Məşhur bəstəkarın xatirə günüdür
Bizi izləyin

Art

Məşhur bəstəkarın xatirə günüdür

Bu gün görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayevin xatirə günüdür.

Publika.az xəbər verir ki, bəstəkar 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin ailəsində doğulub. Dmitri Şostakoviç məktəbinin ən parlaq nümayəndələrindən biri olan Q.Qarayev 1946-cı ildə Moskva konservatoriyasında dahi bəstəkarın kompozisiya sinfini bitirib. Bakı konservatoriyasında təhsil aldığı illərdə Azərbaycanın ilk peşəkar bəstəkarı Üzeyir Hacıbəyli onu milli folklorun, aşıq və muğam sənətinin incəlikləri ilə tanış etmişdi.

Q.Qarayev Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq Bakıya qayıdıb və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər işləyib. Müharibədən sonra Moskvada yarımçıq qoyduğu təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasında müəllim işləməyə başlayıb. Həmin il Cövdət Hacıyevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb. 1948–ci ildə “Leyli və Məcnun” simfonik poeması isə ona Azərbaycan Dövlət mükafatını qazandırıb.

Görkəmli bəstəkarın “İldırımlı yollarla”, “Yeddi gözəl” baleti dünya səhnələrində nümayiş olunub.

“Leyli və Məcnun”, “Tarixin ibrət dərsi”, “Uzaq sahillərdə”, “Bir məhəlləli iki oğlan”, “Dənizi fəth edənlər”, “Qızıl eşalon”, “Xəzər neftçiləri haqqında povest” və digər kinofilmlərə, “Nikbin faciə”, “Antonio və Kleopatra” tamaşalarına yazdığı musiqilər onun yaradıcılığının parlaq səhifələrindəndir.

Qara Qarayev 1982–ci il mayın 13-də Moskva şəhərində vəfat edib. Bakıda Fəxri Xiyabanda dəfn olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm