Bakıda Dağıstan Mədəniyyəti Günləri
Bizi izləyin

Art

Bakıda Dağıstan Mədəniyyəti Günləri

Mayın 12-13-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizdə Dağıstan Mədəniyyəti Günləri keçirilir.

Publika.az xəbər verir ki, açılış mərasimi Heydər Əliyev Sarayında baş tutub.

Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Ekspozisiyaya milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s. daxil edilib. Ziyarətçilər sərgiyə böyük maraq göstəriblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsi ölkəmizin həyatında mühüm mədəni hadisədir.

Milli Məclisin sədri Dağıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını vurğulayıb.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu xatırladan Oqtay Əsədov deyib: “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar, ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dağıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər. Odur ki, mayın 13-də Dağıstanın incəsənət ustaları Xaçmazda, Qusarda və ölkəmizin digər bölgələrində çıxış edəcəklər. Qeyd edim ki, Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif edib”.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov səmimi qəbula görə və dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib.

Tədbirdə “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Dağıstan” Dövlət Mahnı və Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı və digər qruplar çıxış ediblər. Dağıstan dövlət teatrlarının aktyorları ölkənin orta əsr həyatına dair “Dərbənd qapıları”, “Aşıqların yarışı” və s. adlı səhnəciklər nümayiş etdiriblər.

Tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Dağıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm