2012-ci il Azərbaycan üçün ən önəmli illərdən biri oldu. Belə ki, Respubikamızda istər siyasi, istərsə də idman sahəsində bir çox vacib addımlar atılıb. Bu önəmli işlərdən biri də Azərbaycan Qolf Federasiyasının yaranması olub.
Çünki Azərbaycan Qolf Federasiyasının yaradılması, Qubada regionun ən böyük qolf sahəsinin salınmasına başlanılması və qolfun təbliğatı istiqamətində geniş kampaniyaya start verilməsi məhz bu ilə təsadüf edir.
Təşkil olunmuş konfransda “Zqan Holdinq” şirkətinin prezidenti Anar Məmmədov Azərbaycan Qolf Federasiyasına prezident təyin olunub. Bundan əlavə AQF insanların qolf idman növünə cəlb olunması, onlarda qolfa marağı artırmaq məqsədilə federasiya daxilində İşçi Qrupları (AGF Workshops) yaradıb. İşçi qrupları cəmiyyətin müxtəlif təbəqələri üçün, müxtəlif yerlərdə təqdimatlar, pulsuz seminarlar və treyninqlər keçirir.
Daha çox elit idman növü sayılan qolfun inkişafı və məşhurlaşması üçün bir çox işlər görülür. Çoxəsrlik tarixə malik bir nəcib idman növü kimi bütün dünyada məşhurlaşıb və əsrin əvvəllərində Olimpiya idman növü kimi qəbul edilib.
Bu gün dünyada qolf yeni əlaqələrin qurulması, biznes imkanlarının əldə olunması üzrə əsas kanallardan biri hesab olunur. Amerikada bütün böyük sövdələşmələrin 90 faizinin qolf sahələrində həll olunduğu deyilir.
Qolf daha çox Amirkada geniş yayılıb. ABŞ qolfçuların sayına görə dünyada liderdir. Dünyada 100 milyona yaxın qolfçunun 26 milyonu Amerikadadır. Daha sonra siyahıda Böyük Britaniya, Yaponiya, İspaniya, Almaniya və digər ölkələr yer alır. Son zamanlar Türkiyə və Rusiyada da qolfa olan maraq artıb.
Azərbaycab Qolf Federasiyası ilə yaxından tanış olmaq üçün qrumun ofisinə yollandıq. Bizi AQF-nın koordinatoru Emin Zeynalov qarşıladı. E.Zeynalov federasiya haqqında ümumi məlumat verdikdən sonra məqsədlərindən danışdı.
- Qolf Federasiyasının yaradılmasında məqsəd nədir?
- Bildiyiniz kimi, Azərbaycan Qolf federasiyası bir il bundan əvvəl yaranıb. Bizim bu federasiya yaranarkən əsas məqsədimiz qolfu bir idman növü kimi Azərbaycanda inkişaf etdirmək, daha da populyarlaşdırmaq və geniş kütləyə sevdirmək olub. Bu qısa zaman çərçivəsində federasiyamız müəyyən işlər görə bilib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycanda qolfun inkişafı strategiyası hazırlanıb.
Azərbaycan Qolf Federasiyası olaraq bizim həyata keçirdiyimiz ilk layihələrdən biri “SNAG”dır. (“Start New At Golf”) Bu lahiyə qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum sayda insana təqdim edilməsidir. İnanırıq ki, prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldıran idmançılar sırasında tezliklə Azərbaycan Qolf Federasiyasının da yetirmələri olacaq.
- Bu dərslər daha çox hansı yaş qrupları üçün nəzərdə tutulub?
- Əslində yaş qruplarının fərqi yoxdur. Lakin əsasən çalışırıq ki, 10-11-ci sinflər olmasın. Çünki onlar ali məktəblərə hazırlaşırlar. Buna görə də, adətən seçimimiz 5-ci sinifdən 9-cu sinifə kimi olur. Yəni 12-15 yaş qruplarından olan uşaqları çalışırıq cəlb edək.
Bu, özündə həm maarifləndirmə, həm də əyləncə elementlərini əks etdirir və onun sayəsində uşaqlarda qolfa marağı oyatmaq mümkündür.
- Xarici mütəxəssislər dəvət olunacaqmı?
- Artıq mütəxəsislər dəvət olunub. Federasiyamızda peşəkar təlimatçılar fəaliyyət göstərəcək. Elə bizim federasiyanın baş direktoru da PGA (Professional Golf Association) ixtisaslı təlimatçıdır. Bundan əlavə də yaxın zamanda bir neçə xarici mütəxəssislər dəvət olunacaq.
Bizim Federasiyanın yay mövsümünə qədər “Delfin” hoteldə mini qolf sahəsi açılacaq. Həmin andan etibarən biz müntəzəm olaraq məşqlərə başlayacağıq. Kim gəlsə bizim federasiyada qeydiyyatdan keçəcək və onlarla məşqlər keçiriləcək. Həmçinin yerli qolf məşqçiləri də olacaq. Hazırda Qolf Akademiyası tikilməkdədir. Fevral ayının sonlarında sahə hazırlanacaq, yayda isə Akademiya idmançı, məşqçi və qolf sevərlərin ixtiyarına veriləcək.
- İstərdik ki, məşqçi heyəti ilə bağlı məlumat verəsiniz…
- Hazırda federasiyamızda iki məşqçi fəaiyyət göstərir. Onlar da xaricdən dəvət olunmuş mütəxəssislərdir.
Qubada tikilməkdə olan akademiyanın ərazisində GPS sistemi və dünya qolf sahələrinin kitabxanası ilə təchiz edilmiş qolf simulyator olacaq ki, burada arzu edənlər 130-dan çox qolf sahəsində qolf oynamaq imkanı əldə edəcəklər. Hər bir kəs Qolf Akademiyasına üzv ola bilər.
- Demək olar ki, Azərbaycan üçün yad olan bu idman növünə maraq nə səviyyədədir?
- Bəli, var. Bu günə kimi 10-a yaxın məktəbə getmişik. Bu məktəblərdən ümumi olaraq 200 nəfərə şagird qolf məşqlərinə yazılıb. Hansı məktəbə gediriksə, məktəb rəhbərliyi təkrar gəlməyimizi istəyir.
AQF-nin baş direktoru Dominik Nouton da federasiya ilə bağlı sualları cavablandırıb. D.Nouton yaxın zamanlarda qolf idman növü üzrə daxili və beynəlxalq turnirlərin təşkil ediləcəyini bildirib.
- AQF-nın Daxili Çempionatları keçiriləcəkmi?
- Əlbəttə. Azərbaycan Qolf Federasiyası olaraq biz həm daxili həm də beynalxalq turnirlər təşkil edəcəyik. Turnirlərin Azərbaycanda keçirilməyini planlaşdırırıq. Bu oyunda özünəinam çox önəmlidir.
- Turnirlərin təşkili nə vaxta gözlənilir?
- Bu turnirlər yayın sonu – avqust- sentyabr aylarında təşkil olunacaq.
- AQF-nin büdcəsi nə qədərdir?
- Büdcə haqqında dəqiq olaraq məlumat verə bilmərik. Amma onu deyim ki, bu gün bizim federasiyanın büdcəsi məhduddur. Özümüz müəyyən bir büdcə ayırmışıq ki, Azərbaycanda qolfu inkişaf etdirək. Bu da ondan ibarətdir ki, orta məktəblərdə təmənnasız qolf dərslərinə başlamışıq. Artıq 6-7 aydır ki, dövlət və ya özəl məktəb olmasına baxmayaraq biz bu tətbiq üzərində işləyirik.
- Qolf Azərbaycan üçün yeni bir idman növüdür. Nə kimi çətinlikləriniz var?
- Çətinliyimiz qolfun Azərbaycanda ümumiyyətlə tanınmayan bir idman növü olmasıdır. Demək olar ki, çox az adamın bu idman növü ilə bağlı anlayışı var. Yenə deyirəm bizim məqsədimiz qolfu Azərbaycanda tanıtmaqdır. Buna görə də bizim jurnalistlərin bu sahədə insanları məlumatlandırmağına ehtiyacımız var.
- Maraqlıdır, "Azərbaycanda Qolf Federasiyasının yaranmağına ehtiyyac var" ideyasını kim irəli sürüb? Bu ideyanın müəllifi kimdir?
- Əlbəttə ,bu ideya AQF-nin prezidenti Anar Məmmədova məxsusdur.
- 2013-cü ilidən nə gözləyirsiniz?
- 2013-cü ildə bizim əsas məqsədimiz məktəblərdən başlayaraq bacardığımız qədər qolfu Azərbaycanda tanıtmaq olacaq. Sonra bu idman növünə marağı olan insanları federasiyanın nəzdində yaradılacaq Qolf Akademiyasına dəvət edəcəyik. Qubada tikilməkdə olan qolf sahəsi Azərbaycanda ilk və ən böyük qolf sahəsi olacaq. Bu akademiya peşakar şəkildə qolfla məşqul olmaq istəyənlərin bütün tələbatlarını ödəyir. 60 hektar ərazidə yaradılan qolf sahəsi yüksək sinif qolf oyunu üçün nəzərdə tutulub. Bundan əlavə gələcəkdə Quba Qolf Kompleksində beynəlxalq turnirlər də keçiriləcəkdir. Həmçinin, Bakıda, Bakı Futbol Akademiyasının ərazisində bizim mini qolf sahəmiz də qurulur. Həmin ərazidə Qolf Akademiyası da fəaliyyət göstərəcəkdir. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək
Akademiyanın qolf sahəsində 18 qolf dəliyi var. Fikrimcə perspektivinə görə, qolf ölkəmizdə ən kütləvi idman növlərindən birinə çevriləcək.
Aygün İlqarqızı
Fotolar: Elxan Əliyev