Bahalaşan neft, böyüklərin çökən iqtisadiyyatı, birləşən nəhənglər və... 800 milyon dollarlıq xeyriyyəçilik - HESABAT
Bizi izləyin

Hesabat

Bahalaşan neft, böyüklərin çökən iqtisadiyyatı, birləşən nəhənglər və... 800 milyon dollarlıq xeyriyyəçilik - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı üçün gərgin keçdi. Yəməndəki hava əməliyyatları neftin qiymətini bahalaşdırdı. Amerika ÜDM-in azaldığını açıqladı, bununla da FED-in faiz artımına getməsi ilin sonuna qədər ertələndi. Fransada işsizlərin sayı artdı, Rusiyada Mərkəzi Bank dollarla mənzil krediti alanlara 4,5 milyon rubl yardım ayırdı. İş dünyasında iki qida nəhəngi - “Heinz” və “Kraft” birləşdi, “Apple”nin rəhbərlərindən olan Tim Cook sərvətinin hamısını xeyriyyə qurumlarına bağışlayacağını açıqladı.

Başlayaq Rusiyadan. Ölkədə iqtisadi böhran xalqı pərişan edib. Maliyyə sanksiyaları, xam neftin davamlı dəyərdən düşməsi, rublun ucuzlaşması ölkədə vəziyyəti hər keçən gün ağırlaşdırır. Həftənin əvvəlində 1 dollar 59 rubl təşkil edib. Dolların rubl qarşısında bahalaşması mənzil krediti alanların vəziyyətini daha ağır edib. Ruslar krediti ödəyə bilmirlər. Belə ailələr dövlətdən də ümidlərini kəsiblər. Və çarəni kilsələrdə dua etməkdə axtarırlar: "Kredimizi əvvəlki məzənnə ilə ödəmək istəyirik. Hazırkı şəraitdə krediti ödəməyimiz qeyri-mümkündür”. Rusiya Mərkəzi Bankı isə əmlak kreditindən zərər çəkənlərə 4,5 milyon rubl yardım ayrılacağını açıqlayıb. Lakin göstərilən vəsaitdən yalnız 2 min nəfər faydalana bilər. Bu da xarici valyuta qurbanlarının onda birinə bərabərdir.

Çindən gələn iqtisadi siqnallar da ürək açan deyil. Dünyanın ən böyük ikinci iqtisadiyyatında istehsalat sektorunun fəaliyyəti mart ayında da son 11 ayın ən aşağı səviyyəsinə düşüb. Bu enişə səbəb kimi sifarişlərdəki azalma göstərilir.

Fransada işsizlərin sayı yenidən artmağa başlayıb. Belə ki, yanvarda son beş ayda ilk dəfə geriləyən işsizlər ordusuna fevral ayında 12.800 nəfər də əlavə olunub. Beləcə, ölkədəki işsizlərin sayı yanvar ayına nisbətən 0,4 faiz artaraq 3,5 milyon nəfərə çatıb. İşsizliyin ümumi artımına baxmayaraq, gənclər arasında işsizliyin ümumi göstəricisi az da olsa geriləyib. 25 yaşından aşağı gənclər arasında işsizlik nisbəti 0,3 faiz azalaraq son bir ilin ən aşağı səviyyəsinə düşüb. İş düzəldən təşkilatlarda bir ildən çox qeydiyyatda olan işsizlərin sayı 0,8 faiz artaraq illik bazda 9,5 faizə çatıb. Bu arada ölkənin maliyyə naziri Mişel Sapi 2015-ci ildə büdcə kəsiri hədəfinin aşağı çəkildiyini açıqlayıb. Sapinin sözlərindən bəlli olub ki, bu il büdcə kəsiri 4,1 faizdən 3,8 faizə düşüb. 2017-ci ildən etibarən isə büdcə kəsirinin Avropa Birliyinin icazə verdiyi 3 faiz sərhəddi çərçivəsində olacağı proqnozlaşdırılır.

Xatırladaq ki, AB qaydalarına görə avro bölgəsi ölkələrinin büdcə kəsirləri ÜDM-in 3 faizini keçməməlidir. Onu da bildirək ki, Avropa Komissiyası Fransaya büdcə kəsirini AB-nin icazə verdiyi sərhədlərə çəkməsi üçün 2017-ci ilə qədər müddət vermişdi.

Yola saldığımız həftənin daha bir əhəmiyyətli hadisəsi Səudiyyə Ərəbistanının liderliyi ilə 8 ərəb ölkəsindən ibarət koalisiyanın Yəməndəki hava əməliyyatları oldu. Bu da neftin qiymətini artırdı. İldə yalnız 130 min barrel neft istehsal edən Yəmənə qarşı əməliyyatın neftin qiymətinə belə təsir etməsinin səbəbi isə ölkənin strateji mövqeyidir. Belə ki, dünyada gəmiylə daşınan neftin 8 faizi ölkədəki Babul Mendeb boğazından keçir. "Hüzün Qapısı" mənasını verən boğaz Hind okeanı ilə Cənub-Şərqi Asiyanı Süveyş Kanalı yoluyla Aralıq dənizinə və Avropaya bağlayaraq, dünyanın ən əhəmiyyətli dəniz ticarət yollarından biridir. Eyni zamanda Yəməndəki qarşıdurmalar və qeyri-sabitlik Səudiyyə Ərəbistanının neft istehsal hövzələrinin təhlükəsizliyini də təhdid edir.

Amerikada ÜDM 2014-ci ilin son rübündə 2.2 faiz təşkil edib. Bu da proqnozlaşdırılandan da aşağı artımdır. Rəylərə əsasən ÜDM-ə dolların məzənnəsinin güclənməsi nəticəsində xarici ticarət kəsirinin artması və dövlət xərclərinin azalması təsir edib. Yeri gəlmişkən, ötən ilin 3-cü rübündə ÜDM 5 faiz olub. Bu arada onu da bildirək ki, Yəməndə yaşanan gərginlikdən sonra qlobal bazarların gözü bu açıqlamada idi. Konkret olaraq, ABŞ-da 10 il müddətli istiqraz faizləri 1,92 faizdən 2,01 faizə yüksəldi.

Son məlumatdan sonra ABŞ Mərkəz Bankının (FED) faiz artırımını bu ilin sonuna qədər ertələyəcəyi istisna edilmir.

Böhran yaşayan Yunanıstandan da xəbər var. Hökumət borc kəsirini bağlamaq üçün yeni proqramlara start verib. Bu çərçivədə vergi borcu olanlara qarşı sərt tədbirlər nəzərdə tutulur. Bu addımdan dövlətin kassasına 150 milyon dollar daxil olması proqnozlaşdırılır. Yunanıstanla bağlı xəbərlər bununla bitmir. Ölkə beynəlxalq kreditor yardımı almaq üçün Avropa Birliyinə təqdim edəcəyi islahat siyahısını tamamlayıb. Sözügedən islahat planı təsdiqlənərsə ölkə ilk mərhələdə borclarını ödəmək üçün 1.2 milyard avro ala biləcək. Yunanıstan bu siyasəti həyata keçirərsə ilin sonuna qədər gəlirinin 3 milyard avro artacağı təxmin edilir.

İş dünyası

İş dünyasında da qəribə hadisələr müşahidə edildi. Qida sektorunun iki nəhəngi biləşməyə imza atdı. Beləliklə də məşhur pendir istehsalçısı “Kraft” ilə ketçup istehsalçısı “Heinz” güclərini birləşdirdilər. Bu ortaqlıq sayəsində yaranacaq şirkət – “Heinz Kraft” dünyanın ən böyük beşinci qida şirkəti olacaq. “Heinz” yeni şirkətin 51 faizinə, “Kraft” isə 49 faizinə sahib olacaq. Müqavilənin 25 milyard avro ətrafında olacağı təxmin edilir.

“Kraft” şirkətinin səhmdarları yeni şirkətdən hissə alacaq və hissə başına 16,50 dollar dividend ödənəcək.

“Apple”nin rəhbərlərindən olan Tim Cook sərvətinin hamısını xeyriyyə qurumlarına bağışlayacağını açıqlayıb. Söhbət 800 milyon dollardan gedir. Amma Cook sərvətini hansı təşkilatlara hədiyyə edəcəyinə dair bir fikir səsləndirməyib.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Asiya İnkişaf Bankı 2015-ci ildə Azərbaycanda ümumi daxili məhsulun artım tempini 3 faiz proqnozlaşdırıb. Bank bu barədə “Asian Development Outlook 2015” hesabatında bildirib. Xatırladaq ki, 2014-cü ilin sentyabrında AİB 2015-ci il üçün Azırbaycanda ÜDM-in həcmini 4,8 faiz proqnozlaşdırırdı. 2016-cı ildə isə qurum bu rəqəmi 2,8 faiz gözləyir. Bankın pronozlarına əsasən neft sektorunda azalma cari ildə 2,5 faiz, 2016-cı ildə 1,6 faiz olacaq. 2015-2016-cı illərdə Azərbaycanda kənd təsərrüfatı sektorunun artımı 5%, xidmət sektorunun artımı bu il 8%, gələn il 6,5% proqnozlaşdırılır. AİB həmçinin Azərbaycan üzrə inflyasiya proqnozunu da yüksəldib. Bank 2015-ci ildə Azərbaycanda 6% inflyasiya proqnozlaşdırır. Hansı ki, sentyabr ayında açıqlanan hesabatda bu rəqəm 3,5% idi. 2016-ci il üçün inflyasiya gözləntisi 5,5%-dir. Bank onu da bildirir ki, fevral ayında manatın 33,5% devalvasiyası büdcə gəlirlərini artıracaq. Neftin qiymətinin düşməsindən azalan büdcə daxilolmalarını kompensasiya edəcək.

Dövlət zəmanəti ilə xarici borc 2015-2016-cı illərdə ÜDM-in 8-9% ətrafında qalacaq. Cari ildə ixrac 15 faiz azalacaq, 2016-ci ildə bu rəqəm 6 faiz təşkil edəcək. İdxal isə 16,7 faiz düşəcək. 2016-cı ildə azalma 7,1 faiz olacaq.

Həftənin daha bir hadisəsi Transadriatik qaz kəməri (TAP) konsorsiumu Boru Kəmərinin Qəbul Terminalı və İtaliyada quruda kəmərin tikintisi ilə bağlı tender elan etməsi oldu. TAP konsorsiumunun məlumatına əsasən, tender iki lot üzrə elan edilib. Onlardan biri boru kəmərinin qəbul terminalının tikintisi, satışı və layihələndirilməsi ilə bağlıdır. Digər lot üzrə təxminən 8 km uzunluğunda, 36 düyüm diametrində yüksək təzyiqli boru kəmərinin tikintisi, satışı və layihələndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, boru kəmərinin qəbul terminalı qazı kəmərin quruda yerləşən hissəsindən alacaq və TAP-ın əsas hissəsini idarə edəcək. Boru kəmərinin qəbul terminalı ətraf ərazilərə inteqrasiya olunacaq və ərazidə vizual təsiri məhdudlaşdıracaq. Bu avadanlıq “Snam Rete” qaz şəbəkəsinə qoşulacaq.

Tenderlə bağlı ərizələrin qəbulu üçün son müraciət tarixi aprelin 7-si elan olunub. Seçmə mərhələnin davamı olaraq, TAP İtaliyada sahil məntəqəsinin tikintisinə dəvət üçün aprelin 22-nə qədər tenderə müvafiq dəvətnamələrin çıxarılmasını planlaşdırır.

TAP-ın satış üzrə direktoru Knut Steinar Kvinskland bildirib ki, bu tenderlə TAP Kipr və Yunanıstandan keçərək cənubi İtaliyaya qədər uzanan kəmərin tikintisi, satışı və layihələndirməsi ilə bağlı xidmətlərin təhlükəsizlik bazarına daxil olub: “Bizim seçim prosesimiz şəffafdır və Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit standartlarına, o cümlədən TAP-ın “sıfır zərər siyasəti” ilə bağlı tədqiq olunmuş öhdəliklərinə cavab verir”.

Məndən bu qədər. Bayram tətilini son həftəsonunda hər birinizə uğurlar

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm