiymətli kağız şəklində yerləşdirilmiş avro aktivləri dəyərini xeyli itirəcək. Avro ilə yerləşdirilən əmanətlər dəyərini itirəcək. Hazırda əmanətlərin təxminən 4%-ni avro təşkil edir. Bu da təxminən 280 milyon manat edir. Deməli, söhbət yanvar ayında 11 milyon manatlıq itkidən gedir”.

İqtisadçı deyir ki, artıq dünya yeni valyuta müharibəsinə qədəm qoyub. Yaponiya və ABŞ-ın ardınca Avropanın öz valyutasını ucuzlaşdırması bu müharibənin hələ çox davam edəcəyinə işarədir. Digər ölkələr də bu müharibəyə qoşulacaq. Ən azı Çin və Britaniyanı onlar arasında görəcəyik. Azərbaycanın ətrafında olan bütün valyutalar ucuzlaşıb. Azərbaycan bazarı həmin ölkələr üçün çox cəlbedicidir. Manat isə hələ ki sabitdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm