Vüqar Bayramovdan kredit AÇIQLAMASI
Bizi izləyin

Ekopublika.az

Vüqar Bayramovdan kredit AÇIQLAMASI

"Mərkəzı Bank kredit götürənlərin ödəmə qabiliyyətinin aşağı salınmaması və borc öhdəliklərinin əhalinin sosial müdafiəsinə mənfi təsir göstərməsinin qarşısının alınması üçün addımlar atmalıdır".

Publika.az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin qərarını şərh edərkən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, Konstitusiya Məhkəməsinin gözlənilən qərarı verdiyini deyib - xarici valyuta üzrə kreditlər yeni məzənnə ilə ödənilməlidir və faiz dərəcələrinin aşağı salınması vacibdir.

V.Bayramovun sözlərinə görə, məsələnin hüquqi tərəflərinə varmadan yeni məzənnə ilə ödənişlərin həyata keçirilməsi bankların xeyrinə kimi qiymətləndirilsə də, xarici valyuta ilə borc öhdəlikləri olanların bir qismində ödənişlərində problemlər olacağı istisna deyil. Doğrudur, hələlik xarici valyuta ilə borclananların əksəriyyəti ödəniş edə bilərlər, amma bunun uzun müddət də belə davam edəcəyini proqnozlaşdırmaq çətindir.

Deməli, Konstitusiya Məhkəməsinin qərarı prosesin sonu deyil, başlanğıcı olmalıdır.

Onun sözlərinə görə, Konstitusiya Məhkəməsi köhnə məzənnə ilə ödənişlərin həyata keçirilməsilə bağlı qərar qəbul etsəydi, o halda 10-dan artıq kommersiya bankı müflisləşmə təhlükəsi ilə üzləşəcəkdi.

"Bu isə iqtisadiyyatda ciddi problemlər yarada bilərdi. Kommersiya banklarının xarici borc öhədlikləri xarici valyuta ilə olduğuna görə bu, onların öz borclarını qaytarmasında ciddi problemlər yarada bilərdi. Etiraf edək ki, dünya praktikasında da belə hallarda yeni məzənnə əsas götürülür. Amma bu heç də o anlama gəlməməlidir ki, bankların müflis olmaması üçün vətəndaşların daha çox ödəniş etməsi iqtisadi baxımdan məqsədəuyğundur".

Ekspertin fikrincə, buna görə də sözügedən qərarda qeyd edildiyi kimi, dollar ilə kredit götürənlərə ya kompensasiyanın verilməsinə və ya güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Belə ki, əgər əvvəl 500 dollar aylıq ödəniş edən kredit götürən şəxsin aylıq ödənişi 390 manat idisə, indi yeni məzənnə tətbiq olunduğu üçün həmin pulu ödəyən vətəndaşın aylıq ödənişi 525 manatdır. Bu isə o deməkdir ki, hər 500 dollar kredit ödənişi edən vətəndaş 135 manat artıq aylıq vəsait ödəməlidir.

"Bu hiss edilən fərqdir. Deməli, indi Mərkəzi Bank real addımlar atmalıdır. Əvvəlla, öncə də Mərkəzi Banka təklif etdiyim kimi, dünya praktikasına uyğun olaraq belə hallarda tətbiq edilən 3 yoldan birini seçsin. Əvvəla, daha yaxşı olar ki, məzənnə fərqi arasındakı fərq Mərkəzi Bank vasitəsi ilə dövlət tərəfindən kompensasiya edilsin. Bu zaman nə kredit götürən əlavə vəsait ödəyəcək, nə də bank ziyana düşəcək. Kredit götürən şəxs aylıq ödənişlərini manatın əvvəlki məzənnəsinə əsasən hesablayıb. Yeni məzənnə tətbiq edildiy halda isə onun gözlənilmədən aylıq ödənişi artır. Bu da arzuolunan hal olmamaqla yanaşı, kredit qaytarılmasını sual altına alır. Buna görə də, həmin gözlənilməz xərcin Mərkəzi Bank tərəfindən örtülməsi vacibdir.

Əgər Mərkəzi Bank kompensasiya ödənişi həyata keçirməsə, o zaman, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi bu kreditlərin milli valyuta ilə dəyərinin hesablanması üçün orta məzənnə prinsipindən istifadə edə bilər. Bu zaman bank və müşəri üçün ağırlığın paylaşdırılması həyata keçirilə bilər. Məsələn, müştəri kredit götürən zaman dolların kursu 0.78 manat idisə və indi bu məzənnə 1.05-dək yüksəlibsə, o zaman bundan sonra ödənilən kreditlər üzrə orta faiz 1 dollar=0.92 manat götürülə bilər. Bu zaman aylıq 500 dollar ödəniş etməli olan şəxs 525 manat deyil, 460 manat ödəyəcək. Bu isə o deməkdir ki, müştəri əvvəlkinə nisbətən hər 500 dollarda 135 manat deyil, 70 manat əlavə ödəmə həyata keçirəcək. Bu həm müştərinin yeni məzənnənin təsirindən müəyyən qədər sığortalanmasına, həm də bankın gəlirlərinin kəskin azalmasının qarşısının alınmasına imkan verəcək. Çünki bu məsələdə həm müştərilərin, həm də bankların maraqlarının qorunmasına ciddi ehtiyac var. Bu zaman dövlət tərəflərin hər hansı birinin öhdəliklərini kompensasiya edə bilər. Üçüncüsü, Mərkəz Bank dollarla kredit götürən vətəndaşlar üçün güzəştlər tətbiq edə bilər. Yəni Mərkəzi Bank kommersiya banklarına dollarla kredit götürən vətəndaşların kredit müqavilələrinə yenidən baxılsın və həmin vətəndaşlar üçün aylıq kredit faizlərinin aşağı salınması təmin edilməsi ilə bağlı yazılı tövsiyə məktubu göndərə bilər. Bu zaman dollar ilə olan kreditlərin faizlərində hiss edilən azalma tətbiq etməklə onların aylıq ödənişlərində kəskin artımın qarşısını almaq olar.

Deməli, Konstutusiya Məhkəməsinin son qərarından sonra həm vətəndaşların sosial təminatı baxımından, həm də problemli kreditlərin həcminin artmasının qarşısının alınması baxımından Mərkəzi Bankın prosesə müdaxilə etməsi və qeyd edilən təkliflərdən ən azı birini qəbul etməsinə ehtiyac var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm