İran neftinin qayıdışı, Rusiyanın ödəmə sistemi planı, Bakı-Novorossiysk, TANAP və “Kənd təsərrüfatı ili” - HESABAT
Bizi izləyin

Hesabat

İran neftinin qayıdışı, Rusiyanın ödəmə sistemi planı, Bakı-Novorossiysk, TANAP və “Kənd təsərrüfatı ili” - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatı İrana qarşı sanksiyaların aradan qaldırılması ilə bağlı xəbərlərdən çalxalandı. Belə ki, İslam Respublikasına qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması bu ölkənin neftinin dünya bazarlarına çıxmasına şərait yaradır. Təklifin tələbi üstələdiyi şəraitdə isə bu, neftin daha da ucuzlaşması deməkdir.

Qeyd edək ki, sanksiyaların aradan qaldırılmasının perspektivi barədə xəbər belə aprelin 2-də dünya birjalarında qısa müddətə neftin 4% ucuzlaşmasına səbəb oldu. Proqnozlara görə, əgər nəzərdə tutulan razılıq yekunda qüvvəyə minərsə, növbəti aylarda neft bazarında ciddi ucuzlaşma müşahidə oluna bilər. Belə olan təqdirdə qiymətlərin 10, hətta 20 dollar ucuzlaşacağı istisna edilmir. Eyni zamanda, “Bloomberg” agentliyi də İran neftinin dünya bazarlarına dönüşünün “qara qızıl”ın qiymətini 1 barelə görə 10 dollara qədər azaldacağından yazır. Agentliyin keçirdiyi sorğuya cavab olaraq bəzi ekspertlər bildirib ki, yaxın zamanda neftin qiyməti istənilən halda azalacaq. Proqnozların əksəriyyəti 40 dollar üzərində cəmləşib.

Bazarlardan başlamışkən, dəmir filizin qiymətində sürətli azalma davam edir. Son on ilin ən aşağı səviyyəsinə geriləyən dəmir filizinin tonu 50 dollardan da aşağı təklif edilir. Qiymətlərin sərt şəkildə azalaraq qlobal maliyyə böhranından əvvəlki dövrdəki səviyyəyə düşməsində dəmir təchizatının artması başlıca səbəblərdən biridir. Bundan əlavə, dünyanın ən böyük dəmir filizi istehsalçısı “Vale” Malayziyada nəhəng dəmir filizi paylama mərkəzi yaradıb. Müəssisədə ildə 30 milyon ton dəmir filizi paylanması reallaşdırılacaq.

İngiltərədə iqtisadi artım yuxarı istiqamətli rəqəmlər nümayiş etdirib. Milli Statistika Təşkilatının açıqladığı rəqəmlərə görə, ilin dördüncü rübündə İngiltərədə iqtisadi artım baş verib. O cümlədən istehlak xərcləri 0,6 faiz yüksəlib, ixrac isə 4.6 faiz artıb. Ekspertlər deyir ki, İngiltərə iqtisadiyyatındakı ümumi proses və iqtisadi perspektivlər hələ nisbətən müsbət görünür. İşsizlik düşür və maaşlar yüksəlir. Bu səbəbdən də istehlakçıların qarşıdakı aylarda bazarlara olan inamının artması gözlənilir.

Avro Bölgəsində işsizlik nisbəti geriləməkdə davam etdirir. Yanvar ayında bölgədə 11,4 faizə enən işsizlik nisbəti fevralda daha 0,1 faiz azalaraq 2012-ci ilin mayındakı səviyyə ilə eyniləşib. Avropa Statistika Ofisindən bildiriblər ki, iş tapan 49 min nəfər sayəsində 18 üzvlü bölgədə işsizlər ordusunun sayı 18 milyon 204 min nəfərə düşüb. 25 yaşdan aşağı işsizlərin sayı 2014-cü ilin eyni dövrünə nisbətən 245 min nəfər azalıb. Bu da 22,9 faiz düşüş deməkdir.

Bununla belə, İtaliyada işsizlik nisbəti yanvar ayında 12,6 faiz olsa da, fevralda 12,7 faizə qalxıb. Fransada isə bu nisbət sabitliyini qoruyaraq 10,6 faiz səviyyəsində qalıb. Avropa iqtisadiyyatının lokomotivi Almaniyaya gəlincə, işsizlik rekord enişlə 6,4 faiz səviyyəsinə düşüb.

Avro Bölgəsində inflyasiya da azalıb. Belə ki, inflyasiya illik bazda 0,1 faiz düşüb. Bu vəziyyət bölgədə defilyasiya riskini meydana gətirməkdı davam etsə də, göstəricinin yanvarda 0,6 faiz, fevralda 0,3 faizdən az olması qiymətlərdəki enişin yavaşıdığını göstərir. Bölgədə inflyasiyanın geriləməsində ən böyük rolu yenə enerjinin qiymətləri oynayıb.

Yunanıstanda iqtisadi durum düzəlmir ki, düzəlmir. Vəziyyət o həddədir ki, mağazaların vitirinləri belə boşalıb. Yunanıstanın Tacirlər Federasiyası isə əvvəlcədən ödəmə olmayınca sifariş qəbul etməyəcəyini açıqlayıb. Qeyd edək ki, ölkənin 6 ildir içindən çıxa bilmədiyi maliyyə böhranı səbəbindən bir çox kiçik və orta müəssisələr qapılarını kilidləyib. Ayaqda qalanların 20 faizi isə vergilərini ödəyə bilmirlər. Artıq 2015-ci ilin ikinci yarısında 8 min iş yerinin bağlanması gözlənilir. Bu da iyirmi mindən çox adamın işsiz qalması deməkdir.

Bu arada böhrandan xilas olmaq üçün Afina ilə Brüssel arasında həftə sonu aparılan danışıqların müsbət nəticələnməsi gözlənilir. Razılaşmada xəzinəsi boşalan ölkəyə maliyyə yardımının ayrılacağı bildirilir. Onu da deyək ki, Afinanın Beynəlxalq Valyuta Fondundan aldığı təxminən 450 milyon avro kreditinin ödəmə vaxt apreldə bitir.

İş dünyası

Ötən həftənin iş dünyasının maraqlı hadisəsi Hollandiyanın texnologiya nəhəngi “Philips”in işıqlandırma sektorundakı payını satışa çıxarması oldu. Payının 80 faizini yeni sərmayə fondu olan “Go Scale Capital”a satan şirkət bu əməliyyatdan 2,6 milyard avro əldə etməyi planlaşdırır. Elektrikli avtomobil və LED işıqlandırma sektorlarında investisiyaları ilə tanınan “Go Scale” satın alacağı yeni sektoru inkişaf etdirəcəyini açıqlayıb.

Rusiya beynəlxalq kredit kartı şirkətlərinə qarşı sərt addımlara başlayıb.“Mastercard” və “Visa” Rusiya banklarındakı bəzi müştərilərin kartlarına məhdudiyyət tətbiq edib. Kreml rəhbərliyi bundan çıxış yolu kimi yeni ödəmə sistemi qurmaq qərarını verib. Ölkədə ödəmə əməliyyatlarının 85 faizinə nəzarət edən “Visa” və “Mastercard”ın hakimiyyətinə son verməyi hədəfləyən Putin hökuməti Yaponiya və Çinin istifadə etdiyi sistemləri nümunə götürəcək. Yeni sistemlə əlaqədar işlərin 6 ay içərisində tamamlanacağı ifadə edilir.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Həftə ərzində bütün diqqətlər Milli Məclisin Mərkəzi Bankın rəhbərliyinə seçki ilə bağlı keçiriləcək plenar iclasa kökləndi. Nəhayət, gözlənilən müzakirələr baş tutdu. Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edildi. Bu da aprelin 6-da səlahiyyət müddətinin bitməsindən sonra onun yenidən MB sədri olacağı anlamına gəlir. Yeri gəlmişkən, bir çox iqtisadçılar ölkənin baş bankirinin artıq 20 ildir sistemə rəhbərlik etdiyini irəli sürərək onun bank sisteminin inkişafında rolunun danılmaz olduğunu söylədilər.

Yola saldığımız həftə təkcə Elman Rüstəmovun yenidən 5 il müddətində MB-ya rəhbərlik etməsi perspektivi ilə gündəmi zəbt etmədi. O həm də ölkə iqtisadiyyatı ilə bağlı açıqlamaları ilə müzakirələrə yol açdı. Məlum oldu ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürüləcək. Və baş bankir bunu belə əsaslandırdı: “Maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır. 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollara hesablanacaq”.

Həftənin daha bir mühüm hadisəsi “Transneft” şirkətinin Bakı-Novorossiysk kəməri ilə neftin nəqli tariflərinin 30% artırılması ilə bağlı Rusiya Federal Tarif Şurasına müraciəti oldu. Məsələyə münasibət bildirən Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev isə qeyd etdi ki, “Bakı-Novorossiysk” kəməri ilə neft kommersiya şərtləri əsasında nəql edilir. Halbuki bundan öncə sözügedən kəmər vasitəsilə neft Rusiya və Azərbaycan arasında imzalanan Hökumətlərarası Saziş əsasında nəql olunub: “Bakı-Novorossiysk”lə kommersiya şərtləri ilə işləyirik. Əvvəl dövlətlərarası sazişlə işləyirdik. Rusiya bunu dayandırdı və kommersiya şərtlərinə keçdi. Açığı, kommersiya şərtləri ilə dövlətlərarası şərtlərdən daha ucuz qiymətə nəql edirik. Rusiya rublunun devalvasiyası qiyməti bizə çox sərf edirdi. Mən deyərdim ki, keçmişə nisbətən 2 dəfə ucuz başa gəlirdi. Bilirsiniz ki, prezident İlham Əliyevin strateji nəzər nöqtəsidir ki, bu xətti daim çalışdırmalıyıq. Bizim diversifikasiya olunmuş neft kəmərlərimiz var. Bu o deməkdir ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün heç bir problem yoxdur”.

Onu da xatırladaq ki, Rusiya Federal Tarif Şurası tariflərin artırılmasına aprelin 7-də baxacaq.

SOCAR Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsində öz səhmlərini maliyyələşdirməyə də başladı. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq TANAP layihəsində “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 58 faiz, BOTAŞ 30 faiz, bp şirkəti isə 12 faiz paya sahibdirlər. Boru kəmərinin tikintisini üç şirkət – “Tefken İnsaat ve Tesisat A.Ş”, “Sicim-Yüksel-Akkord Adi Ortaklığı” və “Fernas İnşaat A.Ş.” həyata keçirəcək. TANAP ilə Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan təbii qazının nəqli nəzərdə tutulur. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bu sərəncamda nəzərdə tutulmuş Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edildi. Nazirlər Kabinetinə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırıldı.

Məndən bu qədər. Hər kəsə uğurlu həftəsonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm