Kann festivalının ən yaxşı filmləri - FOTOLAR
Bizi izləyin

Art

Kann festivalının ən yaxşı filmləri - FOTOLAR

Bu il də Kann kinofestivalı bir-birindən yaxşı filmlərə səhnə olacaq. 69-cu festival bu il Vudi Allenin “Kübar həyat” filmi ilə açıldı. Festivalın proqramında həmişəki kimi bir-birindən professional rejissorların maraqla gözlənilən filmləri yer alacaq. Festivalın favoritləri isə indidən bəllidir.

Publika.az-ın təqdim etdiyi bu 7 filmin festivaldan mükafatla ayrılması gözlənilir:

“Kübar həyat” (rejissor: Vudi Allen)

Filmin mövzusu: 1930-cu illərdə gənc bir oğlan kino sənayesində iş tapmaq ümidilə Hollivuda gəlir. O, bir qıza aşiq olur. Bundan sonra maraqlı hadisələrin mərkəzinə düşür. Filmdə həmin illərin əhval-ruhiyyəsi dəqiqiliyi ilə işlənilib.

“Culyetta” (rejissor: Pedro Almodovar)

Filmin mövzusu: Almodovarın “Qayıdış” filmindən bəri çəkdiyi ən yaxşı film hesab edilir. Film adından da bəlli olduğu kimi, bir qadın haqqındadır. 55 yaşlı Culyetta qızına son 30 ildə ondan gizlətdiyi sirri uzun bir məktubda açır. Onu 18 yaşı olanda atıb gedən və 12 ildən bəri səsi-sorağı çıxmayan qızından nə cavab aldığını isə filmi izləyərək öyrənə bilərsiniz.

“Bu sadəcə dünyanın sonudur” (rejissor: Ksavye Dolan)

Filmin mövzusu: Hər il Kann kinofestivalından mükafatla ayrılmağı adət halına gətirən Ksavye Dolan bu dəfə də iddialıdır. Filmdə Qaspar Ulyel, Vensan Kassel, Lea Seydu və Marion Kotiyar rol alıb. Film ölümcül xəstə olan yazıçının 12 ildən sonra ailəsinin yanına qayıtmasından və bundan sonra cərəyan edən hadisələri əks etdirir.

“O” (rejissor: Pol Verhoven)

Filmin mövzusu: Kompyuter oyunları istehsalı ilə məşğul olan şirkətin rəhbəri öz evində naməlum şəxs tərəfindən zorlanıb. O, cinayətkarı izləyir və onunla təhlükəli oyun oynayır. Məqsədi isə intiqam almaqdır. Film Filip Dijanın eyniadlı romanı əsasında çəkilib.

“Paterson” (rejissor: Cim Carmuş)

Filmin mövzusu: Bu film Nyu-Cersi ştatının Paterson şəhərində yaşayan Paterson adlı avtobus sürücüsü barədə fəlsəfi tragikomediyadır. Qəhrəmanın xəyalpərəst arvadı var. Onun məqsədi ərinin poetik istedadını üzə çıxarmaqdır.

“Şəxsi alıcı” (rejissor: Olivye Assayas)

Filmin mövzusu: Parisdə yaşayan gənc, amerikalı qız məşhurların alış-veriş üzrə şəxsi köməkçisi olaraq çalışır. Əkiz qardaşının ölümündən sonra o, özündə qeyri-adi bir xüsusiyyət kəşf edir. Ölmüş insanların ruhları ilə ünsiyyət saxlamaq bacarığını aşkar edən gənc qızın başına nələr gələcək?

“Sakit burulğanda” (rejissor: Bryuno Dyumon)

Filmin mövzusu: 1910-cu ilin yayında Atlantik okeanın çimərliklərində istirahət edən bir neçə turist arxada heç bir iz qoymadan yoxa çıxır. İnspektorlar Maşan və Malfoy bu sirli hadisələrin Brefor bərəçilər ailəsinin yaşadığı sakit buxta ilə bağlı olduğunu düşünürlər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm