Pambıq fəhləsinin 50 quruşa yaratdığı imperiya, “corab əhvalatı”, “Forbes”in siyahısındakı 13 türk - MİLYONÇU
Bizi izləyin

Milyonçu

Pambıq fəhləsinin 50 quruşa yaratdığı imperiya, “corab əhvalatı”, “Forbes”in siyahısındakı 13 türk - MİLYONÇU

Onlar Kayseridən Adanaya pambıq tarlasında işləmək üçün köç ediblər. Sərvətin banisi gündəlik qazandığı 80 quruşdan artırıb özünə biznes qurub. Sonra Türkiyə iqtisadiyyatının bir çox sahələrinə investisiyalar yatıraraq biznesini genişləndirib. Nəticədə bu gün onların adı təkcə ölkələrində deyil, bütün dünyada məşhurdur. Söhbət Sabancı ailəsindən gedir.

Publika.az “Milyonçu” layihəsi çərçivəsində Sabancı ailəsinin hekayəsini təqdim edir.

Sabancılar necə varlanır

Türkiyənin ən varlı ailəsinin tarixi Hacı Ömər Sabancı ilə başlayır. Hacı Ömər 1906-cı ildə Kayserinin kiçik kəndində - Akçakayada anadan olub. 13 yaşında atasını itirdikdən sonra pul qazanmaq məcburiyyətində qalır. 450 kilometrlik yol qət edərək Adanaya gəlir. Burada pambıq fabrikində fəhlə kimi işə başlayır. Qazandığı pulu yığır, iki il sonra həmin pulu pambıq ticarətinə yatırır. Artıq adi fəhlə deyil, onlarla işçinin “Ömər ağa” deyə çağırdığı sahibkar olur. 1940-cı illərdən başlayaraq sərmayələrini artırır. “Akbank”, “Bossa Un”, “Pambıq Fabriki”, “Bossa Tekstil Fabriki”, “Oralista”, “Aksğorta”, “Teknosan”ı yaradır. Artıq1950-ci ildə Hacı Ömər Türkiyənin ən zəngin vətəndaşı olmağı bacarır. 1951-c ildə Atlı Köşkü alan Hacı Ömər ailəsi ilə birlikdə İstanbula köçür. 1966-cı Hacı Ömər şəkər xəstəliyi və ürək tutması səbəbindən İstanbul Hilton Otelində 237 nömrəli otaqda vəfat edir. Ölümündən bir il sonra “Hacı Ömer Sabancı Holding” yaradılır.

Əslində yuxarıda göstərilənlər Sabancıların necə varlanmasının rəsmi tərəfidir. Bu hekayənin qeyri-rəsmi tərəfi də var. İddialara görə, Ömər Sabancının varlanması Sivas Konqresi əsnasında planlaşdırılıb. Belə ki, Mustafa Kamal Atatürkün istəyi ilə kayserilərə Adanada sənayeni inkişaf etdirmək tapşırılır. Bunun nəticəsində Sabancı Adanada ermənilərdən və yunanlardan qalan fabrikləri, əraziləri ucuz qiymətə alaraq, orada istehsal müəssisələri yaradır. Bu, hamısı deyil. O da bildirilir ki, aldığı ərazilərdə Hacı Ömər Sabancı təkcə pambıq deyil, “ot” (narkotik) da yetişdirərək Suriya kimi ölkələrə satmaqla məşğul olub. Un fabriki isə Sabancıya Bosniyalı Saleh Əfəndindən qalır. 1948-ci ildə Saleh Əfəndinin ölümündən sonra varisləri Hacı Ömər Sabancı ilə ortaq olmağı qəbul edirlər. Beləcə, Bosniyalı - Sabancı sözlərinin birləşməsindən “BOSSA” fabriki yaradılır. Gəlirləri artan Hacı Ömər Sabancı “Adanadakı kayserililərin bankı” sözlərindən də “Akbank”ın təməlini qoyur.

Bəzi mənbələrdə isə bu hekayə daha fərqlidir. Hacı Ömər Sabancının atalığı, eyni zamanda əmisi Bəybabanın köməyi ilə Adanaya gedərək orada pambıq fabrikində işə düzəldiyi yazılır. Günə 80 quruş qazanan Ömər Sabancı bunun 20-25 quruşunu yeməyə, 10 quruşunu kirayə ödəyirmiş. Başqa heç bir xərc çəkməyərək gündəlik 50 quruşu “daxıla” atırmış.

Ailəsi

1928-ci ildə Sadiqə xanımla evlənən Hacı Ömər Sabancının bu nikahdan 6 oğlu dünyaya gəlir. Onlar İhsan (1931-1979), Sakip (1933- 2004), Hacı (1935-1998), Şevkət, Erol ve Özdəmir (1941-1996) Sabancılardır. Onların hamısı atalarının yaratdığı biznesin böyüməsində bu və ya digər şəkildə yaxından iştirak edirlər. Hətta ailənin böyük oğlu İhsan Sabancı atasının və qardaşlarının əksinə olaraq bizneslə maraqlanmasa, təhsilini buraxıb futbolçu olmaq xəyalları qursa da, ailəsinin əsas işi olan pambıq ticarəti ilə məşğul olub. Əsas vaxtını Adana Demirsporda keçirib.

Sakıp Sabancı da 1948-ci ildə atasına aid olan “Akbank”da 25 lirə maaşla stajor kimi işə başlayır. 1953-cü ildə sətəlcəm xəstəliyi keçirir. Bu səbəbdən litseyi bitirə bilməyib və təhsilini yarımçıq qoyur. Eyni ildə yaradılan “BOSSA” Un Fabrikində xəzinədar kimi işə düzəlir. 1955-ci ildə fabrikin ticarət müdiri vəzifəsinə qədər yüksəlir. 1964-cü ildə Adana Ticarət və Sənaye Palatası idarə heyətinin rəhbəri seçilir.

Ailənin ortancıl oğlu Hacı Sabancı da iş həyatına “Sabancı Group”da başlayır. Litsey təhsili olan Hacı Sabancıya Çukurova Universiteti və Doğu Akdəniz Universiteti tərəfindən “Fəxri Doktor" titulu verilir.

Şevkət Sabancı isə qardaşlarından fərqli olaraq yüksək təhsil alır. İngiltərədəki Mançester Universitetində Tekstil Mühəndisliyini oxuyur. 1980-ci ildən etibarən Sabancı şirkətlərinin xaricdəki təmsilçiliyini həyata keçirir. Sabancı Holdinqin idarə heyəti rəhbərinin vəkilliyi vəzifəsini icra edir. Qardaşları ilə biznes yollarını ayıran Sevkət oğlu Əli Sabancı və qızı Əminə Kamisli ilə Əsas Holdinqi yaradır.10 ildə 3 milyard TL gəlir qazanan şirkət hava yolu, qida və sağlamlıq sektorunu əhatə edir. Pegasus Hava yollarının sahibi olan şirkət “Southwest Airlines” strategiyasını türk sivil hava yollarına uyğunlaşdırmağa çalışır.

Erol Sabancı Sevkət Sabancı kimi yüksək təhsil alib. O, litseyi Tarsus Amerika Kollecində, ali məktəbi isə İngiltərədəki Mançester College of Commerce-də oxuyub. İş həyatına ailə şirkəti olan “BOSSA” un fabrikindən başlayıb. 1967-ci ildən bəri “Akbank”ın idarə heyətinin üzvü, 1998-ci ildən etibarən isə idarə heyətinin rəhbəridir. Erol Sabancı eyni zamanda Sabancı Holdinqin idarə heyətinin rəhbərinin köməkçisi vəzifəsini icra edir.

Özdəmir Sabancı da Tarsus Amerika Litseyində oxuduqdan sonra Mançester Universitetində (UMIST) kimya mühəndisi təhsilini alıb. Daha sonra İsveçrədə kimya mühəndisliyi ixtisasına sahiblənib. “Sabancı Holding”in tərkibinə daxil olan “Sasa”nı yaradıb. Avtomobilə qarşı özəl marağı olan Özdəmir Sabancı Temsada “Mitsubishi Maratonavtobus”, mikroavtobus və ticarət maşınlarının istehsalını təmin edib. “Toyota”nın Türkiyədə (50-50-yə faiz nisbət ilə) ortaq avtomobil fabriki qurmağa razı salaraq “Toyota”nın dünyadaki ilk ortaq istehsal müəssisəsini yaradıb. Sabancı Holdinqə daxil olan “Sasa”, “Temsa”, “Toyotasa”, “Pilsa”, “Yazakisa”, “Sapeksave Akkardansa” şirkətlərinin yaradılması da Özdəmir Sabancı ilə bağlıdır.

Holdinqin rəhbəri - ikinci oğul

Hacı Ömər Sabancıdan sonra yaratdığı şirkətə ikinci oğlu Sakip Sabancı rəhbərlik edir. O, 1967-cı ildən 2004-cü ilə qədər bu vəzifəni icra edir. Doğum günündən 3 gün - sonra noyabrın 10-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sabancı Holdinqdə onun yerinə böyük qardaşı İhsan Sabancının qızı Gülər Sabancı keçir.

Bir məqamı da nəzərə çatdıraq ki, Sakip Sabancının 2 qızı, 1 oğlu var.1970-ci ildə dünyaya gələn oğlu Mətin Sabancı anadan qüsurlu doğulub. Müalicəsi üçün Amerika və Avropada bir çox xəstəxanalara müraciət edilsə də, nəticəsi olmayıb. Yeriməyən, danışmayan Mətin Sabancı haqqında isə ata Sabancı belə deyirmiş: “Böyük avtomobil zavodum var, amma avtomobil idarə edəcək oğlum yoxdur”.

Klanın davamçıları

Hazırda şirkətin rəhbəri Gülər Sabancıdır. O, Hacı Ömər Sabancının böyük oğlu İhsan Sabancının qızıdır. Şirkətdə ikinci söz sahibi Erol Sabancıdır. O Hacı Ömərin kiçik oğludur.

Corab əhvalatı

Sabancılarla bağlı maraqlı məqamlardan biri də Sakip Sabancının vəsiyyətidir. Böyrək xərçənginə tutulan Sakip Sabancı vəsiyyətində corabları ilə basdırılmasını istəyib. Övladlarına bir zərf verərək ən çətin vəziyyətlərində açmalarını tapşırıb. Sakip Sabancı öldükdən sonra corab məsələsini imama desələr də, dini baxımdan bunun mümkün olmadığı əsas gətirilib. Çətin vəziyyətə düşən övladları zərfi yada salıblar. Məktubu oxuduqda isə bu sözlərlə qarşılaşıblar: “Gördünüzmü, gedərkən bir corabı da aparmaq olmur”.

Kənd komasından “Atlı köşk”ə

“Atlı köşk” 1927-ci ildə Misir Hidiv ailəsindən olan şahzadə Məhəmməd Əli Həsənin sifarişi ilə italiyalı memar Edouard De Nariyə inşa etdirilib. Qısa müddət villanın binası səfirlik kimi istifadə olunub. 1950-ci ildə Hacı Ömər Sabancı tərəfindən satın alınıb. Fransız heykəltəraş Louis Doumasın hazırladığı at heykəlinin binanın qarşısına qoyulmasından sonra "Atlı Köşk" adlandırılmağa başlanılıb. Bu arada “Atlı Köşk”dəki at heykəli bir deyil. Köşkün içindəki ikinci at heykəli isə 1204-ci ildə 4-cü Səlib yürüşü zamanı xaçpərəstlər tərəfindən Sultanəhməd meydanından çıxarılaraq Venesiyadakı San Marco kilsəsi önünə yerləşdirilən 4 atdan biridir. Söyləntilərə görə, bu bahalı heykəlləri almaq üçün zamanında Vehbi Koçla Hacı Ömər Sabancı arasında gərgin mübarizə gedib. Türkiyənin iki zəngin ailəsinin uzun illər arasının pis olmasında “atların” rolu böyük olub. Çünki Hacı Ömər Sabançı Vehbi Koçu önləyərək dövrün məzənnəsi ilə 3-5 milyonluq olan at heykəllərinə 30 milyon ödəyərək əsərləri əldə edib.

1966-cı ildə Hacı Ömər Sabancının vəfatından sonra ailə böyüyü olan Sakip Sabancı köşkdən qonaq evi kimi istifadə edib. 1998-ci ildə bina içindəki dəyərli kolleksiyalar və əşyalarla birlikdə muzey kimi Sabancı Universitetinin tərkibinə verilib.

Sərvətləri

Sabancıların sərvətinin həcmi 6-7 milyard dollar səviyyəsində qiymətləndirilir. 2012-ci ildə onların toplam sərvəti 12,5 milyard dollar dəyərləndirlirdi. Pullarının azalmasına baxmayaraq, onlar Türkiyənin ən varlı ailələrinin siyahısında 3-cü sırada yer alırlar. Konkret fərdlərə gəlincə, Sakip Sabancı 2004-cü ildə dünya milyarderləri arasında 147-ci sırada yer alıb. 2012-ci ildə isə Susan Sabancı Dinçer 1 milyard dollar sərvəti ilə 1153-cü sırada qərarlaşıbmış. Əsas Holdinqin sahibi Şevkət Sabancı isə 1154-cü sırada (1 milyard dollar sərvəti) yer alıb. Hazırda “Forbes”in siyahısında Sabancı ailəsindən 13 nəfər yer alır.

Sabancılar həm də əmlak kralı hesab edilirlər. Ailənin Türkiyənin ən səfalı, bahalı ərazilərində yalıları var. Onların sahib olduqları yalılarının ümumi dəyəti 1,5 milyard dollardır.

Şirkətin profili və gəlirləri

Bildirdiyimiz kimi, “Sabancı Holding” 1967-ci ildə yaradılıb. Şirkətin əhatə etdiyi sahələrə maliyyə xidmətləri, enerji, sement, pərakəndə satış və sənaye daxildir. Holdinqə daxil olan şirkətlər 18 ölkədə fəaliyyət göstərir. Hansı ki bura Avropa, Orta Şərq, Asiya, Şimali Afrika, Şimali və Cənubi Amerikanın müxtəlif bölgələri daxildir. Sabancı Holdinqin beynəlxalq iş ortaqlarına gəlincə, bunlar Ageas, Aviva, Bridgestone, Carrefour, Citigroup, Dia, Heidelberg cement, International Paper, Philip Morris və Verbunddur. 2011-ci ildə şirkət məhsullarının satışından 22,4 milyard TL (13,4 milyard ABD doları) gəlir əldə edib. 2012-ci ilin sonuna olan statistikaya əsasən şirkətdə işləyənlərin sayı 57.556 nəfərə çatıb. Həmin ildə şirkətin qazancı 4 milyard 676 milyon TL, dəqiq qazancı isə 1 milyard 856 milyon TL olub. 2013-cü ildə şirkətin qazancı 4 milyard 676 milyon TL, xalis qazancı 1 milyard 856 milyon dollar olub.

“Sabancı Holding”in ən böyük hissədarı Sabancı ailəsidir. Hissələrin 60,6 faizi ailəyə aiddir.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm