Türklərdən qaçıb, Amerikada varlanan ərəbin NAĞILI
Bizi izləyin

Milyonçu

Türklərdən qaçıb, Amerikada varlanan ərəbin NAĞILI

Onun sərvəti ilin əvvəlindən 904,4 milyon dollar azalıb. Bununla belə, dünya milyarderlərinin siyahısında adı yenə də ikinci sıradadır. Nə az, nə çox - 76, 2 milyard dollara sahibdir. Özünün dediyinə görə, biznesmen - sərvətin yaradıcısıdır. Hansı ki o, bu sərvəti müvəqqəti idarə edir: “Heç vaxt risk etməmişəm. Amma riski sevirəm”. Söhbət telekommunikasiya maqnatı, son 16 ildə milyarderlərin siyahısında amerikalılara meydan oxuyan, türk ordusundan fərari olan Yusuf Slim Hattat Ağlamazın oğlu Karlos Slim Heludən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində “America Movil”un sahibi Karlos Slimın milyardlara gedən yolunu təqdim edir.

12 yaşında bank səhmi alır, 17-də ilk milyon dollarını qazanır

Karlos Slim Helu 1940-cı ilin 28 yanvar tarixində Meksikada 6 uşaqlı ailədə dünyaya göz açıb. Girişdə qeyd etdiyimiz kimi, Slimin atası Yusuf Slim Hattat Ağlamaz Osmanlı ordusundan fərarilik edib. Belə ki, iki böyük qardaşı ilə 1902-ci ildə Osmanlı İmperatorluğunun hakimiyyəti altında olan Livandan gəmi ilə Tampicoya, oradan isə Meksikaya qaçıb. Mexikoda həyata tez öyrəşən Yusif Slim 1911-ci ildə La Estrella del Oriente (Şərqin ulduzu) adlı dükan açaraq kiçik sərmayə toplayıb. Qısa müddət sonra bu sərmayə ilə əmlakçı kimi fəaliyyətə başlayıb. Meksikada İnqilab illərində Pancho Villada ucuz aldığı evlərlə çox böyük sərvət qazanmağa nail olub. Növbəti mərhələdə isə adını dəyişərək Julian Slim Haddad Ağlamaz qoyan Yusif Slim özü kimi Livandan Meksikaya köç edən zəngin tacir qızı Linda Helu ilə evlənib.

1957-ci ildə vəfat edən Yusif Slim övladlarına, o cümlədən Karlos Slimə sərvət buraxır. K.Slim bu sərvətdən yararlana bilir. Çünki Yusif Slim uşaq yaşlarından övladlarına (qızları da daxil olmaqla) biznesin qaydalarını öyrədibmiş. Uşaqlarının altısı da atalarına biznesini yönəltməkdə kömək edirdilər. Bunun müqabilində atalarından xərclik alırdılar. Maraqlıdır ki, Y.Slim sonradan övladlarının həmin pulu necə xərcləyəcəyinə də nəzarət edirmiş. Hər uşağın özünün hesab-kitab dəftəri varmış. Hansı ki ora gəlir və xərclərini yazırlarmış. Y.Slimin xatirələrinə görə, Karlos Slim övladları arasında pul qazanmaq sahəsində ən istedadlısı imiş. Riyaziyyat fənnini gözəl bilən Karlosa bu, investisiyanı idarə etmək imkanları verirdi. Əbəs deyil ki, o, 12 yaşında “Nacional de Mexico” bankının səhmlərini alır. İlk milyon dollarını qazananda isə gəncin 17 yaşı varmış.

Böhrandan istifadə edib imperiya qurur

Karlos Slim ixtisasca mühəndisdir. Belə ki, o, Mexiko Milli Muxtar Universitetinin tikinti mühəndisi fakültəsində təhsil alıb. 1961-ci ildə oradan məzun olub. İxtisası üzrə işləməyi düşünməyən Slim, bununla belə, təhsili dövründə müəllim kimi digər qruplara cəbr və xətti proqramlaşdırmadan dərs deyib. Amma paralel bizneslə də məşğul olub. Likvidliyi olmayan şirkətləri simvolik qiymətlərə alaraq həmin müəssisələrin əsasında “Carso Grupo” holdinqi yaradır. Eyni zamanda, atasından miras qalan biznesi inkişaf etdirən Slimin qurduğu şirkətdən 5 ildən sonra gəlir götürməyə başlayır. 1966-cı ildə isə artıq şirkətin gəliri 40 milyon dollara çatır. 1982-ci ildə onun sərvəti bir az da artır. Həmin ərəfədə Meksikada iqtisadi böhran baş verir. Nəticədə çoxsaylı şirkətlər iflas olur, xarici investorlar ölkəni tərk edirlər. Təlaşa düşməyən Slim yenə də bazar dəyəri dəfələrlə düşən şirkətləri almaqda davam edir. Bunun sayəsində 1990-cı ilin əvvələrinə o, investisiya holdinqini –“Carso Group”u yaradır. Yeri gəlmişkən, şirkətinə bu adı özünün və həyat yoldaşının adının (Karlos, Soumai) ilk hecasına uyğun verir. Holdinqə isə mədən, kimya sənayesi, otel zəncirləri, eləcə də satışa çıxarılan dövlət telekomunikasiya şirkəti “Telefonos de Mexico” daxil olur. 2009-cu ilin rəqəmlərinə əsasən şirkətin dövriyyəsi 5,07 milyard dollar, xalis mənfəəti 563 milyon dollar olub.

Meksika daxilində iqtisadi baxımdan güclənən Slim getdikcə qonşu dövlətlərə investisiya yatırıb. İş adamı imperiyasını ilk əvvəl Latın Amerikasına daşıyaraq genişləndirib. Braziliya prezidetni Lulananın yaxın dostu olan Slim Mərkəzi və Cənubi Amerikada bir çox dövlət başçısı tərəfindən qəbul edilir. Kolumbiyada televiziyaya, Braziliyada kompüterə, Paragvayda bio-yanacağa sərmayə yatırıb. 2000-ci ildə mobil rabitə operatoru “America Movil”ə investisiya qoyub, 2008-ci ildə “The New York Times” və “Citibank”da səhm əldə edib. 2011-ci ildə ən böyük İspan media şirkəti “Prisa”ya pul yatırır. Maraqlıdır ki, K.Slim bu şirkətlərdə payı məhz onların böhran yaşadıqları dövrdə əldə edir.

Milyarderin adı “Forbes”də

Karlos Slimin adı jurnalın siyahısına ilk dəfə 2002-ci ildə düşüb. 2006-cı ildə o artıq ilk üçlüyə daxil olur. Hansı ki orada Uoren Baffet və Bill Qeyts var idi. 2007-ci ildə isə onun mənfəəti daha da artır. Nəticədə dünyanın ən varlı şəxslərinin siyahısında o, Bill Qeytsi belə qabaqlayır.

Şəxsi həyatına gəlincə, bu qədər varidatın sahibi duldur. Belə ki, iş adamının 26 yaşında evləndiyi həyat yoldaşı Soumaya Domit vəfat edib. Bu evlilikdən onun 6 oğlu var. Yazılanlara görə, bu qədər pul qazanmağı sevən şəxs ailəsinə qarşı da diqqətlidir. İldə bir dəfə nəvələri, oğulları ilə birlikdə Meksikanın qərb sahilində bir araya gəlir. Slim haqqında daha bir maraqlı fakt malikanəsində siqar saxlamaq üçün xüsusi temperatura malik otağın olmasıdır. Deyilənlərə inansaq, milyarder özünün ən uğurlu biznes qərarlarını məhz həmin otaqda siqaret çəkərkən verib. Bundan əlavə, Karlos Slim 6 uşağının riyaziyyat müəllimi məhz özü olub. Bir zamanlar atasnın onlara öyrətdiyi kimi, biznesin incəliklərini başa salıb. Hazırda onun oğlanlarından üçü “Carso Group”da mühüm post tuturlar. Oğlanları ataları haqqında belə deyirlər: “Atam heç vaxt super zəngin olmayıb. 1980-ci ildə böhran yaşandığı zamana baxmayaraq, biz yeniyetmə idik. Amma bizi yığar, iqtisadi müzakirələr aparardı”.

Digər iş adamları kimi, onun da maraqlı hobbiləri var. Belə ki, o, beysbol oynamağı sevir. Eləcə də incəsənətlə maraqlanır. İş adamının kolleksiyasına Rodenanın, Dalin kimi heykəltəraşların, eləcə də Van Qoq və Pikassonun əsərləri daxildir.

Kalosun ən maraqlı tərəfi heç vaxt kompüterdən istifadə etməməsidir. Eləcə də iş adamının həyatında təmtəraqlı anlara yer yoxdu. Ən mühüm görüşlərə adi elektron saat taxaraq gedir. Rəsmi yeməklərdən qaçır, hər yerə mühafizəçisiz gedir. Ümumiyyətlə, milyarderin mühafizəçisi yoxdur. Qidasına gəlincə, K.Slim bibər yeməkdənsə kürüyə üstünlük verir. Tək zəif nöqtəsi Kuba siqarıdır. 300 min dollarlıq Bentley Continental Flying Spurda gəzən Slim avtomobilinin rolunda əsasən özü olur. Bu arada Slim avtomobilinin dəyərində də Bill Qeytsi arxada qoyub. B. Qeytsin avtomobili Sliminkindən nə az, nə çox - 50 min dollar ucuzdur.

“Yoxsulluğun çarəsi pul bağışlamaq yox, iş imkanı yaratmaqdır“

Karlos Slimin həyat barəsində düşüncələri, bəlkə də, onun bu qədər uğur qazanmasının əsas açarıdır. Slimin fikrincə, həyatında başqasının fikrini nəzərə alırsansa, sən ölüsən. “Məni necə xatırlayacaqlarını düşünərək yaşamaq istəmirəm” deyən K.Slim eyni zamanda bunları deyir: “Gələcəyi görmə qabiliyyətiniz olmalıdır. Bunun üçün keçmişi yaxşı bilmək lazımdır. Çalışın, kiçik səhvlər edin, nəinki böyük. Mənə elə gəlir ki, heç vaxt risk etməmişəm. Ola bilər, azacıq etmişəm. Amma mən riski sevirəm. Hesab edirəm, çox konservantam. İş adamı çevik olmalıdır.

İnanmıram ki, hansısa biznesdə 15-16 saat işləmək lazımdır. O halda sizin özünüzə, ailənizə, eləcə də digər şeylərə zamanınız olmayacaq. Biznesmen - sərvətin yaradıcısıdır. Halbuki o, bu sərvəti müvəqqəti idarə edir. Mənim ideyam: yenidən investisiya, yenidən investisiya. İnvestorla sahibkar arasında fərqlər var. Sahibkar fəal yaradır, investor isə passiv sərmayə edir. Emiqrantlar çox işləyirlər. Onlar daxilən çox güclüdürlər. Mən dünyanın istənilən yerində emiqrantlara rəğbət bəsləyirəm. Ən yaxşı investisiya iş yeri yaratmaqdır. Yaxşı şəxsi həyat insanı güclü edir. Mənə elə gəlir ki, iş sosial öhdəlikdir. Bununla bərabər, emosional ehtiyacdır. Xoşbəxtliyə gedən yol - bu o zaman baş verir ki, siz özünüzün qiymətinizi bilirsiniz və onunla harmoniya tapırsınız. Səbirli, sakit, optimist olmaq həmişə bəhrə verir. Mən hələ də çoxlu suallar verirəm. Hesab edirəm, sərvət yaratmaq və öldükdə onu miras qoymaq dəlilikdir. Həyatınız boyu sərvətinizi biznesdən kənarda da istifadə etməyi bacarmalısınız.
Bisnesdə zövq almaq olmur. Çünki işləyirsiniz. Qürur - bu, alqışa səbəb olmur. Uğur pul deyil. Uğur - sizin ailəniz, dostlarınızdır. Bu nöqteyi-nəzərdən mən özümü xoşbəxt hiss edirəm”.

Xeyriyyə fondlarına 4,5 milyard dollar bağışlayan Bill Qeytsdən fərqli olaraq, Slim pula bağlı xeyriyyəçiliyi sevmir. Özü isə bu haqda belə deyir: “Mən şaxta baba deyiləm. Yoxsulluğun çarəsi pul bağışlamaq yox, iş imkanı yaratmaqdır”. Bununla belə, o, Carlos Slim “Institute of Health” fondu yaradıb. Fond diabet və xərçəng xəstəlikləri ilə mübarizə aparır. Eləcə də, o, Meksikada təhsilə milyonlar xərcləyir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm