Ən ucuz və ən bahalı mənzilin qiyməti bəlli oldu
Bizi izləyin

Ekopublika.az

Ən ucuz və ən bahalı mənzilin qiyməti bəlli oldu

Ötən ay təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti kvadratmetr üzrə -14.8% azalaraq 2108 dollardan 1796 dollara düşüb. Manatla ifadədə ay ərzində 14% bahalaşaraq kvadratmetrin qiyməti 1654 manatdan 1886 manata yüksəlib.

Publika.az-a bazarı şərh edən "MBA Consulting Group" şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirib ki, iki məzənnə ilə göstərilən məbləğlərdə bu cür fərqin yaranmasına səbəb fevral ayının son həftəsində ölkədə baş verən devalvasiyadır: “Mart ayına qədər hesabatlar 0.7844 (USD/AZN) əmsalı ilə aparılırdısa, artıq martdan etibarən hesabatlar 1.05 (USD/AZN) əmsalı ilə aparılıb”.

Ekspert bildirir ki, bazar portfelində ümumi təkliflərin sayı isə 1866 ədəd təşkil edib. Bu da öz növbəsində ötən ay ilə müqayisədə -7.14%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -9.8% az olub: “Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsinin kvadratmetri 2000 dollardan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 72.2%-ni təşkil edir. Qeydə alınan orta bazar qiyməti 1541 dollar olub. Ümumi təklif portfelinin 20.0%-ni 2000-2500 dollar (kvadratmetrə görə) qiymət diapazonu arasında yerləşən mənzillər təşkil edir. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2217 dollardır. Bahalı mənzillərin, yəni kvadrat metrinin dəyəri 2500 dollardan çox olan mənzillərin bazardakı payı isə 7.8% -dir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3040 dollar təşkil edir”.

N.İbrahimov qeyd edir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki, üç və çoxotaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 13.0%, 7.0%, 20.0% və 13.0% artım baş verib: “Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib. Təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. Üçotaqlı mənzillərin təklif sayında yerdəyişmə müşahidə olunmasa da, bir, iki və çoxotaqlı mənzillərin ümumi sayında azalma qeydə alınıb. Bunu da ümumi mənzil bazarında qeydə alınan təklif sayındakı azalma ilə əlaqələndirmək olar. Mart ayında “Leninqrad”, “Minsk” və “Stalinka” layihəli mənzillərin təklif portfelində olan payları artsa da, digər layihələrə məxsus mənzillərin sayı azalıb. Ən çox azalma “Xruşşov” və “Eksperimental” layihəli mənzillərdə müşahidə edilib”.

Məlum olur ki, təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 5 otaqlıda qeydə alınıb: “Cavanşir körpüsü yaxınlığında yerləşən 430 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 5400 dollar təşkil edib. Ən ucuz mənzil isə Bakıxanov (Razin) qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “stalinka” layihəli, 3 otaqlı mənzildə qeydə alınıb- 660 dollar (kvadratmetri).

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm