Sumqayıtda “Kitab günü”
Bizi izləyin

Art

Sumqayıtda “Kitab günü”

Sumqayıtda Nizami Gəncəvi adına kitabxana-klubda “Sən də bir kitab oxu!” devizi altında şəhər mədəniyyət və turizm idarəsi tərəfindən S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə “Kitab günü” keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə marağın artırılması, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin, Ə.Kərim adına poeziya klubunun nümayəndələri, şəhər kitabxanalarının və mədəniyyət müəssisələrinin kollektivləri iştirak edib.

“Kitab günü” çərçivəsində tanınmış yazarlarla görüş, imza mərasimləri, fləşmob, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu keçirilib, “Cik-cik xanım” və “Cırtdan” nağılları əsasında hazırlanmış tamaşalar təqdim edilib. Nizami Gəncəvi adına kitabxana-klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda rəsm əsərləri, “Dostluq” mədəniyyət evinin dram dərnəyi üzvlərinin, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi və Mərkəzi Uşaq Kitabxanası oxucularının təqdim etdikləri səhnəciklər maraqla qarşılanıb.

Tədbirdə kitabxanaların fəal oxucuları Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsi və S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, tədbirdə müxtəlif elm sahələrini əks etdirən kitabların sərgisi, həmçinin, nəşriyyatların kitab satışı təşkil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm