Neft rublla məzələnir - Moskvanın qazı ucuz alınır - İQTİSADİ HESABAT
Bizi izləyin

Hesabat

Neft rublla məzələnir - Moskvanın qazı ucuz alınır - İQTİSADİ HESABAT

Yola saldığımız həftə neftin qiyməti, eləcə də rublun məzənnəsi investorları gah sevindirdi, gah kədərləndirdi. Belə ki, neft 47-60 dollar arasında var-gəl etdi. Vəziyyət o həddə çatdı ki, neft şirkətlərinin özünün belə “qara qızıl”ın qiyməti ilə bağlı proqnozları qarışdı. Biri il ərzində neftin qiymətinin 40 dollar, digəri 60 dollar olacağını irəli sürdü. Amma hər kəs konkret şəkildə neftin yaxın illərdə 100 dollar olmayacağını bildirdi. Yunanıstanın yeni hökuməti isə ölkənin borclarının əhəmiyyətli hissəsinin silinməsi məqsədilə tərəfdaşlarının qapısını döydü. “Morgan Stanley” Rusiyanın ÜDM üzrə proqnozunu pisləşdirdi. Ukraynanın şərqində yaşanan qarşıdurmaların ölkə iqtisadiyyatına təsirlərinin getdikcə böyüdüyü məlum oldu. İş dünyasına gəlincə, bp 2014-cü ildə xalis mənfəətinin 6,2 dəfə azaldığının hesabatını verdi, ABŞ xaricdə fəaliyyət göstərən şirkətlərindən vergi tutmağı qərara aldı, yapon şirkəti “Sony” Çinin “copy paste” siyasətinə dözməyib bazardakı itkilərini qarşılamaq üşün ixtisarlara başladı, SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-ni satışa çıxardı.

Başlayaq Yunanıstandan. Defolt təhlükəsi ilə üz-üzə qalan Yunanıstana borcunu ödəmək üçün verilən vaxt bitir. 321 milyard avroluq nəhəng borcun bir qisiminin silinməsi üçün Avropa ölkələrinın qapısını döyən Afina rəhbərliyi təkcə bu il Beynəlxalq Pul Fonduna (IMF) 9, Avropa Mərkəz Bankına 7, Yunan banklarına 15 milyard avro ödəməlidir.

Ölkənin nəhəng borcunun 100 milyard avroluq hissəsi 2012-ci ildə alınıb. Eyni zamanda da Afina rəhbərliyi Üçlükdən 240 milyard avro həcmində maliyyə yardımı alıb. Hazırda Yunanıstanın borcu ümumi daxili məhsulun 174 faizinə bərabərdir.

Yunanıstanın borcunun 60 faizi Avropaya ödənməli olduğundan baş nazir yola saldığımız il, demək olar ki, qapı-qapı bölgəni dolaşıb. Yetkililərin açıqlamalarına görə, hazırda istədikləri şey ancaq zamandır: “Qısa müddət ərzində hökumətimiz Beynəlxalq Pul Fondu, Avropa Mərkəz Bankı və Avropa Komissiyasına əhatəli, ancaq qısa vədəli təkliflər təqdim edə bilər. Biz bunu bir körpü proqram olaraq xarakterizə edirik. Orta vədəli və daha sonra da uzun vədəli proqramlara keçəcəyik”.

Ümumiyyətlə, proseslər göstərir ki, Avropa Birliyi ilə Yunanıstan arasındakı borc silmə döyüşü sərt start götürüb. Maliyyə naziri Yanis Varufakis açıq şəkildə Üçlüyü (Avropa Birliyi, Beynəlxalq Pul Fondu və Avropa Mərkəz Bankının öz aralarında yaratdığı üçlük) tanımadıqlarını bəyan edib.

Avropa Birliyi, Beynəlxalq Pul Fondu və Avropa Mərkəz Bankının növbəti “bəsləməsi” Ukraynada da vəziyyət yaxşı deyil. Ölkənin şərqində yaşanan qarşıdurmaların iqtisadiyyata zərəri hər keçən gün artır. Ukrayna Mərkəz Bankı 14 faiz təşkil edən uçot stavkasını 19.5 faizə yüksəldib. 2014-cü ilin sonuna bankın valyuta ehtiyatları 7.5 milyard dollar azalıb. Qarşıdurmalar ölkədən xarici sərmayə çıxışını da sürətləndirib. Pul vahidi grivna hər gün dəyər itirir. Təkcə dekabr ayında illik inflyasiya 25 faiz təşkil edib. Maliyyə mütəxəssislərinin fikrincə, Ukrayna iqtisadiyyatının gələcəyi üçün qarşıdurmalar bitməlidir.

Rusiyanın da gəlhagəlidir. “Morgan Stanley” ölkənin ÜDM üzrə proqnozunu pisləşdirib. 2015-ci ildə iqtisadi azalmanı 5.6% (əvvəlki proqnoz -3.9%), 2016-cı ildə isə 2.5% (əvvəlki proqnoz 0.8%) proqnozlaşdırıb.

“Morgan Stanley” bankının analitiki Alina Slyusarçuk Rusiyada resessiyanın 2009-cu ildəki iqtisadi böhrandan sonrakı sürətli bərpasından fərqli olaraq, daha uzun çəkəcəyini bildirib. Bankın proqnozuna görə, 2015-ci ildə neftin bir barelinin orta qiyməti 55 dollar, 2016-cı ildə isə 64 dollar təşkil edəcək.

Bundan başqa, ”Morgan Stanley” ekspertləri qeyd ediblər ki, Rusiyaya yeni sanksiyaların tətbiqi ölkəyə sərmayə axınına qadağa riskini istisna etmir. Ən kritik proqnoz rublun məzənnəsi ilə bağlıdır. Dolların kursunun 2015-ci ilin sonuna 72 rubl səviyyəsində qalacağı, Rusiya Mərkəzi Bankının ilin birinci yarısı ərzində yüksək faiz dərəcələrini saxlayacağı deyilir.

ABŞ isə xarici gəlirə sahib şirkətlərindən ölkədaxili yolların tikintisi üçün birdəfəyə 14 faiz vergi tutmağa hazırlaşır. Əsas ağırlıq isə texnologiya şirkətlərinin üzərinə düşəcək. 2 trilyon dollardan çox xarici gəlirə sahib ABŞ şirkətləri 285 milyard dollar əlavə vergi verəcəklər. ABŞ hökuməti bu vergini birdəfəyə alacaq. Əldə ediləcək gəlir konqresdə təsdiqləndikdən sonra yolların tikintisi üçün xərclənəcək.

Vergi ən çox texnologiya şirkətlərinə təsir edəcək. Belə ki, ABŞ-ın xarici gəlirləri yüksək olan ilk onluqdakı beş şirkəti texnologiya sektorunda fəaliyyət göstərir. 2013-cü ilin rəqəmlərinə əsasən, satış həcminə görə lider “General Electric”dir.110 milyard dollarlıq satış reallaşdıran şirkəti bu siyahıda “Microsoft” izləyir. “Microsoft” 2013-cü ildə 76.4 milyard dollar həcmində satış həyata keçirib. Üçüncü sırada isə dərman sektorunda fəaliyyət göstərən “Pfizer” gəlir. Şirkətin xaricdən təmin etdiyi gəlir 69 milyard dollar ətrafındadır. “Apple”in xaricdən qazandığı gəlir 54.4 milyard dollardır. Göstərilən dövrdə digər texnologiya şirkətləri “IBM” 52.3 milyard, “Cisco” isə 48 milyard dollar gəlir əldə ediblər.

Qeyd edək ki, Çin başda olmaqla əhalinin sıx olduğu yerlərdə məhsul satışlarına fokuslanan ABŞ texnologiya şirkətlərinin gəlirləri hər il artır. Buna ən yaxşı nümunə “Apple”dir. Ötən həftə maliyyə cədvəlini açıqlayan “Apple”nin qazancının rekord qırdığı bəlli olub. Bu rekordun arxasındakı ən böyük səbəblərdən biri şirkətin Çindəki mağazalarının artırması göstərilir. 2016-cı ildə texnologiya nəhənglərinin xarici satışlarını daha çox artırması gözlənilir. Bu da ABŞ hökumətinin əlavə verginin böyük bir qisimini onlardan alacağı deməkdir.

İş dünyası

Yaponiyanın məşhur şirkəti “Sony” Çinin ağıllı telefon istehsalçıları ilə rəqabətə dözmür. Belə ki, Çin şirkətləri bazarı daha ucuz telefonlarla zəbt ediblər. Vəziyyətdən çıxış yolu axtaran “Sony” büdcəsində ixtisarlara qərar verib. Bunun tərkib hissəsi olaraq ağıllı telefon istehsalı bölümündə 1100 adamı işdən çıxarmağı düşünür. Ümumilikdə, “Sony” 2016-cı ilə qədər 2.100 əməkdaşı ilə vidalaşmağı düşünür. Bu da işçi heyətinin 30 faiz azalması deməkdir.

Rusiya qazının ixrac qiyməti düşüb. “Qazprom” yetkilisi Aleksandr Medvedev 2014-cü ildə təbii qazın ixracat qiymətinin 2013-cü ilə görə 11,5 faiz azalaraq, min kubmetrinin 341 dollar təşkil etdiyini açıqlayıb. A.Medvedev 2014-cü ildə MDB xaricindəki ölkələrə təbii qazın ixrac qiymətinin 341 dollara düşdüyünü söyləyib. Hansı ki 2013-cü ildə “Qazprom”un ixrac qiyməti 385 dollar təşkil etmişdi. Medvedev Avropanın qaz istehlakındakı mövsüm fərqini gündəlik 150-200 milyon kubmetrə çatdığını deyib. Mövcud bazar şərtləri nəzərə alındıqda “Qazprom”un 2015-2017-ci illər arasında Avropaya 155-160 milyard kubmetr təbii qaz ixrac etməsi gözlənilir. Amma bu rəqəm də mövsüm şərtlərinə uyğun dəyişə bilər.

Bu arada o da məlum olub ki, “Qazprom”un Avropa qaz bazarındakı payı artıb. Əgər 2013-cü ildə həmin rəqəm 30 faiz idisə, 2014-cü ildə 30,6 faizə yüksəlib.

Xam neftin qiymətinin ucuzlaşması ingilis şirkəti bp-yə mənfi təsir etməkdədir. Şirkətin 2014-cü ildəki xalis mənfəətində 1/6 nisbətində azalma baş verib. Bundan əlavə, ingilis şirkəti xam neftin qiymətindəki enişi səbəb göstərərək, 2015-ci ildə planlaşdırdığı sərmayələrdə 4-6 milyard avroluq ixtisara gedib.

Britaniyanın BP şirkətinin 2014-cü ildə xalis mənfəəti 2013-cü ildəki 23.451 milyard dollara qarşı 3.78 milyard dollar olub. Bir adi səhmə düşən mənfəət 1.23 dollar təşkil edib. İllik gəlir 9.4% azalaraq 358.67 milyard dollar təşkil edib.

2014-cü ilin dördüncü rübünün nəticələinə görə, BP şirkəti 4.407 milyard dollar dəyərində zərər əldə edib. Neft şirkətinin oktyabr-dekabrda gəliri 95.096 milyard dollardan 75.096 milyarda qədər azalıb.

2014-cü ildə AB və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar şirkətin Rusiyadakı fəaliyyətinə ciddi təsir etməyib. BP-nin neft hasilatı (“Rosneft”də payı daxil olmaqla) 2013-cü ildəki 3.231 milyon barelə qarşı 3.214 milyon barel təşkil edib.

Azərbaycan

Gəldik çatdıq ölkəmizə. Ötən həftə vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edildi. SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-nı satışa çıxardı. Makroiqtisadi göstəricilərə gəlincə, Azərbaycanda kredit götürənlərin sayı 2,3 mln. nəfəri ötüb, banklar əvəzində 2,7 mlrd. manatdan çox gəlir əldə edib, ötən ay ölkədə 0,2% inflyasiya qeydə alınıb, iqtisadiyyata kredit qoyuluşları 20% artıb, dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcmi 15%-ə yaxın azalıb, 2014-cü ilin IV rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz bahalaşıb.

Başlayaq SOCAR-dan. Şirkət Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4%-ni satışa çıxarıb. Satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlarda 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü & Co;” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satışla bağlı açıqlamasında bildirib ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir: “Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınıb və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq”. İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd edib.

“Petkim”in hissələri ötən il İstanbul Birjasında ən böyük 30 şirkət arasında ən yüksək dəyər artımına nail olmasıyla diqqət çəkmişdi. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.

Rusiyanın dərdinə yana-yana özümüz də pis vəziyyətə düşdük. Mərkəzi Bankın valyuta ehtiyatları 11 faiz azalıb. Hazırda bankın rəsmi valyuta ehtiyatları 12 milyard dollar təşkil edir. Ötən ilin iyulundan başlayaraq Mərkəzi Bankın valyuta ehtiyatının azalması tendensiyası davam edir. Fevralın 1-nə Bankın valyuta ehtiyatlarının həcmi 12680.8 milyon dollar olub. Təkcə, yanvar ayında ehtiyat 1077, 5 milyon dollar və ya 7,8% azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir.

Nəzərə çatdıraq ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq 6-cı aydır ki, azalır. Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar. Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayı 1238 milyon dollar itirib.

Manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15%-dən çoxunu itirib. Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb. Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən neftin ucuzlaşması səbəbilə devalvasiya gözləntilərinin artmasıdır.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm