Ekopublika.az
Nazir Dövlət Proqramlarının icrası ilə bağlı hesabat verdi
“Son 10 il Azərbaycanın sürətli və hərtərəfli inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artması, ölkənin enerji, ərzaq, nəqliyyat və ekoloji təhlükəsizliyinin möhkəmləndirilməsi, beynəlxalq nüfuzunun yüksəlməsi, əhalinin rifahının davamlı olaraq yaxşılaşması dövrü kimi tariximizə daxil olmuşdur”.
Publika.az xəbər verir ki, bunu yanvarın 27-də Heydər Əliyev
Mərkəzində Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına
həsr olunan konfransda çıxışı zamanı iqtisadiyyat və sənaye naziri
Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, bu uğurların əsasında Prezident İlham Əliyevin
müasir çağırışlara cavab verən, məqsədyönlü və praqmatik siyasəti
durur:
“Ölkənin davamlı sosial-iqtisadi inkişafının təmin olunmasında,
makroiqtisadi sabitliyin qorunmasında, dünya iqtisadi böhranının
mənfi təsirinin qarşısının alınmasında dövlət başçısının böyük
uzaqgörənliklə apardığı iqtisadiyyatın şaxələndirilməsi
siyasətinin, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən
olan regionların inkişafı strategiyasının müstəsna əhəmiyyəti
vardır.
2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi
inkişafı Dövlət proqramları rayonların iqtisadi potensialının
artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin
keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya
mühitinin, əhalinin rifahının yaxşılaşmasına səbəb olur, bununla da
ölkənin strateji inkişaf hədəflərinə, müəyyən edilmiş məqsədlərə
nail olunmasına əhəmiyyətli töhfəsini verir”.
Dövlət başçısı deyib ki, ötən il də “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” çərçivəsində görülən işlər, həyata keçirilən layihələr,
əldə edilən uğurlu nəticələrlə zəngin olmuşdur:
“Möhtərəm cənab Prezident, Sizin 2014-cü il ərzində bölgələrə 23
səfəriniz çərçivəsində 120-yə qədər müxtəlif təyinatlı
infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və
təməlqoyma mərasimlərində iştirakınız, müəssisələrin fəaliyyəti ilə
yaxından tanış olmağınız, eləcə də ictimaiyyətlə keçirilən
görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270
milyon manat vəsaitin ayrılması barədə imzaladığınız 72 sərəncam
regionların inkişafına göstərdiyiniz diqqətin bariz
nümunəsidir.
Cənab Prezident, Sizin ötənilki konfransda verdiyiniz tapşırıqların
yerinə yetirilməsi üçün zəruri tədbirlər həyata keçirilmiş,
regionların inkişafına ötən il bütün mənbələr hesabına 4,5 milyard
manat vəsait yönəldilmişdir.
Hesabat ilində regionlarda infrastruktur layihələrinin icrası, o
cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı
infrastrukturunun yenilənməsi işləri davam etdirilmişdir”.
Nazirin sözlərinə görə, il ərzində 960 kilometr ölkə və yerli
əhəmiyyətli avtomobil yolu, 30 yeni körpü və yolötürücüləri
tikilmiş və ya təmir olunmuşdur: “Tapşırığınıza uyğun olaraq kənd
yollarının tikintisi davam etdirilmiş, hesabat ilində Sizin 43
sərəncamınızla bu məqsədlərə əlavə vəsait ayrılmış, əhalisi 960 min
nəfər olan 597 yaşayış məntəqəsini birləşdirən 1300 kilometr
uzunluğunda kənd yollarının çəkilməsi və yenidən qurulması işləri
aparılmışdır.
Ötən il 5 elektrik stansiyası istifadəyə verilmiş, regionlarda 3
min kilometr elektrik xətləri, 614 transformator, 20 yarımstansiya,
1450 kilometr qaz kəməri inşa edilmiş və ya əsaslı təmir olunmuş,
24 rayon üzrə 58 yaşayış məntəqəsi təbii qazla təmin
edilmişdir.
İnformasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə
regionlarda 26 yeni ATS istifadəyə verilmiş, 42 poçt şöbəsi
tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Sumqayıt, Gəncə və Sabirabadda “ASAN xidmət”in fəaliyyətə başlaması
regionlarda yaşayan əhalinin gündəlik həyatını asanlaşdırmış,
mərkəzlərin xidmətindən 1,1 milyondan çox vətəndaş istifadə
etmişdir.
İl ərzində regionlarda 155 məktəb, 30 tibb müəssisəsi, 11 gənclər
və idman, 43 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya
əsaslı təmir olunmuşdur. Məcburi köçkünlər üçün 7 yeni yaşayış
kompleksi salınmış, 4450 ailənin və ya 22 min məcburi köçkünün
mənzil şəraiti yaxşılaşdırılmış, əlil və şəhid ailələri üçün 5
yaşayış binası tikilmişdir”.
Ş.Mustafayev bildirib ki, sosial layihələrin reallaşdırılmasında
mühüm rolu olan Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə görülən miqyaslı işlər insanların
rifahının yaxşılaşması üçün yeni imkanlar açır: “Şübhəsiz ki,
2014-cü ildə başlayan “Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” proqramı da digər layihələr kimi uğurlu olacaq və
əhalinin rifahının artmasına töhfəsini verəcəkdir.
Möhtərəm cənab Prezident, tərəfinizdən 2014-cü ilin “Sənaye ili”
elan edilməsi və bu çərçivədə tədbirlər planının icrası regionlarda
da sənayenin inkişafına təkan vermiş, ötən il regionlarda 105
sənaye müəssisəsi açılmışdır. Ümumilikdə “Sənaye ili”ndə görülən
tədbirlər nəticəsində qeyri-neft sənayesi 9 faiz artmışdır.
Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun
yaradılması işləri bu il başa çatdırılacaqdır. Hazırda parkda 3
rezident qeydiyyata alınmış, 2 rezident ilə danışıqlar yekunlaşır
və layihələr üzrə investisiya qoyuluşu 650 milyon manat təşkil
edəcəkdir”.
Onun sözlərinə görə, son illərdə sənayedə həyata keçirilən dövlət
dəstəyi tədbirləri, o cümlədən 124 layihənin maliyyələşdirilməsinə
380 milyon manat güzəştli kreditin verilməsi nəticəsində bir sıra
sənaye məhsulları üzrə idxaldan asılılıq azalmış, bəziləri üzrə isə
ixrac potensialı yaranmışdır. 14 rayonda gündəlik istehsal gücü 820
ton olan 28 müasir çörək zavoduna 50 milyon manat güzəştli kredit
ayrılmış və artıq 22 zavod istifadəyə verilmişdir:
“Sərəncamınıza uyğun olaraq sənaye məhəllələrinin təşkili üçün bir
sıra ölkələrin təcrübəsi öyrənilmiş, qanunvericilik bazası
formalaşdırılmışdır və cari ildə sənaye məhəllələrinin təşkilinə
başlanılacaqdır.
Son illərdə infrastruktur layihələrinin icrası, biznes və
investisiya mühitinin yaxşılaşdırılması, həyata keçirilən dövlət
dəstəyi tədbirləri regionların iqtisadi potensialını
gücləndirməklə, cənab Prezident, Sizin iqtisadi siyasətinizin
prioritet istiqamətlərindən biri kimi sahibkarlığın inkişafına
təkan vermişdir.
Ötən il bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
prosedurların sadələşdirilməsi, əsassız müdaxilələrin qarşısının
alınması və digər istiqamətlər üzrə mühüm işlər görülmüş, elektron
xidmətlərin sayı 450-yə çatmışdır. Regionlarda 4400 müəssisə
fəaliyyətə başlamış, sahibkarlıq subyektlərinin sayı 2004-cü illə
müqayisədə 2,5 dəfə artaraq 386 minə çatmış, regionlardan vergi
daxilolmaları ötən ilə nisbətən 9,8 faiz artmış, xərclərini yerli
gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya
çatmışdır. İl ərzində ölkə üzrə 123 min yeni iş yeri
açılmışdır.
Gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsi, yeni biznes və
məşğulluq imkanlarının yaradılması məqsədilə Quba-Xaçmaz Regional
İnkişaf Mərkəzində ilk biznes inkubator fəaliyyətə başlamışdır.
2014-cü ildə sahibkarların maarifləndirilməsi və nümunəvi
layihələrin təqdim olunması ilə bağlı regionlarda minlərlə
sahibkarın iştirakı ilə 169 tədbir keçirilmiş, 47 sahibkarın
Almaniyada təcrübə keçməsi təşkil olunmuşdur. Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə 5560 sahibkara 50 faizi qaytarılmış vəsait
hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilmiş və
12500-dən çox yeni iş yerinin açılması imkanı yaradılmışdır. 78
faizi regionlara yönəldilmiş bu güzəştli kreditlər hesabına 2014-cü
ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə
verilmişdir. Bu il isə daha 81 müəssisənin istifadəyə veriləcəyi
gözlənilir.
Cənab Prezident, ötənilki konfransda verdiyiniz göstərişə əsasən
regionlarda kiçik sahibkarlıqla məşğul olan vətəndaşların güzəştli
kreditlərə çıxışını təmin etmək və fermerlər arasında kooperasiya
əlaqələrini gücləndirmək məqsədilə Fondla əməkdaşlıq edən bank
olmayan kredit təşkilatlarının sayı 20-yə çatdırılmışdır. Bu isə
kiçik sahibkarların uzun illərdir ki, üzləşdikləri girov problemini
həll etməyə imkan verir.
Möhtərəm Prezident, intensiv metodlara əsaslanan aqrar sektorun
yaradılmasına yönəlmiş siyasətiniz, dövlət dəstəyi tədbirləri,
eləcə də bu sahədə sahibkarlığın inkişafı, müasir texnologiyalara
əsaslanan yüzlərlə müəssisənin açılması öz nəticəsini vermiş,
idxaldan asılılığın azalmasına, özünütəminetmə səviyyəsinin
yüksəlməsinə səbəb olmuşdur”.
Nazir bildirib ki, son illərdə dövlət dəstəyi tədbirləri, o
cümlədən 19 rayonda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20
heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət
kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kreditin
verilməsi istehsalın artmasına, 3 ildə ət və ət məhsullarının
idxalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdur.
Bundan əlavə, 20 rayonda 33 intensiv bağçılıq və üzümçülük
təsərrüfatlarına, 9 rayonda 37 istixana kompleksinə və 11 rayonda
16 meyvə-tərəvəz emalı müəssisələrinə 171 milyon manat güzəştli
kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsi və
ixrac imkanını yaratmışdır.
Eyni zamanda, qiymətlərin sabit saxlanılması məqsədilə istehlak
bazarında gündəlik monitorinqlər aparılmaqla bir sıra qabaqlayıcı
tədbirlər həyata keçirilmiş, nəticədə süni qiymət artımına yol
verilməmişdir.
Şəmkirdə təməli qoyulmuş və məhsulların istehsalından satışınadək
bütün mərhələləri əhatə edəcək özəl pilot aqroparkında işlər artıq
praktik müstəviyə keçmişdir.
Hazırda Xızı rayonunda aqroparkların yaradılması məqsədilə baş plan
hazırlanır, Bərdə və Xaçmazda da aqrar-sənaye kompleksləri
yaradılır.
Cənab Prezident, tapşırığınıza uyğun olaraq, ərzaq tələbatının
yerli istehsal hesabına ödənilməsi məqsədilə 12 rayonda 30 min
hektardan çox sahədə 19 iri fermer təsərrüfatının yaradılmasına 47
milyon manat güzəştli kreditlər verilmişdir.
Ötən illər ərzində məhsulların tədarükü, saxlanması və satışı
infrastrukturunun yaradılması, o cümlədən 26 rayonda tutumu 290 min
ton olan 48 logistik mərkəzin və 14 rayonda tutumu 340 min ton olan
22 taxıl anbarı kompleksinin yaradılması əhalinin ilboyu
keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır,
istehlak bazarında qiymətlərin sabitliyi təmin edilir.
Tapşırığınıza əsasən müəssisələrin regionlar üzrə optimal
yerləşdirilməsi işləri yerli resurslar, iqlim şəraiti, kadr
potensialı və formalaşmış ənənələr nəzərə alınmaqla aparılan
təhlillər əsasında hazırlanan plana uyğun olaraq növbəti illərdə də
davam etdiriləcəkdir:
“Xarici ölkələrdə ixrac infrastrukturunun yaradılması tapşırığınıza
uyğun olaraq, Qazaxıstanın Aktau şəhərində logistik mərkəzin
tikintisi bu il başa çatdırılacaqdır. Gələcəkdə digər ölkələrdə də
mərkəzlərin yaradılması perspektivləri araşdırılır. Bu mərkəzlər
ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, ixracın həcminin
artmasına müsbət təsir göstərəcəkdir.
Müəllifi olduğunuz regionların inkişafı strategiyasının uğurla
həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ümumilikdə ölkənin
inkişafında bir dönüş nöqtəsi olmuş, bütün regionlarda quruculuq
işləri geniş vüsət almış, Azərbaycanın istənilən bölgəsində yaşayan
vətəndaşların bu strategiyanın nəticələrinin öz gündəlik həyatında
hiss etməsinə səbəb olmuşdur.
Sizin xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf
strategiyasından qaynaqlanan, hər bir vətəndaşın rifahının davamlı
olaraq yüksəlməsinə yönələn uzaqgörən, sistemli və qətiyyətli
siyasətiniz bundan sonra da qarşıda duran vəzifələrin uğurla yerinə
yetirilməsini, ölkəmizin, o cümlədən regionların inkişafının daha
da sürətlənməsini təmin edəcəkdir”.
-
Ekopublika.az23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO