Neftlə bağlı proqnozlar nikbinləşdi, 5 min nəfər işdən çıxarıldı, kəşfiyyatçı neft şirkətinin rəhbərliyinə gətirildi - HESABAT
Bizi izləyin

Ekopublika.az

Neftlə bağlı proqnozlar nikbinləşdi, 5 min nəfər işdən çıxarıldı, kəşfiyyatçı neft şirkətinin rəhbərliyinə gətirildi - HESABAT

Yola saldığımız həftəyə neftin qiymətinin yüksəlməsi ilə başlasaq da, OPEK-in hesabatı “qara qızıl”I yenidən ucuzlaşdırdı. Belə ki, OPEK ekspertləri gələcək 10 ildə neftin bir barelinin 76 dollar səviyyəsində gözlənildiyini irəli sürürlər. Onların fikrincə, ən pis halda, bir barel 40 dollardan aşağı düşə bilər, hətta vəziyyət nikbin ssenariyə görə inkişaf etsə belə, 2025-ci ilə neftin barelinin qiyməti 76 dollardan yuxarı olmayacaq. OPEK mütəxəssisləri ABŞ-ın neft-qaz şirkətlərinin neftin qiymətinin azalmasının öhdəsindən gələ biləcəyinə və hasilatı cari səviyyədə saxlayacağına dair narahatçılıqlarını da gizlətməyiblər. Hesabatda OPEK üzvlərinə neft hasilatının sərt kvota siyasətinə qayıtmaq da tövsiyə olunub. Valyuta birjalarında da vəziyyət sabit olmadı. Dollara qarşı revanş götürən rubl yenidən ucuzlaşdı. Səbəb də Rusiya Mərkəz Bankının xarici kurs ehtiyatını artırmaq üçün dollar alışına start verməsi oldu. Nəticədə rus rublu dollar qarşısında 1,35 faiz, avro qarşısında isə 1,87 faiz dəyərdən düşdü.

Başlayaq dünyanın ikinci böyük iqtisadiyyatından – Çindən. Çin Mərkəz Bankı uçot stavkasında yenidən dəyişiklik edib. Məqsəd isə iqtisadi artımdakı yavaşlamanı dayandırmaqdır. Qeyd edək ki, Çin borc faiz nisbətini il başlayandan üçüncü dəfədir aşağı salır. Bu dəfə nisbəti 5,1 faizə endirib. Birillik depozit faiz nisbətini isə 2,25 faizə azaldıb.

Avro Bölgəsinin iqtisadiyyatı, nəhayət, inkişaf impulslarına qovuşdu. Bölgənin ən böyük dörd iqtisadiyyatında ümumi daxili məhsul 2010-cu ildən bu tərəfə ilk dəfə artım nümayiş etdirib. Almaniyanı belə geridə qoyan Fransa iqtisadiyyatı son iki ilin ən yüksək artım ritmini tutub. Avropa Birliyi Statistika Təşkilatının hesabatına əsasən, iqtisadi artım martın sonunda 0,4 faizə çatıb. Bu artımda 0,9 faiz ilə İspaniya, 0,6 faiz ilə Fransa və 0,3 faiz ilə İtalya ümumi daxili məhsulundakı artım rol oynayıb. Almaniyada iqtisadi fəaliyyət rəqəmləri 0,3 faizdə qalıb.

Ümumi daxili məhsul istehsalındakı artımın balanslı olması Avro Bölgəsində 2015-ci ildə həyata keçirilən islahatların müsbət nəticələr doğuracağına dair gözləntiləri artırır. Bu arada onu da bildirək ki, bölgə ilə bağlı yeganə mənfi rəqəm Yunanıstanda qeydə alınıb. İlin ilk rübündə ölkədə ümumi daxili məhsul 0,2 faiz azalıb.

Söz Yunanıstandan düşmüşkən. Yunanıstan Beynəlxalq Valyuta Fonduna (IMF) olan 750 milyon avro borcunu ödəyə bilmək üçün təcili maliyyə fondundan faydalanıb. Bunun üçün də elə BVF-dakı ehtiyat vəsaitlərindən istifadə edib. Adına olan hesabdan 660 milyon avro çıxarıb.

Yunan Mərkəzi Bankının açıqlamasına görə, hazırda maaşların ödənməsində heç bir problem yoxdur. Onu da bildirək ki, Afina rəhbərliyi iyunda 2 milyard avroluq borc taksiti ödəməlidir. Bu da qeyri-mümkün görünür. Digər tərəfdən, Avropa Mərkəzi Bankına da ödənilməli borcun zamanı gəlib çatıb. Yunan hökuməti hazırda bankdan borclarını ertələməsini tələb edir. Maliyyə naziri Yanis Varufakis AMB-yə olan 27 milyard avroluq borcun ödənilməsi vaxtının uzadılmadığı halda digər borcları ödəyə bilməyəcəklərini açıqlayıb.

Bu arada, nəzərə çatdıraq ki, borc böhranı Yunanıstanı limanlarını satmağa belə vadar edib. Yunanlar Pire limanının hissələrinin 51 faizini satışa çıxarıblar. Hökumət özəlləşdirmə ilə bağlı təklifləri rədd edib. Limanının satılması üçün üç şirkətdən təklif istəyib.

İngiltərədə seçkilər iqtisadi rəqəmləri dirçəldib. Ada ölkəsində işsizlik nisbəti 2008-ci ilin iyulundan bu tərəfə ən aşağı səviyyəyə - 5,5 faizə düşüb. Bununla da 1,83 milyon nəfərlik işsiz ordusundan 35 min nəfər azalıb. Ölkə iqtisadiyyatı ilə bağlı daha bir xəbər mənzillərin qiymətlərinin bahalaşmasıdır. Bu da dünyanın ən zəngin kilsələrindən olan İngiltərə Kilsəsinin işinə yarayıb. Kilsənin keçənilki investisiya portfeli 9,3 milyard avro səviyyəsinə yüksəlib. Hansı ki böhrandan əvvəl bu rəqəm 1,4 milyard avro idi.

Qonşumuz Qazaxıstanın iqtisadi artım tempi 1.8%-dən 1.3%-ə enib. Dünya Bankı iddia edir ki, 2016 və 2017-ci illər üçün ehtimalları da dəyişdirib. Bank həmin illərdə artımı müvafiq olaraq 2.8% və 3.9% proqnozlaşdırırdı. 2014-cü ildə Qazaxıstan iqtisadiyyatının artımı 2013-cü ildəki 6%-dən 4.3% qədər azalıb. Dünya Bankı hesab edir ki, neft qiymətlərinin aşağı düşməsi investorların Qazaxıstan iqtisadiyyatına olan inamını zəiflədib. 2014-cü ildə investitsiyaların artımı 2013-cü ildəki 6.2%-dən 2% qədər azalıb.

Bank of America (BofA) Merrill Lynch analitikləri hesab edirlər ki, tənəzzüldən qaçmaq üçün Qazaxıstan tenqenin devalvasiyasını davam etdirməlidir. 2014-cü ilin 11 fevralında tenqe dollara nisbətdə 19% devalvasiya edilmişdi. O vaxtdan bəri milli valyutanın kursunun dəstəklənməsinə Milli Bank 18 milyard dollar xərcləyib. Rusiya ilə ticarətin pisləşməsinə və neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, tenqenin kursu dəyişməz qalıb.

İş dünyası

Yapon şirkəti olan “Sharp” mart ayında verdiyi qərara uyğun olaraq işdən çıxarmaları reallaşdırıb. Texnologiya nəhəngi tətbiqinə başladığı yeni konfiqurasiya proqramı çərçivəsində 5 min nəfəri işdən çıxarıb. Bu da dünya üzrə şirkətin işçilərinin 10 faizi deməkdir. İşçiləri 3 min 5 yüz nəfərlik qismi elə Yaponiyadakı şirkətlərdən çıxarılacaq.

Cənubi Afrikadan olan investisiya şirkəti “Brait” ingilis markası “New Look”u 3 milyard dollara satın alacağını bəyan edib. “Brait” “New Look”un səhmlərinin 90 faizinə 1,9 milyard ingilis sterlinqi ödəyəcək. ”Apax” və “Permira” investisiya şirkətlərinin sahibi olduğu “New Look”un İrlandiya və İngiltərədə 600 və dünyanın digər bölgələrində 200 şöbəsi var .

İş dünyasının daha bir səs-küylü hadisəsi Britaniya kəşfiyyatçısının BP-nin rəhbərliyinə gətirilməsi oldu. Belə ki, BP-yə Mİ6 kəşfiyyat xidmətinin keçmiş rəisi Con Soers idarə heyətinin üzvü təyin edilib. Con Soers 2014-cü ilin noyabrına qədər Britaniyanın xarici kəşfiyyat xidməti olan Mİ6-nın rəisi olub. Onun kəşfiyyat xidmətində 36 illik iş təcrübəsi var. Analitiklər keçmiş Mİ6 rəisinin BP-nin idarə heyətinin üzvü təyin edilməsini sensasion hadisə hesab edirlər. Belə ki, BP Rusiya və İraq da daxil olmaqla dünyanın bir çox ölkələrində neft-qaz yataqlarını istismar edir. Rusiyanın “Rosneft” şirkətinin səhmlərinin beşdə biri BP-nin əlindədir.

Bu ilin fevralında Con Soers Rusiyanın Qərbə qarşı təhdidlərinin artması haqda danışmışdı: “Biz Rusiyanın Ukraynada tətbiq etdiyi hibrid müharibə taktikasına hazır olmalıyıq. Özümüzü müdafiə etmək üçün zəruri tədbirlər görməliyik”, – deyə keçmiş Mİ6 rəisi həmin müsahibəsində bildirmişdi.

Azərbaycan

Gəldik çatdıq öz ölkəmizə. Yola saldığımız həftə Dövlət Statistika Komitəsi dörd ayın iqtisadi-sosial göstəricilərini açıqladı. Məlum oldu ki, Bu ilin I rübü ərzində Azərbaycanda 30 min yeni iş yeri açılıb, yanvar-aprel aylarında sənayedə 9 mlrd. manata yaxın məhsul istehsal olunub, Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7,7 mlrd. dollar təşkil edib, əsas kapitala 5 mlrd. manata yaxın vəsait yönəldilib, il ərzində 3,1%-lik inflyasiya qeydə alınıb, 17 milyard manata yaxın ÜDM istehsal edilib, əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artaraq 12,6 milyard manata çatıb. Eləcə də banklar hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb. Verilən kreditlərin həcmi 2014-cü il aprel ayının 1-i ilə müqayisədə 29,8 faiz artıb. Onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,2 milyard manatının, yaxud 5,9 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 2015-ci il aprel ayının 1-nə 7,8 milyard manata çatıb.

Həftənin daha bir önəmli hadisəsi Bakıda keçirilən “G-20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni əməkdaşlıq imkanları” mövzusunda elmi-praktiki konfrans oldu. Hansı ki həmin konfransda Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərovun bəyanatları xüsusi diqqət çəkdi. A.Ələsgərov bildirdi ki, Mərkəzi Bank pul siyasəti strategiyasını təkmilləşdirmək niyyətindədir.Yəni qurum öz siyasətini tədricən inflyasiyanın hədəflənməsi rejiminə keçirməyi planlaşdırır. Artıq bu istiqamətdə ilk addımlar atılıb: “İnflyasiyanın hədəflənməsi rejiminə keçid çərçivəsində daha çevik məzənnə siyasətinə keçid nəzərdə tutulub. Maliyyə bazarlarının dərinləşdirilməsi bundan sonra da təşviq oluna bilər. Dollardan asılılıq rejimindən səbət rejiminə keçid edilməsi üzən məzənnə sisteminə keçid istiqamətində ilkin addım kimi dəyərləndirə bilər.

AMB rəsmisinin sözlərindən bəlli oldu ki, il ərzində Azərbaycanın valyuta bazarında ABŞ dolları üzrə dövriyyə 2,3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2,4 dəfə artıb. Belə ki, əgər 2014-cü ilin I rübündə valyuta bazarında ABŞ dolları ilə əməliyyatların həcmi 7 789 mln. ABŞ dolları olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici 18 341 mln. ABŞ dollarına yüksəlib. Ötən ilin yanvar-mart aylarında valyuta bazarında avro ilə əməliyyatların həcmi 612 mln. avro olubsa, 2015-ci ilin eyni dövründə bu göstərici artaraq 1491 mln. avro təşkil edib.

O qeyd edib ki, müqayisə olunan dövrdə bank şöbələri tərəfindən əhaliyə satılan nağd valyutanın həcmi 2,1 dəfə artıb. 2014-cü ilin I rübündə ölkədəki bank şöbələri 1743,5 mln. ABŞ dolları məbləğində dollar, 447,5 mln. ABŞ dolları məbləğində avro satıb. 2015-cü ilin I rübündə isə ölkədəki bank şöbələri 4332,4 mln. ABŞ dolları məbləğində dollar, 288,1 mln ABŞ dolları məbləğində avro satıb. A.Ələsgərov deyib ki, ölkədəki valyuta bazarında ABŞ dolları və avro ilə əməliyyatların artmasının səbəbi dünyada baş verən iqtisadi proseslərin həm birbaşa, həm də dolayı təsiri ilə bu ilin I rübündə Azərbaycanda valyuta bazarında xarici valyutaya tələbin kəskin şəkildə yüksəlməsidir.

Avropa İttifaqı isə Yunanıstanı Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməyə çağırdı. Aİ-nın Azərbaycandakı səfiri Malena Mard Yunanıstanın yeni hökumətinin TAP qaz kəməri üzrə müqavilənin sərfəli olmaması barədə bəyanatını şərh edərək bildirdi ki, kommersiya sazişi imzalanıb və bütün tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər.

Onun sözlərinə görə, Aİ-nın bütün üzvləri ittifaqın hüquqi bazasını formalaşdıran qayda, norma və prosedurlara riayət etməlidirlər. SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən Yunanıstanın DESFA şirkətinin alınması məsələsinə toxunan Mard həmçinin deyib ki, məsələ təsdiq mərhələsindədir və bu standart prosedurdur. Müqavilədə iştirak edən tərəflərin hər hansı birinə qarşı yönəlməyib.

Həftəyə yekun nöqtəni Konstitusiya Məhkəməsinin gözlənilən qərarı qoydu. Ali instansiya kredit borclarının hansı məzənnə ilə qaytarılması məsələsində bankların xeyrinə qərar verdi. Həmçinin əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini irəli sürdü.

Məndən bu qədər.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm