Neft qiymətinin yüksəlmək ehtimalı, Türkiyədə təlatüm, 3 milyardlıq faizlik inflyasiya - HESABAT
Bizi izləyin

Hesabat

Neft qiymətinin yüksəlmək ehtimalı, Türkiyədə təlatüm, 3 milyardlıq faizlik inflyasiya - HESABAT

Yola saldığımız həftə dünya iqtisadiyyatında bir-birindən maraqlı gedişatlar yaşandı. ABŞ-da neft istehsalının azalması xam neftin qiymətinin 2015-ci ildə yüksəlmə ehtimalını qüvvətləndirdi. Bundan əlavə, Türkiyədə koalisiya hökumətinin yaradılması məsələsinin gündəmə gəlməsi bazarları qane etmədi, İngiltərə büdcə kəsirini bağlamaq üçün 5 əsirlik tarixə malik dövlət idarəsini satdı, Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə start verildi, Rusiya Avropaya qazı necə satacağını açıqladı. İş dünyasına gəlincə, Avropanın ən böyük bankı HSBC 50 min nəfəri işdən çıxaracağını bəyan etdi, dünyanın ən böyük reklam şirkətlərindən sayılan İngiltərənin “WPP” şirkətinin müdiri Martin Sorrellin maaşı yenə müzakirəyə çıxarıldı.

Başlayaq qonşulardan. Türkiyədə seçkilərin nəticələri bazarların xoşuna gəlməyib. Belə ki, AKP sandıqdan qalib çıxsa da, hökuməti təkbaşına qurmaq üçün kifayət qədər səs toplaya bilmədiyindən 2002-ci ildən bu tərəfə ilk dəfə koalisiya hökumətinə getməlidir. Hansı ki, bu koalisiya ehtimalı da bazarları “qane” etmir. Belə ki, investorlar ölkənin qeyri-sabit siyasi mühitə daxil olmasından narahatdırlar. Hazırda həssas dövrünü yaşayan türk iqtisadiyyatında nəyin necə olacağı bəlli deyil.

Bununla belə statistika ilin ilk rübündə ölkə iqtisadiyyatında artım baş verdiyini göstərir. Məlum olub ki, artım 2,3 faiz təşkil edib. Müsbət xəbər ilin əvvəlindən bəri 17 faiz dəyərdən düşən türk lirəsinin dollara nisbətdə güclənməsinə imkan yaradıb.

Qazaxıstan Ümumdünya Ticarət Təşkilatına tam üzvlük üçün gün sayır. Qazax hökumətiylə üzvlük şərtləri mövzusunda son müzakirələr də yekunlaşdıqdan sonra ölkənin namizədliyi iyunun 22-də səsverməyə çıxarılacaq. Nəticədə Qazaxıstanın 20 ildir əlləşib-vuruşduğu üzvlük məsələsi müvəffəqiyyətlə həllini tapacaq. ÜTT rəsmilərinin sözlərinə görə, Astana rəhbərliyi ilə aparılan müzakirələr həddən artıq gərgin keçir. Çünki ölkənin həm Rusiya ilə, həm də Avrasiya İqtisadi Birliyi ilə olan gömrük müqavilələrində tələb olunan qaydalara əməl etməsi tələb olunur.

İngiltərə büdcə kəsirini bağlamaq üçün özəlləşdirməyə çıxardığı “Royal Mail”dəki hissələrin15 faizini sata bilib. Satış sayəsində dövlətin kassasına 1 milyard avro daxil olub. 2013-cü ilə qədər poçt idarələrinin hamısını əlində saxlayan dövlətin hissə payı beləliklə 15 faizə düşüb. Xatırladaq ki, hökumət ilk dəfə 2013-cü ildə 5 əsrlik qurumdakı hissələrinin 60 faizini satışa çıxaran zaman ictimaiyyət buna sərt reaksiya vermişdi. Lakin özəlləşdirmədən sonra “Royal Mail”in hissələri birjada 87 faiz dəyər qazanmışdı. Hazırda London rəhbərliyi əlində qalan 15 faizlik hissəni də satmaq niyyətindədir. Bununla da cəmdə 2 milyard avroluq gəlir əldə etməyi hədəfləyir.

Yunanıstan isə nə batıb qurtulmur, nə inkişaf edə bilmir. Ölkədə işsizlik nisbəti hər gün daha da yüksəlir. Keçən ilin son rübündə aktiv əhalinin 26,1 faizi işsiz idisə, 2015-ci ilin üç ayında bu rəqəm 26,6 faizə çatıb. Statistika İnstitutunun açıqladığı hesabata görə, iş tapmaq məqsədilə müraciət edən 1,27 milyon nəfərin 71 faizi bir ildir iş tapa bilmir. 2014-cü ildə zəif də olsa iqtisadiyyatı canlanan Yunanıstan 0,7 faizlik artım nümayiş etdirmişdi. Lakin bu ilin əvvəlindən vəziyyət kritikləşib. Ölkə yenidən resessiyaya daxil olub. Yunanların gələcəyə olan ümidləri belə heçə enib: “Təəssüf ki, gələcəyi olmayan bir ölkəyik. Hökumətin yaxşı niyyətli olmasının heç bir əhəmiyyəti yoxdur”.

Bu arada Yunanıstanla kreditorlar arasında gərgin müzakirələr davam edir. Baş nazir Aleksis Çipras kreditorların əleyhinə olduğu toplu müqavilələr mövzusunu yenidən gündəmə gətirmək istəyir. Hətta bu istiqamətdə bir qanun layihəsinin parlamentə təqdim edilməsinə dair söz-söhbətlər var.

Deyəsən neftin qara günləri bitir. Amerika Birləşmiş Ştatları xam neft anbarlarında azalma olduğunu açıqlayıb. Bu da son 2 həftədir ucuzlaşan neftin qiymətini bərpa edib. Hətta həftə ərzində Brent tipli xam neftin bareli 66, Qərb Texas neftinin bareli isə 61 dollara yüksəldi. Amerika Neft İnstitutunun hesabatına görə, Amerikada neft istehsalına dair proqnozlar da düşüb. ABŞ-da xam neft ehtiyatları yalnız bir həftədə 6,7 milyon barel azalıb. Mütəxəssislər bu enişin 1,7 milyon bareldə qalacağını təxmin edirlər.

Beynəlxalq Enerji Agentliyinin son hesabatı da ümidvericidir. Agentliyin məlum sənədində qeyd edilir ki, qiymətlər aşağı olduğu üçün bu il neftə tələb sürətli şəklidə artacaq. 2015-ci ildə neftə olan tələbin sutkada 280 min barel artaraq 94 milyon barelə çatacağı belə gözlənilir. Deməli, dünyanın ən böyük xam neft istehsalçısı Səudiyyə Ərəbistanın hasilatı azaltmamaqla qiymətlərin sonradan daha sürətlə artmasına şərait yaratmaq strategiyası işə yarayıb.

Yola saldığımız həftə enerji sektorunda daha bir önəmli xəbər Rusiyadan gəldi. Ölkə Avropaya qazı necə satacağını açıqladı. Məlum oldu ki, Rusiya 2019-cu ildən Avropaya qazı Ukrayna ərazisindən nəql etməyəcək. “Qazprom” prezidenti Aliksey Miller bildirib ki, tranzitlə bağlı müqavilənin müddəti bitdikdən sonra yenisi imzalanmayacaq. Onu da bildirək ki, hazırda Ukraynaya qaz təchizatı gündəlik 20-30 milyon kubmetr təşkil edir. 2015-ci ilin birinci rübündə Ukraynaya ötürülən qazın min kubmetri 287 dollar olub. Dördüncü rübdə bu qiymət endirimsiz 262,5 dollar olacaq.

İspaniyada qlobal maliyyə böhran deyəsən geridə qalıb. Qiymətlərin 11 aydır düşdüyü ölkədə may ayında qida və enerjini çıxmaq şərti ilə illik inflyasiya 0,2 faiz geriləyib. Qida və enerjinin qiymətindəki artımı nəzərə almaqla inflyasiya mayda 0,5 faiz olub. Möhkəm maliyyə islahatlardan keçən ölkə 2013-cü ildə resessiyadan çıxmağı bacarıb. Lakin aktiv əhalinin 24 faizi hələ də işsizdir.

Hiper inflyasiya yaşayan Zimbabve ölkə dollarını tədavüldən qaldırır. İllik inflyasiyanın 3 milyard faiz (!) olduğu ölkədə 1 ABŞ dolları 35 katrilyon (!!!) Zimbabve dolları ekvivalentindədir. Yəni 35 rəqəminin arxasında tamı 15 sıfır var. Bu rəqəmlərə alışmaq məcburiyyətində qalan Zimbabve xalqı 2008-ci ildə bəri hiperinflyasiya ilə yaşamağa çalışır. Astronomik rəqəmlərə qarşı hərəkətə keçən hökumət ilk olaraq çarəni 2009-cu ildə tədavülə yeni Zimbabve dolları buraxmaqda tapdı. Amma bunun da işə yaramadığını görüb hazırda banknotları tədavüldən çıxarmağı düşünür. Bazar ertəsindən etibarən Mərkəzi Banka təhvil verilən 175 katrilyon Zimbabve dolları qarşılığında 5 Amerika dolları alınacaq. Onu da qeyd edək ki, 2009-dan bəri ölkə iqtisadiyyatında həm Amerika dolları, həm də Cənubi Afrika randısi istifadə edilir. Yeri gəlmişkən, 2008-ci ildə qlobal maliyyə böhranı zamanı bir çox mütəxəssis Zimbabvenin nümunə gətirərək, mərkəz banklarının pul genişləmə proqramlarına qarşı çıxmışdı.

Iş dünyası

Avropada ümid etdiyini tapa bilməyən “Uber” üzünü Çinə çevrib. “Uber”in ölkəyə 1 milyard dollar sərmayə qoyması gözlənilir. Düzdür, bu xəbər hələ ki “Uber” tərəfindən təsdiqlənməyib. Lakin şirkətin ən aktiv olduğu ilk 10 şəhər arasında 3 Çin şəhəri var. Bu şəhərlər gündəlik sərnişin daşıma sayı baxımından indidən Nyu-Yorku geridə buraxıblar. Qeyd edək ki, şirkət monopoliyada günahlandırılır.

Beynəlxalq Hava Nəqliyyatı Birliyi isə hava nəqliyyatı sektorunun 2015-ci ildə 29.3 milyard dollar gəlir əldə edəcəyini açıqlayıb. Mütəxəssislər, 2014-cü nisbətlə 80 faizlik bir artımın təmin edilməsində neftin qiymətinin düşməsinin və Amerika iqtisadiyyatındakı müsbət siqnalların əhəmiyyətli faktorlar olduğunu vurğulayırlar. ABŞ-ın hava yolları şirkətlərinin Avropalı və Asiyalı şirkətlərə nisbətən iki qat daha çox qazandığı irəli sürülür.

Min yeyənin olsun, bir deyənin yox. Dünyanın ən böyük reklam şirkətlərindən sayılan İngiltərənin “WPP” şirkətinin müdiri Martin Sorrellin maaşı artıq 10 gündür müzakirə mövzusudur. Şirkətin ortaqları yığışıb ancaq müdirin maaşını müzakirə edirlər. Çərşənbə axşamı təşkil edilən səhmdarların illik konfransında iştirakçıların 22 faizi 2014-ci il üçün Sorrellə ödəniləcək 59 milyon avro əməkhaqqına etiraz ediblər.

Xatırladaq ki, bənzər müzakirələr ötən illərdə də gündəmə gəlmişdi. Belə ki, 2012-ci ildə səhmdarların 60 faizi , keçən il isə 30 faizi müdirin əməkhaqqısına qarşı çıxmışdılar. 1986-cı ildə Sorrelli tərəfindən qurulan şirkətin 111 ölkədə 179,000 işçisi var.

Azərbaycan

Yola saldığımız həftə Dövlət Statistika Komitəsi bu ilin yanvar-may ayına olan iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqladı. Məlum oldu ki, bu ilin 5 ayında əsas kapitala 6 mlrd. manatdan çox vəsait yönəldilib, əmək haqqı 4%-ə yaxın, əhalinin gəlirləri 6 faiz artıb, ümumi daxili məhsul istehsalı isə bir ildə 5,3 faiz yüksəlib. Yanvar-aprel ayları ərzində "İpək yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 18 mln. tona yaxın yük daşınıb, ötən ay 134 min kvadratmetrdən artıq yaşayış sahəsi istifadəyə verilib. Ölkənin maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 20,6 milyard manat ekvivalenti məbləğində kredit ayırıb. Verilmiş kreditlərin həcmi 2014-cü il may ayının 1-i ilə müqayisədə 26,8 faiz artıb. Onun 77,8 faizi və ya 16,0 milyard manatı uzunmüddətli olub. Kreditlərin 1,3 milyard manatının, yaxud 6,1 faizinin ödəmə vaxtı keçib. Əhalinin banklardakı əmanətlərinin məbləği məzənnə korreksiyası nəzərə alınmaqla ötən ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq 2015-ci il may ayının 1-nə 7,7 milyard manata çatıb. Hesabat dövründə dövlət büdcəsinə 5,4 milyard manat vəsait daxil olub, büdcədən 6,2 milyard manat vəsait xərclənib. Büdcənin kəsiri ümumi daxili məhsulun 4,9 faizinə bərabər olub. Büdcə xərclərinin 3,3 milyard manatı iqtisadiyyatın inkişafına, 666,7 milyon manatı sosial müdafiə və sosial təminata, 578,2 milyon manatı isə təhsilə və səhiyyəyə yönəldilib.

Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 9387,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar təşkil edib. Nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo yaranıb.

Həftənin daha bir önəmli hadisəsi bəzi bankların növbəti aydan manatla krediti bərpa edəcəklərini bildirmələri oldu. SOCAR isə ölkənin karbohidrogen hasilat proqnozunu açıqladı. Şirkətin hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanov bildirdi ki, cari ildə Azərbaycanda 41 mln ton neft və 30 mlrd kubmetr qaz hasilatı planlaşdırır. Azərbaycan bu il 40,7 mln ton neft və kondensat, 30,2 mlrd kubmetr qaz (lay təzyiqini qorumaq üçün quyulara vurulan qaz da daxil olmaqla) çıxarmağı planlaşdırır: “SOCAR-a məxsus yataqlardan 8,3 mln ton neft və 6,5 mlrd kubmetr qaz hasil edilməsi planlaşdırılıb. 2014-cü ildə SOCAR 8,3 mln ton neft və 7,2 mlrd kubmetr qaz hasil edib. Ümumi neft həcminin 6,5 milyon tonu emal ediləcək, 1,7 milyon tonu isə xarici ölkələrə satılacaq.2015-ci ildə hasil edilən qazın 4,85 mlrd kubmetri “Azərenerji”yə, 1,2 mlrd kubmetr Gürcüstana veriləcək”.

Məndən bu qədər hər birinizə uğurlu həftə sonu tətili.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm