Avropalıların iş, rusların pul axtardığı zamanda “qara qızıl”dan ağ xəbər
Bizi izləyin

Hesabat

Avropalıların iş, rusların pul axtardığı zamanda “qara qızıl”dan ağ xəbər

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi. Dünyanın əksər ölkələrində dolların milli valyutalara qarşı möhkəmlənməsi müşahidə edildi, neftin qiyməti 61 dollara çatdı, amma bundan artıq artım proqnozlaşdırılmadığı bəlli oldu. Ukrayna maaşları artırmaq üçün büdcə təşkilatlarının işçilərinin sayını azaltmağı qərara aldı, Rusiya büdcəsində 1,7 trilyon rubl kəsintiyə qərar verildi. FED yenə faiz nisbətini dəyişmədi, Almaniya və Fransada işsizlərin sayının azaldığı açıqlandı.

Başlayaq neftin qiymətindən. Xam neft həftənin son günündə gözlənilməz yüksəlişə imza atdı. “Qara qızıl”ın qiyməti 2 faizlik artımla 61 dollardan yuxarı təşkil etdi. Lakin bu yüksəliş yenə də neftin qiymətinin əvvəlki səviyyəyə çatacağını gözlənilən etmədi. Çünki OECD ölkələrindəki son 5 ilin ən yüksək səviyyəsinə çatan neft ehtiyatları qiymətlərə təsir göstərir. Neft qiymətinə mənfi təsir edən başqa faktor da dolların məzənnəsinin güclənməsidir.

Rusiya iqtisadiyyatının günü-gündən pisə doğru istiqamət alması hökumətin prosesə müdaxilələrini genişləndirib. Belə ki, rəsmi Kreml cari il ərzində ehtiyat fondundan 50 milyard dollar xərcləyəcəyini açlıqlayıb. Bununla bərabər, Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko 2015-ci ildə büdcə xərclərinin 1,07 trilyon rubl azaldılacağını bəyan edib. Nəzərə çatdıraq ki, büdcədə azaldılacaq xərclər ümumi daxili məhsulun 4,7 faiz səviyyəsində olacaq. Bununla da, gözlənilən büdcə kəsirinin 3,7 faiz səviyyəsinə endirilməsi planlaşdırılır.

Amerikada inflyasiya nisbəti düşməkdə davam edir. İstehlakçı qiymətləri indeksi (İQİ) 2008-ci ildən bəri ilk dəfə bu qədər sərt düşüb. İndeks yanvarda 0,7 faiz azalıb. Ötən ilin dekabırında bu azalma 0,3 faiz idi.

İllik bazada 0.1 faiz geriləyən inflyasiya isə 2009-cu ilin noyabrından bu yana ən aşağı səviyyəni nümayiş etdirib.

Yeri gəlmişkən, vəziyyət Amerika Mərkəzi Bankının (FED) heç də ürəyincə deyil. İnflyasiya nisbəti səlahiyyətlilərin 2 faiz hədəfindən olduqca uzaqdır. Buna görə də FED faiz nisbətini yüksəltmək mövzusunda "istəksiz"dir. Bank faiz dərəcələrinin indiki səviyyəsini daha bir müddət saxlayacağını bildirir.

Xatırladaq ki, Federal Ehtiyat iyun ayında faiz nisbətlərində artıma gedəcəyini açıqlamışdı. Bunun ardınca geri addım atmışdı. İqtisadçıların proqnozlarına görə, 2015-ci ilin sonuna doğru FED pul siyasətində daralmaya gedə bilər.

Bu arada FED 10 ildən bu yana yeni qanuna da imza atıb. Bank qlobal iqtisadiyyatdakı yavaşlamanı və nefin qiymətindəki enişi pul siyasətində həlledici faktorların sırasına daxil edib. Çünki bu amillər ABŞ iqtisadiyyatındakı böyümə potensialına çox təsir edir.

Avro Bölgəsində isə deflyasiya buludları gəzişməkə davam edir. Avropa Statistika Ofisinin (Eurostat) məlumatına görə,18 üzvdən ibarət bölgədə yanvar ayında da mənfi inflyasiya qeydə alınıb.

2015-ci ilin ilk ayında mənfi 0,6 faizə geriləyən inflyasiya bununla da 2009-cu ildən bu tərəfə ən aşağı səviyyəni nümayiş etdirib.

Avro Bölgəsində istehlakçı qiymət indeksi yanvarda 1,6 faiz azalıb. Bölgədə mənfi inflyasiya xüsusilə Yunanıstanda (yüzdə -2,8) və İspaniyada (yüzdə -1,5) təsirli olub. Bölgənin ən böyük iqtisadiyyatları olan Almaniya və Fransada qiymətlərdəki geriləmə 0,5 faiz ətrafında təşkil edib. Söz bu iki ölkədən düşmüşkən, alman iqtisadiyyatı 2015-ci ilə sürətlə başlayıb. Ölkənin İş Nazirliyinin açıqladığı fevral ayı məlumatlarına görə, Almaniyada işsizlik azalıb. Rəqəmlərlə ifadə etsək, azalma 6,5 faiz, yəni 20 min nəfər olub. Beləliklə də, Almaniyada işsizlərin sayı 2 milyon 812 min nəfərə düşüb. Ölkədə inflyasiya nisbəti də azalıb. Hətta 2009-cu ildən bu yana ilk dəfə mənfi rəqəm nümayiş etdirib. Bu da əhalinin aldığı məvacibin inflyasiya tərəfindən yeyilməməsini təmin edir.

Bütün bunlar Avropanın lokomotivinin qlobal maliyyə böhranını geridə qoymasına işarədir.

Fransada da işsizlər ordusu 5 aydan bəri ilk dəfə azalmağa başlayıb. Hökumət tərəfindən açıqlanan son rəqəmlərdə yanvar ayında iş üçün müraciət edənlərin sayı 19 min nəfər azaldığı bəlli olur. Beləliklə, ölkədə qeydə alınan işsizlərin sayı dekabr ayına nisbətən 0,5 faiz geriləyərək, 3 milyon 481 min nəfərə düşüb.

Gənclər arasında işsizlik nisbəti də son bir ilin ən aşağı səviyyəsini nümayiş etdirib. Belə ki, iş tapan 19 min nəfərinin 7 min 600 nəfəri gənclərdir.

Ukraynadan da xəbər var. Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəyə 40 milyard avro həcmində kredit ayırması Petro Poroşenko hökumətini hərəkətə gətirib. Rəsmi Kiyev 2015-ci ilin büdcəsində bütün xərclər 1 dollar 21,7 qrivna nisbətinə endirilərək təsnifləşdiriləcək. Ukraynanın sosial işlər naziri Ayvaras Abromaviçyusa görə, qrivnanın dəyər qazanması həm büdcə təşkilatlarının maaşlarının ödənilməsi, həm də sui-istifadələrin qarşısının alınması baxınımdan əhəmiyyətlidir: "Maaşların ödənməsi böyük problemdir. Bu andakı valyuta məzənnəsi ilə aylıq maaşlar 200 dollardır. İşçilərin sayını azaldıb, geri qalanların maaşını artırmağı düşünürük. Şəxsən rəhbərlik etdiyim nazirlikdə işləyənlərin sayı yarıbayarı düşəcək".

Valyutasını sərbəst buraxan Ukraynanın təbii qazın qiymətini bahalaşdırması da qaçılmaz sayılır. Beynəlxalq Valyuta Fondunun dəstəklədiyi bu qərar təbii qaz qiymətinin azı üç dəfə artırılmasına gətirib çıxaracaq.

Onu da qeyd edək ki, Ukrayna Beynəlxalq Valyuta Fondunun maliyyə dəstəyi ilə borcunu ümumi daxili məhsulun 70 faizinə salmağı hədəfləyir. Lakin Rusiya tərəfdarlarıyla atəşkəsə tam əməl olunmaması grivnanın məzənnəsinə mənfi təsir edir. Hazırda ölkədə 1 dollar 30 qrivna təşkil edir. Bu halda 2015-ci ildə inflyasiyanın 26 faizi aşması proqnozlaşdırılır.

İş dünyası

Amerikanın texnologiya nəhəngi “Apple" Avropadakı sərmayələrini böyüdür. “Apple” rəhbərliyinin açıqlamasına görə, şirkət İrlandiya və Danimarkaya 1,7 milyard avro səviyyəsində sərmayə qoyaraq iki məlumat mərkəzi yaratmağı hədəfləyir. Avropadakı ən böyük investisiya layihəsinə imza atmağı planlayan “Apple” bunun sayəsində internet xidmətnin keyfiyyətini də yüksəltməyi hədəfləyir. Hər biri 166 min kvadratmetr sahədə qurulacaq mərkəzlər 2017-ci ildə xidmət göstərməyə başlayacaq.

Avropanın ən böyük bankı “HSBC” 2014-cü ildə gözləntiləri puç edib. Banklar qrupunun vergidən kənar gəlirlərində bir il əvvəllə müqayisədə 17 faiz eniş baş verib.

Bankdan gələn pis xəbərlər bununla bitmir. Müştərilərinə vergidən yayınmaqda kömək etdiyi iddia edilən “HSBC” də baş bankir Stuart Gulliverin də nəhəng hesabı olduğu ortaya çıxıb. Gulliver tərəfindən 2007-ci ildə açılan hesabda təxminən 8 milyon avro var.

Xatırladaq ki, keçən həftə İsveçrə polisi “HSBC”nin Cenevrə şöbəsinə basqın təşkil edərək bankdakı bəzi sənədlərə həbs qoymuşdu.

Azəbaycan

Gəldik çatdıq Azərbaycana. Həftə əzində dünyada gedən prosesin bir hissəsi kimi valyuta məzənnələrinin manata nisbətən gah dəyər qazanması, gah da yumşalması müşahidə edildi. Buna adekvat olaraq, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul etdi. Fondun Himayəçilik Şurası tərəfindən qəbul edilən digər qərarda isə bu ilin fevral 24-nə kimi 12% həddində qəbul edilmiş bütün əmanətlərin fevralın 24-dən etibarən qorunan əmanət hesab olunduğu açıqlandı. Belə ki, fevralın 24-nə qədər 10, 11 və 12%-lə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, həmin əmanətlər qərarın verildiyi tarixdən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan oldular: “01 avqust 2013-cü il tarixində qorunan əmanətlər üçün maksimum faiz dərəcəsi 12%-dən 10%-ə endirilib, əvvəlki dövrlərdə müvafiq olaraq qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 15% və ya daha yüksək olub, bununla əlaqədar olaraq öz-özlüyündə geriyə şamil etmə 01 avqust 2013-cü il tarixdən müəyyən edilir”.

Xatırladaq ki, 2013-cü ilin avqustun 1-dən 2014-cü ilin mayın 19-na kimi maksimal faiz 10%, 2014 cü il mayın 19-dan etibarən isə 9% müəyyən edilmişdi.

Daha bir önəmli xəbər Avropa Komissiyasının Avropa Enerji İttifaqının yaradılması strategiyasını təsdiqləməsi oldu. Avropa Komissiyasının sədr müavini Maroş Şevçoviçin sözlərinə görə, sənəd Avropa Komissiyası tərəfindən yaxın 5 il ərzində enerji sektorunda görəcəyi işləri özündə tərənnüm edir. İttifaqın yaradılması üzərində 29 Avropa komissarından 14-ü çalışacaq: “Enerji qiymətləri - həmin meyardır ki, onun əsasında Avropa biznesi və istehlakçılar yaradılacaq ittifaqın effektivliyini qiymətləndirə biləcək. Qiymətin aşağı salınması üçün biz enerji istehsalçılarına rəqabətqabiliyyətli bazar yaratmaqla təzyiq etməyə hazırıq”.

M. Şevçoviç deyib ki, yaradılacaq Enerji İttifaqının qaydalarına əsasən, Avropa İttifaqına üzv olan ölkələr xarici enerji resursları tədarükçüləri ilə müqavilə bağlamazdan öncə, Avropa Komissiyası ilə müqavilənin şərtlərini razılaşdırmalıdırlar: “Bu, daha çox qaz sahəsinə aid olan sazişlərə aiddir. Biz onların Avropa normativlərinə uyğun olmasına əmin olmalıyıq”.

Cənub Qaz Dəhlizi layihəsindən söz açan M. Şevçoviç bildirib ki, 45 mlrd. dollara yaxın dəyəri olan bu layihə Azərbaycan, Türkiyə və iştirakçı olan digər ölkələr tərəfindən uğurla həyata keçirilir: “Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə 2019-2020-ci illərdə Avropaya ilk qaz veriləcək. Biz başqa qaz təminatçıları olan ölkələrlə də danışıqlar aparırıq. Türkmənistan, İran, İraq və bu siyahını zəngin karbohidrogen ehtiyatlarına malik başqa ölkələrlə davam etdirə bilərik. Diversifikasiya Avropa İttifaqı üçün vacib, strateji əhəmiyyət kəsb edir.Yaradılacaq Avropa Enerji İttifaqı çərçivəsində Avropa Komissiyası Avropanın elektrik şəbəkələrinin stress-testini həyata keçirəcək”.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm